Günəşə getmək cəsarəti!

Günəşə getmək cəsarəti!

Sona VƏLİYEVA,
Şairə, filologiya üzrə fəlsəfə doktoru

Şərq bütövlükdə malik olduğu varlığı ilə həmişə sirli, tədqiq və təhlil olunduqca sonu görünməyən bir aləmdir.

Qədim sivilizasiyanın sirlərini özündə hifz edən Şərq dünyası Qərb üçün həmişə həsəd və qibtə obyekti olaraq qalmaqdadır.

Yaradıcılığa, elmi araşdırmalara başladığım dönəmlərdən məni islam ölkələrində qadınların elm və təhsildə, ədəbiyyatda, ictimai həyatda yeri düşündürüb. Birbaşa əlaqələrimiz olmadığından bu barədə gerçək məlumatlar ala bilməyimizi məhdudlaşdırırdı. Sovet təbliğatı islam ölkələrində qadınların durumunu tünd boyalarla təsvir edərək onların dünyaya uşaq gətirməkdən başqa ictimai proseslərdə rollarının olmamasını qeyd edirdi. Doğrudur, Allah-təalanın istər Qərbdə, istər Şərqdə qadına bəxş etdiyi ən böyük, xoşbəxt və müqəddəs vəzifə dünyaya övlad gətirib onu böyütmək və düzgün tərbiyə etməkdir. Buna görə əgər ana savabdı, inkişaf etmiş qadın olsa, onun böyütdüyü övlad da sağlam düşüncəli, bilikli olacaqdır.

Yeri gəlmişkən xatırladaq ki, XIX əsrə qədər üzüaçıq gəzsə də, Qərb qadınının ictimai-siyasi həyatda rolu sıfıra bərabər idi, əmək haqlarının ödənilməsində də qadınla kişiyə fərq qoyulurdu. Dünyada bu fərqi götürən, qadına seçib-seçilmək hüququnu verən ilk dövlət 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyəti oldu.

Azərbaycan öz suverenliyinə yenidən qovuşduqdan sonra Qərblə, Şərqlə, bütün dünya dövlətləri ilə, xüsusən, 70 ildə ayrı salındığı qocaman islam dünyası ilə əlaqələrini bərpa etdi, aradakı qalın pərdələr qaldırıldı. Yalnız bundan sonra biz islam ölkələrindəki qadınların bügünkü həyatı ilə, son əsrlərdə onların keçdiyi yol ilə tanış olmaq, onlarla təmas qurmaq imkanına malik olduq.
Bu gün islam ölkələrində qadınlar başı örtüklü və ya örtüksüz kompyuterdə işləyir, sükan arxasında oturur, dövlət idarələrində çalışır, kitablar yazır, hərbi libas geyib orduda, polisdə, gömrük orqanlarında xidmət edir, bizneslə məşğul olurlar. Lakin müsəlman qadını bu uğurlara nail olmaq üçün çətin, tikanlı yollardan keçib gəlməsini unutmur. Özünün qadın missiyasının vəzifə öhdəliklərindən əlavə, həm də özünə dəyər verərək intellekt və istedad potensialının vəhdətində cəmiyyət üçün gərəkliliyini sübuta yetirir.

XIX əsrin ikinci yarısında islam dünyasının ziyalıları yeni texnologiyaların tətbiq olunduğu çağdaş həyatın tələblərinə uyğun surətdə islam ölkələri cəmiyyətlərinin özləri özlərinin dəyişdirməsi zərurətini irəli sürürdülər. Bu hərəkatın başında Cənubi Azərbaycanın Əsədabad kəndində doğulmuş Cəmaləddin Əfqani dururdu. 1901-ci ildə misirli Qasım Əmin Qahirədə «Yeni qadın» əsərini nəşr etdirəndə Azərbaycanda xalqının vətənpərvər, mübariz oğlu, görkəmli fikir adamı, əslən şuşalı Əhməd Ağaoğlu elə həmin il «İslamda qadın hüququ» kitabını yazmış, bu əsər 1905-ci ildə Qahirədə ərəbcəyə çevrilərək çap edilmişdir. Bir-birindən məsafəcə uzaqda yerləşən iki islam ölkəsinin ziyalılarının bu çox gərəkli mövzuda bir-birindən xəbərsiz eyni vaxtda əsər yazması təsadüfi olduğu qədər də zəruriyyətdən irəli gəlmişdi: söhbət vahid «Qurani-Kərim»in tələblərinə uyğun hərəkət edən, eyni şəriət qanunlarına tabe olan müsəlman qadınının yeniləşməsindən gedirdi, qadına yeni münasibətdən gedirdi.

1906-cı ildə Krımda böyük islam-türk mütəfəkkiri və jurnalisti İsmayıl Qaspıralının qızı, gələcək Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyovun xanımı Şəfiqə Yusifbəyovanın rəhbərliyi ilə islam dünyasında «Aləmi nisvan» («Qadın aləmi») adlı ilk qadın məcmuəsi nəşr edildi. Bundan 4 il sonra 1910-cu ildə Mari Əcəmi Dəməşqdə «Arus» («Gəlin») adlı ədəbi ictimai jurnalın nəşrinə müvəffəq oldu.

Beləliklə, XX əsrin əvvəllərindən islam şərqində yeni qadın nəsli yaranmağa başladı, yeni qadın ədəbiyyatının inkişafının sürətli tempi təəccübə səbəb oldu.

Əsasən XX əsrin əvvəllərində qadın yazarlarının inkişafı Suriya və Misirdən təşəkkül taparaq digər ərəb ölkələrinə doğru irəliləməyə başladı. Ötən əsrin 70-ci illərində Küveytdə gənc şairə Suad əs-Sabahın adı qabaqcıl ərəb qadın yazarları arasında ulduz kimi parladı, öz şüarını ölkəsinin hüdudlarından kənara yaymağa başladı.

Fikrimcə, cəsarəti qadını ya azad edir, ya da məhvə doğru aparır. Amma hər misrasında sözün həqiqi mənasında cəsarəti ilə dünyanın haqsızlıqlarına, yalançı gülüşlərə, mütiliyə, saxtakarlığa, ikili siyasətin sülh aldanışlarına «xoşbəxtəm» deyib, içində böyük bədbəxtliyə hər gün ağılar deyən müti törələrlə yaşamağa məhkum şəriət qanunlarının hakim olduğu ölkələrin qadınının taleyini dünyaya danışan fövqəladə bir xanımın yaradıcılığı əsil cəsarət tribunası kimi mənim diqqətimi çəkdi.

Dünya ədəbiyyatının 60-cı illərində hansı ölkə yazarları ilə oxucu ünsiyyəti qurulursa ilk öncə sözə və ədəbi mühitə yeni nəfəsin gəldiyinin şahidi oluruq. Bu yeni nəfəs həm də dövrün problemləri ilə birləşərək dərdin və müşkül məsələlərin həllində mütləq cəsarətə çevrilərək fərqli bir yaradıcılıq nümunəsini yaradıb. Amma söhbət ərəb poeziyasının tanınmış şairlərinin yaradıcılığına münasibətdə daha yeni bir ənənənin cəsarətlə birləşərək ərəb poeziyasına Avropa üslubu gətirməklə bitməyərək, həm ərəb dünyasını malik olduğu tarixi, ənənəvi, əxlaqi dəyərləri ilə yanaşı dəyişilməsi vacib olan, modernləşməyə ehtiyacla birgə gərəksiz görünən bəzi detallardan da can qurtarmağın lazımlılığını göstərməyə nail olub. Cəsarətin hər qatında ərəb dünyasının şeir səmimiyyətində faş olan, bütünlükdə yazarın iç və çöl dünyası oxucunun həmsöhbətinə çevrilir. Şeir yazan zaman görünür bütün yazarlar üçün ümumi olan bir hal baş verir. Zahiri dünya arxa plana keçərək batin yazarın barmaqlarını, mələklərin diktəsinə tabe etdirir. Yalana, riyaya və səmimi olmayan heç nəyə yol vermədən həqiqət yazılır, şeir doğulur. Cəsarət böyük şeiri dünyaya gətirir. Məhz böyük şeiri…

Kimdir bu cəsarətli şeirlərin müəllifi? Şeirlərinin hər misrası avtoportretə bənzəyən Suat əs-Sabah şeirlərinin birində deyir:

Mənəm!
Yaddaş divarlarını uçuran,
azadlıq kitabını oxumağı öyrədən
şəhərə varid olan.
Mənəm!
Arzuların sonsuzluğunu,
Qadınlığın ölçülərini kəşf edən…

Şairə, yazıçı, tənqidçi, iqtisadçı, siyasətçi olan bu xanım həm də Küveyt Şeyxi Şeyx Məhəmməd əl-Sabahın böyük qızıdır. Ulu babası Məhəmməd əl-Sabah Küveyt dövlətinin rəhbəri olmuşdur.

On beş ildən artıq şeir kitabının müəllifi olan şairə «Erkən anlar» (1961), «Ömrümdən itən ləhzələr» (1961), «Ömrüm» (1964), «Umniyyə» (1971), «Vətənə təcili teleqramlar», «Qılıncların sonuncusu», «Sahilsiz qadın», «Qızılgül qəzəbi tanıyır» kimi kitabların hər birində Şərq poeziyasının dərin məzmununu Qərb poeziyasının modern üslubu ilə cilalayaraq ərəb poeziyasına fərqli bir novatorluq gətirdi:

Dirəniş göstərin,
ey gözəl əllər!
İnanmayın uydurma yalanlara!
Azad olmayıb Fələstindən
bir qarış torpaq…
Bizi azad edəcək yalnız
sizin peyğəmbəranə əllər!..

Şərq tükənməz İlahi təbii sərvətləri ilə böyük dövlətlərin iştahasına tuş gəldikcə müharibələr, demokratiya ovuna çıxanların işğal yürüşləri bitməyəcək.

Əzəli-əbədi mövzu olan müharibənin yaratdığı dəhşətlər insanlığın bəlası hələ ki bu gün də davam edir. Niyə bəşəriyyət müharibələrə məruz qalır? Tamah, mənəmlik şəxsi müstəvidən dövlət iddialarına çevriləndə xarabazarlığa çevrilən ölkənin insanları sağ qalsalar belə həyata qarşı «içlərində işıq sönərək» görünməyən dağıntıları yaradır:

Müharibə nə Cübranın,
İlyas Əbu Şəbəkənin,
nə də
Əl-Axtal Əs-Sağırın
səsini boğa bilmədi…
Müharibə, sadəcə,
xarabazar yaratdı,
fənərləri söndürdü.
Lakin söndürə bilmədi
nə Saydunun,
nə də Surun işığını,
Əngəlləyə bilmədi
Qadmusanın
dəniz səfərini…

İçində damla-damla toplanan istedadı artaraq, özüylə birgə doğulan cəsarətli xarakteri ilə birləşərək qadının ucalığını təmin edəcək bir dünyanı arayaraq belə deyir:

Qadınından nə istəyir
bu ölkə?!
Onu qaynadıb yemək,
ya kababtək
dişinə çəkmək istəyir?
Bəlkə onun ətini
qovurmaq istəyir öz yağında?
Bu ölkə
mumdan gəlin istəyir;
hər an yatağa hazır,
həm azyaşlı, həm cahil…
Ailəni qoruyan
bu ənənə, bu adət
əskilərdə yazılmış
həmin o on nəsihət…

Həm də mübarizəsindən heç zaman dönməyəcəyinə də şeir səmimiyyəti ilə and içir:

Bağışlayın məni,
özümdən keçməyəcəm!
Heç zaman
caynaqlarımdan imtina etməyəcəm!
Hər zaman
karvanın önündə gedəcəyəm!
Daima
ölüb-öldürəndən
biritək qalacağam!..

Ərəb poeziyasında qadın qələmi bu qədər haqq və ədalət divanında məhz qadının hüquqlarının tərənnümçüsü kimi vuruşursa bu xüsusiyyət də Şərq qadınının müdrikliyindən xəbər verir.
Amma qadın nə qədər güclü olur-olsun zərifliyi və İlahidən ona verilən çiçək zərifliyinin dəyərini qiymətləndirəcək, qoruyub sevəcək birinə ehtiyacın mövcudluğunu əbədi olaraq duyğularında yaşadır:

Qırmızı dənizdəki
qayalara yapışan
mərcan kimisən,
Yaddaşımdan
necə qoparım səni,
bilmirsən?…

Sevənin duyğuları dünyanı qəribə, fərqli rəngdə görür. Hər şey sevdiyinin hisslərinə bürünərək nizamlanır, cilalanır. Bəzən sevdiyinin bir günlük, bir saatlıq boşluğunun yaşandığı həyatında dünyanın alt-üst, qat-qarışıq şəklə düşdüyü anlar da olur.
Ə.Kərim bu hissləri:

Qayıt yerinə qoy
ayı, günəşi.
qayıt olduğu tək
görüm həyatı –

deyirdi.

Suad əl-Sabah sədaqətinin dərinliyindən közərən sevgi xatirələrinin «buzdakı ayaq izlərinə» işıq salaraq xoşbəxt ailə, sevən qadın dünyasının keçmişini yenidən yaşadır. Fərqi yox necə yaşayıb! Amma sevdiyi yanında olduqca bu səhərin hər şeyi qaydasında idi. İndi isə:

Səsinin ətrinə bürünüb
Mejevin küçələri,
Adına sifariş olunub
kafelərdə stollar…
Heyhat, dadı yoxdu sənsiz
Savo pendirinin.
Yaddaşıma həkk olunub
buzdakı ayaq izlərin.
Qaytar,
xəritəsini qaytar mənə
bu şəhərin.

- deyərək üsyan edir.
Unutmayan, hər şeyə dəyər verərək sevginin əsarətindən çıxa bilməyən insanlar yaşadıqca dünya həmin insanların sevgiləri üzərində dayanıb, duracaq. Sevgi duadır! Dünya duaların gücü ilə dayanıb durur!

Qəlbimlə deyil,
xatirəmlə bağlıdır müşkülüm.
Mən razı olmadan,
istəmədən,
yüz ildir
işğal etdiyin xatirəmlə…

İnsan doğulmazdan öncə, ruh var oldu. İlahi bizə göndərəcəyini həmin ruha-mükafat etdi, bizdən öncə…
Suad əl-Sabah «Öncələr»in İlahi səadət, sevgi hisslərinin hələ özündən yüz illər öncə ona verildiyinə əmindir.

Yüz ildir səndən başqa
heç kim gəlmir yadıma,
Bircə tarix bilmirəm
sənin tarixindən başqa.

**

Bir ibtidai insanam,
yazı-pozu bilməzəm,
köynəyimə yazdığın
"sevgi” sözündən başqa…

Ərəb dünyasının elm xadimi, iqtisad elmləri doktoru, beynəlxalq cəmiyyətlərin üzvü olmaq, Küveyt cəmiyyətindəki yüksək ali məqamı Suad əl-Sabahın duyğularına heç zaman sərhəd ola bilmir. Nə yaxşı da belə olur. Duyğular səmimi və sərhədsiz olanda şeir doğulur. Şair sərhədlərə özünü sığışdıra biləndə istedad qəhətə çəkilir.

Şeir səmimiyyət olan yerdə yaranır. Bu şairə xanımın duyğuları o qədər azaddır ki, İlahi vəhyin hər an onunla danışacağına böyük inamımız var. Yoxsa hər şeydə «bu, insanlar tərəfindən necə qarşılanar» düşüncəsinin sıxıntısı şeirin doğuşunu elə duyğuların bətnindəcə boğardı.

Doqquz aylıq körpə kimi
bətnimdə gəzdirirəm səni.
Necə azad olum yükdən?
Necə kəsim göbək bağını?
Yun kələfi kimi
sarmısan canımı,
Qarlı, tufanlı yollara
necə tullayım səni?!
Deməli, qismət budur,
ilk beşiyim kimi
doğmalıyam səni,

Mən qadın sədaqətini sevgiyə dəyər verərək onu yaşamağının mənasına çevirə bilən Şərq qadınının bütün dünya alanında sözlə heykəlini ucaldan Suad əs-Sabah yaradıcılığı ilə öncədən tanış olmamağıma təəssüf hissi duydum. İnsan duyğularının əsrarəngiz rəngdə, elə səhra qumunun, elə göy qurşağının rəngində olduğunu şeirləri ilə pıçıldayan şairə xanım oxucunu da bu dünyadan rəng olaraq gözəlləşdirməyə çağırır. Sevgi dünyanı yaşadacaq, gözəlləşdirəcək deyir Suad əs-Sabah.

Məni sevdiyin üçün
dünya daha da böyüdü,
səma daha da genişləndi,
dəniz daha da maviləndi,
sərçələr daha azad oldu.
İlham aldım bu sevgidən,
mən də
min qat gözəlləşdim…

Mövzuların çəmində həyat və insan problemi, bəşəri düşüncə, azad qadın, azad ölkə, əmin-aman cəmiyyətlə birgə hər problemin həllini tapan Kamil insan olmaq ideyasını Şərq müdrikliyi ilə ərsəyə gətirən Suad əl-Sabah poeziyasında «Aynadakı adama» münasibət məsələsi dünyanın özü qədər müdrik və gərəkli görünür.

Ey bənzərsiz Kəs!
Sən mənim aynamsan;
çöhrəmi
qənirsiz göstərən aynam! –
deyir Suad əl-Sabah.

Yaradan insana özündən nur verdi. Xeyirxahlığa, ədalətli olmağa, gözəl düşünüb, gözəl əməllər etməyi tövsiyə etdi. «Güzgüdə görünən» Xaliqin gözəl görünüşdə xəlq etdiyi insandır. Dünyaya günahsız, tər-təmiz gələrək həyatın çətinliklərində İlahi təcəllanı sınaqlarda qoruyub saxlamaqla kamilləşərək Yaradanına dönəcək İnsan. Gözəl Yaradan hər şeyi gözəl yaratdı!

Hər insan qarşısındakı insandan nümunə alaraq təkmilləşir. Gözəl əxlaq, gözəl əməl təbliğini ondan bəhrələnib nümunə olmağı qəbul edən insan digərləri üçün güzgüyə çevrilir. Gözəl görünən güzgüdəkinin əksidir. Güzgüdəki insan özünə baxaraq camalına sığal çəkib gözəlləşir. Biz hər şeyimizlə bir-birimizin güzgüsüyük.

İnsan övladı əxlaqına iyrənclik gətirən ünsürlərdən uzaq olaraq özünü saflaşdırmağa çalışır. Saf olan təmizliyi ilə yanaşı həm də gözəldir. Deyirlər, güzgü insan ruhunu özündə qoruyub saxlayır. İnsan güzgü - güzgü İnsan! Həyatın fəlsəfəsini poeziyasında güzgüləşdirən yazara eşq olsun!

İnanıram ki, Suad əl-Sabahın «Məni Günəşə apar» yaradıcılığı ilə ünsiyyət oxuculara onun yeni-yeni kitabları ilə tanışlığa yol olacaq. Yollarımız aydın və işıqlı olsun!