Gülnarə İsrafilqızı

Gülnarə İsrafilqızı

səni gördüm uzaqdan 
bir nəfəs qədər uzaqdaydın.
nəfəsimi çəksəm 
ciyərlərimə hopardın bəlkə də hava axını kimi
uddum nəfəsimi ki, səni gözlərimlə sevim,
sənsə az qala ürəyimi taptalayacaqdın
yanımdan qızılquş kimi şığıyıb getdiyində.
bənövşə boynumu büküb 
dəhlizdən uzaqlaşana qədər arxanca boylandım.
özümü aldatdım, 
tənhalığımın təkliyində.
yaxınlaşıb salam verə bilmədim gedişinə.
yola salmağa həvəsli kimi.
ey qarmaqarışıq ruhumun qonağı,
xoş gəlmisən demədən,
xoş getdin dedim gəlişinə.
şirin sözə ac olduğum halda,
acıdım.
divara hörülmüş kimiyəm.
yeriyən daş gördünmü heç?
taptasanda sinəmdəki daşı taptayacaqdın!
divarlaşmışam insanların arasında.
sərhədlərim keçiləməz olub.
hərdən daşın gözlərindən yağış damcılayanda,
yanağım islanır.
dup-duru bulaq qaynayır elə bil.
hərdən də, guruldayıram şimşək kimi
göyün üzündə.
nə daşım əriyir, nə də səsim kiriyir.
sədləşirəm, sərhədləşirəm,
hisslərimdə.
varlıqla yoxluq arasında nə sən varsan, nə də mən!
biz yoxuq!
gedişin mübarək, gəlişinə daşlaşdığım!
divara xoş söz desən nə olacaqdı ki...

Gülnarə İsrafilqızı