Gülsadə İbrahimli. Payızın erotikasına aid bilməcələr (ŞEİRLƏR)

Gülsadə İbrahimli. Payızın erotikasına aid bilməcələr (ŞEİRLƏR)

QƏLBİMİN QIRIQLARI

İndi daha sevirəm
daha çox uzaqları…
Gedişinə təzimdə ən məsum xatirələr…
Pozulubdur dilimin dilbilməz qanunları.
Daha bilmirəm, canım,
nə nağıldı, nə əzbər..?
Gedənlərin ardından geriyə qaxın qalar.
Yıxılma, dostum, yıxılma,
yıxılsan bilirsən ki, nə dost
nə yaxın qalar…
Uzaqlar nə doğmadı…
Mən ki mənimdən uzaq,
mən ki məndən irağam.
Bir az Tanrıya yaxın,
əcəllə dolaşığam…
Gedənlər gedir, əlbət,
Səndən alır hər gedən…
Qalır əlində təəssüf
boşa çıxan ümidlər,
yanılmış düşüncələr…
Səni də yolçu etdim gözlərimdən uzağa;
Yaxından sevmək olmur,
Sevirəm uzaqları…
Ağrıyıram dərindən,
ağrıyıram, bilirsən…
İndi batır əlimə qəlbimin qırıqları…

QADIN OLMAQ

Bir kişinin sərxoşkən xatırladığı qadın olmaqdır "sevilmək".
Tənhalığıdı,
Qaçıb-qaçıb insanlardan
Yolunu itirmiş uşaq kimi xatirələrə sığınmaqdı.
Susqunluğudu,
Yoxsunlaşmasıdı,
Adamsızlaşmasıdı...
Hər gecə
Yanındakı qadına
Kürəyin dönməsidir "sevilmək".
Siqaret-siqaret özünü öldürməsidi.
Dost məclislərindən tələsik getməsidi.
Verilən suallara cavabsızlığıdı.
Tanış küçələrin,
Doğma adamlarının "özgəsi" olmasıdı
"Sevilmək".
Üstündən kimsəsizlik,
Yazıqlıq tökülməsidir.
Bir kişinin özünə cəkilməsidir "sevilmək".
Hər gün görüş yerinə
Eyni vaxtda,
Saatda 
Ümidsiz gəlməsidi.
Tayı ayrı yazilmış bir adın
Heca-heca kişi dodaqlarını öpməsidir.
Döş cibində saxladığı əski, əzik bir şəklin önündə heykələ dönməsidir.
Bir kişinin kişisayağı ölməsidir... "sevilmək".
Yerdən, göydən əlini üzüb
Bir xəyalın xatirəsinə tapmaq...
Bir kişinin sirri olmaqdır,
Qadın olmaq!

TİK- TAK....TİK –TAK

Divarda saat qəsdinə durub sükutun
Tik-tak
Tik-tak...
Buğlu pəncərəmin arxasında ən məsum mənzərə...
...darıxan şəhər... gen küçələr
Və payızın erotikasına aid bilməcələr.
Mənsə hələ də çarpayımda gecədən qalmayam.
Yazına darıxan şəhər
Yoxluğun
Və bizsizlik...
Payızın ən müdhiş qafiyəsiyik.

ƏBƏS

Sənin saatlarının taleyində mən yoxam,
Gözləmələrin yersiz,
Gəlmək istəyim əbəs.
Biz Bakının təcrübəsiz aşiqləriydik, qağayı dimdiyindən düşüb,
Balıq yeminə dönən.
Şəhər oğrusuydu zaman, bizi bizdən almağı yaxşı bilirdi.
Saf kənd uşağıydıq ikimiz də,
Bakı çirkabıyla bizi sevirdi...
Əllərimizdə məhəbbət izi,ürəyimizdə öpüş yeri gəzdirdik.
Saçlarım barmaqlarında ölmüşdü.
Bir hərb vermişdik qovuşanadək və o gecə
Şəhərin bütün işıqları sönmüşdü.

KİM OĞURLAYIB?!...

Sarıl mənə qollarım,
Doldurmur sinəmi gedənlərdən qalmış boşluqlar.
Payızını yaşayır təkliyim,
Son yarpağım yaxasın qapdırmış rüzgarlara.
Ümidim pəncərələrdə asılı
Keçirəm aynanın önünə ,
sual tökülür saçımın bəyazlarından...kim oğurlayıb bu qadını içimdən?!

QIŞ TƏKLİYİ

Ağaclar qışdan üşüyür,mən yoxluğundan.
Yazın son günləri düşür pəncərəmin gözündən,
Sarı-sarı vərəqlərdə.
Evimdə son bahar, yatağımda bir nəfəslik tənhalıq.
Külək qudurmuş it kimi küçələri yalayır.
gecənin qoynuna qısılıb gecə lampaları.
Yatağını yaran çay kimiyəm,içimi qazıram.
Soyuq Noyabr axşamı... formasına sığınıb gözətçi polis
Gecənin yükünü alıb çiyinlərinə.
Körpələr qış nağıllarına aldanıb ana qucaqlarında...
Və mən sənə öz nağılımı yazıram: ”Bu gün də gəlmədin”

SON SEVİŞMƏ

Astaca örtülür evimin qapısı,
Uzaqlaşır gedənimin ayaq səsləri.
Diksinir qoynumdakı təklik.
Yumur pəncərəm gözlərini.
Sönür şəhərin işıqları.
Yalnızlığın notlarına toxunur qadın barmaqları... ah nə qədər zərif,
Nə qədər güclü.
Dağılmış üst –başlar son sevişmənin dəlilləri.
Yorğun yataq təngənəfəsdi.
Hər tərəf bilinmədik bir boşluqda sürüklənir.
Hər kəs zamanın gerisinə axır.
Baxır,
Zillənib sönməmiş son işığa qadın gözləri,
Baxır... baxır.
Hələ istidi bədənində öpüşlər,
Canlıdır saçlarında əl izləri.
Teoman oxuyur: "koyu antolojiden bir parça”
Və bir qadın daha gecənin səssizliyində yoxa çıxır.

EYNİ AYRILIĞIN FREKANSI

Gedənlər bilirmi geridə qalanların hər nəfəsdə öldüyünü?
Eyni ayrılığın frekansında
Daha neçə mahnıyla asacağıq xəyallarımızı?
ən son öpdüyün yerdən ağrıyıram,
hər dəfə əllərim toxunanda çiyinlərimə.