“Getdikcə çoxalır heçlik” - Samuel Beket haqqında

“Getdikcə çoxalır heçlik” - Samuel Beket haqqında


Fəlsəfəyə uzaq, həyata yaxın, əzaba doğma, sevincə yad yazıçı – Samuel Beket haqqında

"Həmişə içimdə nə zamansa öldürülmüş bir canın ruhunu daşıyırammış kimi bir duyğu olub. Mən doğulmamışdan əvvəl öldürülmüş bir bədənə aid ruh. Ruhunu daşıdığım bədəni tapmalıyam. Ona yenidən ruh, can verməliyəm”

"Bu rəzil dünyada hamı bizi əsəbləşdirib, özümüzdən çıxarmağa, heyvanlaşmağa məcbur edir. Kənardan adama elə gəlir ki, bu xüsusi işdir. Nə deyə bilərik ki? Elə bir vəziyyətdir ki, adam nəsə deyə bilmir”

"Bizi çağırır. Anbaan addım-addım yaxınlaşır. Bitməyini istəyirik? Qərar verə bilmirik. Özümüzü dərin bir kədərin dibində tapırıq? Ruhumuz ağrıların içində çırpınır? Haqsızlığa məruz qalırıq? Daha yaxşısına layiq olduğumuzu düşünürük? Taleyə hikkələnirik? Keçmiş günləri geri istəyirik?
Nə baş verdiyini anlaya bilmirik? Necə baş verdiyini də bilmirik? Bizim günahımız deyilmi bütün olanlar? Biz heçmi cavabdeh deyilik baş verənlərdə? Hər şey bizim kənarımızda, biz müdaxilə etmədən oldu?

Bəs, dəyişməyini necə, dəyişməyini istəyirikmi? Bunu həqiqətən istəyirikmi?

"Oyundan çıxaq artıq!”

"Oyun Sonu” ("EndGame”) Nobel mükafatlı yazıçı Samuel Beketin 1957-ci ildə fransız dilində qələmə aldığı, 1958-ci ildə ingilis dilinə tərcümə etdiyi yaradıcılığının zirvəsi hesab edilən əsərlərindəndir.

"Özümü öldürmək haqqında heç fikirləşməmişəm. Amma səsssizcə yox olmağın xəyalını çox qurmuşam. Bunun mümkünsüzlüyünü anlayanda sözlərim gözyaşlarım oldu. Təxirə salınmış ümidlərin əhatəsində insan nə qədər dözə bilərdisə, o qədər dözdüm. Mövcud olmağın mənasını və səbəbini düşünə-düşünə anladım ki, insan düşünməklə yox, ağrılara və kədərə dözməklə varlığını sübut edir, yaşadığını hiss edir”.

Sənət və ədəbiyyat dünyasının 1989-cu ildə itirdiyi Samuel Beket dövrünün ən çox müzakirə edilən, tənqid olunan yazıçılarından ibarət siyahının başında gəlir. Müasir dünya ədəbiyyatının mühüm imzalarından irlandiyalı dramaturq, yazıçı, şair, ədəbi tənqidçi Samuel Beket 1906-cı ildə Dublin yaxınlığında Foksrokda protestant bir ailədə dünyaya göz açıb. 1920-ci ildə Portora Kraliça məktəbini bitirdikdən sonra 1923-cü ildə Dublin Triniti kollecinə daxil olur. Kollecdə ingilis, fransız və italiyan dillərində təhsil alan Samuel 1928-ci ildə Paris Ali Müəllimlik Məktəbində ingilis dili professoru vəzifəsinə dəvət alır.
Artıq həmin ərəfələrdə çağdaş roman və hekayə müəllifləri arasında mühüm yeri olan irlandiyalı yazıçı Ceyms Coys ilə tanışaraq onun vasitəsilə ədəbi mühitə daxil olur. Coys Beketin yazarlıq karyerasına əhəmiyyətli dərəcədə təsir etdi. Beket: "Açıq-aşkar dərk edirdim, Coys bir sahədə nə qədər irəli getmək mümkündürsə, o qədər irəliləyə bilib. Onun hər zaman istənilən əsərə daha mükəmməl bir ifadə əlavə etmək imkanı var idi. Mənim qarşımda ikicə yox var idi, ya tamamilə uzaqlaşmaq, ya da yazarlıq və yaradıcılıq imkanlarımı genişləndirmək”.

Amma bir çox ədəbi təhlilçilər onun Coysdan təsirləndiyi fikri ilə qətiyyən razılaşmır. Noulson Beketin özünün iddia etdiyinin tam əksinə Coysun tətbiq etdiyi bütün qaydalardan, prinsiplərdən imtina etdiyini belə izah edir: "Coysun üslubunda dünyanı fərqli bucaqdan təqdim etmək var, amma bu daha yaradıcı bir dünyanın təsviridir və onun əsərlərində əsl peşəkar qələm adamının işi hiss olunur. Beketin əsərləri ifrat gücsüzlük, uğursuzluq, sürgün, itki üzərindən işlədiyi az deyilmiş kimi onun qaydalara riayət etmədiyi və yazdıqlarının peşəkar ədəbiyyatdan uzaq olması ilə də razılaşmır. Mən onun yazdıqlarını ciddi ədəbiyyat kimi qəbul edirəm, amma yuxarıda qeyd etdiyim məsələlər də var”.

1930-cu ildə Dublinə qayıdan Samuel burada bitirdiyi Triniti Kollecində fransız dili dərsi deməyə başlayır. Həmin dövrlərdən artıq məna axtarışına başlayan Samuel Dublində çox qala bilmir və cəmi bir il sonra Londona köçür. 1931-ci ildən Fransa və İtaliyanın müxtəlif şəhərlərinə səfər edən Beket, nəhayət, 1937-ci ildə Parisdə məskunlaşır.

İkinci Dünya müharibəsi tarixi mənbələrdən çox bəşəriyyətin yaddaşında həmin illərdə yazılan memuarlar, romanlarla iz qoyub. Müharibə dövründə bir sıra qrupların tərkibində mübarizəyə qoşulan yazar nasistlərdən qaçmaq məqsədilə getdiyi Fransanın cənubunda yerləşən Vaukluzada gündüzləri əkinçilərə kömək edir, gecələri "Watt” romanını yazır. Romanın qəhrəmanı cənab Knott ömrünü evindəki əşyaların yerini dəyişməklə keçirən sadə bir insandır. O nə axtardığını və əşyaların yerini mütəmadi olaraq dəyişərkən yeni nə əldə etdiyini bilmir. Müharibədən sonra Qızılxaç cəmiyyətinə könüllü olaraq qoşulan yazılan müəllif hərbi qospitallardan birində tərcüməçilik etmək üçün 1945-ci ildə yenidən Parisə göndərilir.

Fəaliyyətinə şair kimi başlayan Beketin ilk kitabı "Whoroscope” 1930-cu ildə nəşr olunub. Dram janrında yazılmış monoloqda qəhrəman Rene Deskartes illərlə qalmış yumurtalardan hazırlanmış yeməyi gözləyə-gözləyə ilahi sirlərin niyə açıla bilmədiyini və ya açılmadığını, zamanın necə keçdiyini və yaxınlaşan ölüm haqqında düşüncələrə qərq olur. 1931-ci ildə "Proust” (şəxsi təcrübələrini qələmə alıb), 19134-cü ildə hekayələr toplusu "More Pricks Than Kicks” kitabı nəşr olunub. 1938-ci ildə küçədə ondan pul tələb edən sərxoşla əlbəyaxa olur və bıçaqlanır. Bir müddət xəstəxanada yatan yazar təxminən həmin ərəfələrdə gələcək həyat yoldaşı Suzanna Dechevaux-Dumesnil ilə tanış olur. O, 1969-cu ildə Tunisdə olarkən Nobel mükafatına layiq görülüb, bunu eşidən həyat yoldaşı Suzanna "fəlakət baş verdi ki” – deyib. Beket mükafatı qəbul etsə də, ziyafətə qatılmır və aldığı pulun çox böyük bir hissəsini maddi vəziyyəti ağır olan incəsənət və ədəbiyyat adamlarına paylayır.

Roman karyerası 1938-ci ildə "Mörfi” ilə başlayan müəllif əsəri fahişəlik etdiyini bildiyi qadına olan hisləri ilə mübarizə apara bilməyən qəhrəmanın dili ilə danışır. Qəhrəmanın yeganə arzusu ağlını tamamilə itirməkdir.

1946-1950-ci illərdə Beket özü də səbəbini bilmədən əsərlərini fransızca yazıb, sonra ingilis dilinə tərvemə etməyə başlayır. Bu dövrdə yazdığı hekayələr və əsərlərdən hissələr ayrı-ayrı mətbu orqanlarda dərc olunur.

Absurd teatr və Samuel Beket


Beket 1951-ci ildə yazdığı "Molloy” (bu yeganə əsərdir ki, onu ingilis dilinə Beket özü tərcümə etməyib. Bu əsərin ingilis dilinə tərcüməsinin müəllifi Patrik Baulsdur – red. E.S.), 1952-ci ildə yayımlanmış "Malon meurt”, 1953-cü ildə yayımlanmış "Qodotu gözləyərkən” adlı əsərləri ilə hədəfləmədiyi şöhrət zirvəsini fəth edir. "Beket nəzəri cəhətdən imkansız olanın öhdəsindən gəldi. Heç nəyin baş vermədiyi, heç bir hadisənin reallaşmadığı, ümidin və kədərin belə olmadığı bir heçlikdən, mənasızlığın və əhəmiyyətsizliyin sübutundan ibarət olan "heç nə” auditoriyanı özünə bağladı. Ədəbiyyat tarixi zamanla çox şeyi sıradan çıxaracaq, amma bu, sıradan çıxarıla bilinməyəcək qədər əzəmətli bir "absurd”-dur” - ədəbi tənqidçi Vivian Mersier.

Beketin "Qodotu gözləyərkən” adlı dram əsəri yazıçının ən çox müzakirə və tənqid edilən, lakin buna baxmayaraq ona dünya çöhrəti qazandıran əsər olur. 50-ci illərin əvvəllərində şok effekti yaradan əsər absurd teatrın əsasını qoyan və onun davamlılığını təmin edən əsərdir. Əsər bu gün də öz aktuallığını qoruyub saxlayır. Məhz bu əsərdən sonra Beket həyatın və insanın, yer üzündəki heç bir varlığın uğuruna mübarizə aparılacaq dəyəri və əhəmiyyəti olmadığını çılpaq dillə sübut etməyə çalışan "Oyun sonu”, "Krastın son səsyazısı”, "Küllər”, "Xoşbəxt günlər”, "Oyun kimi bir çox dram əsəri yazır. İkinci Dünya müharibəsindən sonra Avropada meydana gələn və həm forma, həm də tərkib baxımından ənənəvi teatrlara meydan oxuyan absurd teatrın – bir çox ölkələrdə bu, uyğunlaşmayan teatr adlanır - ən uğurlu nümunələrini məhz Beket yazır. Bu oyunlarda Beket əslində olduqca ağır və kədərli vəziyyətdə olanı qəribə bir incə yumorla elə dilləndirir ki, bu təxminən doğma bir insanını itirməyin ağrısı ilə barışa bilməyən adamın qəfildən məna verə bilmədiyi komedik bir situasiya ilə kədərdən anlıq uzaqlaşmasına bənzəyir. Ən sadə dekorasiya və ən sadə qrimlə kifayətlənmiş aktyorlar insanın məqsədsiz və mənasız bir kainatdakı ümidsizliyini, başqaları ilə münasibət qura bilməməsindən qaynaqlanan yalnızlığını oxucuya, izləyiciyə çatdırır.

"Yazmaq məni sükuta məhkum etdi”

Beket əsərlərini iki – ingilis və fransız dillərində qələmə alıb. 1969-cü ildə Nobel Ədəbiyyat mükafatına layiq görülüb. Beketin fransalı yazıçı Çarlz Julietlə müsahibəsində səsləndirdiyi fikirlər: "Bəzən deyirlər ki, yazıçı nəsə yazmazdan əvvəl özünü dinləməlidir. İnsanın özünü dinləyərək yazdığı şeylərdən ədəbiyyat çıxmaz. Bəzən elə bilirəm ki, dünyada mən üzündə çox var. Bəzən isə elə bilirəm ki, mən əslində hələ qundaqdayam bu yaşadıqlarımı isə görürəm. Bəzən elə çox yol yoxdur getməyə, bəzən heç ikinci yol da yoxdur, bəzən isə ölümdən başqa yol yoxdur. Yazmaq, ədəbiyyat məni sükuta məhkum etdi. Gördünüz məna tapa bilmirsiniz, özünüzdən uzaqlaşın, bağlanıb, qaldığınız hər şeydən kənar durmağa çalışın. Hər zaman dinləmək istədiyiniz bir şeir, bir mahnı, bir insan var. Həyatın özü dərindir, gətirdikləri, yaşatdıqları. Bununla müqayisə ediləndə, mən heç bir məsələnin dərinliyinə varmamışam. Getdikcə çoxalır heçlik. Fanatizm dünyanın ən axmaq işidir. Əslində nəyinsə axmaq olduğunu demək özü də axmaqlıqdır, ağıllılar bunu onsuz da görür”. Həmin müsahibədən sonra yazıçı ilə bağlı düşüncələrini də müsahibəyə əlavə edən Juliet yazır: "Beckett əvvəllər Londonda yaşayıb, sonradan Parisə gəlib. Parisdə başladığı universitet həyatı olduqca uğurlu davam etsə də, qəflətən uzaqlaşmaq qərarı alıb. Həmin dövrlərdə Samuelin yazıçı olmaq fikri yox imiş. Həmin günləri xatırlayanda deyir ki, özünü bütün dünyanın unutduğu bir məxluq kimi hiss edirmi. Samuel uzun müddət Montparnassedakı oteldə balaca bir otaqda yaşayıb, tükənmiş kimi yaşayıb. Yataqdan günorta qalxıb, yemək yemək üçün belə özündə taqət, enerji tapmırmış. Heç nə il məşğul ola bilmir, hətta kitab belə oxumurmuş”.

- Çağdaş filosofların əsərləriniz üzərində hansısa bir təsiri, izi varmı?

- Fəlsəfi əsərləri ümumiyyətlə oxumuram.

- Niyə?

- Yazdıqlarından heç nə anlamıram, nə demək istədikləri heç cür beynimə oturmur. Bilmirəm, özlərinə nə qədər aydındır, yazdıqları.

- Amma insanlar sizing əsərlərinizi fəlsəfəyə yaxın hesab edir, hətta fəlsəfənin əsas predmeti varlıq probleminin əsərləriniz üçün açar sujet olduğu fikri formalaşıb.

- Nə açar yoxdur, nə də problem yoxdur. O romanların mövzusunu fəlsəfi terminlərlə çatdıra bilsəydim, ya da bu mümkün olsaydı, əsla yazmazdım, heç bir səbəbim olmazdı.

"Yaşadığım əzablar varlığımın təməlində istifadə olunmuş irili-xırdalı materiallardır. Sadəcə düşünməklə mövcud ola bilməz insan. İnsanın ruhunu və hətta beynini mükəmməlləşdirən, onu cilalayan ağrı-acılar, kədər və əzablardır. İnsanı onu nəyin incitdiyini hiss edir, duyursa, deməli yaşayır. Dünyaya göz açdığım gündən bəri danışmaq, göstərmək istədiyim şeylər var və ətbii ki, əsla haqqında danışmayacağım şeylər. Doğulanda ağciyərimə dəyən oksigen yandırdı içimi, hiss etdiyim, hiss etdiyiniz ilk ağrı budur. Ən böyük əzabı isə dünyanın və həyatın mənasızlığını düşünərkən beynimin qırışlarının açıldığını hiss edəndə çəkmişdim. Necə doğulduğumu gözümü qabağına gətirir, səhnə-səhnə canlandırıram beynimdə. Amma ölümü güzgü kimi, şəkil kimi xatırlayıram. İnsan gözyaşı ilə doğulub, göz yaşı ilə basdırılır, doğulanda sevincdən, öləndə kədərdən. Yəni bütün həyatımız boyunca bizi tərk etməyən tək şey gözyaşlarıdır, yer üzündə gözyaşları sonsuzdur, buna görə ölməyə tələsməyin. Kiminsə göz yaşları quruyanda, hardasa bir yerdə ayni anda kimsə başlayır ağlamağa. Biri doğulanda biri öldüyü kimi. Geriyə qalan göz yaşları və başdan-başa sonsuz bir boşluq, heçlik. O iki nöqtə arasında isə ağzımız bir sürü sözə yuvalıq edir, bu qədər söz – sadəcə duyğu tıxacı, ifadə hərisliyi. Nəyəsə məhkumluqdan qurtulmaq üçün verdiyimiz sonsuz və bitməz mübarizə üsullarıdır bunlar, sonunda hamı uduzur. İnsanın görmədiyi bir şeyi ona danışmaq, izah etmək, göstərmək mümkün deyil, ən mükəmməlində belə yaşanmışın ancaq xəyalını təsvir edə bilərsiniz, özünü yox. Ona görə də ən yaxşı bunu etməməkdir, nə qədər bəsit yaşayırsa, yaşasın, amma, imkan verin, xəyalını qurmasın, əslini yaşasın. Amma susmağın da tərəfdarı deyiləm. Əgər bir gün sussam, bu o deməkdir ki, deyiləsi nəsə qalmayıb. Hər şey deyilib, heç nə deyilməmiş olsa belə. Bir də imkan verin, bunu da deyim ki, heç kimi bağışlamıram. Onların hamısına rəzil, səfil bir həyat, sonra da cəhənnəm alovları və dondurucu soyuq yerlər arzulayıram. Bir də… Bir də gələcək iyrənc nəsillər arasında hörmətli bir adla yaşamaq. Bir də bunu arzulayıram” – Samuel Beket.
Corcs Perekin çap olunmaq üçün 50 ilə yaxın gözləyən "Muzdlu əsgər” romanı ədəbiyyatlar sevərlərə də məlum olduğu kimi yazarın ölümündən 32 il sonra – 2013 –cü ildə nəşr olundu. Bu taleyi yaşayan təkcə onun romanı deyildi. Samuel Beketin 1932-ci ildə Parisdə yaşadığı illərdə qələmə aldı "Sadə qadınların xəyalı”da yayımlanmaq üçün 68 il gözləyib və 2000-ci ildə nəşr edilib.

Əsəri yazdıqdan sonra bir neçə naşirə göndərən Beket onu nəşr etdirə bilmir. Uzun müddət kitabla bağlı əziyyət çəkən yazıçı onun nəşr etdirmək fikrindən daşınır. Əsərdəki bəzi hissələri yenidən işləyərək müxtəlif mətbu orqanlarda çap etdirən yazıçı onu başqa hekayələrlə birləşdirir və bu hekayə birləşmələri 1934-cü ildə "Eşqsiz münasibətlər” ("More Pricks Than Kicks”) adı altında çap olunur.

Onun yuxarıda adını çəkdiyimiz "Watt” və "Molloy” romanları da dəfələrlə rədd edildikdən sonra özünütəsdiqləyə bilib və naşirlər bu əsərlərin nəşrinə razılıq veriblər.

Julietlə söhbətində rədd olunmuş kitablarına da toxunan yazıçı "... Nəşr olunmamış olmağının bir əhəmiyyəti yoxdur. əsər yazıçının istirahəti və beynini boşaltması üçün də yazıla bilər” –deyib. "Eşqsiz münasibətlər” əsərinin nəşrindən sonra "Sadə qadınların xəyalı” əsəri bir də yazarın nəşr olunacaq kitabları siyahısına girmir. Dostları dəfələrlə əsərin yenidən nəşriyyatlara təqdim olunması məsələsini onun gündəminə salsa da, yazıçı bu işi yenidən ələ almağa soyuq yanaşır və artıq onu çap etdirməyin bir məna kəsb etmədiyini bildirir. "Aşksız İlişkiler”in yayımlanmasının ardından Sıradan Kadınlar Düşü bir daha Beckett’ın gündemine gelmez. Birkaç kez kitabın basılıp basılmamasıyla ilgili sürünceme de kalsa da bir türlü ikna olup kitabın basımına izin vermez.
Beketin romanları ilə tanış olanlar müəllifin fikirləri mümkün olduğunca sıxışdırıb, daha konkret şəkildə ifadə etməyə xüsusi diqqət ayırdığının şahididir. Hətta yazıçının özünün idda etdiyinə inansaq, məhz buna görə ana dili olan ingilis dilində yox, fikri daha konkret ifadə etməyə imkan verən fransız dilində yazıb. Hətta 1950-1960-ci illər arasında yazdığı romanlarda öyrəşilmiş təhkiyəçi qəhrəmanlar da sonrakı illərdə qələmə aldığı əsərlərdə yoxa çıxır, yavaş-yavaş yerini səhnələrin təsvirinə verir. Juliet bu vəziyyəti belə izah edirdi: "Axırda əsərlər elə bir həddə gəlib çatır ki, hekayəni kimin danışdığı, bunun kimin hekayəsi olduğu bilinmir. Məqsədin sözün əsl mənasında itdiyinin şahidi oluruq”. Məhz bu baxımdan tənqidçilər müəllifin əksər əsərlərini təhlil edərkən Beketi "gəvəzə” adlandırır. Məhz bir boşluğun və varlığın mənasızlığını sübut etmək üçün uzun təsvirlərdən və ağılagəlməz bənzətmələrdən istifadə etməyin yazıçı üçün " – " olduğu bildirilirdi. Lakin oxucu sıxlığı və teatrda səhnələşdirilən dramlara maraq özü çox şeydən xəbər verirdi. Beket insanların reallıqda hiss etməkdən və düşünməkdən qorxduqlarını qələmə alırdı.

Sona doğru Beketin yaradıcılığı və şəxsi həyatı

1960-ci illər Beketin yaradıcılığında olduqca vacib mərhələrdən biridir. Onun təkcə karyerasında yox, elə şəxsi həyatında da dəyişikliklər baş verir. 1961-ci ildə nəhayət ki, Suzanna ilə nikaha girən yazıçı ingiltərədə gizli bir mərasimlə evlənir.

Beketin şəxsi həyatında olanlar da ən az yazdıqları qədər qəribədir. Belə ki, Suzanna ilə evlənsə də, Samuel 1956-cı ildə BBC üçün radio-skriptlər yazmağa başlayandan ömrünün sonuna kimi radionun skript-redaktoru dul qadın Barbara Brey ilə münasibəti olub. Noulson: "O, balaca, amma bir o qədər də cazibədar idi. Amma xarici görünüşü bir tərəfə olduqca intellektual və mükəmməl təhsil almış bir qadın idi. Beket onu birinci dəfə görəndə biz hiss etmişdik ki, o da çoxları kimi Barbaranın şarmına heyran qalıb. Amma bu hislər qarşılıqlı idi. Onların arasındakı münasibət çox qəribə idi, bir yerə gələndə ətrafda hamı ilıq və nəvazişli bir dalğa hiss edirdi. Beket Suzanna ilə birlikdə idi, Barbara da bunu bilirdi. Beket ömrünün sonuna kimi bir gün ondan üz döndərmədi”.

Müsahibələrə ümumiyyətlə maraq göstərməyən Samuel Beket boş zamanlarında aktyorlar, tələbələr və oxucularla görüşür, yeni yazarlarla öz evində görüşlər təşkil edir, söhbətləşir, onları yönləndirir. 1989-cu ilin iyul ayında uzun müddət parkinson xəstəliyindən əziyyət çəkən Suzanna dünyasını dəyişir. Beş ay sonra həyata gözlərini yuman həyatını "heç”-ə həsr etmiş yazıçı Beket xanımının yanında dəfn olunur.
Beket: "Həyata bədbəxtlikdən qaçışın olmadığını bilə-bilə xoşbəxt olmağa çalışmaqdan gülməli nəsə yoxdur. Amma neyləməli sizin bu vəziyyətinizi də qiymətləndirirəm. İnsan yolun başında gülür, gülür, sonda nə olduğunu bilir, amma gülməklə unutmaq istəyir. Dünyadakı ən gülməli şeydir bu. Çünki dünyada heç kim ömrü başladığı kimi bitirə bilmir, çünki heç kim axıra kimi gülə bilmir”.


Elcan SALMANQIZI

"Kaspi" qəzeti