Fransa hərbçilərinin vəhşilikləri...

Fransa hərbçilərinin vəhşilikləri...

(Rene Votyenin xatirəsinə) Yanvarın 4-dən 5-nə keçən gecə Fransanın ən çox senzuraya məruz qalmış rejissoru vəfat etdi – Rene Votye. Göründüyü kimi, senzorların qurbanları siyahısında rekordçu heç də totalitar rejimdə yox, demokratik və azad Avropa ölkəsində yaşayırmış. 

87 yaşını qeyd etməyinə 10 gün qalmış dünyadan köçən Votyenin ölüm xəbəri rezonanssız ötüşdü. Halbuki, söhbət sənədli kinonun, art-hausun və siyasi ("döyüşən”) kinonun sütunlarından birindən gedirdi. Məntiqsiz bir dünyada yaşayırıq - indiki diskursda hər şey başayaqdır. Sabah əfsanəvi Qodar ölsə, onu da adi hadisə, daha "mühüm proseslər” fonunda xırda epizod kimi qəbul edə bilərik (Ötən ilin martında digər "Yeni dalğa”çı - Alen Rene ilə olduğu kimi). Çünki, məhz indiki diskurs sahibləri müəyyənləşdirirlər - hansı əhəmiyyətsiz hadisə işıqlandırılmalıdır və hansı mühüm epizodun üstündən sükutla keçilməlidir. Diskurs sahibləri müəyyənləşdirirlər - niyə haradasa 3 nəfərlik piket efiri və interneti zəbt etməlidir, başqa yerdəki 50 minlik kütlənin polislə küçə döyüşü isə görməzlikdən gəlinməlidir. Bəşər mənasız şou-personajların paltarının santimetrlərini müzakirə edir, Rene Votyenin çəkdiklərini yox. Ruhsuz və dəyərsiz bir dövr. 

Votyeni isə niyə sevməliydilər ki? O, kommunistdi, mütəmləkəçiliyə qarşı mübarizə aparırdı, Fransa Əlcəzairdə genosid törədəndə rejissor Parisin yox, inqilabçıların tərəfini tutmuşdu. Bunun üçün güllə yarası da almışdı, həbsdə də oturmuşdu. O, fransız hərbçilərinin Əlcəzairdə törətdikləri vəhşilikləri kameraya köçürmüş ilk rejissordu. Onun "Afrika 50” filmi düz 45 il demokratik Fransada qadağan olunmuşdu. Belələrinə azad dünyada "dövlət düşməni” kimi baxırlar. 

Ən çox senzuraya məruz qalmış rejissor titulunu Rene Votye nə aşağı instinktləri ekrana daşıdığına, nə də yataq səhnələrinə görə haqq etmişdi. Onun ostrakiyaya məruz qalması siyasi kino çəkməsi ilə bağlıydı. Onun çəkdikləri nəinki müstəmləkəçi Paris yuxarı dairələrini, həm də istehlakçı həyat tərzinə görə üçüncü dünya dövlətlərində tökülən qanlara və istismara minnətdar olan orta statistik obıvatelləri qəzəbləndirirdi. Onu təkcə siyasi elita yox, meşşanlar da görmək istəmirdi. Kinematoqrafın popkorn satmaqla yox, dünyanı dəyişməklə məşğul olduğu o uzaq illərdə Rene Votyenin filmləri hərbi əməliyyatlar kinoteatrının ön səfində yer tuturdu. 

Və Votyenin siyasi kinosu indiki "humanitar kinolar”dan kökündən fərqlənirdi. Votye genosidə məruz qalan Əlcəzairdə, xalqı köləyə çevrildilən Fil Dişi sahilində və digər müstəmləkələrdə qanı axıdılan qurbanlıqlara münasibətdə sadəcə və yalnız acımaqla kifayətlənməyə çağırmırdı. Yox, o, mübarizəyə qalxan həmin kölələrlə bir sırada addımlamağı, onların haqq işinə kənardan yox, yaxından (kim nə ilə bacarırsa) dəstək olmağı, bir sözlə İnqilab zamanı inqilabçı olmağı təbliğ edirdi. Və özü təbliğ etdiyi kimi də yaşayırdı. 

*** 

1944-cü ildə 16 yaşlı Rene nasistlərə qarşı vuruşmaq üçün Fransa partizanlarına - "makilər”ə qoşulur. O savaş onu pasifist edir. Sonralar memuarlarında yazır: "Əlində qumbara tutmusansa, onu haqq işi üçün istifadə etmək meyli baş qaldırır. Və artıq 16 yaşın olanda qumbaranın insan bədənini nə hala saldığını görürsənsə, iki yolun qalır - ya qatil olursan, ya da özün-özünə deyirsən: problemin başqa yolu da olmalıdır”. 

O, problemin başqa yolunu seçir. Həmin yol kino olur. 

Müharibədən sonra Fransa Kommunist partiyasına daxil olan Rene ilk tapşırıq kimi fəhlə tətillərini çəkmək göstərişi alır. Həmin ilk çəkiliş sınmış kamera və Renenin göyərmiş sifəti ilə nəticələnir: jandarmların fəhlələrlə necə kobud davrandığını görən Rene çəkilişi dayandıraraq və "Pressa” sarğısını tullayaraq yumruqlarına güc verir. Jandarmlar onu bərk əzişdirirlər. Həmin vaxt fəxarətlə "Mən artıq öz düşərgəmi seçdim” deyən gənc Reneyə kommunistlərin kino məktəbinin (IDHEC) direktoru Jan Lot kədərlə söyləyir: "Əsas odur ki, kamera öz düşərgəsini seçsin, çəkilişlərdən isə sınmış kamera ilə yox, materialla qayıtmaq lazımdır”. Həmin sözlər Rene Votyenin həyat devizinə çevrilir. 

1950-ci ildə Fransa hökumətinin xətti ilə o, bu dövlətin müstəmləkəsi olan Fil Dişi Sahilinə (indiki Kot d`İvuar) yollanır. Qarşısında konkret məqsəd dururdu: Rene rəsmi sifarişi yerinə yetirərək Parisin bu Afrika ölkəsində təhsilə necə önəm verdiyini, yerli kadrlar hazırlamaq üçün məktəblər açdığını lentə köçürməliydi. Bir sözlə, təbliğat filmi. Və film olmayan uğurları göstərməliydi. Əlbəttə, Votye ondan gözlənilənlərin tamamilə tərsini edir - repressiyalar və yoxsulluq haqda film çəkir. O vaxt çəkilişlər vitse-qubernatorun icazəsi və yerli məmurların müşayiəti ilə aparılmalıydı. Bu qaydanı hələ kollaborasinist-vişist Laval qoymuşdu. Düzdür, Laval artıq cani kimi məhkum olunub güllələnmişdi, ancaq qanun qüvvədə qalırdı. Votye qanunu pozur, üstəlik, ondan çəkilmiş materialı təhvil verməyi tələb edən və rədd cavabı aldıqda rejissoru təhqir edən qubernatora şillə vurur. Paytaxt Abicandakı mehmanxanaya qayıdanda isə onun əşyalarında eşələnən yerli məmurun (polis müfəttişinin) qolunu qırır və onu pencərədən atır. Parisə qayıtdıqda Votye həbs olunur, çəkilmiş materialların böyük hissəsi əlindən alınır, özü isə 1 il türmədə oturur. Həmin materiallar ("Afrika 50” filmi) Votyeyə bir də 1996-cı ildə qaytarılır. Elə o vaxt da məşhur kino tarixçisi Jorj Sadul (çoxcildli "Dünya kinosunun tarixi” əsərinin müəllifi) gənc Votye barədə sonralar doğrulacaq proqnozunu verir: "Bu bretonlunun başı qarşısında divarlara tab gətirmək çətin olacaq”. 

1952-ci ilin iyununda türmədən çıxan Votye çəkdiyi materialların gizlədə bildiyi hissələrindən "Afrika 1950”-nin ilk variantını quraşdırır və buna görə Varşava Kino festialının Qızıl medalı ilə təltif olunur. Üstündən onilliklər keçir, nəhayət 1996-cı ildə Fransa XİN-dən ona məktub gəlir: "Hörmətli müsyö, filminizin hökumətin hesabına hazırlanmış nüsxəsini gəlib götürə bilərsiz, çünki, onun dünyanın 50-dən çox ölkəsində nümayişi Fransanın nüfuzunu yüksəldib”. Yəni, sübut edib ki, hələ 1950-ci illərdə Fransada müstəmləkəçiliyin əleyhinə çıxan rejissorlar varmış. Beləcə, hər kəsə öz oyunu. 

*** 

Əlcəzairdə savaş başlayanda Rene Votye üsyançıların tərəfinə keçən ilk fransız rejissoru olub. 1954-1962-ci illərdəki o genosid zamanı Fransa hərbçilərinin vəhşilikləri 10 milyon əhalisi olan Əlcəzairə olduqca baha başa gəldi. 1,5 milyon əlcəzairli qətlə yetirildi, yarım milyonu ölkədən qaçdı, 2 milyonu isə həbs, düşərgə və işgəncələrə məruz qaldı. Bir sözlə, dəhşətli statistikadır - müstəmləkəçi müharibə ölkə əhalisinin yarısının həyatını məhv və şikəst etdi. 

O hadisələr Fransa intellektualları üçün bir sınaq oldu: kim hansı tərəfi müdafiə edəcək. Rejissor və aktyorların cərgəsində də sonu görünməyən mübahisə və bölünmələr başladı. Operator Pyer Kleman, aktrisa Marina Vladi, onun bacısı Olqa Polyakova, əfsanəvi Serj Mişel (öz təxəllüsünü trotskiçi Viktor Serj və kommunar Luiza Mişelin adlarından düzəltmişdi), rejissor Le Masson birmərrə olaraq əlcəzairliləri müdafiə edirdi. Bu sahədə pioner isə Rene Votye oldu. 

Onun Əlcəzairə yollanmaq istəyinə Fransa kompartiyası qadağa qoysa da, Votyeni heç bir maneə saxlaya bilmədi. Yeganə problem fərli kiinokamera tapmaqdaydı. Vəsait toplamaq üçün Votye əvvəlcə Tunisə yollanır. Burada yerli hakimiyyət kino sahəsinin inkişafında çox maraqlıydı və kino çəkilişini həvəslə maliyyələşdirirdi. Votye Tunis Mədəniyyət nazirliyinin maliyyə köməyi hesabına "Qızıl üzüklər” filmini çəkir. Yeri gəlmişkən, həmin filmdə ilk dəfə olaraq səhnəyə 14 yaşlı Klaudiya Kardinale çıxır (Bu barədə Kardinale öz xatirələrində geniş yazıb). Aldığı qonorarı yeni kameraya xərcləyən Votye Əlcəzairə gəlir. 

Burada 1957-ci ildə Əlcəzair Milli Azadlıq Cəbhəsinin təşəbbüsü ilə Kinematoqrafik hazırlıq Məktəbi yaradılmışdı, rəhbəri də Mahmud Cenez idi (Üsyançılar kino vasitəsilə təbliğatın rolunu çox yaxşı anlayırdılar). Tezliklə Rene Votye yeni Məktəbdə yerli kadrlara çəkilişin sirlərini öyrədir, 1958-ci ildə isə "Əlcəzair od içində” sənədli filmini çəkir. 

Həmin ilin aprel-mart döyüşlərində Əlcəzair üsyançıları 23 min nəfər itki verirlər. Çoxsaylı yaralıların sırasında Rene Votye də olur: pulemyot atəşi əlindəki kameranı çilik-çilik edir, qəlpələr isə başında qalır. O vaxtdan Votyeni "Başında kamera gəzdirən rejissor” adlandırırlar. 

Tezliklə Votye üsyançıların bütün kino fəaliyyətinə rəhbərlik etməyə başlayır. Onun operatoru rolunda isə admiral oğlu Pyer Kleman çalışır. Məhz o, Milli Azadlıq Cəbhəsinin Tunis ərazisində yerləşən bazasının fransızlar tərəfindən bombardmanı və dinc əhali arasında çoxsaylı itkilər haqda sənədli filmi ("Sakiyet Siddi Yusef”) çəkir və bütün dünyada böyük əks-səda doğuran bu film Klemanı ordunun düşməninə çevirir. Həmin filmin nümayişindən sonra Əlcəzair problemi qloballaşır, BMT-də müzakirəyə çıxarılır, Fransada hökumət böhranına, sonunda da de Qollun hakimiyyətə qayıdışına səbəb olur (Bəzən Klemanı "De Qollu hakimiyyətə qaytaran şəxs” adlandırırlar). Əlcəzairdə Kleman əlində kamera, əynində ərəb paltarında həbs olunur, işgəncələr görür, 10 il həbs alır, yalnız de Qollun yaxın dostu olan atasının hesabına sağ qalır və Fransaya bir də Əlcəzair böhranı həllini tapdıqdan sonra (1962-ci ildə) dönə bilir.

 Rene Votye isə müstəmləkəçilik və müharibə mövzusunu Əlcəzair hadisələrindən sonra da unutmur. 1972-ci ildə o, "20 yaşında Oresdə olmaq” filmini çəkir. 100 dəqiqəlik filmin ssenaristi də Votye özüdür. Film pasifistlərin müharibə şəraitnidə necə ölüm maşınına çevrildildiyini analiz edir. Fərari kimi saxlanılan bir qrup pasifist sonunda qəddar qatillərə çevrilir. Bir daha Fransanın öz Afrika müstəmləkəsində törətdiyi genosidi qabartmaqla Votye yenidən ictimai rəyi silkələyə bilir. 

*** 

Uzun, dolğun ömür sürən bu gülərüz, ağ saçları dağınıq qoca haqqında 10-larla sənədli film çəkilib, 2009-cu ildə adı Şartr şəhərində küçəyə verilib. Ancaq onun ən böyük xidməti heç bir fəxri adın çərçivəsinə sığa bilməz. O, kameranın bir silah kimi gücünü göstərib, Xeyirlə Şərin savaşında nəzəri sentensiyalar söyləməklə kifayətlənənlərdən fərqli olaraq savaşıb. O, qurbanlıqlara uzaqdan-uzağa simpatiyanı yetərli saymayıb, həmin qurbanlıqların yanında olub. 

Əbədiyyətə gömülən Rene Votye "döyüşən kino”nun generalı kimi adını tarixə həkk edib...   

P.S. Rene Votyenin "20 yaşında Oresdə olmaq” filminə (1972, fr.) buradan baxa bilərsiz -  https://www.youtube.com/watch?v=X2uhpyEtobg   - See more at: http://kult.az/yeni/view/5930#sthash.Jsx1A5db.dpuf

Məmməd Süleymanov

Kult.az