#FREEKİRİLL, xoşbəxtlik və başqa şeylər

#FREEKİRİLL, xoşbəxtlik və başqa şeylər

Emin Əliyev

2017-ci ilin may ayı idi. Azərbaycanda məhkəmə qərarı ilə bir neçə saytın girişinə qadağa qoyulmuşdu. Bu həmin saytlar idi ki, yazdığımız bədii-publisistik yazıları orada çap etdirirdik və ya buna cəhd göstərirdik. Həmin saytların bağlanması bizi dərin və uzun sürən ümidsizliyə götürdü. Necə deyərlər, azadlıq küləyi hər gün bizdən bir az da uzaqda əsirdi.  Üstündən bir ildən çox müddət keçib. Artıq, oxucular mətbuata çatmağın müxtəlif yollarını da tapıblar, amma o külək hələ də uzaqda əsir.

Ali Lidar demiş, "Parlamentoyu da bozdular, tutunacak dalımız mı kaldı”

Müstəqil mətbuat bizim sığınacağımız, ümid yerimiz idi. Və mən qərara gəldim ki, uzun müddət sonra yazdığım ilk yazını bloqa yazım, ölmüş mətbuatın, ümidlərin və sənətin acı xatirəsinə !

2018-ci ilin bu soyuq noyabr günlərində teatr və sənətə sevdalı cəmiyyət başını M.A.P. teatr  festivalı ilə qatırdı. Festivala müxtəlif ölkələrin, fərqli estetikaya məxsus müxtəlif teatrları dəvət olunmuşdu. Festivalın proqramında son günün siyahısında isə mətbuatdan hamıya tanış və qəribə gələn bir ad var idi: Kiril Serebrennikov.

Rusiyada Qoqol Sentr teatrının rəhbəri olan bu gənc sənətçi bu ilin avqust ayında polis tərəfindən dələduzluq iddiası ilə saxlanılmış və məhkəmə barəsində ev dustaqlığı qərarı çıxarmışdı.

Bu hadisədən sonra rus sənət adamları öz səslərini duyurmağın məsuliyyətini hiss edərək, etirazlara başlamışdılar. Dünya mətbuatı da bu işin qəribəliyini başa düşüb problemin həllini tapmağa çalışırdı. Əksəriyyətin isə dediyi bir fikir var idi – o günahsızdır. Bu məsələnin hüquqi yanları barəsində çox danışılıb, insanlar da Rusiyada belə halların baş verməsinə gündəlik rutin kimi baxırlar artıq. Serebrennikovun bir gün bu vəziyyətlə qarşı-qarşıya qalacağı da gözlənilən idi. Çünki, o gördüyü işlərdə iqtidarı tənqid edir, fikrini müstəqil şəkildə ifadə etməyə çalışırdı. Və hər şey gözlənilən kimi oldu. O, internetdən, rabitədən uzaq ev dustaqlığı yaşayır. Bəs, necə oldu ki, Kirillin tamaşası Bakıda nümayiş olundu?

"Yarat!” Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi M.A.P. festivalı sakit, hüzurlu və maraqlı keçirdi. Ta son gündə K.Serebrennikovun "Rusiyada yaşamaq kimə xoşdur” adlı tamaşası göstərilənə kimi.
 


"Rusiyada yaşamaq kimə xoşdur”


Əsər Nekrasovun eyniadlı poeması əsasında qurulub. Rejissor 3 saatdan çox davam edən tamaşada izləyicini bir dəqiqəsi belə boş keçməyən və əyləndirən dinamik mühit yaratmışdı. 3 hissədən ibarət olan tamaşada ilk hissəni rejissor "Mübahisə” adlandırıb. Aparıcı iştirakçılara "Kimlər Rusiyada şən və firavan yaşayır” sualını verir. Və təbii ki, "sərxoş” və bədbəxt görünən rus insanından bu sualın cavabını ala bilmir. Onlar qorxurlar, narahatdırlar. "Sərxoşluq” ifadəsini bu yerdə daha da qabartmaq istərdim, çünki, rejissor da daima tamaşada rus insanını bu formada göstərir.

İkinci hissə "Sərxoş gecə” adlanır. Haradansa meşəyə düşmüş şəxslər yenə sərxoşdurlar və onların qulağına qeybdən səslər gəlir. Plastik həll üzərinə qurulmuş ikinci hissədə səhnə dərinləşdirilib və sol tərəfində qadınlar poemadan parça ifa edirlər. Poemanın musiqi ilə vəhdətinin sədası altında aktyorlar "meşə”-nin içində qaçışırlar, oradan çıxmağa çalışırlar.

Balamıza həsrətik biz.
Oğlanları aparır çar;
Qızları da himayəmiz-
Ağa, barin və mülkədar.
Ürəyinin yağı yanır
Kənd əhlinin çırağında.
Xalqın günü gözəl keçir
Müqəddəs Rus torpağında!
(Nekrasov - Rus elində kimin günü xoş keçir. Tərcümə: Rəsul Rza)

Üçüncü hissə isə birdən-birə iki aktyorun əlində bir vedrə "vodka” ilə tamaşaçı zalına düşməsi ilə başladı. Və tamaşaçılara belə bir təklif edildi: "Kimin xoşbəxt olma səbəbi xoşumuza gəlsə, ona araq verəcəyik”.

Yurdumun gözəl insanına da özünü xoşbəxt cildinə salması üçün 100 qram bəs idi. Hamı araq içmək üçün özündən səbəblər tapır, və "Qoqol Sentr” aktyorlarını cavablandırırdı. Biri "azad olduğu” üçün, biri "ailəsi yanında olduğu” üçün, kimsə də "bu tamaşanı izlədiyi” üçün xoşbəxt olduğunu bildirirdi. Amma həqiqi olan bir fakt var idi – Kiril Serebrennikov oyun oynayırdı. Əvvəlcə, basqı altında qalan, əzilən insanı bizə göstərib, sonra, bir araqla həmin insanı xoşbəxt etdirirdi. Deyək ki, orada həqiqətən xoşbəxt olan insanlar da var idi. Bəs elədirsə onlar bu tamaşa-şounun nəyini bəyəndilər ? Rejissorun və Nekrasovun axtardığı xoşbəxt insanlar onlar idi.

Tamaşanın ən təsir edici məqamı isə mənə görə sonda aktyor heyətinin Rusiyada ev dustaqlığında olan, rejissor, "Qoqol-Sentr” teatrının rəhbəri Kirill Serebrennikovun azadlığını tələb edən yazılı köynəklər ilə tamaşaçı qarşısına çıxmaları idi. Uzun müddətdir ki, səhnəsindən müstəqillik havası yan keçən Akademik Milli Dram Teatrı birdən-birə "Azadlıq meydanına” çevrilmişdi. O alqışlar Serebrennikova azadlıq şüarları idi, o alqışlar özündə əzilmiş xalqın basdırılmış arzularını simvolizə edirdi.

Elə sonluğu bir də Fuad Poladov oradan getdiyi gün görmüşdüm. O da öz müstəqilliyini bəyan etmişdi həmin gün.

Hər bir halda, Serebrennikovun Bakı səhnəsinə lüt qadın və kişini çıxarması, təhqir olunmuş insan mənzərələrini yaratması, şou vasitəsilə insanları oyuna salması və digər elementləri onu mənim yaddaşıma müstəqil və yaradıcı şəxs kimi bir daha həkk etdi. Bakı bir günlük də olsa demokratiya bayramını qeyd etdi. İndi isə geriyə həsrətlə oturub Cəfər Pənahinin növbəti filminin nümayişini gözləmək qalır.