Freyd:

Freyd: "Dostoyevskinin əxlaqı barbar əxlaqını xatırladır"

Ziqmund Freyd (Sigmund Freud)
 
DOSTOYEVSKİ VƏ ATA QATİLLİYİ 

(esse)
 
Dostoyevskinin çoxtərəfli şəxsiyyətinə dörd tərəfdən nəzər salmaq olar: yazıçı, əsəb xəstəsi, fikir adamı - mənəviyyat carçısı və günah sahibi kimi. Bəs, istər-istəməz bizi çaş-baş salan bu mürəkkəb vəziyyətdən necə baş çıxarmalı?
 
Onun ən az mübahisə doğuran tərəfi yazıçılığıdır – bu yazarı ancaq Şekspirlə bir sıraya qoymaq olar. «Karamazov qardaşları» indiyə qədər yazılanlar arasında ən dahiyanə roman, «Böyük inkvizitor haqqında əfsanə» isə dünya ədəbiyyatının ən ali nailiyyətidir. Təəssüf ki, yazıçı yaradıcılığı probleminin qarşısında psixoan
aliz silahını yerə qoymalıdır.

Dostoyevskinin ən zəif tərəfi – onun mənəviyyat carçılığıdır. Yalnız günah quyusunun dibini görənlərin ən ali əxlaqi mükəmməlliyə sahiblənə bilməsi fikrinə əsaslanıb onu ali əxlaqi dəyərlərə malik adam kimi təqdim edəndə biz bir anlayışı gözdən qaçırmış oluruq.
 
Axı o adamı mənəviyyat sahibi hesab etmək olar ki, o, daxili ehtiraslarına reaksiya versə də, onun əsiri olmur.
 
O adam ki zaman-zaman günah işləyib zaman-zaman da buna görə peşman olduğunu boynuna alır, sonra da ali məqsədlərdən danışır, onun haqda ancaq bunu demək olar: özünə əcəb rahat yaşam tərzi seçib.
 
O, əxlaqın əsas prinsipinə əməl etmir – əxlaqlı həyat tərzi bütün bəşəriyyətin marağına xidmət etdiyi bir vaxtda ehtiraslarından imtina etmək istəmir.
 
Bu xüsusiyyəti ilə o, xalqların köç epoxasında insanları öldürüb, sonra da peşmançılıq çəkən barbarları xatırladır – elə bir peşmançılıq ki, sadəcə, yeni qətllərə aparan yolu təmizləməkdən ötrü bir fənddi.    
Fyodor Mik

 
İvan Qroznı da eynən belə edirdi; insanın öz vicdanı ilə elədyi bu alver rusların xislətindədir. Dostoyevskinin mənəviyyat uğrunda mübarizəsinin nəticəsini də çox layiqli adlandırmaq mümkün deyil.
 
Fərdi ehtirasların cəmiyyətin tələbləri ilə uzlaşması uğrunda çılğın mübarizədən sonra o, məcburi şəkildə çara və xristian Allahına, ucuz rus millətçiliyinə tabe olacaq qədər deqradasiyaya uğrayır – halbuki sadaladıqlarımıza tabe olmaq kimi bir mərhələyə ondan daha bəsit zəkalar daha qısa və asan yolla gəlib çıxmışdılar.
 
Böyük şəxsiyyətin zəif yeri burdadı. Dostoyevski insanlığın müəllimi və azadlıq sərkərdəsi ola bilmək imkanını əldən verərək, məhbuslara qoşuldu – gələcəyin mədəniyyəti buna görə ona çox az şey borclu olacaq. Böyük ehtimalla, onun əsəb xəstəsinə çevrilməyinin, buna görə də belə uğursuzluğa düçar olmağının səbəbi məhz bu idi. İnsanlara sevgisinin, dərk etmə bacarığının gücü idi ki, ona başqa, apostolsayağı ibadət yolu açılmışdı.
 
Dostoyevskiyə günahkar və cinayətkar kimi nəzər salmaq bizdə ikrah hissi doğurur, amma bu ikrah qatilə obıvatel baxışına əsaslanmamalıdır. Cinayətin əsl motivini aşkara çıxarmaq asandı: cinayətkar üçün xarakterik olan iki xüsusiyyət var–özünü ifrat dərəcədə sevmə və güclü destruktiv meyllilik; hər iki cəhətin üzə çıxmasına səbəb olan şey isə, insana qarşı emosional-qiymətləndirmə hissinin çatışmazlığıdır. Amma elə bu vaxt da yadına salırsan ki, axı Dostoyevskidə bu, tamam əksinə idi –onun sevgiyə ehtiyacı hədsiz, insanı sevmək bacarığı isə çox güclü idi. O izahagəlməz dərəcədə xeyirxah idi, buna görə də nifrət eləməli, qisas almalı olduğu yerdə və halda o, sevməyi, kömək eləməyi bacarırdı – götürək elə Dostoyevskinin birinci arvadına və onun məşuquna olan münasibətini.
 
Belə olanda, sual yaranır – bəs Dostoyevskini cinayətkarlar sırasına qoşmağa meyl hardan yaranır? Cavab budur: onun süjet seçmə üslubu buna vadar edir, axı onun qəhrəmanları əsasən zorakı adamlar, qatillər, eqosentrik xarakterlərdir ki, bu da onun daxili dünyasında, həmçinin, həyatda bu şeylərə meyilli olmasından xəbər verir.
 
Onun həyatındakı faktlara nəzər salaq: qumar ehtirası, həddi-buluğa çatmamış qızı yoldan çıxarma ehtimalı ("Etiraf"). Bu ziddiyyət belə həll olur: Dostoyevskini cinayətkar edə biləcək güclü destruktiv meyl əsasən onun özünə qarşı yönəlmişdi, beləliklə də, özünü mazoxizm və günah hissində büruzə verirdi.
 
Hər halda onun şəxsiyyəti sadist meyllərdən də xali deyildi, bu meyllər isə onun hər şeydən qıcıqlanan birisi olmağında, əzab verməkdən xoşlanmasında, səbirsizliyində özünü buruzə verirdi, onun  bu xüsusiyyətləri həm ən doğma adamlarına, həm də oxucularına qarşı yönəlirdi. Beləliklə, bu həlim xasiyyətli, xeyirxah, həmişə kömək etməyə hazır insan xırda məsələlərdə başqalarına qarşı sadist, vacib şeylərdə isə özünə qarşı sadist, yəni mazoxist idi.
 
Dostoyevskinin mürəkkəb şəxsiyyətində biz üç – bir kəmiyyət və iki keyfiyyət faktoru aşkarladıq. Onun həddən artıq yüksək affektivliyi, onu sado-sazoxizmə aparan və nə vaxtsa qatilə çevirməli olan perverziyaya meylliliyi, bir də analizin öhdəsindən gələ bilmədiyi yaradıcı istedadı. Bu xüsusiyyətlərin birləşməsi nevrozsuz da mümkün idi: axı nevrozdan əziyyət çəkməyən, amma yüz faiz mazoxist olan insanlara da rast gəlmək olur.
 
Güc nisbətinə – ilkin meyllər və onlara qarşı mübarizə aparan tormozlanmaların (sublimasiya ehtimalını da bura əlavə edək) daimi savaşına görə Dostoyevskini «impulsiv xarakterlər» sırasına qoşmaq olardı.
 
Amma qəti şəkildə olmasa da, aradabir peyda olan nevroz məsələni qəlizləşdirir, insanın «mən»i zəiflədikcə ağırlaşmalar güclənir. Nevroz o demək deyil ki, «mən» sintezi bacarmadı, nevroz o deməkdir ki, «mən» bu cəhdi edəndə özünün vahidliyini də əldən verdi.
 
Bəs, ciddi mənada nevroz nədir? Dostoyevski özünə epileptik deyirdi, elə başqaları da onun bu cəhətindən xəbardar idi, o tez-tez özündəngetmələrə, huşunu itirməyə, qıcolmalara və bunların davamı kimi də düşkün əhvala məruz qalırdı. Böyük ehtimalla, bu epilepsiya nevrozun göstəricisi idi ki, bu halda onun xəstəliyini isteroepilepsiya, yəni ağır isteriya adlandırmaq daha doğru olardı. Bunu əminliklə iddia eləmək isə iki səbəbdən mümkün deyil: əvvəla, Dostoyevskinin epilepsiya deyilən tutmalarının tarixləri məlum və etibarlı deyil, ikincisi, xəstəhal vəziyyətlərin epileptoid tutmaları ilə bağlı anlayış hələ də tam aydın deyil.
 
İkinci punkta keçək. Epilepsiyanın bütün patalogiyasını təzədən təkrar eləmək artıq olardı. Bu, konkret bir nəticəyə gətirib çıxarmazdı da.Amma bir şeyi dəqiq demək mümkündür ki, morbus sacer deyilən kliniki anlayış mövcuddur, bu qorxulu xəstəliyə tutulanları qeydə almaq mümkün deyil, onlar ilk baxışdan əhəmiyyətsiz görünən şeylərdən huşlarını itirə, qıc ola, ovqatlarını əsəbiliyə və aqresstvliyə doğru dəyişə bilərlər, bütün ruhi fəaliyyətlərinin aşağı düşməyi sürətlənə bilər. Amma bu mənzərəyə hansı tərəfindən baxsaq da, eyni şeyi görürük. Özünü sərt şəkildə büruzə verən, dişləmələrlə müşayiət olunan, həyat üçün təhlükəli status epilepticusa qədər güclənən, özünə ağır xəsarətlər yetirməyə gətirib çıxaran tutmalar, bəzi hallarda bu qədər güclü olmaya, qısa absans, tez keçən başgicəllənmə ilə də kifayətlənə bilər, xəstənin sanki özünü unudaraq, ona xas olmayan hərəkətlər eləyə bildiyi qısa müddətlərə də çevrilə bilər. Nə qədər təəccüblü olsa, ümumilikdə, cismani səbəblərdən qaynaqlansa da, belə hallar onlarda əvvəl-əvvəl sırf hisslərdən doğur (məsələn, qorxudan). Yaxud da gələcəkdə onlar öz ruhi həyəcanlarından asılı vəziyətdə qala bilərlər.
 
İntellektual səviyyənin aşağı düşməsi belə hallar üçün xarakterik olsa da, xəstəliyin yüksək intellektual fəaliyyəti aşağı sala bilməyədiyinə dair də misal gətirə bilərik (Helmholts).
 
(Bu cür halların mövcudluğu ilə bağlı digər iddialar ya əsaslı deyil, ya da Dostoyevskinin təcrübəsində olduğu kimi, çox şübhəlidir).
 
Epilepsiyadan əziyyət çəkən adamlar küt, tam inkişaf etməmiş adam təsir bağışlaya bilərlər, çünki bu xəstəlik adətən özünü açıq büruzə verən idiotizm və çox ciddi əqli qüsurlarla qol-qola addımlayır, amma təbii ki, bu, xəstəliyin əsas və vacib mənzərəsini təşkil etməyə də bilər.
 
Amma bu tutmalar özünün bütün formaları ilə başqa adamlarda da müşahidə edilir, məsələn, əqli cəhətdən tam inkişaf etmiş insanlarda. Özü də qeyri-adi, affektivlik səbəbindən xeyli dərəcədə idarəedilməz hala düşmüş formada. 
 
ardı var

Tərcümə: Günel Mövlud

oxuzali.az