«Füzulini Zahir Əzəmətdən daha çox sevirəm»

«Füzulini Zahir Əzəmətdən daha çox sevirəm»

Yazar Sevinc Çılğının "Gündəlik Bakı" qəzetinə müsahibəsi

Eyni çağda yaşadığın bir yaradıcı şəxsin qapısını döymək, onunla həmsöhbət olmaq ilk baxışdan adi görünsə də, bir də görürsən ki, zaman onu tarixin yaddaşına çevirib. Səndən sonra gələn nəsil isə sənə bu xoşbəxtliyinə görə qibtə edir. Necə ki, mən Nizamini, Füzulini, Orxan Vəlini, Hüseyn Cavidi, Nazim Hikməti və Əli Kərimi görənlərə qibtəylə baxıram. Tale məni yenə də bir gənc yazarla qarşılaşdırdı. Daha doğrusu, Allah qonağı olmaq şansım bir az da böyüdü- şair qonağı oldum.  "İnsanı tanımaq istəyirsənsə, ya yol yoldaşı ol, ya da evinə get”- deyib müdriklərimiz. Şərq əxlaqından gələn  qonaqpərvərliklə qarşıladılar bizi – Sevinc Çılğın və Zahir Əzəmət...
Beləliklə, "Sözün qonağı” layihəsinin növbəti müsahibi, gənc yazar Sevinc Çılğındır. Onu sizlərə mən təqdim edirən- Ülvin Məhəmməd.

- Sevinc xanım, yaradıcılığınızla bağlı nə yeniliklər var?
- «Alaçarpa» adında yeni bir şeir kitabım artıq tamamlanmaq üzrədir. 2002-ci ildən bu günə kimi yazdığım şeirlərin ən seçmələri bu kitabda var. Kitab "Qanun” nəşriyyatının "Ən yeni ədəbiyyat-Poeziya” seriyasından çıxacaq.
- Şeir yazmaq çox asandır, yoxsa yemək hazırlamaq, uşağa baxmaq?
- İkisi də yaradıcılıq işidir. Hər biri ilhamla gəlir (gülür).
- Gənclərin çoxu ya müğənni, ya da ki, teleaparıcı olmaq istəyir. Sizcə, şair olmaq istəkdən irəli gəlirmi?
- Şairlik elə bir şeydir ki, onu seçmirsən. Mən şeiri istəyimlə yazmamışam, bu, Allahın verdiyi nədirsə odur. Yəni bir də baxıb görürsən ki, artıq şairsən və onda öz başına döyürsən... (gülür).
- İlham gəlməsi üçün gözləmək lazımdır, yoxsa qələmini itiləmək?
- Mənim qələm kolleksiyam var və ora müxtəlif qiymətlərə aldığım 200-dən çox qələm yığmışam. Qələmi itiləməklə ilham gəlsəydi, yəqin ki, gündə ən azı iki şeir yazardım. Görünür, ilhamı gözləmək lazım gəlir. Bu aralar onsuz da Yavrum da imkan vermir (gülür).
- Bu dövrün yazarlarında nə çatışmır?
- (Bir qədər fikirləşir) Əslində, hər şeyimiz var. İstər siyasət aləmində, istər cəmiyyətdə, istər ədəbiyyat mühitində nələrin baş verdiyini bütün yazarlar çox yaxşı bilir. Oxumağa vaxtımız, lazımı kitablar var. Nəyimiz çatışmır, Zahir? (gülür)
- Zahir Əzəmət: «Öz fikrini bildir».
- Əsas odur ki, Yavrumuz var (gülür).

«Qarabağın azadlığı barədə fikirləşə bilmirəm»
- Yazıçı Vətənini nə qədər sevməlidir?
- Mənim üçün Vətən anlayışı sərhədlərlə sınırlanmayıb. Yalandan deyə bilmərəm ki, vətənpərvərəm və s. Hesab edirəm ki, bütün dünya insanın Vətəni sayıla bilər. Mənə Afrika və orada yaşayan insanlar da doğma gəlir. Dinimiz də buyurub ki, bütün insanlar sənə qardaşdır. Amma indi bəzi şeylər var ki, onları qəbul etmək məcburiyyətindəsən. Yəni sərhədlər cızılıb və o, sənin Vətənin sayılır.
- Sizin üçün Vətən haradan başlayır?
- Əvvəllər anamın qucağı idi. İndi Yavrum mənim qucağımda olanda, mən Zahirin yanında ... biz buranı özümüz üçün seçmişik, bura (əli ilə evi göstərir) bizim evimizdir, Vətənimizdir. Bir az geniş götürəndə Kubinka, Bakı, lap geniş mənada Lənkəran, ümumilikdə Azərbaycan bizim Vətənimizdir. Burada yaşayırıq, bir dildə danışırıq, yəni buranı qorumaq, daha çox istəmək bəlkə də instinqdir.
- Ənənəvi olaraq sizdən də soruşuruq. Qarabağın azadlığı sözdən, yaxsa savaşdan keçir?
- Söhbət Qarabağdan gedirsə, mən onun azadlığı barədə fikirləşə bilmirəm. İndi onun daha çox ağrılarını hiss etmək olar. Qarabağ sanki dəmir barmaqlıqlar arasındadır. Buna görə də onun azadlığının nədən asılı olması barədə danışa bilmərəm. İnsan kimi mənim azadlığım o boyda Qarabağın azadlığından daha çoxdur.
«Atatürksayağı inqilaba ehtiyacımız yoxdur»
- Hər zaman istədiyinizi yazırsız?
- Bəli, həmişə. Yəni mən əvvəlcədən nə yazacağımı fikirləşsəm, onda çox böyük yazıçı olaraq, hətta Nobel mükafatı da alaram (gülür). Amma ilham gələndə nəyi qarşıma qoyursa, onu da yeyirəm.
- ... gələnə xoş gəl,
gedənə boş ver” demisizmi?
- Hə demişəm. Əslində, mən deməmişəm, o sözü Mədinə deyib (gülür). Mədinə kimi insanlar ölkəmizdə və dünyada çoxdur. Biri çarəsizliyindən, əlacsızlığından onu deyir, biri də qudurğanlığından.

- Xalqın fikir və düşüncələrində nəyin dəyişməsini istərdiniz?
- O qədər şeyin. Bizim cəmiyyətimizdə, xalqımızda çox şey dəyişməlidir. Ümumiyyətlə, «mentalitet», «olmaz», «ayıbdır», «qonşum nə deyər» kimi sözləri leksikonumuzdan çıxarsaq, daha yaxşıdır. İnsanların dünyaya baxışı dəyişməlidir, bir az özlərinə qayıtmalı, özləri kimi olmalıdırlar.
-  Azərbaycanlıların hansı cəhətlərini xoşlamırsınız?
- Əslində, çox şeylərini bəyənmirəm. Çox paxıldırlar, bir addım irəli gedəndə arxadan kimsə tutub dartır. Yıxılanda əllərini uzadıb qaldırmaq yerinə, güləcəklər ki, nə yaxşı oldu. Azərbaycanlıların başqalarını daha çox fikirləşməyi məni daha da əsəbləşdirir.
- Yəni belə çıxır ki, biz özümüz üçün yaşamırıq...
- Özümüz üçün yaşasaq, daha diqqətli və rahat olarıq. İstəyirəm ki, məişət müstəvisindən çıxaq və insanlar öz ideyaları uğrunda mübarizə aparsın.

- Zövqsüz azərbaycanlıların arasında kimlər üstünlük təşkil edir: bəylər, yoxsa xanımlar?
- Xanımlar təbii ki. Bəylər üçün bir köynək və şalvar bəs edir (gülür). Amma qadınlar üçün seçim çoxdur deyə, zövqsüzlük özünü daha çox göstərir. Ədəbi, musiqi, incəsənət baxımından kişiləri daha üstün tuturam.
- Mustafa Kamal Atatürk vaxtilə Anadolu türklərini müasirləşdirmək üçün geyim inqilabı, kepka inqilabı deyilən inqilablar, islahatlar həyata keçirmişdi. Bu gün bizim xalqımızda da yüksək geyim zövqünü formalaşdırmaq üçün Atatürksayağı inqilablara, islahatlara ehtiyac varmı?
- Lap elə də yox. Mən deməzdim ki, bizimkilər çox zövqsüzdür. Bizlər adi ev geyimlərimizi də çox zövqlə seçməyə çalışırıq ki, müasir, dəyərli olsun. Şəhərimizin küçələrində də gözəl geyimli qızlar, oğlanlar çoxdur. Bizlər zövqsüz görünən şeyə pul vermirik. Elə inqilaba ehtiyacımız yoxdur. Sadəcə, rahatlıqdan uzaq geyimlərə üstünlük verənlər çoxdur. Kastyum, qalstuk geyib küçədə gəzən bəyləri görürük, adamın ürəyi sıxılır. Bir az rahat olmalarını istərdim. Adi vaxtlarda uzundaban çəkmə ilə küçədə gəzən xanımlara heyrət edirəm.

«Rəqsi sevməsəm, restoran toylarında 15 dəqiqədən artıq oturmaram»
- Ağ faytonda gəlin köçməklə limuzində gəlin köçməyin fərqi nədir?
- Ağ fayton çox ləzzətli idi (gülür), dadı hələ damağımdan getməyib. Hətta Yavrunun doğum gününü gözləyirəm ki, ağ faytonda onu ad gününə aparaq. Limuzinə nişanımızda mindik və mənim üçün çox adi göründü. Faytonda getmək bir az nostalji idi. Hətta faytonda gedərkən kinolarda gördüyümüz kadrlar gözümün önünə gəlirdi. Camaat şəkillərimizi çəkirdi, daha rahat və azad idik, xoşbəxtliklə havanın qovuşduğunu hiss edirdim. Həddən artıq xoş idi.

- Şadlıq saraylarımızda keçirilən toylarda təkrarçılıq, səs-küy sizi bezdiribmi?
- Belə toylardan kim bezməyib ki? Bu kimi şeyləri nəzərə alıb tamam fərqli toy etdik. Məsələn, toyu açıq havada etdik ki, səs divarlara dəyib yenidən qulağımıza çırpılmasın, şadlıq sarayının divarları adamı sıxmasın. Özümüzü və ətrafımızdakı insanları daha azad və rahat hiss etmək istəyirdik. Qeyd etdiyiniz toyları heç qəbul edə bilmirəm, hətta belə toylarda ürəyim də sıxılır. Rəqsi sevməsəm, bəlkə də belə toylarda 15 dəqiqədən artıq oturmaram.
- Açıq havada toy etmək, ağ faytonda gəlin köçmək ideyası kimə məxsus idi?
- Hər adam uşaqlıqdan böyük arzularla yaşayır. Bütün qızların yəqin ki, ağatlı oğlan, toy xəyalları olur. Mənim də uşaqlıqdan düşündüyüm şeylər vardı. Məhz necə arzu edirdimsə, nə xəyallar qurmuşdumsa, onların hamısını reallaşdırdım. Toyumuzda düşüncə baxımından bəyim də fərqli idi. Əvvəllər faytona razılıq vermirdi, amma sonra qəbul etdi ki, hər şey fərqli olacaqsa, bu da fərqli olsun. Biz fərqli görünmək üçün yox, sadəcə fərqi sevdiyimiz üçün, bəlkə də özümüz fərqliyik ona görə belə rahat şeyləri qəbul edirik.
- Qərb dünyanı dərk edir, Şərq hissləriylə sadəcə duyur. Sizcə, niyə?
- Bu fikirlər mənim bir köşə yazımdandır. Bu yəqin ki, təbiətin tənzimləməsidir. Çünki əgər Qərb ağıllı, Şərq duyğulu olmasaydı, onlar bir-birinə aşıq olmazdılar.
«Qız Qalasının doğmalığını heç vaxt hiss etməmişəm»
- İxtisasca filoloqsunuz, həm də şairsiniz. Bir şair kimi Füzulini çox sevirsiz, yoxsa Zahir Əzəməti?
- Şair kimi Füzulini sevirəm (gülür). Düzdü, Zahiri şair kimi tanımışam, amma Zahir imkan verməyib ki, onun şairliyi barəsində düşünüm (gülür). Zahir ancaq özü, hissləri barəsində məni düşündürməyə vadar edib. Mən onun yaradıcılığından danışanda, elə bilirəm başqa bir adamdı. Amma mənə yazdığı şeirləri Füzulinin şeirlərdən daha çox istəyirəm.
- «Mona Liza»nın sirri nədədir?
- Gözəllik anlayışı dövrlərə görə dəyişir. Bilirəm ki, Şumerlərdə faydalılıq gözəlliyin meyarı sayılırdı, bu gün isə harmoniya, simmetriya gözəllik sayılır. Mənə elə gəlir, bir şey nə qədər faydalıdırsa, bu, bir o qədər gözəldir. Bu əsərdə əllər faydalılıq kimi təsvir edilir. Məncə, «Mona Liza»nın əlləridir gözəl olan.
- Qız Qalası qızların qalasıdır, yoxsa...?
- Bu qala oğlanlara görə qızların oradan tullandığı qaladır (gülür). Əslində, Qız Qalası barədə çox danışılır, Azərbaycanı, Bakını təmsil etdiyi bildirilir. Məni bu qala ilə bağlayan bir şey yoxdur. Düzdür, maraqlı və fərqli görünür. Amma onun doğmalığını heç vaxt hiss etməmişəm. Bakının təqdimatını Qız Qalasında görə bilmərəm. Bakı deyəndə, gözümün önünə «Kubinka», «Sovetski», sadə adamlar gəlir.
- Bu dünyanın baş daşına S.Ç yazılsa, nə dəyişər?
- Bu dünyanın baş daşına elə «daş başına» yazsalar, yaxşı olar (gülür).
- Şeirlərinizdə çox azadsınız, yoxsa həyatda?
- Həyatda. Yayımlanmamışdan öncə şeirlərlərimdə daha rahat, sərbəst idim. İndi yazanda istər-istəməz oxucu gözümün önünə gəlir. Ailə qurandan sonra, daha başqa şeylər barəsində fikirləşmək məcburiyyətindəyəm. Yəni yoldaşım var, yazdığım hansısa misra onu narahat edə bilər. Övlad olandan sonra daha ciddi addımlar atmaq, fikirləşmək məcburiyyətində olursan, çərçivəyə sığınırsan.  Amma hələ ki, çərçivəni hiss etmirəm. Bilirsiz ki, həyat yoldaşım həddən artıq sərbəst, azad, demokrat adamdır. Lakin adi həyatda daha rahat və sərbəstəm.
- Oxuculara sözünüz...
- Məsləhət görərdim ki, az pul xərcləsinlər. Qızlar pomadanın birini az alsın, oğlanlar siqarətə az pul versinlər. Çünki yeni kitabım çıxır (gülür). İstərdim ki, kitablarım satılsın. Söz vermişəm, heç kimə kitab hədiyyə etməyəcəyəm. Ona görə də, hərə bir kitab alsın. Əgər kitabımı bəyənməsələr, gətirib özümə təhvil versinlər, onların pulunu qaytarım (gülür).