"Ölüm mənim üçün qorxulu deyil”. Sağlığında verdiyi müsahibələrinin
birində belə demişdi görkəmli xalq rəssamı Toğrul Nərimanbəyov. Amma indi qorxulu
olan ömrünün 83-cü ilində vəfat etmiş rəssamın meyitinin iki qadının
mübahisəsi üzündən 20 gündür ortalıqda qalmasıdır. İkinci həyat yoldaşı
Sevil Nərimanbəyova (Nəcəfzadə) ilə birinci evlilikdən olan qızı Əsmər
Nərimanbəyovanın mübahisəsi Toğrul Nərimanbəyovun ruhunu narahat etməkdədir
desək, yanılmarıq. Həyat yoldaşı onu Parisdə dəfn etmək istəyir, qızı isə
Bakıda...
Kim idi Toğrul Nərimanbəyovun əsli-nəsli?
Toğrulun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay
dövründə mühacirətdə olub. Kiyevdə dərs deyirmiş. Azərbaycan Xalq
Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakda qubernator olub.
Əmirbəy Nərimanbəyov Qarabağın tanınmış bəylərindən sayılırdı.
Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Azərbaycan Xalq
Cümnuriyyəti zamanında hökumət ölkənin gələcəyi naminə istedadlı gəncləri
xaricə oxumağa göndərəndə Fərman Nərimanbəyov da Avropaya təhsil almağa
gedən 40 nəfər arasında olub.
O, Tuluza Universitetinin mühəndis - elektrik ixtisasına qəbul olub. Təhsil
aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini
mənimsəyən Fərman Nərimanbəyov bir fransız qızla da tanış olur. Və o, İrma
Lya Rude alı bu dərzi-modelyer xanımla evlənir.
Gənc ailə xeyli müddət Fransada yaşayıb. Toğrulun böyük qardaşı Vidadi elə
Avropada dünyaya gəlib – 1926-cı ildə. Sonra onlar Tuluzadan Paris şəhərinə
köçürlər.
1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə
birgə Bakıya qayıdır. Xanımı və 3 yaşlı oğlu ilə Bakıda yerləşən Fərman Nərimanbəyov
tələbə yoldaşı olmuş elektrikləşmə naziri İslamzadənin köməyilə Mingəçevir
SES-də işə düzəlir...
1930-cu il avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu Toğrul
dünyaya gəlir.
Elə həmin il Toğrulun babası Əmirbəy kişi dünyasını dəyişir.
Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun
tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir
edir.
Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun
atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi
repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndəirilər.
Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan Toğrulun anası İrma
Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı
Özbəkistana - Səmərqəndə sürgün edirlər. Toğrulun anası düz 1961-ci ilə
qədər sürgündə yaşamağa məcbur olur.
Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərirmanbəyovlar yaşamaq
uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildən isə
Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində
təhsil alıb. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da
öyrənməyə başlayır. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə
görüşüb.
Elə Toğrulun müxtəlif orqanlara etdiyi müraciətləri və gərgin mübarizəsi
sayəsində anasına bəraət verirlər və o, Bakıya qayıtmağa müvəffəq
olur.
Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir
sürgünündən vətənə qayıda bilir.
Uşaqlıqdan çəkdiyi əziyyətlər, gördüyü ədalətsizliklər Toğrulun
əzmkarlığını daha artırır və o, yaradıcılıq yolunda həmkarlarından
fərqlənərək daha irəliyə gedə, zirvələrə qalxa bilir. 30 yaşında əməkdar,
33 yaşında isə xalq rəssamı adına layiq görülür. 1955-ci ildə keçmiş SSRİ
Rəssamlar Birliyinin üzvü olan Toğrul Nərimanbəyov bu zaman artıq çoxlu
orden və medallara layiq görülmüşdü.
Sonrakı illər Toğrulun həyatında yeni səhifələr açdı və o daha da məşhurlaşdı.
1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun "Nəsimi haqqında
poema" baletinə verdiyi tərtibata görə Azərbaycan Dövlət mükafatına
layiq görülüb. 1980-ci ildə Fikrət Əmirovun "Min bir gecə"
baletinə verdiyi bədii tərtibata görə ikinci dəfə Dövlət mükafatı ilə
təltif olunub.
Yüksək peşəkarlığa malik görkəmli rəssam təsviri sənətin bütün janrlarında
uğurla çalışaraq uzun illər ərzində dolğun və səmərəli fəaliyyət göstərib.
Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı
kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr
rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib.
Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələr Azərbaycan
müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir
inciləri xəzinəsinə daxil olub.
Hazırda dünyanın bir çox incəsənət muzeylərində, fondlarda Azərbaycan
rəssamının əsərləri qorunub saxlanılır. Çexiyada, Rusiyada, Hindistanda,
Fransada, Litvada, ABŞ-da və digər ölkələrdə Toğrul Nərimanbəyovun
sərgiləri keçirilib.
Toğrul Nərimanbəyovun dediyinə görə, əslən fransız olan anası İrma Lya Rude
də müasir incəsənəti dərindən bilirdi. Həm rəssamlığı, həm də modanı.
Müsahibələrinin birində anası haqaında demişdi: "Moskvada Azərbaycan mədəniyyəti
dekadası keçirilirdi. Hələ Stalinin vaxtında. Bülbül Koroğlu rolunda çıxış
edirdi. Anam Qəmər Almaszadə ilə rəfiqə idi. Anam kostyumları hazırlamaqda
köməklik göstərirdi”.
Həyatının son dayanacağı kimi Azərbaycanı seçən İrma Lya Rude Bakıda, Yasamal
qəbiristanlığında dəfn olunub. Elə Toğrulun qardaşı, xalq rəssamı Vidadi
Nərimanbəyov da Yasamal qəbiristanlığında anasının yanında uyuyur.
Toğrul Nərimanbəyov iki dəfə ailə qurub. Onun birinci arvadı
heykəltəraş Elmira Hüseynova olub. 1933-cü il təvəllüdlü Elmira Hüseynova
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1954) və
İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq
İnstitutunu (1960) bitirib. Heykəltəraşlığın məişət və portret janrlarında
çalışırdı.
Bu evlilikdən Toğrul Nərimanbəyovun bir qızı dünyaya gəlib – Əsmər
Nərimanbəyova (o da atası kimi xalq rəssamıdır, hazırda Rəssamlıq
Akademiyasının dosentidir).
Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib.
Görkəmli rəssam sonradan ikinci dəfə ailə həyatı qurub, musiqiçi Sevil
Nəcəfzadə ilə.
”İkinci arvadımla Bakıda tanış olmuşam. O, musiqiçidir, fortepianoda çalır.
Bakıda texnikumda oxuyurdu. Mənə də maraqlı idi, o necə ifa edir. O zaman
mən vokal ifaçılıqla da məşğul olurdum. O isə məni müşayiət edirdi. O
təsviri sənəti sevirdi. Ümimiyyətlə, incəsənətə maraq göstərirdi. Bizim
ümumi maraqlarımız var idi. Məndən soruşurlar ki, "sizin ən yaxın ürək
dostunuz kimdir?”. Cavab verirəm ki, "kim ola bilər, ancaq Sevil”. O mənim
ürək dostumdur. Mən onunla yaradıcı fikirlərimi bölüşürəm. Onun iradəsi
var, məqsədyönlüdür”.
Sağlığında ikinci həyat yoldaşı barədə danışanda T.Nərimanbəyov belə
demişdi.
Bu evlilikdən rəssamın bir oğlu doğulub Fransua Nərimanbəyov. Oğlu Fransua
atasının yolunu davam etdirə bilər, çünki o da rəssamlıqla məşğul olur.
Toğrul Nərimanbəyov təkcə rəssam deyildi, həm də opera ifaçısı idi. Onun
gözəl bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya
bəstəkarlarının əsərlərindən ariyaları peşəkarlıqla ifa edirdi.
Elə həyat yoldaşı Sevil Nəcəfzadə T.Nərimanbəyovun konsertlərinin əsas
təşkilatçısı olub. Bununla yanaşı, Sevil xanım həm də ərinin sərgilərini
təşkil edib.
2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın "İstiqlal” ordeni,
2010-cu ilin avqustunda isə "Şərəf” ordeni iıə təltif edilib. Rəssamın
müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "İstiqlal” və
"Şərəf” ordenlərinə layiq görülməsi doğma vətənində onun sənətinə və
şəxsiyyətinə ehtiramın ifadəsidir. Dövlət ona İçərişəhərdə emalatxana da
vermişdi.
Həmkarları deyirlər ki, ünlü rəssam həm özünü, həm də Azərbaycan
mədəniyyətini dünyaya tanıtmaq istəyirdi. Bu məqsədlə o, Azərbaycandan
xaricə köçmüşdü. Əvvəlcə bir neçə il Amerikada yaşayıb, sonra Fransaya
köçüb.
2001-ci ildə o, Parisdəki qalareya ilə bağlığı müqaviləyə görə, ilin
yarısını burada çalışmalı idi.
T.Nərimanbəyov ürək xəstəliyindən əziyyət çəkirdi. Ölümündən iki ay qabaq
ürəyindən cərrahiyyə əməliyyatı keçirmişdi.
Dahi rəssam 2 iyun 2013-cü ildə Parisdəki Jorj Pompido adına hospitalda vəfat
edib.
20 gündür meyiti Parisdəki morqda qalan T.Nərimanbəyovun həyat yoldaşı
Sevil Nərimanbəyova ilə qızı Əsmər Nərimanbəyovanın mübahisəsinə məhkəmə
son qoyub. Fransa məhkəməsi xalq rəssamının həyat yoldışının istədiyi kimi
Parisdə dəfn edilməsinə qərar verib.
"Ölüm mənim üçün qorxulu deyil” deyən rəssımın bir arzusu var idi, heç vaxt
gerçəkləşdirə bilməyəcəyi arzu – dədə-baba yurdu Şuşaşa getmək: "Mənim
babam və atam Şuşadandır. Şuşaya qonaq kimi deyil, oranın sahibi kimi
gedəcəyəm...”.
Əfqan Qafarlı
Modern.az |