Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı təqdim olundu - FOTO

Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı təqdim olundu - FOTO


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı təqdim olunmuşdur.

Teatrın mətbuat xidmətindən Kult.Az-a verilən məlumata görə, təqdimat mərasimini giriş sözü ilə açan teatrın direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov "Proqres” internet və poliqrafiya xidmətləri şirkəti tərəfindən hazırlanmış sayt haqqında ətraflı məlumat vermişdir:

"Teatrımızın saytı artıq üçüncü dəfədir ki, hazırlanır. Bundan əvvəl ayrı-ayrı şəxslər tərəfindən hazırlanmış saytların dizayn və məzmunu bizi qane etmədiyindən biz bu məsuliyyətli işi "Proqres” şirkətinə həvalə etdik. Qısa müddətdə yüksək peşəkarlıqla hazırlanmış www.tyuz.az saytı əvvəlkilərdən fərqli olaraq dizaynı, formatı və strukturu baxımdan seçilir. Saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, yaradıcı və bədii heyət haqqında geniş məlumat, teatrın cari repertuarında olan tamaşaların bədii və yaradıcı heyəti, annotasiya və şəkilləri yerləşdirilmişdir. Bundan başqa, saytda teatrın aktyor kollektivinin uğurla iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında ətraflı məlumatlar, teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklər, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, aylıq və cari repertuarı, teatrın virtual görüntüləri, həmçinin, "teatr və beynəlxalq aləm”, "müştərək layihələr”, "videoteka”, "tərəfdaşlarımız” və digər bölmələr yer almışdır”.

"Proqres” internet və poliqrafiya xidmətləri şirkətinin direktoru Cavid Cəfərov saytın təhlükəsizliyi, texniki tərəfləri və strukturu haqqında ətraflı məlumat vermişdir.

Sonda saytın ayrı-ayrı bölmələri tədbir iştirakçılarına təqdim olunmuşdur. M.Həmidov bildirmişdir ki, sayt hər zaman özündə yenilikləri əks etdirməklə təkmilləşdiriləcəkdir.

Kult.Az