Fransız xoreoqrafları Azərbaycanda

Fransız xoreoqrafları Azərbaycanda

 Azərbaycanda ilk dəfə fransız xoreoqraflarının yaradıcılığı təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, "YARAT” Müasir İncəsənət Məkanının "YAY!” Qalereyasında fransız xoreoqrafları Enni Viqye və Frank Apertet (birlikdə "les gens d’Uterpan” kollektivi) tərəfindən "Le gout” protokoluna əsasən, "X-Event 2.6” performansı təqdim olunmuşdur. Eyni zamanda, kollektivin performanslarının videogörüntüləri nümayiş etdirilmişdir.
Tədbir Azərbaycanda Fransız İnstitutunun dəstəyi və bilavasitə iştirakı ilə "YARAT” Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunmuşdur. Bu proqramın təşkilində Avropa Mədəniyyət Fondunun xüsusi dəstəyi də qeyd edilməlidir.
"YAY!” Qalereyasında təqdim olunan performansda rəqqaslar sərbəst şəkildə müəyyən edilmiş müstəvi boyu addımlamışlar. Onlar bir-birinə və yaxud seyrçilərə tamamilə neytral, məna kəsb etməyən nəzərlər yetirmişlər. İfaçılar heç bir söz söyləməyərək, bir kimsə ilə göz-gözə gəlməyə cəhd etmədən yerdə əyləşmiş və yaxud uzanmışlar.
Belə ifa bir neçə saatdan bir neçə sutkayadək davam edə bilər.
Nümayiş təcrübəsini fərqləndirərək hər "X-Event” ifasının müddəti məzmun və rəqqasların canlı qüvvə kimi enerji potensialından asılıdır.
Parisdə fəaliyyət göstərən xoreoqraflar Enni Viqye və Frank Apertet CAC Bretigny təşkilatı ilə əməkdaşlıq çərçivəsində "X-Event” adlı silsilə performansları yaradıb populyarlaşdırmışlar. Onların yaradıcılığı tamaşaçını rəqs və plastika sənəti arasında sərhədin haradan keçməsi üzərində düşündürür.
Enni Viqye və Frank Apertet ənənəvi xoreoqrafiyanın çərçivələrini aşaraq ifaçı, quruluşçu və tamaşaçı arasındakı rolların yeni tərzdə interpretasiyasını təqdim edirlər. Bu silsilənin hər performansı Viktor Torresin bariton səsinin müşayiəti altında baş tutur. Nikolas Martsın rejissor həlli isə səsin rolu və funksiyasını müəyyən edir.
Kollektivin layihələri Project Art Center (Dublin, İrlandiya), Tate Modern Qalereyası və Müasir İncəsənət İnstitutu (London, Birləşmiş Krallıq), Kunsthalle (Bazel, İsveçrə), Kali Performans Festivalı (Kolumbiya), Vermello Qalereyası (San Paulo, Braziliya), Müasir İncəsənət Muzeyi (Varşava, Polşa), Museum Joanneum (Avstriya), Berlin Müasir İncəsənət Biennalesi (Almaniya), həmçinin Seul, Nyu-York, Şanxay, Zaqreb, Vilnüs, Lion, Paris və Tokioda nümayiş etdirilmişdir.
Yaradıcı kollektiv haqqında daha geniş məlumatı www.lesgensduterpan.com saytından əldə etmək mümkündür.
Fransız xoreoqafları Muzey Mərkəzində isə "Les chutes” ("Yıxılma”) protokoluna əsasən, "X-Event 2.3” performansını təqdim edəcəklər.
Performansa əsasən, bir qrup rəqqas bir-birini itələyərək iki çarpaz trayektoriyanın müəyyən etdiyi mərkəzi perimetrdən kənara tullayır. Yıxıldıqdan sonra hər rəqqas ayağa qalxaraq başqa rəqqası itələmək və yenidən yıxılmaq üçün perimetrə daxil olur. Bu hərəkət qrupun gücünün tükənməsinə qədər davam etdirilə bilər.
"X-Event” performanslarında istifadə edilən vahid prinsip əvvəlki vəziyyətə qayıdış taktikasıdır. Bu taktika məzmun və ifaçılar baxımından saxlanma və müstəsna məhdudlaşmaları qabartma vasitəsilə əvvəlki vəziyyətə qaçılmaz şəkildə dönüş şəraiti yaradır. Bu isə fərdlərin azad olması və məkanın aydın şəkildə qavranılmasıdır.
Martın 25-də Beynəlxalq Muğam Mərkəzində sənətkarlarla görüş keçiriləcəkdir. "Les gens d’Uterpan” yaradıcı kollektivi - Enni Viqye və Frank 17 yaradıcı strategiyadan nümunə gətirərək reaksiya prosesi, onun əsası və məqsədləri barədə söhbət açacaqlar.
Tamaşaçıların xoreoqraflara sual vermək və bu sənət sahəsi barədə müzakirə aparmaq imkanları olacaqdır.