Furqan. Daha uşaq deyilsən ki... (ŞEİRLƏR)

Furqan. Daha uşaq deyilsən ki... (ŞEİRLƏR)

adi şeylər

adi şeylər üzür adamı, 
canım-gözüm,
adi şeylər: qəzalar, ayrılıqlar, ölüm...

daha uşaq deyilsən ki... 
özün hər şeyi bilirsən!
bilirsən ki, 
hər şey sən bildiyin kimi deyil...

məsələn, 
"çayını soyutma" deməklə
"çayını isidimmi?" demək arasında
fərq çox böyüdü, çoooox...

məsələn, 
eynəyini silmək üçün
cibində gəzdirdiyin dəsmalla
burnunu silə bilməzsən - 
əlin gəlməz!

yaxud da, 
bəzən ürəyində 
asıb-kəsdiyin adama 
bir kəlmə belə deməyə dilin gəlməz!

daha uşaq deyilsən ki...
özün hər şeyi bilirsən!
bilirsən ki, 
hər şey sən bildiyin kimi deyil...

lazım gəlsə

lazım gəlsə səngərdə keşik çəkin
lazım gəlsə müharibə edin
lazım gəlsə ac qalın
lazım gəlsə susuz
lazım gəlsə öldürün
lazım gəlsə şəhid olun
lazım gəlsə qazi

biz də lazım gəlsə
şəhərə çıxıb yürüş edərik
lazım gəlsə məzarınıza gül qoyarıq
bir qərənfil almaq nədi ki
lazım gəlsə torpaqları da alarıq biz

azadlıq

indi mənim azadlığım bəlkə də,
bəlkə də corab söküyündən çıxan
barmaq azadlığıdı ki,
görənlər gülüb keçirlər
mənim bu azadlığıma...

indi mənim azadlığım bəlkə də,
bəlkə də saralıb torpağa düşən
yarpaq azadlığıdı ki,
gələnlər əzib keçirlər
mənim bu azadlığımı...

indi mənim azadlığım bəlkə də...
...

geri

musiqidən, notdan anlamıram -
mahnı bəstələməyim gəlir...

ağaclara su verməyə ərinirəm-
meyvələrinə əl uzadıram
utanmaz-utanmaz...

heç hara getməmişəm,
amma geri qayıtmaq istəyirəm,
geri...

şagirdlərimə 

mən sizə şeir həsr etməli deyildim axı,
bəli, mən sizə qələm tutan əlimi,
dərs izah edən dilimi həsr etməli idim-
mən sizə hər sözümü həsr etməli idim...

mən sizə yüz faiz görən sağ gözümü,
əlli faiz görən sol gözümü həsr etməli idim...
mən sizə şeir həsr etməli deyildim axı,
mən sizə özümü həsr etməli idim...

həəə, bir də... bir də, onu deyim ki,
bacarıqların üstün tutulduğu dövrdə
insan olmaq bacarığı 
bütün biliklərdən önəmlidir-
kimyadan, biologiyadan, cəbrdən!