“Finişdən o yandakı həyat” – Salam Sarvanın son şeirləri haqqında…

“Finişdən o yandakı həyat” – Salam Sarvanın son şeirləri haqqında…

Eyyub Məmmədov

Samuel Bekketin "Mallon ölür” əsəri obrazlı şəkildə dəsək " endşpildən” sonrakı boşluğu təsvir edir. Bizi bu həyata tutunduran prinsiplərimiz, hədəflərimizdirsə, bəs bu hədəflərin ardınca nə gəlir?

Son zamanlar dillər əzbərim olan Salam Sarvandan isə bu misranı tez-tez təkrarlayıram:

"İllərlə məşq edərsən, finişə tez çatmağa 
Finişdən o yandasa, elə əvvəlki həyat ” 

Ardınca da təbii olaraq misranın doğurduğu sual beynimdə canlanır: Görəsən, həqiqətən də finişdən sonrakı həyat necədir? Ordadamı yarımçıq insanların lənəti – darıxmaq hissi bizi tək buraxmayacaq? Onu deyim ki, bu misralar Salam Sarvanın son şeirlərindəndir. Təbii ki, Salam Sarvanın yaradıcılığına az – çox bələd olan adam şairin burada istər idea , istərsə də üslub baxımdan yeni bir dalğada olduğunu, özü – özünü yenilədiyini fərq edir. Bunu rahatlıqla sezmək mümkündür. Lakin bir şey var ki, fikrimcə , bu dəyişiklik özlüyündə müsbət hadisədir ki, mən də bunun tərəfdarıyaram . Bu dəyişikliyin artıq şair üçün yeni bir qat, yeni mərtəbənin – ruhaniyyat mərtəbəsinin olduğunu düşünürəm . Nə isə " mənmərkəzli" mülahizələri qoysaq bir kənara, mütləq qeyd etmək lazımdır ki, şeirin üslubundakı yenilik, yenilik deyəndə nəzərdə tutduğum –şeirin fonundakı musiqini duymaq özü irfani bir həzzdir ki, bu da ömrün kamilliyinə qədəm basmaq, ciddi-cəhdlə arxada buraxdılarından uzaqlaşmaq, mənəvi yolçuluğa çıxmaq , fərqindəlik əlamətidir . Bu fərqindəliyin mühüm elementlərindən biri də boz , yeknəsək və gündəlik məişət həyatımızın qışqır-bağırtısı, çal çağırtısı içində, arabir küncə çəkilib öz içindən gələn, amma səni yormayan əksinə dinlədikcə ruhunu dincəldən musiqini tapmaq , üstəlik də bunu çölə çıxara bilmək, hələ bu da azmış kimi bundan sənət yaradıb onu sevdirmək cəsarətidir. Dünyanı gözəlləşdirmək naminə bizdən tələb olunan şərtlərdən biri də budur.

Lakin bu tələbi biz çoxluq olaraq yerinə yetirməkdə acizlik çəkirik. Çünki cəsarət və istedad baxımdan seçilmişlərdən olmaq hər kəsin alın yazısı deyil. Şair isə bu cəsarətin estetidir. O, bu musiqinin bəlkə də elə bəstəkarıdır ki, bilmirəm, ancaq istənilən halda bu şeirin ruhundakı, canındakı musiqi hardasa ritmə düşərək öz zikrini təkrarlamağa bənzədirəm ki, bu ritm ürəyə yatandır, qulağa xoş gələndir. Burada da təkrarçılıq var, düzdür. Amma bu təkrarçılıq insanı yormur. Bu katafaziya halı hind mantraları sayaq əksinə davam etdikcə davamlılığın yaratdığı həzz ilə könlünü oxşayır. Və bu musiqi örtüyü ilə bəzənən zikrlərində şair düşüncəni- şeirin ideya halını bizlərə təqdim edir.

Dəyişiklik mövzusunda haqqlı olaraq belə bir narazılıq da irəli sürmək olar bəlkə ki, şairin son şeirlərində üsyankar notların azalıb. Hətta bu müəyyən nöqtələrdə onun üçün artıq "tükənib", "yazdığını yazıb indi getmək vaxtıdır” kimi fikirlərə də gətirib çıxara bilər . Ancaq burada da oxucuları haqlı saydığımız qədər də nəzərə almaq lazımdır ki, poeziya şairin tərəfindədir. Oxucunu haqlı edən üst qatdakı "üsyansızlıqdır". Hərçənd ki, digər bir oxucu da öz növbəsində "əvvəlki şeirlərdə üsyan var idimi?” "Bəlkə də heç yox idi axı" kimi fikirlər də səsləndirə bilər ki, biz burada üsyan motivindən davam edəcəyik deyə əvvəlki şeirlərə şərti olaraq "üsyankar tipli şeirlər” adını veririk. Amma mənim razılaşmadığım əsas məqam ondan ibarətdir ki, məgər üsyan etməmək tükənmək əlamətidirmi? Kim təyin edir ki, tükənmişliyin meyarını? Ya da əksinə tükənməmək üçün daim eyni bir ampluadanmı çıxış etmək lazımdır? Yerində saymaq nəvaxtdan inkişaf əlaməıti olub? Ya da tükənməmək üçün daim narazı olmaqmı lazımdır?
 


Fikir müxtəlifliyinin labüdlüyündən ehtiyat edərək əsas mövzumuza qayıdıb qeyd etməliyəm ki, mən oxuduğum Salam Sarvan şeirlərində üsyankarlıq notlarını sezmişəm. Bunu bayaq da qeyd etdim. Bugünki şeirlərində isə bu notlar ya azdır, ya da demək olar ki, heç yoxdur, bununla da razıyam. Bu isə sanki, finişin o biri tayındakı həyatı görməkdən irəli gəlir. Yaxşı bəs niyə biz əvvəlki şeirlərdən danışanda bunu sezmək kimi qeyd edirik, amma gördüyümüzü rahatlıqla deyə bilmirik. Çünki, bunu görmək həqiqətən də asan deyil. Bəzi məqamlarda isə demək olar ki, mümkünsüzdür. Axı "darıxma düzəlməyəcək”in harasında üsyan var? İlk baxışdan elədir. Lakin mənə görə hardasa Salam Sarvan daim o "darıxma düzəlməyəcək”lərinin arxasındakı "niyələr”ini gizlətməyini, öz təlaşlı və gərgin intonasiyalarla büruzə verməklə sığortalamağa çalışan bir şair olub. Bu niyə özlüyündə funksional bir "niyə” deyil. Bu "niyə” kütlələri hərəkətə gətirəcək lokomotiv olan "niyə” də deyil. Yəqinki heç belə bir iddiası da yoxdur. Sadəcə bu "niyə” fərdi assosasiyalardan doğulan, öz taleyinə görə sorğu sual etməkdən qorxmayan bir fərdin üsyanıdır. Onun şeirlərindəki üsyan anlayışı mənim üçün burdan başlayır. Çarmıxa gedən İsa da "niyə?” deyirdi. Bu niyə asi çıxmaq idimi? Xeyr əsla! O, asi çıxmır. Şübhəsiz ki, ən yaxşısını allah bilir. Mən kiməm ki? Hansı alternativi qoyacam ki , bu yazının qarşısına ? Amma yazılanı sorğulamaq da mənim haqqımdır axı.

Məni bugünə qədər yaşamağa təhrik edən, stimul verən o "niyə”lər deyilmi? Deməli, üsyan kimi görünən davranışlar bəzən əslində ən təbii davranışlar olub bizi aldadır. Buna görədir ki, biz bəzən yalançı qəhrəmanlar görəndə çaşıb qalırıq. Tez inanırıq . Onları həqiqlərindən ayıra bilmirik. Amma şair burada nə qəhrəman olmaq , nə də insanı alın yazısına qarşı çıxarmaq niyyətindədir. Sadəcə soruşur: "niyə?". Bilir ki, düzəlməyəcək. Bilir ki, bu niyə sualının da heç bir xeyri olmayacaq , amma istənilən halda o öz insani təsdiqetməsini həyata keçirir. Sorğulayır: "niyə ?"

Son şeirlərində isə oxucu belə bir suallara rast gəlmir. Bilmirəm axtarır-axtarır tapmayanda məyus olur , ya heyrətlənir, amma əvəzində əvvəlki müəllifdən çox çox fərqli bir müəllif görünür. Son şeirlərində  Salam Sarvan çox rahatdır. O əvvəlki kimi təlaşlı görünmür. Əksinə yüzillərin müdrikliyindən doğub gələn təmkini ilə sorğulamaqdan o yana – susmağa meyillidir. Arabir danışır, amma sual vermir. Çünki onun üçün maraqlı heçnə yoxdur. O gördüyünü görüb, götürdüyü hər şeylə barışıb. Bu rahatlıq bəlkə də kamilliyin, ruhaniliyin əlaməitdir, bilmirəm ancaq bu çox cəlbedicidir. Bu inkişaf yolu onu passiv qiyamından artıq nəinki barışmağa, hətta bir zamanlar niyə sualını ünvanladığı obyektin tərəfinə keçməyə, onun haqqlı olduğu qənaətinə də gətirib çıxarır. Şair artıq burada təəssüf dolu xəbərdarlığını etmir ki, "darıxma düzəlməyəcək”. O əksinə, razılaşır ki, düzəlməməyi təbiidir. Belə də olmalıdır. Hətta o qədər təbiidir ki, o qədər ilahi bir düzənlə qurulub ki, bir milli o yana, bu yana getsə, bu möhtəşəm harmoniya dağılacaq. İndinin "niyə”si artıq budur : "Niyə və nəyə qarşı çıxırsan?” , "Sənin gəlib hər şeyi məhv etməyə haqqın varmı ?" və s.

"Bu dünyanın qurulmasında qul əməyini unutmayan şair” tarixin yaradıcısı kimi, sivilizasiyasının banisi kimi aşağıların tərəfində olmasını da heç zaman unutmayıb. Bu "aşağılığa meyillilik ”onun şeirlərində həmişə olub. Onu ucaldan da belə şeylərdir. Lakin indi elə bir məqamdır ki artıq şair ucalmaqdan o yana uçmağa hazırlaşır. Bu mərhələdə aşağıların tərəfində olmaq da, ucalmaq da bəs etmir. Çünki ucalıq uçmağın yanında yarım qalır. Bu uçmaq üçün qulları unutmaq lazım deyil, sadəcə qulun da, şahın da alın yazısı olmasını dərk etmək, bu ilahi qəzavü-qədərə və sözün əsl mənasında uğradığımız qəzaya təmkinlə gülmək lazımdır. Mən şairdən bunu oxuyuram.

Nargin.az