Gedim bir az ağlayım - Leyla Əliyeva

Gedim bir az ağlayım - Leyla Əliyeva

Leyla Əliyeva

Gedim bir az ağlayım 
Gedim bir az ağlayım, 
Elə-belə... astaca. 
Ürəyimi gizlədim yastığımın altında. 
Pəncərəni açaraq 
Kövrəlmiş ürəyimi 
Bəlkə həyətə atım?! 
Həyatın ağuşuna?! 
Yox, yaxşısı budur ki, 
Gedim bir az ağlayım, 
Elə-belə... astaca. 

Kimsə duyuq düşməsin 
Kədərimdən, qəmimdən, 
Durub yol alım bağa 
Astaca ağlamağa... 
Götürüm ürəyimi 
Atım çoşan ümmana – 
Dalğaların qoynuna. 
Heç dinə də bilməsin - 
"Niyə sığmır sinəmə?” 
Gah tufan, gah da rüzgar 
Apardıqca uzağa... 

Yox! Yaxşısı budur ki, 
Qoy dirrikdə basdırım, 
Dirilib çiçək olsun. 
Ya da ki, bala tutum, 
Acısın unutdurum. 
Özümü aldatsam da, 
Qoy ruhu ovundurum, 
Acısın unutdurum. 

Ya dostları çağırım 
Axşam vaxtı mən şama - 
Şərab içək doyunca. 
Könlümü də versinlər, 
Büllur qabda ortaya, 
Dostlar ondan dadsınlar, 
Dadıb, gəlsinlər cana. 

Budur, orda uşaqlar 
Atılırlar-düşürlər, 
Bəlkə topları yoxdu? 
Qoy verim ürəyimi 
Qovsunlar yorulunca... 

Yox! 
Artıq kədərlənmək yox! 
Ürəyin dediyiylə 
Oturmaq yox, durmaq yox! 
Atım onu bazarda, 
Ya da sizə verəcəm, 
Elə-belə, bədava. 

Gecənin sükutunda 
Ürəyimlə tənhayam. 
Yağış yağır, islanır 
Çətir tutmuram ona 
Qoy incisin... 
Nə qədər 
oyun açıb başıma... 

Hərdən üsyana qalxıb 
Həm Günəşə, həm Aya 
Hayqırıram: "Götürün, 
Verdim onu Allaha!” 
Amma qərar vermədim, 
Neyçin qərar vermədim, 
Bu geniş ürəyimi 
Sənə bağışlamağa?! 

Ruscadan çevirəni: 
Mahir QABİLOĞLU
Modern.Az