Habil Yaşar. Sevgi krallığında... (Şeir)

Habil Yaşar. Sevgi krallığında... (Şeir)

Ölümün acısını duyuram sevgi krallığında...
Arzuların kül olmuş qoxusu gəlir krallığın havasından...
Nəfəslərin səssizliyi tüğyan edir, caynağında fırtınaların,
Rəngsizliyin sıxıntısını duyuram krallığın dörd yanında...

Ruhların bağırtısını eşidirəm sevgi krallığında...
Azadlığın tükənmiş çırpıntılarını duyuram krallığın zindanlarından...
Düşüncələrin fəryadını hiss edirəm, əllərində Allahsızların,
Canların can verdiyini görürəm krallığın məzarlığında...

Həyatın mənasızlığını dərk edirəm sevgi krallığında...
Günlərin hədər keçdiyini duyuram krallığın qanunlarından...
İnsanlığın üç sıfır məğlubiyyətini görürəm, çarpışmasında oyunbazların,
Qorxunun baxışlarını duyuram krallığın divarlarında...