Həcər. Ağ dəvə düzdə qaldı (HEKAYƏ)

Həcər. Ağ dəvə düzdə qaldı (HEKAYƏ)

                 Qanlı gölün sahilinə  çatanda  Məhəmməd  əmi QAZ-51-i  bir kənara çəkib saxladı.  Gün bir ağac boyu yuxarıda dayanmışdı.  Həm gecəni yatmadığımdan, həm də üç saata qədər yol gəlib yorulduğum üçün  maşından düşəndə bir müddət ətrafı tam dərk edə bilmədim. Gecəni ona görə yatmamışdım ki, bilirdim, səhər uzaq və mənim üçün qeyri-adi bir  səfərə çıxacağam. İlk dəfə idi ki, anamdan və evimizdən uzun müddətə ayrılırdım. Onun həyəcanı bütün gecəni məni yatmağa qoymamışdı. Atam və Məhəmməd əmi də maşından düşüb  kuzaya yüklədikləri bağlamaları yerə qoymağa başladılar. Bunlar üzüm, pomidor, sütül qarğıdalı , qarpız-yemiş, meyvələr—yəni bağ-bostan məhsulları, düyü, çay, qənd, müxtəlif konfetlər idi.  Anam  bunları  Süsən  nənəyə--nənəmin bibisi qızına göndərmişdi. Çünki mən və məndən beş yaş böyük bacım yaylaqda onun yanında qalacaqdıq. Bir də ki Əhəd əminin Məhəmməd əmiyə  sifarişlə aldırdığı şeylərlə bərabər , bacımın və mənim pal-paltarlarımız  vardı bağlamalarda.  Gölün sahilində xıxlanmış dəvələri az sonra –qəfil gördüm və birinci dəfə idi ki dəvə görürdüm   Üç  bir-birindən azca fərqli dəvə yerə yatıb gövşəyirdi. Sarı Əhəd onların yanından ayrılıb yanımıza gəldi, atamla, Məhəmməd əmi ilə görüşdü, hal- əhvaldan sonra:
       --Bunları yükləmək lazımdı.Tez tərpənək. Deyəsən, yağış  yağacaq, uşaqlar islanmasın,--dedi.
     Atamgil cəld bağlamaları dəvələrin yanına daşıdılar. Sarı Əhəd  dəvələrin hürgücləri arasından sicimləri ustalıqla çal-keçird edib bağlamaları onlara yüklədi. Sonra mənim qolumdan tutub dəvənin birinin  belinə qoyaraq  hürgücün üstündəki pırpız toyuq kəkilinə bənzər yunu göstərib :
       --Bax bu yundan bərk yapış, elə tut  ki, yıxılmayasan,--dedi.
      Mən hürgücdəki  qalın yuna barmaqlarımı ilişdirib möhkəm yapışdım.  Və elə bu anda Sarı Əhəd dəvənin ovsarından tutub :
            --Töööö-töh-töh, tööh,- deyərək çubuqla dəvənin sinəsindən astaca vurub onu ayağa qaldırmağa cəhd etdi. . Dəvə əvvəlcə dal ayaqlarını yerə dirəyib ləngərlənə-ləngərlənə  qalxmağa çalışdı. Təpəsiyenişə dayandığımdan elə bildim, ordan gəlib yerə dəyəcəm. Ancaq barmaqlarımı yuna elə ilişdirmişdim ki,  əgər bir qüdrətli əl məni göyə çəkə bilsəydi, dəvəni də özümlə qaldıra bilərdim, yəni əlimi yundan qoparmaq elə müşkül iş idi. Dəvə tam ayağa qalxanda isə sanki  göyün üzünə çıxdım. Yer mənə elə uzaq göründü ki, qorxudan ürəyim ağzıma gəldi.  Axı cəmi  yeddi  yaşım vardı hələ. Lakin qorxumu büruzə vermək ağlımın ucundan da keçmədi. Çünki yaylağa gedirdik.  Bu cür səfəri qorxuyamı dəyişmək olar? Səsimi udub cınqırımı da çıxarmadım.  Əhəd əmi bacımı da o biri dəvənin belinə qoyub onu da ayağa qaldırdı, özü isə daha çox yüklənmiş dəvənin ovsarından çəkə-çəkə  yaylağa qalxan daşlı yolun tuşuna gətirdi.  Atam bizi bərk-bərk tapşırıb   maşına mindi , onlar geri—şəhərə doğru, biz isə yaylağa yol aldıq.  Əhəd əmi dəvəsi ilə qabaqda, biz onun ardınca astaca gedirdik. Mən artıq qorxmurdum. Qorxum keçən kimi də dörd gözlə ətrafa baxmağa, müşahidə aparmağa başladım. Hələ ki nənəmin, Süsən nənənin danışdıqları , təsvir etdikləri yaylaq mənzərəsindən əsər-əlamət görünmürdü. Hər tərəf boz təpəliklər, adda-budda kolluqlardı.  Sağ əldəki dərənin dibi ilə gün işığında gümüş kimi parıldayan nazik irmaq  axır və yəqin ki, gölə tökülürdü. Üzüyuxarı daşlı cığırla ləngərlənə-ləngərlənə gedir,  Sarı Əhədin zümzüməsini dinləyirdik:
                                                       Ağ dəvə düzdə qaldııı,
                                                        Neylim yar, neylim hey, neyliiim..
                                                       Yükü Təbrizdə qaldııı,
                                                       Ləli yaar, ləli yar, neylim, qız, neyliiim..
                                                        Oğlanı dərd apardııı,
                                                        Hey, heey, canım yar, ləli yar, neylim.
                                                        Dərmanı qızda qaldııı..
                                                      Hoy-yye hey, canım yar, öldüm yar, neyliiim..
        Onun xırıltılı səsi hərdən  dəvələrin ayağı altında qalan daşların çaqqıltısına qarışır, dağın əbədi və əzəmətli sükutunu pozurdu. Arxadan Əhəd əminin yanlarını basa-basa  yeriməsinə baxır, onu multfilmlərdə gördüyüm ayılara  bənzədirdim. Gözləri gömgöydü, sifətinin rəngi misə çalırdı. Almacıq sümükləri qabarıq, uzun və ucu xəncər kimi iti bığları  iri ağzının yanlarından çənəsinə doğru uzanırdı.  Qaragül dərisindən tikilmiş  papağının tükləri bir neçə yerdən didilib tökülmüş, ordan-burdan bozumtul-qaramtıl tüksüz dəri görünürdü. Papağını gözünün üstünə basmış, iri alnını onun altında gizlətmişdi.  Gen şalvarının balağını corabın içinə salmış, iri qaloş geyinmişdi. Bu görkəmi ilə o, Don kazaklarını xatırladırdı . 
           Sarı Əhəd Süsən nənənin ikinci əri idi.  Onun  birinci əri Hüseyn Hitlerin müharibəsindən gələndə ağır eşidirmiş—kontuziya alıbmış,  sağ əli isə biləkdən yox imiş. Onun haqqında hamı deyirdi:
           --Rəhmətlik qızıl kimi adam idi. Həlim, xoşxasiyyət. Hamının qayğısını çəkəndi. Heyif ki, züryəti olmadı, həm də dünyadan tez köçdü.
         Söhbət düşəndə Süsən nənə:
   --Andıra qalmış müharibə elədi, kişini o günə qoydu. Təzəcə evlənmişdik, dava düşdü. Getdi. Gələndə də yarımcan,--deyirdi.
       Müharibədən gələndən dörd il sonra sonra əsirlik həyatından başı pozulmuş, gecələri yatmayan Hüseyn əmi qəfildən vəfat edir.  Sarı Əhədlə onun salam-əleykümü varmış. Uzaq qonşu imişlər. Sarı Əhədin birinci arvadı Gülcamal Əhəd əmi ilə  heç vaxt dağa qalxmaz, bütün yayı evdə uşaqları ilə qalarmış . O, asta yerişli, sifəti çopur,  pinti, əlindən iş gılməyən,  süfrəsiz bir qadınmış. Dindirməsən, günlərlə ağzını  açıb bir kəlmə danışmazmış.  Adını eşidən elə bilərmiş , hansı diyarın gözəlidi. Ancaq onda gözəllikdən əsər-əlamət yox imiş. Uşaqlarının üst-başından kir-pasaq tökülərmiş. Süsən nənə isə tamam başqa idi. Sünbülündən su daman, çox təmizkar, dadlı yeməkləri adla deyilən biri idi.  Çox  gözəl olmasa da, suyuşirin qadın idi. Əhəd əminin arvadı Gülcamal sonbeşik qızı Səməngülü doğanda uşaq üstə ölür. Süsən nənənin əri öləndən iki il sonra camaat bir də baxır ki, Sarı Əhəd  onunla evlənib və ikinci dəfə evlənmək Əhəd əmiyə düşür. Süsən nənə onun uşaqlarına baxır, yeməklərini bişirir, Gülcamalın böyük qızları ilə bərabər  ev-eşiyin  səliqə -sahmanına  əl gəzdirir.  Uşaqlar və Əhəd kişi ailəliklə süfrə  başında oturub dadlı yeməklər yeməyi bundan sonra görürlər.  Süsən nənənin Sarı Əhəddən bir uşağı da olur. Ancaq tez –üç-dörd gün sonra ölür. Sonra onun heç övladı olmur.  Səməngül gözünü açandan  Süsən nənəni ana kimi görür və  ona "nənə” deyirdi. O da hər il Süsən nənə və atası Əhəd kişi ilə yaylağa gedərdi.  Əhəd əminin böyük qızları ailə qurmuşdular, o yaylağa gedəndə oğlanlarına  onun  qarımış bacısı Səbahət baxardı.  Böyük bacım evdə biləndə ki, Səməngül də  yaylaqdadır, çox sevindi. Çünki aralarında  altı  yaş fərq olsa da, onlar bir-biri ilə dost, rəfiqə kimi idilər… 
           Biz Sarı Əhədin zümzümələrini dinləyə-dinləyə yoxuşu qalxıb burunu döndük. Mən geriyə qanrılıb  Qanlı gölə  sarı baxdım, lakin  o  artıq görünmürdü.  Gölün adı əvvəllər Sarısu gölü  imiş.  Sonra erməni-müsəlman davası vaxtı onun sahilində ermənilər bizim millətdən çoxlu adam  öldürürlər. Yaylaqda dava xəbərini eşidən camaat  tələm-tələsik geriyə--evinə dönmək üçün olan-qalanını qabqarıb dağdan üzüyenişə tökülüşür və elə gölün sahilində ermənilər onları haqlayır. O qədər insan qırıb tökürlər ki gölə,  suyun rəngi qıpqırmızı olur. O vaxtdan gölün adına Qanlı göl deməyə başlayıblar.
             Burunu dönəndən sonra qarşımızda tam fərqli mənzərələr açıldı. Lap uzaqda əzəmətlə ucalan və zirvəsi qarlı Keçəl dağ, onun sağ və sol əlində bir-birinə söykənib bizə boylanan, bir-birindən boyca  fərqli   dağlar görünürdü. Yuxarı qalxdıqca hava sərinləyir, üzüm və əllərim azca üşüyürdü. Dağarası dərələrdə, döşlərdə o qədər cürbəcür çiçəklər bitmişdi ki, baxdıqca doymaq olmurdu.  Çoxu da lalələr idi. Birinci dəfə dağ laləsini--açıq -yasəmən və qırmızı rəngin qarışığına bənzəyən rəngli iri  laləni onda gördüm. Sevincimdən ürəyim çırpınır, bərk döyünürdü. Tez çatmaq, bu çiçəkli çəmənlikdə doyunca qaçıb oynamaq, əylənmək istəyirdim. Ancaq: "Bağban tələsər, armud vaxtında yetişər”,--məsəli burda elə yerinə düşürdü ki. Yol bitmək bilmir, dəvələr də yerişlərinə haram qatmırdılar. Əhəd əmi hərdən ovsarını özü çəkdiyi mayanın  belinə atılıb aşağı sallanan torbadan əldən bir az böyük və qılçıqlı qara undan bişirilmiş çörək çıxarır, hər dəvənin ağzına birini qoyurdu. Hövsələm bir qırıq olurdu. Çünki  bu zaman vaxt uzanır, yaylağa çatmağımız  gecikirdi. Həm də dəvələr dovşan ağzına bənzər dodaqları ilə çörəyi alıb elə şirin-şirin gəvələyirdilər ki, az qalırdım deyəm , bir tikə də mənə verin. 
         Artıq ikinci dağı aşıb Keçəl dağa qalxan cığıra düşmüşdük. Hava o qədər təmiz və gözəl idi ki, sanki səmadan mavi  büllur asılmışdı.  Bir dənə də ağac yox idi. Ara-sıra kolluqlar nəzərə çarpır, hər tərəf üç-dörd qarış  uzunluğunda  otu sıx bitmiş və çiçəklərlə süslənmiş çəmənliklərdi. Əhəd əmi hərdən başını qaldırıb səmaya baxır və öz-özünə:
         --Şükür, deyəsən, bizdən ötdü. Səhər elə bildim, leysannıyajax,--deyirdi.
        Bir azdan binələr görünməyə başladı.  Qara keçədən qurulan alaçıqlarla bərabər,  hərbçilər üçün nəzərdə tutulan  brezent materialdan iri çadırlar  dikdirlərdə  topa-topa görünürdü.  Dağətəyi yastana çatanda sol tərəfdə  göz önündə süfrə kimi açılan,  maili,  üzüyenişə sallanan və ətəyə endikcə genişlənən düzənlikdə bir-birindən aralı salınmış binələri görmək o qədər heyranedici və möhtəşəmdi ki. Bu cür zirvədən durub üzüyenişə uzanan geniş düzənliyi sonralar Sarıbaba dağından aşağı baxanda gördüm.  Dörd gözlə hər tərəfi seyr edir, gördüklərimi  yaddaşıma köçürürdüm. Mən ilk dəfə idi ki, hündürlükdən—zirvədən aşağı baxırdım və o anda özümü bütün o dağların yiyəsi kimi hiss edirdim. 
            Biz yaylağa çatanda Süsən nənə sacda yuxa bişirirdi.  Kərmə tüstüsünün qoxusunu o dəqiqə aldım. Buralarda meşə olmadığı üçün ancaq kərmə və təzək yandırırdılar. O  bizi görəndə yuxanı sacın üstündən götürüb qıraqdakıların üstünə qoydu və  Əhəd əmi ilə birlikdə dəvələri xıxlatmağa başladı. Bacımı və məni yerə qoyub üzümüzdən öpdü, sonra yükləri  alaçığa daşımağa başladılar. Yorulmuşdum və həyəcandan ölürdüm. Qarşıda məni nə gözləyirdi? Burda günüm necə keçəcəkdi? Həm də elə bil içimdə bir qədər qorxu da vardı: burda qala bilməmək, qəribsəmək qorxusu.
                Süsən nənə dərhal yemək tədarükünə başladı. Alaçığın ortasına saldığı süfrəyə şor, pendir və nehrə yağı, təzə yuxa,  çolpa çığırtması qoydu. Bərk acmışdıq. Ancaq əlimizi yeməyə uzatmağa çəkinirdik. Əhəd əmi:
         --A bala, yeməyinizi yeyin. Dədənizin göndərdiyini bir ay yesək, qurtarmarıq. Utanmayın, burda utanmaq olmaz,--deyib bizi ürəkləndirdi.
        Yeməkdən sonra  Süsən nənə yerə döşəkçələr atıb:
        --Yol gəlmisiniz, bir az yatıb dincəlin,--deyərək üstümüzə salmaq üçün yükdən  bir böyük yorğan çıxardı. Yatmaq istəməsəm də, həm yorğun olduğum üçün, həm də dağın sərin havası vurduğu üçün  başımı yerə qoyan anda bal kimi şirin yuxuya getdim. Ayılanda artıq gün dönməyə, kölgələr uzanmağa başlamışdı. Cəld yerimdən qalxıb bayıra qaçdım. Kiçik səndəllərimi ayağıma keçirib maili düzənliklə üzüyenişə götürüldüm. Arxadan Süsən nənənin səsini eşitdim:
          --Booy, Allah sən saxla , bu uşağa nooldu? A bala,  yaz  buzovu deyilsən ki, yavaş, yıxılıb ölərsən.
            Onun sözləri ağzında qaldı.  Qabaqdakı kiçik qayalıqları hərlənib  sola dolaylanaraq  düzənliyi ayaqlarıma doladım. O tərəf-bu tərəfə o qədər qaçdım ki, nəfəsdən kəsildim. Və qaçdıqca hiss edirdim ki, ayaqlarım yerə dəymir. Həqiqətən, dəymirdi. Həmin anda Tanrının yaratdıqlarına baxıb fərəhlə gülümsədiyini hiss edirdim. Arxası üstə uzanıb səmaya tamaşa etməyə başladım,  bir az dincimi alıb nəfəsimi dərdikdən sonra ayağa qalxaraq bütün çiçəkləri qoxlamağa, bir-bir oxşamağa,  nəzərdən keçirməyə başladım. Çəmənlik ilahi bir əl vasitəsilə əlvan rənglərlə toxunmuş böyük, gözəl xalıya bənzəyirdi. Göz işlədikcə uzanan genişlikdə bol-bol açmış  lalələr, qantəpərlər, soğangülü və dağ qərənfilləri, salxım-salxım, buta-buta, püsküllü və  adını bilmədiyim  qırmızı, sarı, bənövşəyi, müxtəlif rəngli çiçəklər  göz oxşayırdı.  Başım üzərində  buludlar sıxlaşmağa başladı və  üşüdüyümü hiss etdim.  Qəfildən içimi bir qorxu bürüdü, alaçıqlara tərəf yüyürdüm.  Öz alaçığımıza yaxın  üç-dörd ədəd iri sal daş  vardı,  sakit təbiətli, xasiyyətcə mötədil bacım  və Səməngül quramadan səliqə ilə tikilmiş əlvan rəngli döşəkçələr  üzərində oturaraq  söhbət edirdilər.  Gördüklərim mənə nağıl kimi gəlirdi.  Xatirələrinin astanasına yenicə qədəm qoyduğum yaylaq həyatı nə qədər əyləncəli və gözəl olsa da, axşam düşməyə başlayanda qəribsəməyə, evimizdən,  anamdan ötrü darıxmağa başladım. 
           Gecə yarısı dəhşətli gurultuya yuxudan ayıldım. Qorxudan az qala bacımın qarnına girəcəkdim. Göy elə guruldayırdı ki, sanki dağlar uçulub töküləcəkdi. Alaçığı döyəcləyən yağış damlalarının səsi gəlirdi. Yan-yörəmizdən  axan suyun şırıltısını aydınca eşidirdim. Tez-tez ildırım çaxır,  alaçığın qapısının yarıqlarndan işığı gözümə düşürdü. Mən ağlamağa başladm.  Səməngül məni qucaqlayıb:
         --Qorxma, burda nə var ki, bizim alaçıq qara keçədəndi, ona görə də ildırımı keçirmir. Dağda əsas qorxu bundandı- ildırım vurmasından. Yan-yörəmizə də dədəm dərin arx qazıb, gələn su ordan axıb gedir,--dedi. 
     Onun arxayın danışığından bir az ürəkləndim. Bacımın qolunu qucaqlayıb ona qısıldım. Qaranlığın içindən Sarı Əhədin səsi gəlirdi:
      --Andıra qalma səni. Elə bilirdim, ötüb keçib. Demə, hərrənib bir də qayıdıb. Heyvana ziyannığ olmasa, yaxşıdı.
         Səhər oyanan kimi cəld bayıra qaçdım. Düz-dünya par-par yanırdı. Yarpaqların üzərinə  gün düşdükcə çiçəklərin rəngi  yağış damlalarında əks olunur, almas kimi parıldayan müxtəlif rənglər  ətrafa möhtəşəm və insanı bayıldacaq qədər  ecazkar bir gözəllik bəxş edirdi. Böcəklər yaşam sevinclərini və şükranlıqlarını vızıltılı himni xorla oxuyaraq Tanrıya bildirir,  dal ayaqları ilə qanadlarına və bədənlərinə, qabaq ayaqları ilə baş-gözlərinə həvəslə sığal çəkərək təmizlənib yuyunur, əks cinsi cəlb etmək üçün sevgi rəqsləri ifa edirdilər.  Çiçəklər gülümsər ağızlarını geniş açaraq şəfəqi içir, kəpənəklər rəngbərəng qanadları ilə havanı zərifcə yelpikləyib daha gözəl eniş meydançası arayır,  ruh kimi çiçəklərə enir, qovuşurdular. Bütün ətraf günəşin şəfəqlərindən zərli libas geyinib gözəllik yarışmasına çıxmışdı.  Bu safllq və təmizlik  zaman keçdikcə  ətirli çiçəklərdən yemiş qoyunların südü ilə canıma, ilahi gözəllik baxdıqca  ruhuma elə hopdu, məndə özünə elə yer elədi ki,  sonralar tozlu, səs-küylü böyük şəhərlərdə yaşamağa məhkum olsam da, o saf, təmiz, coşqun ruhlu arıqca qız hər kəsdən və hər şeydən güclü çıxdı. O, məni heç tərk etmədi və yerini heç nəyə, heç kimə güzəştə getmədi. Tanrı onu özünə elə həmdəm etdi, elə himayə etdi ki,  onun nəzərinin haləsini heç kəs yarıb o qızın müqəddəs tənhalığını sındıra,  əlindən ala bilmədi…
           Süsən nənə sağına getmişdi. Səməngül bacımla çay tədarükü görürdü. Onların danışığından  başa düşdüm ki, bu gün qızlarla Südlü bulaq tərəfə gəzməyə gedəcəklər. Səbrsizliklə yola düşəcəyimiz saatı gözləyirdim. Səməngül bir neçə yumurta qaynadıb çantaya qoydu. Sonra yuxa dürməklərinin arasına bal yaxıb üst-üstə yığaraq onları da götürdü. Bir azdan  qızlar bizi  çağırdılar ,  yola düşdük. Böyük çəmənliyi keçib qarşıda görünən qayalıqlardan sola burularaq bizdən çox aralı  iki təpənin arası ilə dərəyə  endik. Qızlar yol uzunu tikanlı toppuzlardan yığır, tikanlarını təmizləyib içindəki fındıq boyda yaşıl kürəciyi ağızlarına atırdılar. Mən də onlara qoşuldum. Onlar həm də rast gəldikcə daşların arasından tapdıqları və çoxu qaramtıl rəngdə olan dəvəgözü-obsidianı ciblərinə yığırdılar.  Bir azdan bulağa çatdıq.  Adını eşidəndə elə bilmişdim ki, bulağın suyu südlə qarışıb axır.  Lakin  su göz yaşı kimi dumduru idi,  ancaq  hərdən  üzündə ağ ləkələr görünürdü. Deyirdilər ki, suyun axıb gəldiyi yataqda, yəqin,  ağ süxurlar var, ondan ola bilər. Qızlar ətrafa dağılışıb quzuqulağı, qırxbuğum, xıncılovuz yığmağa başladılar. Mən ancaq tikanlı toppuz yığır, təmizləyib yeyirdim. Bir azdan çantaları dolan qızlar  bulağın başına yığışdılar,  bal yaxılmış dürməkləri çıxarıb yarpağı tökülmüş və kasası qurumuş iri dağ lalələrini tapır, ağzınacan dolu baş barmaq boyda toxum kasasının qapağını qopararaq qurumuş tünd-qəhvəyi rəngli xaş-xaş toxumlarını yuxanın içərisinə toküb bala yapışdırır, dürməkləyib yeyirdilər. O qədər ləzzətli bir şeydi ki. Birinci dəfə idi ki, ballı-xaşxaşlı dürmək yeyirdim. Evə qayıdanda düz-dünya başıma hərlənirdi. Qızlar da mənim kimi. Onlar, deyəsən, vərdiş etmişdilər.  Zarafatlaşıb gülüşür, bir-birini qovurdular. Hamıdan kiçik olduğum üçün yediyim mənə daha çox əsər etmiş,  başım hamıdan çox hərlənirdi. 
           Günortadan sonra, ordakıların dili ilə desək, "oba”nı gəzməyə başladım.  Yan-yörəmizdə olan alaçıqları ötüb əks tərəfə gedəndə qəflətən yerimdə donub qaldım : obanı düz ortasından uzununa yarı bölən enli bir bataqlıq zolağı uzanıb gedirdi. Eni on beş-iyirmi metr olan bataqlıqdan  keçmək üçün  sanki əllə düzülmüş kimi  təbii şəkildə özülü yerin təkinə dirənən  iri sal daşlar vardı.  Bataqlığın o tərəfinə Aşağı oba, bu  tərəfinə isə Yuxarı oba deyirdiıər.  Sonralar o bataqlıq haqqında çoxlu rəvayətlər eşitdim : kiminsə ulağı yüklü-zadlı batıb, təkcə qulaqları görünürmüş, Səməndərin bir qəşəng köşəyi batıb orda,  Əlişin qardaşı gecə keçmək istəyib, büdrəyib yıxılıb, camaat hayına gələnəcən gec olub və s. Cin dəmirdın qorxan kimi o bataqlıqdan qorxdum. Heç yaxınına da getmədim. Obanın yaxınlığındakı geniş sahələrdə isə   bərk, qranit daşlardan səliqə iıə  yonulub düzəldilmiş və ora-bura səpələnmiş  iri  qoyun fiqurları  vardı. Onları bu hündür dağlarda kim və nə vaxt düzəltmişdi, nə üçün bir belə çoxdu?—deyə düşünür, hərəsinin ağzı bir səmtə baxan, bəzisi ayaqüstə, bəzisi yıxılı heykəllərin üzərində oturub at kimi "çapırdım”. Onların tarixinin min illərə gedib çıxdığını deyirdilər.
         Həmin günü qızlar məni daş xınası ilə tanış etdilər. Geniş açılmış əl kimi düzənlikdə qabara bənzəyən tala-tala alçaq qayalıqlarda mamıra bənzər yaşıl, qaramtıl, bozumtul rəngli daş xınası əmələ gəlmişdi. Onların üzərinə azacıq su töküb isladır, kiçik daşla sürtüb həll edirdim.  Orda qaldığım müddətdə bir gün olmadı ki,  kiçik,  arıq barmaqlarıma daş xınası yaxmayım. O xınanın iyi, ətri  indi də burnumda tütür. Bəzən  xına qoyub alaçığa qayıdanda yemək vaxtına düşür, qızlar və Süsən nənə nə qədər təkid etsələr də, əlimin xınasını yumur, qurumasını gözləyirdim. Bu vaxt ən çox Süsən nənənin qanı  qaralır:
    --Bu qız gedənəcən ətinə bir damcı su səyirtmədi, ayaqüstə ikilik taxta kimi gəzir,--deyirdi
      Əhəd əmi isə:
       --Balama qurban, eybi yox, xınan quruyar, sonra yeməyini yeyərsən, --deyir və arvadına, qızlara müraciətlə,-- bu uşağın payını saxlıyın, sonra verin,  yesin,--deyərək mənə haqq qazandırır, hər nazımla oynayırdı.
    O  çəmənliklərdə böcəklərlə oynadığım, kəpənəklərlə uçuşduğum anlarda barmaqları daş xınası ilə qıpqırmızı boyanmış, hər gün başında çiçəklərdən hörülmüş çələnglə  dolaşanda özümü təbiətin, o dağların bir parçası kimi hiss edir,  ruhumu doyururdum, qarnımı doyurmaq ağlıma da gəlmirdi. 
          Maraqlı hadisələr gecələr başladı. Aşağı obanın cavanları yığışıb Yuxarı obanın cavanları ilə karnaval sayağı  oyun təşkil edir, əylənirdilər. Cavan oğlanlar qız paltarı,  qızlar isə oğlan paltarı geyinib əllərində kərmədən düzəldilmiş uzun məşəllər  obanın kənarındakı meydançada çalınan qarmon və zurnanın səsinə rəqs edir, min cür oyunlardan çıxırdılar. Burda  tamaşaçılar da çoxdu.  Səməngül də atasının gen şalvarını və boz pencəyini geymiş, uzun, xurmayı saçlarını qaragül dərisindən papağın  içində gizlətmişdi. Onu papağından hamı tanıya bilərdi. Oynayanlar içərisində Səməngül hamıdan gözəl və qaydasında rəqs edirdi.  Kişi rəqsini o qədər məharətlə və incə hərəkətlərlə edirdi ki, hamı halay vurub əl çalmağa başladı. Bu zaman Aşağı obadan olan və qadın paltarı geyinmiş biri ortalığa düşüb onunla rəqs eləyəndə digərləri də onlara qoşuldu. Mən dörd gözlə tamaşa edir, bacımın əlini isə buraxmırdım.  Bacım həvəslənib oynayanlara qoşuldu və əlindəki məşəli mənə verdi. Birdən qadın paltarı geyərək Səməngüllə rəqs edən oğlanın onun əlindən tutub  kənara- qaranlığa çəkib apardığını gördüm. Cəld əlimdə məşəl camaatı yarıb o səmtə qaçdım. Xatadan olan kimi məşəl əlimdə sondü. Ancaq onların getdiyi səmti gözdən qoymurdum. Adam boyundan bir az hündür olan topa qayalıqlara çatanda  həmin oğlanın Səməngülün əlindən tutaraq:
       --Ölürəm səndən ötəri. Razılığını ver, dədəmgili elçi göndərim. Onsuz da sən mənimsən. Başqa birinə razılığını versən, ikinizi də öldürərəm,--dediyini eşitdim.
        Yerimdə donub qaldım. Ha səmtə gedəcəyimi kəsdirə bilmədim. Səməngül oğlanın əlindən qurtarıb oynayanlara tərəf qaçanda mən də onun ardınca götürüldüm. Səməngül mənim onları gördüyümü bilməd. Bir azdan oynayanlar yorulub dağılışdılar.  
            Səhəri günü Süsən nənə səhər yeməyindən sonra :
      --A  qızlar, bu gün xalçaları  yumağa gedəcəyik, --dedi. 
     -- Nənə, yundan da götürək,-deyə Səməngül dilləndi.—Buranın suyu yaxşıdı, yunu təmiz eliyir. Evə arxayın gedərik.
     -- Bu gün xalçaları  ancaq çatdırarıq,--deyə Süsən nənə etiraz etdi.
        Biz xalçaları qoltuğumuza vurub Aşağı obaya tərəf gedəndə qorxudan zəhrim yarıldı. Bataqlığı keçib o tərəfə --dərəyə enməli idik. Ağlayıb özümü öldürdüm ki, qorxuram, batacam, palçıq  ağzıma  dolacaq. Süsən nənə və Səməngül daşların üstü ilə o tərəf-bu tərəfə neçə dəfə keçib məni arxayın saldılar . Axır ki, əsə-əsə bataqlığı keçdim. Ayağımın altındakı daşlar çox möhkəm idi. Xeyli ürəkləndim. Dərəyə enəndə gözlərimə inanmadım.  Dərənin dibi ilə gur sulu dumduru çay axırdı.  Çayın yatağı və kənarları  dümdüz, iri sal daşlardan  ibarətdi. Sanki əl ilə yonulub düzəldilmişdu. Buna görə də su elə lal, dinməz axırdı ki, səsi çıxmırdı.  İki nəfər qadın həvəslə islanmış yunu daşın üzərində taxta toxancla döyür, biri də su daşıyıb tökürdü. Süsən nənə və Səməngül  xalçaları suda isladıb daşların üzərinə sərdilər. Sabunlayıb su tökərək köpükləndirir, dəmir qapaqla, yovşan süpürgəsi ilə sürtürdülər. Bacım da həvəslə onlara kömək edirdi. Səməngül donunun ətəyini belinə bağladığı kəmərə taxmış, ağ, qəşəng ayaqları,  baldırları tamam çöldə qalmışdı. Onlar işlərini bitirdilər və  Səməngül ətrafı nəzərdən keçirib heç kim olmadığına əmin olduqdan sonra birdən bütün paltarlarını soyunub suyun dərin yerinə cumdu. Süsən nənə həyəcanla:
            --A  batmamış,  soyuqluyub öləssən, qızmısanmı?—desə də, Səməngül suyu həvəslə şappıldadıb  çiyinlərini, yanlarını, budlarını yuyur, hərdən suya uzanıb gözlərini yumurdu. Bu anda onun gözüyumulu və gülümsəyən  sifəti,  döşləri  sudan çöldə qalır,   görünüşü hind bütlərini xatırladırdı.  Mən utandığımdan  orda qalmadım,  dərənin qaşına çıxıb lap uzaqlara baxmağa, ətrafı nəzərdən keçirməyə başladım. Birdən bir oğlanın daşların arasına sinib  Səməngülə baxdığını gördüm. Oğlan məni görəndə əlik kimi yerindən sıçrayıb  obaya sarı qaçdı. Günah iş tutmuş kimi pis olmuşdum. Onun Səməngülə baxmasında  murdar, iyrənc və natəmiz bir şey hiss etdim.  Yenə də bunu heç kimə demədim.
              Xalçaların suyu çəkiləndən sonra gətirib alaçığın yanındakı daşların üzərinə sərdilər. Gecə yenə dəhşətli göy gurultusuna yuxudan oyandım. Süsən nənə deyinə-deyinə:
       --İnsafı kəsilməmiş  qoymadı ki,  xalçalar quruya,--deyib bayıra çıxdı. Bacım da onun arxasıınca çıxanda mən də  qorxumdan onunla bərabər getdim. Yağış hələ başlamamışdı. Süsən nənə və bacım hərəsi bir xalçanı bürmələyib götürərək içəri girdilər,  onların ardınca qayıtmaq istəyəndə  çaxan şimşəyin işığında alaçıqdan bir az kənarda Səməngülü qucaqlamış həmin oğlanı gördüm. Səməngülün açılmış ağappaq sinəsi görünürdü. Saçları dağınıq halda kürəyinə tökülmüşdü.  Şimşəyin işığında o,  cazibəli və  çox qəşəng  görünürdüi. Tez içəri qaçıb yerimə girdim. Əhəd əmi alaçıqda yox idi. Qarovul çəkmək növbəsi ona çatdığı üçün yapıncısını  götürüb dəvələri ilə bərabər ağılların yanına getmişdi. Süsən nənə və bacım növbəti dəfə qoltuqlarında nəm xalı  içəri Səməngüllə birlikdə girdilər. Onun  çöldə   evin adamına necə qoşulduğu elə həmin gecə kimi mənə qaranlıq qaldı. 
        Səhər Sarı Əhədin səsinə oyandım:
         --Maadiyə heeey, xııxxx, xıx.  Bəyzoy, Bəyzoooy,  xıxx,  hoyya, xıxx..
      Əhəd əmi dəvələrini gətirmişdi.  Süsən nənəyə:
        --A Süsəngül (o, Səməngülün adına uyğunlaşdırıb arvadına bəzən: "Süsəngül”,- deyə müraciət edirdi), günortadan sonra uşaxlar getsin, aşağıdan- Qıvreyin obasınnan alacağımızı  gətirsinnər,-dedi.
         Mənim zəhrim yarıldı. Demək, "uşaqlar” deyəndə, məni də nəzərdə tutur. Yenə dəvəyə minəcəyimi düşünəndə qanım qaraldı.  Ancaq hələ günörtaya çox vardı.  Dəvələr alaçığa yaxın bir yerdə yatmışdılar. Asta-asta gövşəyirdilər. Əhəd əminin əzizlədiyi nərin- Bəyzoy adlı dəvənin ağzının yanları tüpürcəklə dolu idi. Səməngül Süsən nənə ilə birgə nəm xalıları yenə daşların üzərinə sərirdi. Bəyzoy daşlara yaxın yatdığı üçün  o,  deyinməyə başladı və əlindəki çubuqla dəvəni vurub sürünə-sürünə o tərəfə çəkilməsini istədi. Gözünə döndüyüm Bəyzoy üzünü Səməngülə tərəf çevirib ağzındakı bütün tüpürcəyi onun üzünə tüpürdü. Mən əvvəlcə qorxdum, sonra sifəti tüpürcəkdə görünməz olan Səməngülə baxanda  uğunub getdim. Təlxək kimi o tərəf-bu tərəfə qaçır, gülür, qışqırır, içimdə elə sevinirdim ki : 
        --Oooxx, oox, yaxşı oldu, əcəb oldu, lap yerində oldu. Sən gecələr çıxıb o oğlanla  görüşməyəydin, dədənin dəvəsi də səni o günə qoymayaydı,- deyə düşünür, qisas almış kimi şadlığımdan tullanıb düşürdüm.
       Süsən nənə evə qaçıb səhəngi gətirdi . Səməngül üzünü yuyandan sonra ağacı götürüb dəvəni vurmaq istədi. Əhəd əmi və Süsən nənə  qoymadılar:
      --A bala, dəvəynən zarafat olmaz.  Bə yadına gəlmirmi,  bax bu Bəyzoyun üstündə  Madiyə gecə tərəkəmənin bir yekə kişisini öldürürdü. Əlinnən güjnən aldıx.
      Maraq məni bürüdü:
      -- Əhəd əmi, kimi öldürürdü, niyə öldürürdü? Bəyzoya neyləmişdilər ki? – deyə dalbadal sualları yağdırmağa başladım.
      -- Tərəkəmədə tanışlarım-dostlarım çoxdu,-- deyə Əhəd əmi sözə başlayanda papağını təpəsinə tərəf itələdi.  Alnı ağ, sifəti qıpqırmızı idi və elə qəribə görkəm aldı ki, tanımadığım bir adamdı sanki, -- Bir dəfə Muşoy oğlu Cəbreyil mən şəhərə  gedəndə tapşırdı ki, ona bir kisə kişmiş alım.  On dörd uşağı vardı.  Kişmişi alıb gətirdim. O  bilirdi ki, həmin günü gələjəm, malının dalınca gəlmişdi.  Çoxlu qonağım vardı, söhbətləşdik, gejə düşdü. Alaçıxda yer olmadığı üçün  Cəbreyil  yapıncısını götürüb  alaçığın yanında yatmağa getdi. Bir döşək verdik, altına salıb   yapıncıya bürünərək  yatdı. Yükünü də yanına qoymuşdu. Madiyəni xıxladıb dizini bağlamışdım. Bəyzoy balaca idi. Gejə kişmişin iyini alıb, gəlib kisəni dağıtmış, kişmişdən yemişdi. Cəbreyil də eləmə tənbəllik, dəyənəyini qapıb  Bəyzoya bir-ikisini möhkəm çəkmişdi. Səsinə çıxdıx,  kişini sakitləşdirdik, kişmişin qalanını yığışdırıb alaçığa gətirdik. Səhərə yaxın Cəbreyilın bağırtısı obanı başına götürdü. Bax həmin bu Madiyə dizin-dizin  sürünüb Cəbreyilın sinəsinə çökmüşdü. Balasını gözü qabağında döydüyü üçün qisasını almağ istəmişdi. Qarnının altına girib dəvəni qaldırdım, kişini sürüyüb çıxartdılar. Qabırğaları qırılmış,  ağ ciyəri zədələnmişdi. Ağzınnan qan gəlirdi. Qiyamat başıma qopdu elə bil. Dedim, öləcək, dam dolusu uşaxları  yetim qalacaxlar.  Bir yaxşı arvanam vardı (birhürgüclü və ikihürgüclü dəvədən törəyən), onu qurban dedim. İncəvara,  kişi sağaldı, arvananı kəsməyə qoymadı. Dedi, ver özümə. Verdim,  getdi. Bir yekə qannan qurtardım.
        Məni ən çox təəccübləndirən Əhəd əminin o boyda dəvəni qaldıra bilməsi idi. Birinci dəfə görürmüş kimi altdan yuxarı ona diqqətlə baxdım. İri əlləri ,  yoğun barmaqları  bərkiyib kütür-kütür olmuşdu, tünd-yaşıl rəngli atlaz parçadan ikiqat tikilmiş qurşaq belinə kip sarınmışdı, enli çiyinləri, tökmə bədəni ilə bu adam mənə yenilməz cəngavər kimi görünürdü.
       -- Əhəd əmi, bəs Madiyəyə bir şey eləmədiz? Cəzalandırmadız?
       -- Yox, a bala, nə cəza? Madiyə mənim ocağımın bini-bərəkətidi. Bu ətrafda onun kimi maya yoxdu. Eşitməmisənmi, deyirlər, övladda nəvə, dövlətdə dəvə. Dəvə kimi xeyirli, faydalı heyvan yoxdu. Yunu göz qaytarır, ən yaxşı mitil, iplik ondan olur. Südü şiş xəstəliyinin, şəkərin dərmanıdı.  Əti də ki bərəkətli. Bir dəvəni kəsib satsan, neçə inəyin, qoyunun puluna bərabər gəlir verir.  Adamdan xərc-xəsarat istəməz. Səhrada, düzənliklərdə  quraxlıx zamanı dəvə içdiyi suyu mədəsinin bir tərəfinə yığıb saxlıyır. Hətta sidik ifrazını da xeyli azalda bilr. Dəvə yeganə heyvandı ki, susuzluğunu dəf etmək üçün dəniz suyunu da içə bilir.  Onu Allah bir möcüzə yaradıb.  Düzənlik yerlərdə dəvətikanı otlayıb il uzunu dolanır. 
       Bunu eşidəndə lap təəccübləndim:
     --Əhəd əmi, tikanı necə yeyir yazıq heyvan? Ağzına batmır o tikanlar? Tikana yəqin buna görə dəvənin adını veriblər hə?—deyə soruşdum.
        Əhəd əmi:
       --Hə, a qızım. O bitki çox faydalıdı. Dəvənin ən çox yediyi odu. Dəvətikanı mədə-bağırsağın dərmanıdı. Dəvələr yeganə heyvandı ki, bağırsax xəstəliyinə tutulmullar. Həə,  bilrsənmi ki, insannar da dəvətikanı yesələr, bağırsax xəstəliyinə tutulmazlar?--deyəndə lap təəccübləndim
        --Əhəd əmi, insanlar o cür cod, bərk şeyi necə yeyə bilər?—deyə soruşanda Əhəd əmi dedi;
        --Tikan həmişə cod olmur ki. Yazda çox kövrək,  turşməzə tamı olan, sulu, bir az da ağız büzən yaşıl , cavan dəvətikanı bitkisini düzənliklərdə, hər yerdə görə bilərsən. Bax onu yığıb yemək, çiçəkləyəndə isə qurudub çayını içmək insanı bağırsax xəstəliyinnən qurtarır. Dəvətikanı bağırsaxları çox gücləndirir.
         Eşitdiklərimi Tanrının mənə hədiyyə kimi verdiyi iti yaddaşıma yazır, mövzuya aid yeni suallar verirdim:
     --Sən niyə çoxlu dəvə saxlamırsan, Əhəd əmi? Mən də yekələndə dəvə saxlayan olacam, çoxlu dəvəm olacaq,--deyib ona baxdım.
      Onun gözləri doldu.  Mütəəssir olmuşdu. Məni qucağına alıb dizinin üstündə oturtdu. Saçımdan öpüb başımı tumarlayaraq:
       --Kaş o üç oğlumdan heç olmasa biri sənə oxşuyaydı, heç dərdim olmazdı,--deyib köksünü ötürdü, sonra sözünə davam edərək:
   --Bunları güclə saxlıyıram. Madiyə yenə doğub törəyəcək. Balaları da özü kimi xas olur.   Bax bu Bəyzoy köşək vaxtı bir az sısqa idi. Deyirdilər ki, yəqin, cinsi qarışıb. Ancaq mən bilirdim ki, onnan qəşəng bir bığır olacaq,--dedi.
      -- Bığır nədi, Əhəd əmi?—sual dolu nəzərlərimi yenə ona dikdim.
      Mənim hər şeylə maraqlanmağım Əhəd əminin xoşuna gəlirdi. Suallarıma həvəslə cavab verird:
       --Bığır, a keçi qız,  ikihürgüclü dəvənin erkəyinə deyilir,--dedi.
      Əhəd əminin dəvələrə ad qoyması da mənə təəccüblü gəlirdi.  Sonra öyrəndim ki,  bu ətrafda dəvəsinə ad qoyan elə təkcə Əhəd əmidi. O biri dəvəsinin adı  Xanzoy idi.  Bunu  eşidəndə gülməkdən öldüm və :
      --Əhəd əmi,  Madiyənin adını gərək  Madiyə yox,  Şahzoy  qoyaydız ,--deyib uğundum. Bacım mənə baxıb gözünü ağardır, göz-qaş edir, susmağıma işarə edirdi. Mən isə :
      --Bəyzoy, Xanzoy, Şahzoy,--deyə-deyə atılıb düşürdüm.
         Əhəd əmi bığaltı gülümsünüb:
      --A keçi qız, sən,  deyəsən, pişik başı bəzəyənsən axı,--dedi,--gəl sənə bir şey də danışım. Dəvəmə ad qoymasaydım, indi heç Bəyzoy yox idi. 
        Yeni bir hekayə dinləmək marağı  şitliyimi unutdurdu. Daşın üstünə çıxaraq ayaqlarımı aşağı sallayıb  yelləmıyə başladım. Əhəd əminin  səsinin ahəngindən maraqlı bir şey danışacağına əmindim.
          --Bir dəfə aşağı obalara--tərəkəmələrə heyvannar üçün daş duz gətirməyə getmişdim. Bizim obadan yuxarı yastanlarda görmüşdün haa, iri, sal duzlar, heyvanların yalaması üçün duzlağa  qoyduxlarımız, bax onnan. Gejəyə düşdüyüm üçün orda qalası oldum. Madiyəni xıxladıb dizini bağladım,  Bəyzoy da yanında idi. Tərəkəmə uşaxlarının Bəyzoya gözü düşür. Araya alıb aparır, obadan kənar ağıla salırlar. Tezdən durdum,  gördüm, Bəyzoy yoxdu. Nə illah elədim, boynuna alan olmadı: "Burda yoxdu, bizlik deyil,”-- deyib durdular. Hündür bir daşın üstünə çıxıb əlimi qulağımın dibinə verdim , var güjümnən dörd tərəfə: "Bəyzoooy, Bəyzoooy, heeey, Bəyzoooy”,-- deyib çağırdım.  Burunun o tərəfinnən, tərəkəmənin ağılınnan  bir anqırmağ elədi ki, gəl görəsən. Astaca gedib ağılı açdım, Bəyzoyu çıxarıb gətirdim. Onnan sonra taa onnarnan   "salaməleyküm” eləmədim. Etibarları sınıx çıxdı. Ancax başqa obalarda yaxşı, etibarrı tərəkəmə dostlarım var. Bel bağlamaq olur.
          Bundan sonra mən bir daha Əhəd əminin dəvələrinin adına lağ eləmədim.
        Günortadan sonra Əhəd əmi Bəyzoyu götürüb :
     --Mən yuxarılara—kürd  Əhmədin obasına gedəjəm. Vacib işim var. Uşaxlar getsin, Qıvreyin obasınnan dediklərimi gətirsin,--deyib getdi.
     Bu vaxt bacımın üzünə baxdım.Sifəti qıpqırmızı idi, alışıb yanırdı. Süsən nənə əlini onun alnına qoyanda:
       --Bay, evin tikilsin, sənin qızdırman var, bala. Allah, sən kömək ol, amanat uşaxdı,-deyib əl-ayağa düşdü. Bacıma yer saldı.  Çay dəmləyib cürbəcür mürəbbə, otlar gətirdi. Mənim qanım bərk qaralmışdı. Həm bacımın xəstələnməyinə görə, həm də elə düşünmüşdüm ki, Səməngüllə bacım gedər, mən qalaram. Uzaq yolu dəvə ilə getməkdən canım qurtarar. Ancaq indi artıq çıxış yolum qalmamışdı.
        Səməngül və mən yola Madiyə ilə çıxdıq. O qabaqda, mən isə arxasında tərkləşib üzüaşağı- bataqlığın yanı ilə uzanan çığırla Əhəd əmi dediyi obaya sallandıq. Bataqlığı o tərəfə keçmədiyimiz üçün sevindim. Həmin oba o qədər də uzaq deyilmiş. Çünki burunu dönən kimi uzaqdan qaralan alaçıqları göstərən Səməngül:
      --Bax ora gedəsiyik. Qıvreyin obası odu,--dedi 
        Obaya  -üzüyenişə gedən yol aşağılarda enlənirdi, yəni ordan  fayton və ya araba ilə, yük maşını ilə də getmək olardı və mənzil başına  bir az qalmış yolun üstündə iri bir qoz ağacı görünürdü. Mənim ağzım ətrafa əyildiyindən  ağaca necə yaxınlaşdığımızı bilmədim. Səməngül onun altından keçəndə əyildi və məni xəbərdar etməyi unutdu. O əyilən kimi düz boğazıma dirənən dolayı dayanmış qoz ağacının budağını görən anda  əlimi Səməngülün belindən boşlayıb budaqdan yapışdım. Dəvə və Səməngül altımdan çıxıb getdilər, budaqdan sallaşa qaldım. Elə cikkə çəkdim ki,  qışqırtıma obanın yaxınlığında quzu otaran cavan uşaqlar dönüb baxdılar.  Bir–ikisi bizə sarı  qaçmağa başladı.  Elə bu vaxt sanki yerin dibindən çıxan bir atlı güllə kimi mənə tərəf cumub ayaqlarımdan yapışdı:
      --Əlini burax , səni tutmuşam, qorxma, yıxılmağa qoymaram,--deyib məni astaca silkələyr, əlimi budaqdan qoparmağa çalışırdı. Ancaq  əllərim  kəlbətin kimi bir-birinə keçmiş, budaqdan elə yapışmışdım ki, yıxılmaq qorxusundan açmaq istəmirdim. Həmin adam əlimi birtəhər budaqdan qoparıb məni qucağına götürərək birbaşa Madiyəyə sarı getdi və Səməngülün tərkinə qoydu. Madiyə dayanıb gözləyirdi, heç qımıldanmırdı da. Bu vaxt o adamın Səməngül çayda çimərkən ona baxan oğlan olduğunu tanıdım. O, göydəmir bir ata minmişdi. At sanki nağıllardakı kimi elə qəşəng , oynaq və yaraşıqlı idi ki. Mənim gözümdən düşən həmin oğlan atın üstündə çox fərqli  -gözəl görünürdü. Dümdüz, qapqara saçları gözünün üstünə tökülmüşdü. Bu  dağlarda gün keçirənlərə  xas olaraq  yanaqları  qıpqırmızı idi.  Madiyənin ikiqat düzülmüş kirpikləri kimi sımsıx kirpiklərin əhatə etdiyi gözləri  qəşəng və işıqlı idi. Əyninə boz köynək və dəridən qolsuz gödəkçə geymiş,  kəmərindən asılan  qından  qəməsinin bəzəkli dəstəyi görünürdü. Gülümsər gözlərini Səməngülə dikmiş, Səməngül də ona baxıb gülümsəyirdi. Onlar beləcə bir an baxışdıqdan sonra Səməngül:
     -- Sağ ol, Mərdan,--dedi.
       Hər şey tərsinə dönmüşdü. Xoşum gəlməyən, içimdə haqqında ikrahla düşündüyüm adam  indi məni xilas edən qəhrəmana dönmüşdü.
       Biz Qıvreyin obasından tez qayıtdıq. Alaçığına getdiyimiz adam—Qıvreyin arvadı Münəvvər nə qədər təkid elədisə, Səməngül çay-çörəyə qalmadı. Mən hiss etdim ki, o Mərdana görə orda ləngimədi. Alacağımızı-üst-üstə yığılıb kip bağlanmış beş ədəd hazır motal dərisini  götürüb tez geri qayıtdıq.  Həmin qoz ağacını keçib obaya qalxan döşə çatanda Mərdanın atı çəmənliyə buraxıb böyrü üstə uzandığını gördüm. Bizi görən kimi cəld qalxıb yəhərə atıldı, atı muşqurub  yanımızda o tərəf-bu tərəfə səyirtməyə başladı. Səməngül Mərdana baxıb için-için gülür, alnına, gözünün üstünə tökülmüş şabalıdı,  qıvırcıq  saçlarını  barmaqları ilə yana daraqlayır, telləri yenə tərs, şıltaq uşaq kimi gözünün üstündə oynaşmağa başlayırdı. O dəmdə hiss etdiklərim o qədər həyəcanlı və ecazkar idi ki.  Bu göydəmir atlı oğlanın Səməngülün lüt bədəninə baxmağını tamam unutmuşdum. Bütün ətrafımızı sevgi, məhəbbət haləsi bürümüşdü. 
         Biz Aşağı obanın qənşərinə çatanda Mərdan bir anda atını oynadıb yox oldu.  Evə gələn kimi bacımın yanına qaçdım. Bərk yuxuya getmişdi.
      --Oyatma, kəklikotu, qantəpər içirdim, tərriyib. Qoy yatsın, oyananda əvvəlkinnən də yaxşı olacax,--deyə Süsən nənə məni xəbərdar etdi. 
             Səhər oyananda yorğanın altında üşüdüyümü hiss etdim. İçəri də yarımqaranlıq idi. Alaçıqdan bayıra çıxanda sıx dumanın hər yeri bürüdüyünü gördüm. Göz gözü görmürdü. Sanki bütün dünya  qaldığımız bu alaçıqdan ibarətdi. İçimə bir sıxıntı çökdü.  Alaçıqdan bir az o yana Səməngül və Süsən nənənin səsi gəlirdi.  Əhəd əmi yenə yox idi.  Onlar içəri mübahisə edə-edə girdilər:
    --Nənə, vallah, əsl ayının  fürsət aradığı  havadı. Elə qabağına kim çıxsa, qapazlıyıb aparacax,- deyə Səməngül yarızarafat-yarıciddi  dedi.
      -- Yox əşi, daha o vaxtlar keçdi. Hamının tüfəngi var. Oba da doludu itnən. Kimə neyliyəjək ayı?--deyə Süsən nənə cavab verdi.
     Səməngül birdən qaqqanaq çəkib:
    --Nənə, birdən bir şorgözü  gəldi, səni qoltuğuna vurub apardı, özünə arvad elədi, əlin hara çatacaq?-deyə bic-bic  Süsən nənəyə baxdı.
    -- A xatakar, mənim qorxum yoxdu, ələyim ələnib, xəlbirim göydə oynuyur. Həm də kişim qan eliyər. Sən özünnən qorx. Cavan, qəşəng qızsan. Səndən kim keçər? Handa qala , ayı ola, - deyib ona sataşdı. 
     Söhbətin məğzini  sonra anladım. Dağdakıların arasında gəzən rəvayətlərə görə guya ayılar qəşəng qadınları sevirlər və  oğurlayıb mağaralarına aparırlar.  Və  onların danışmaqlarından öyrəndim ki,  ayı çox vaxt  dumanlı havada ova çıxır. Külək ona  tərəf əsəndə itlər ayının qoxusunu ala bilmir. Dumandan  qəfil  çıxıb heyvanları qoltuğuna vurub aparır.  Elə öddəkdim ki, ayının adamları aparmasını eşidəndə bət-bənizim qaçdı:
        --Süsən nənə, uşaqları da aparır ayı?—deyə qorxudan iri açılmış gözlərimi ona dikdim.
      Arvad birdən əlini əlinə vurub:
     --Ayı səni neyliyəjək? Dişə dəyəsi bir şey var səndə? Ələngə gəldin, ələngə də gedəcəksən evinizə. Gör bacın necə əməlləşib. Yanağına qırmızılıx  gəlib. Sən dayça kimi ora-bura qaçmaxdan başqa bir şey bilmirsən. Yediyin də üzünə çıxmır,-- deyə mənə sataşaraq  güldü.  Həm də məni qorxudan çıxarmaq  istədi. Ürəyim sıxıldı, süfrənin qırağında oturmuşduq, tez ayağımın birini  kənara uzadıb isti şalvarımı yuxarı çəkərək  ayağıma  baxdım, sonra qolumu çırmadm. İkisi də çöp kimi arıq idi.  Onların üçü də bir-birinə qoşulub uğunub getdilər. Ayının məni bəyənib aparmayacağını düşünüb bir az toxdadım. Ancaq həm də pərt olmuşdum. Özümə söz verdim ki, çox yeyib kökələcəm, mənə ələngə deməsinlər.
       Üç gün evdən bayıra çıxa bilmədik. Duman çəkilmək bilmirdi. Əhəd əmi:
    -- Tufan olmağındansa, duman olmağı yaxşıdır. Nə qədər davam etsə də, çəkilib gedəjək,--deyirdi.
      Eşitdim ki, burda elə güclü tufanlar olub,  alaçıqları götürüb aparıb. Hətta inəkləri də apararaq uzaqlara atıb. O üç günü təzək peçinin yanında oturub Süsən nənə və Əhəd əminin maraqlı söhbətlərinə qulaq asdım. Əhəd əmi tufanla bağlı bir əhvalatı danışdı: 
       --Bir dəfə Əhmədgilnən birlikdə yaylağa gəlirdik.  Kürd Əhmədin oğlu Şərif  Səməngüldən iki yaş böykdür, bunnar lap uşağ idilər.  Qannı gölün yanında ikisini də götürüb hərəsini dəvənin belində mitil yığdığımız  məfrəşin bir gözünə-mitillərin üstünə qoydux. Tufan bizi yolda haxladı, özümü daldaya verib qayaların  arasında güclə bənd aldım. İndiyəcən o cür güjdü tufan görməmişəm. Dəvənin ovsarını əlimdə möhkəm saxlasam da, birdən əlimnən çıxdı. Tufannan gözümü açıb bir yerə baxa bilmir,  daldalandığım yerdən çıxa bilmirdim. Əlim yerdən-göydən üzüldü. Bircə Madiyənin hünərinə güvənir, etibar edirdim.  Onda gözüm seçdi ki,  Madiyə özü çöküb yerə, dizin-dizin qayaların arasına sürünür ki, külək uşaxları  məfrəşdən götürüb aparmasın. Birtəhər məfrəşdərin ağzını büzüb bağladım, tufan yavaşıyannan sonra  sağ-salamat gəlib çıxdıx.
      --Əhəd əmi, bəs külək toz-torpağı Madiyənin gözünə doldurmurdu? Necə görmüşdü səni?—deyə soruşanda Əhəd əmi:
     --A şeytan qızım, adamda iki göz qapağı olmağına baxma, dəvələrdə üçüncü göz qapağı olur.Özü də şəffaf. Bərk külək, tufan olanda üçüncü göz qapağı ilə gözünü örtüb baxır, hər yeri görür, gözünə də toz-torpaq dolmur.
     Əhəd əmi  dəvələr haqqında bu qədər məlumatları  ilə  məni hər an heyrətə salırdı.
        Oba cavanları Əhəd əminin növbəsini özləri çəkdi, dumanda onu qoyun hərləməyə, ağıllara baş çəkməyə qoymadılar neçə gün.  Onda hiss etdim ki, Əhəd əminin bu obada nüfuzu, hörməti böyükdü.  Alaçıqda dustaq qaldığımız bu üç gündə mənim diqqətimi çəkən  bir şey də vardı: Əhəd əminin Süsən nənəyə münasibəti. O arvadına ən çox : "A xatun”-deyə müraciət edirdi. O qədər qayğıkeşliklə, o qədər sevgi və hörmətlə yanaşırdı ki, Süsən nənəyə. Bunu əvvəlcə heç hiss etməmişdim. Samovarı özü qaynadır, çayı da özü dəmləyib süzürdi. Axşam döşəkləri yükdən özü daşıyıb gətirir, səhər yenə yükə qaldırırdı. Süsən nənə də ərinə nazlanır: 
       --A Sarı, qoy özüm eliyəjəm. Sən otur, ancağ əlinə fürsət keçib, bir dincəl,- deyib onu əzizlərdi. İlk evliliklərindən yarımayan bu  iki adam bir-birini o qədər gözəl tamamlayır, sözsüz anlayır və sevirdilər ki. Sonralar məhəbbətdən söz düşəndə o dağlarda müdrik sevginin , əsl insan məhəbbətinin tamını  ömrünün yarısından sonra dadan bu iki adam yadıma düşərdi. Onlar bir-birinə məhkum deyildilər, onlar bir-birini  anlayır, dəyərləndirir, bir-birini qoruyur,   bir- birinin arxasında dayanırdıar.  Bu , sözün həqiqi mənasında əsl sevgi üzərində qurulmuş  sarsılmaz ittifaq idi.
        Dumanlı gündə mənim üçün ən dəhşətli problem zəruri ehtiyac üçün alaçıqdan bayıra çxmaq olmuşdu. Bacıma və Səməngülə dirənib ikisinin də mənimlə getməsini istəyirdim. Onlar bəzən əsəbləşir, mənimlə getmək istəmirdilər. Ayının qorxusu canıma elə çökmüşdü ki, bir an yadımdam çıxmırdı. Və bir dəfə   alaçığa qayıdanda məndən bir az aralı sıx dumanın içindən gələn camış manqırtsına bənzər boğuq səs eşitdim. Özümü güllə kimi alaçığa salaraq:
      --Süsən nənə, ayı var, ayı!!   Düz alaçığın yanına gəlib! Az qalırdı məni aparsın!  Özüm gördüm, səsini eşitdim!--deyə qışqırmağa başladım. Bir haray-həşir salmışdım ki, gəl görəsən. Ancaq onların heç vecinə də olmadı.
       Süsən nənə:
   --Sən elə bilirsən, səs alaçığa gəlmir? O səsi biz də eşitdik. Əhəd babayın dəvəsinin səsidi, a bala. Ayının qorxusu səni birtəhər eliyəjək.  Duman çəkilib getsəydi, bu uşağın aynası açılardı,--dedi.
          Qızlar yenə :
    --Nənə demədi ki, ayılar iskeletləri aparmır? Sən qorxma, səni aparmaz. Dişini-başını qırmıyacax ki səndən ötrü,-deyib məni cırnatmağa başladılar.
        Bir azdan Əhəd əmi içəri girib ləyən istədi. Gətirdiyi səliqə ilə doğranmış, iri sümükləri çıxarılmış quzu ətini ləyənə boşaldıb:
       --A xatun, nə deyirsən, uşaxlara bir dəri bozartması bişirəkmi?—dedi. 
      --Vallah, yaman yaxşı olar, dişimizi dəyişərik,-- deyən Süsən nənə cəld  tədarük görməyə başladı. Xeyli soğan gətirib soymaq üçün bacımla Səməngülə verdi. Özü çoxlu əvəlik, ələyiz, nanə qurusu, kəklikotu , duz-istiot, doğranmış lavaşa  çıxarıb ətin üzərinə tökdü və soğanı əlavə edib qarışdırdı.  Əhəd əmi:
     --Mən gedim, təndiri qalıyım,-deyib çölə çıxdı.
      O gedəndən sonra Süsən nənə ədviyyatla qarışdırdığı əti quzunun bütöv çıxarılmış dərisinin quyruq tərəfdən içərisinə  yığmağa  başladı. Onun dörd tərəfinə hərlənir, maraqla baxırdım.  Ət dərinin ortasında bir qırıq qaldı. O, dərinin artq qalan hissəsini metal məftillə möhkəm bağlayıb əti dərinin içində kipləşdirdi. Əl və ayaq yerlərini də dibdən bağlayıb artıq dəriləri kəsib atdı.  Uzunsov, yunlu və başı, qol-qıçı olmayan quzuya bənzər qəribə bir şey əmələ gəldi. Düzəltdiyini götürüb çölə çıxdıq və alaçığın yaxınlığında Süsən nənənin neçə il əvvəl öz əli ilə qoyduğu, ağzını həmişə kip bağladıqları kiçik təndirin yanına apardıq.  Közün düşməyinə az qalmışdı. Əhəd əmi təndiri qarışdırır, közləri qızışdırırdı. Nəhayət, köz düşdükdən sonra ət yığılmış dərini közün içinə basdırdılar. Təndirin ağzını yanoy örtüb alaçığa qayıtdıq. Azca keçmiş yanmış yunun iyi ətrafı bürüdü. Ödüm ağzıma gəlirdi. 
      --Mən ondan bir tikə də yemiyəcəm,-deyə düşünürdüm.
     Tezliklə yanmış yunun iyini çox dadlı,  tamlı bir yemək qoxusu əvəz elədi. Əhəd əmi hərdən gedib baxır:
    --Az qalıb, siz süfrəni hazırlayın,--deyirdi.
         Sonuncu dəfə getdikdən sonra iri mis məcməyinin içində  közdə bişmiş nəhəng kartofa bənzər, qızarmış bir şeylə içəri girdi. Yun tamam yanmış, dəri qıpqrmızı qızarmış, yığışıb kömbələnmişdi. Süsən nənə onun üstünü tərtəmiz sildi,  bıçaqla qaşıyıb təmizlədi. Ortalığa gətirəndə iri, parıldayan bıçağı ərinə  verib:
       --A Sarı , yar,  görək  nejə çıxıb?—dedi.
       Əhəd əmi bıçağı ehtiyatla dəriyə çəkəndə zəif bir paqqıltı səsi çıxdı. İlik kimi bişmiş, ədviyyatlı quzu tikələri buğlana-buğlana  yarıqdan bayıra çıxdı. Həmin günü həyatımda ən dadlı yeməyi yedim.
         Axşama duman çəkildi. Tərtəmiz səmada əlimiz çatacaqmış kimi yaxın görünən, bol-bol sayrışan ulduzlar göründü. Mənim qorxularım o dumanla çıxıb  getdi. Ancaq onunla bərabər həmin günlərdə eşidib gördüklərim  xatirimdə elə dərin kök saldı ki, dağla bağlı xatirələrimin ən gözəl və maraqlı səhifələrinə çevrildi.
          Sabahdan yenə oba cavanlarının əyləncələri, axşamlar çalıb-oynamaqları başlandı.  Gündüzlər at yarışlarına çıxır, it boğuşdurur, xoruz döyüşdürürdülər. Əhəd əminin çox bəzzad itləri vardı.   Oba cavanları  hey onları boğuşdurmaq üçün istəsələr də, Əhəd əmi heç vaxt razılıq vermədi. Ancaq onun
"Qırxpipik” dediyi iri bir xoruzu vardı.  Yeməklərin qalığını çox vaxt ona verər,  hərdən çiy ət də atardılar. Bir dəfə Səməngül ətdən artıq qalmış piy və quyruq qırıqlarını ona vermək istəyəndə Əhəd əmi qoymadı:
      --Vermə, qızım, xoruza quyrux verdin haa,   taa onnan döyüşçü çıxmaz, qol-qıçını yağ basajax,--dedi. 
      O, hərdən xoruzu götürüb obanın kənarındakı düzənliyə gedir, Aşağı obanınkılarla  döyüşdürürdü. Öz obasından olan xoruzlarla ona görə döyüşdürmürdü ki, deyirdi, bir-birinə ləj düşəcəklər, xoruzun günü döyüşməkdə keçəcək,  gücü azalacaq.  Xoruz döyüşünə ancaq kişilər və oğlanlar baxırdı. Qadınların və qızların ora getməsi qadağan idi. Oğlansayağı paltar geyindiyim və balaca olduğum üçün ora getməyimin heç kəs fərqinə varmırdı. Meydana atdıqları xoruzları qızışdırır, döyüşə təhrik edirdilər. Əhəd əmi:
     --Dik-dik, dik-dik, dik-dik, a qızılbaş haa, a səni ölmüyəsən, caynaxla haa, halaldı haa,  hoyye-heyy, --deyə xoruzunu qızışdırır  və bu döyüşlərdə, demək olar ki, həmişə "Qırxpipik” qalib gəlirdi.  Gələndə xoruzu hinə atar, qabağına dən-su qoyub qapını bağlardı. O yekəlikdə adam bir xoruzun qələbəsinə görə elə sevinər,  elə  qürrələnərdi ki, heç elə bil o böyüklükdə dəvələri ram eliyən adam bu deyildi. 
        Mən hərdən Səməngülün gözdən oğurlanıb sevdiyi oğlanla görüşə getdiyini hiss edirdim. Elə bu arada Əhəd əminin  dostu kürd Əhməd  oğlu Şərif üçün Səməngülə elçi gəldi.  Axşam lampa işığında oturub söhbət elədilər. Kürd  Əhməd :
      --Sən irazılıx ver, payızda toylarını eliyək,-dedi.
           Əhəd əmi isə:
       -- Qoy bir cavannarın ağzını arıyax,  nə tələsiklikdi?--deyib məsələni yubatmaq istədi.
          Kürd Əhməd:
       --Şərif özü deyib qıza, bilir. Niyə yubadax, Əhəd? Xeyir işi yubatmazlar,--deyə cavab verdi.
      Hamı bir-birinə baxdı. Süsən nənə Səməngülü bir kənara çəkib:
       --Səmən, sənə deyib Şərif? Razısan?- deyə soruşdu. 
        O dəmdə Süsən nənənin səsində elə qəribə hüzn və kədər, həm də narahatlıq  vardı ki, sanki qızının razılıq verməsi anasının  ölüm hökmü olacaqdı.
       --Bir dəfə deyib. Axşam  qız paltarı geyib oynamağa gəlmişdi şenliyə, bizim obuya. Mən razılıx  verməmişəm. Onu istəmirəm,--deyə Səməngül cavab verəndə mən məsələni anladım. Deməli,  axşam şənliyində Səməngülə ürəyini açan Mərdan yox, Şərif imiş. 
        Kürd Əhməd və onunla gələnlər məsələni hələlik yarımçıq qoyub getdilər.
        Heç iki gün keçməmiş axşamüstü bizim obadan olan iki dağlı qadın başılovlu özlərini  alaçığa saldı:
      --A  Süsən,  xavardan xavarın varmı? Qıvreyin obasınnan Hasanqulu oğlu Mərdan sizə elçi göndərən  Şərifi qəməliyif.  Deyillər, vəziyyəti ağırdı,  dədəsi hələlik hökümətə xavar eləmiyif. Aşağıdan həkim gətiriflər, yarasını tikiflər.
      Səməngülün gözləri alacalandı. Sifətinin rəngi qaçdı, ayaqüstə dayana bilməyib yerə çökdü. Özünü ələ almağa çalışsa da, doluxsunmuş gözlərini gizlədə bilmədi:
        --A dəli, sən niyə elə eliyirsən? Səninki nəlikdi? –deyə nənəsi soruşanda:.
       -- Heş nə, nənə, heş nə olmuyub,-- desə də, birdən əlləri ilə üzünü qapayıb hönkürən Səməngülü görəndə qonşular şübhəli-şübhəli baxışdılar. 
       Onlar gedəndən bir az sonra Əhəd əmi gəldi. Bütün əhvalatı ondan öyrəndik:
   --Hasanqulunun oğlu  Mərdan  Şərifin elçi göndərməyini eşidib,  Aşağı obada qabağını kəsib, deyib ki,  o qızı mən istiyirəm. Qız da məni istiyir. Yolumnan çəkil. O da ağızdan pərtovun biridi axı, bilirsən, xatun. Ağzına gələni deyib, tutaxlaşıblar. Mərdan da qəməsini çıxarıb, soxub bunun qarnına. 
        Bu sözləri Əhəd əmi çox aramla, sıxıla-sıxıla, bir az da pərt olmuş kimi deyirdi. 
   --İndi  uşax nejədi, görən? Bə Mərdan hardadı, tutmuyublar ki?—deyə arvadı soruşanda o:
  --Uşax pis döyül, yarası yaxşıdı. Ancax qohum-qardaşı, dədəsi qan eliyir: "Hayıfımızı çıxajıyıx,-deyillər,-- ya  tutdurajıyıx, ya da əvəzinə qan alajıyıx”,-- cavabını verdi.
       Birdən Səməngül iki əli ilə üzünü tutub  yukun dibinə qısılaraq ağlaya-ağlaya:
      --Dədə, noolar, qoyma, onu tutsunlar. Sözün hər yerdə keçir. Saa qurban olum, noolar, dədə, qoyma  tutsunlar. Barışıq elə. Əhməd əmi səni eşidər,--dedi.
        Əhəd əmi qapqara qaraldı. Süsən nənəyə baxıb başı ilə işarə elədi ki, yəni, çölə çıx.    Hər ikisi alaçıqdan bayıra çıxdılar. Çöldən onların gudur-gudur danışıqları gəlirdi. Bu cür gərgin anlarda həmişə gözə görünməməyə, kənarda qalmağa,  bəlkə də, qorxduğum üçün bu cür etməyə çalışan mən Səməngülün böyrünə qısılıb durmuşdum. Hərdən :
     --Ağalama, Səmən, ağlama daa, noolar?--deyə  onun əlini sığallayırdım. O, əini üzündən çəkib məni qucaqladı və bir əli ilə böyrünə sıxıb eləcə qaldı.
           Bir azdan Süsən nənə içəri girdi. Sifəti avazımışdı. Gəib yerdən Səməngülün yanında oturdu. Onun əlini əlinə alıb:
       --Səmən, bu iş düzələsi işə oxşamır. O uşağın Şərifi qəmələməsi heç yaxşı əlamət döyül. Bəlkə,  sözü çəp gəlsə, səni də elə vuracaq? Həm də görək, bu Şərfgilin adamları  onu neyliyəjək, rahat qoyajaxlarmı?-dedi.
           Səməngül heç nə demədi. Qüssəli baxışlarını aşağı dikib dayanmışdı. Ona baxıb mən də sıxılırdım. 
       Uşaqlar mələk kimidirlər. Onlar görünməyən şeyləri də görür, insanın baxışından, duruşundan, gözünün ifadəsindən, aurasından  qarşı tərəfin bütün fikirlərini oxuya bilirlər. Lap adlandıra bilməsələr də, bu barədə danışa bilməsələr də, uşaqlar böyüklərdən yaxşı görürlər.  O vaxt hiss etdiklərimi sonralar tam aydınlığı ilə dərk edirdim.  Hiss edirdim ki, Süsən nənə Səməngülü gözündən irağa qoymaq istəmir. Uzun illər övlad həsrəti ilə yaşayan qadın  doğma  övladı olmasa da, Səməngülü doğma balası kimi sevirdi. Bu sevgidə övlada olan sevgidən başqa, nəsə tamam başqa bir şey - Səməngülə bir tutuqluluq da vardı. Sanki  onun ailə qurub ocağı tərk eləməsi ilə Süsən nənə uzun illər əzabını çəkdiyi övladsızlıq ağrılarını, tənhalığın acılarını yenidən yaşamağa başlayacaqdı. Həm də ev və təsərrüfat işlərində nənəsinin ən yaxın köməkçisi olan Səməngülü əldən qoymaq istəmirdi qadın.  Əhəd əmi isə Səməngülün Şərifi sevməməsinə görə rahat nəfəs aldı. Çünki o, Şərifi heç xoşlamırdı. 
         Səhəri gün Əhəd əminin xəbər uçurduğu adamların hamısı alaçığa yığışdı. Mərdanın atası Hasanqulu kişi də gəlmişdi. Məlum oldu ki, Hasanqulu ilə Əhəd əmi  bundan əvvəl  hardasa görüşüblər və bu tədbiri birlikdə töküblər. Görən kimi onu tanıdım, çünki oğlu eyzən atasına bənzəyirdi.  Çox yaraşıqlı, ucaboy, gözündən gülən biri idi.  Onu görəndə  ürəyimdə fikirləşdim ki,  Mərdan da yaşlananda atası kimi belə yaraşıqlı kişi olacaq və o anda xəyalımda  Səməngülə  Mərdan üçün gələn elçilərə artıq "hə” cavabını vermişdim. 
      Onlar çox gec-- gecədən keçmiş qayıdıb gəldilər. Obadan olanlar öz alaçıqlarına getmiş, uzaqdan gələn iki nəfər isə  Əhəd əmi ilə bizim alaçığa gəldilər.  Yorğun olsalar da, üzlərində bir razılıq  və arxayınçılıq vardı . Süsən nənə çay süzdü, süfrə arxasında oturub danışmağa başladılar. Bacım yatmışdı,  Səməngüllə mən isə  alaçığın bir tərəfinə çəkilmiş və bizim yataq yerimizi  digərlərindən ayıran cecimin arxasından  onların söhbətinə qulaq asırdıq.
     --Əhəd, başıma gəlsən, səni rədd etmənəm. Sən ki mənim bu günümdə irəli durdun, məni, balamı  bu xatadan sovuşdurdun, ölənəcən qulunam,- deyə Mərdanın atası sözə başladı. Səməngülə də elə bu lazım idi. Barmaqlarını çataqlayıb çənəsinin altında tutaraq diziüstə oturmuş halda yavaşca, pıçıltıyla, bəlkə, yüz dəfə: "Allah, çox şükür, şükürlər olsun, ya Rəbbim, çox şükür, şükür”,- dedi və meymun balası kimi döşəyin bir tərəfində çöməlmiş   məni cəld  qapıb bağrına basaraq yorğana büründü. Sonra ikimiz də Hasanqulunun:
       --Bu iş xeyirliklə bitsin, elçilərimi göndərəjəm, Əhəd ,--dediyini eşitdik. Səməngül titrəyə-titrəyə,  bərk-bərk mənə sarıldı.  Heç vaxt duxi  görməyən və çiçək ətri verən bədənin rayihəsi məni vurdu. Çöp kimi arıqca qollarımla onu qucaqladım. Səməngülün məni belə qucaqlaması, öpməsi, mehri məni  elə kövrəldib, özünə elə bağlamışdı ki, sanki ən doğma adamımdı. Qaşqabaqlı və daim iş-güclə məşğul olan anam bir dəfə də olsun məni belə qucaqlayıb üzümdən öpməmişdi.  Və sonralar da həyatım boyu bu cür ana mehrinin korluğunu çəkdim. Bizə canını qurban verməyə hazır olan anam mehrini verməyi bacarmadı.
        İki gün sonra Nasanqulunun adamları Əhəd əmini  və özləri ilə gətirdikləri ata yüklənmiş çoxlu malları, iki böyük, cins dişi dana və on qoyunu götürüb kürd Əhmədin obasına yola düşdülər. Səməngülün çiçəyi çırtlamışdı. Sevindiyindən ayağı yerə dəymir,  quş kimi uçurdu. Hamımızn aynası açılmışdı, bircə Süsən nənə nədənsə qayğılı görünürdü. Səməngül onun o tərəf-bu tərfinə keçir, güldürməyə, ağırlıqdan çıxarmağa çalışrdı:
     --Nənə, baxarsan, hər şey yaxşı olacaq, vallah, hər şey yaxşı olacaq,-deyirdi.
    -- Sənin nə vədəndi axı? İndidən eşqin vurub topuğuna. On  səkkizi təzə tamam eləmisən, niyə belə tələsirsən, qızım?-deyə Süsən nənə dediyində durmuşdu.
       --Nənə, axı qalıb neyliyəcəm ki? Sənədlərimi instituta verməyə, oxumağa qoymadınız ki, qız uşağısan, uzaq şəhərdə tək-tənha nə işin var?  İndi də belə.
       -- Hə, nooldu indi? İndi də böyürdən bu biri "inistut"  çıxdı hııı?
      --Nənə, bu "inistut” əzəl-axır olmalıdı, niyə elə deyirsən? Vallah, Mərdan yaxşı oğlandı, baxarsan, sənə yaxşı yeznəlik eliyəcək. Onun nəyi xoşuna gəlmir axı?-deyə Səməngül gah zarafatla, gah da ciddi nənəsinin könlünü almaq istəyəndə Süsən nənə:
      --Daha səndə abır da qalmıyıb axı, deyəsən,-- deyərək çölə çıxa-çıxa biz eşitməyək deyə öz-özünə, --qaraçı qız "filan”ını tərifləyən kimi,  sən də  Hasanqulunun gədəsini təriflə görək,  görəjiyik sonrasını,--dedi.
       Səməngül də, biz də bu sözləri eşitdik. Mən "filan”ı  eşidəndə qulaqlarımacan qızardım,  Səməngül isə qaçıb arxadan nənəsini  qucaqladı, şaqqanaq çəkib gülərək:
      --Baxarsan, nənə, bunu Mərdana deyəcəm, vallah, deyəcəm. Görək sonra onun üzünə necə çıxacaqsan?-deyib Süsən nənənin ora-burasını qıdıqlamağa, çimdikləməyə başladı. Arvad onun əlindən güclə qurtarıb qaçaraq:
       -- Bu qız qızıb, vallah, qızıb,-dedi.
        Barışıq üçün gedənlər qayıdıb gələndə Əhmədin evində olanları müzakirə edərkən öyrəndik ki, Əhməd mərd adammış. Qızın onun oğlunu istəmədiyini biləndə oğluna təpinib ki, daha bu işin varağasını bük. Ancaq Şərif heç ipə-sapa yatan deyilmiş.  Hasanqulunun gətirdiyi  malları  götürdüyü  üçün az qala dədəsinin üzünə ağ olacaqmış. Kürd Əhməd isə:
     --Mənim bu mallara ehtiyacım yoxdu. Onları ona görə götürəcəm ki,  sənin qıcıq dişin sınsın, camaatı rahat qoyasan. Düz-dünya doludu qıznan, kimi desən, alacam sənə, zornan sevda olmaz,- deyib. Şərif də elə içindən kəsilə-kəsilə qalıb.
       Aradan  bir həftə keçmiş  Mərdanın adamları Səməngül üçün elçi gəldilər. Razılıq üçün "hə”-sini alandan sonra şirin çaylarını içib toyu evə qayıdanda –payızda edəcəklərini  danışaraq çıxıb getdilər. 
        Səhər oyanan kimi  gözüm Səməngülü gəzdi. Alaçığın  arxasından  onun sevinc, bəxtəvərlik, şənlik notları ilə dolu səsi gəlirdi.  Geyinib yanına qaçdım və ilk sözüm bu oldu:
          --Səmən, sənin toyuna neçə gün qalıb?
      Bu sualı gözləmirdi. Duruxdu, sonra gülümsəyib:
-- Bah,  şah məni aldı, öpməsi qaldı. Hələ qoy bir evə qayıdaq,  onnan sonrasına baxacıyx, --dedi.
       Bizim  evə qayıtmaq vaxtımıza lap az qalmışdı. Evimizdən, valideynlərimdən ötrü darıxırdım.  Ancaq  burda gördüklərim həyatımın ən gözəl xatirələri oldu.  "Kaş hamımız bir yerdə bura gələ biləydik”,- deyə xəyalımdan keçirirdim.  Süsən nənə bizim üçün, anam və nənəm üçün çoxlu pay tutdu. Bir böyük pendir motalı, nehrə yağı, qurud, süzmə qatıq, bal,  kök bir quzu cəmdəyi yüklənmiş Madiyəyə mənimlə bacım,  Mərdan da Bəyzoya mindi və  hamı ilə görüşərək üzüyenişə-- Qanlı gölün sahilinə yollandıq. Atamgil bizi orda gözlüyürdü. 
       Evimizə az qala uça-uça gedirdim. Bol-bol xatirələrimi, gördüklərimi evdəkilərlə,  rəfiqələrimlə bölüşmək,  evimizi, ilin bu vədəsi bardan aşıb-daşan bağ-bağçamızı görmək istəyirdim. Evə çatan kimi dil boğaza qoymadan elə hey cırcırama sayağı cırıldayır, camaatın baş- beynini aparırdım. Səməngülün  ərə verilməsi xəbəri də lap başda gəlirdi.  Anamgil çox sevinib:
   --Allah mübarək eləsin, xoşbaxt olmalı qızdır,--dedilər.
    Mən çox intizarla Səməngülün toy gününü gözləyir, onların yaylaqdan nə vaxt gələcəklərini hesablayırdım. Bizim gəlməyimizdən on gün keçmiş  günorta nənəm başılovlu  girdi içəri:
     --Süsənin evi yıxılıb, Allah ona züryət versəydi,  elə özünə verərdi. Bu qızı iki yaşından götürüb saxladı, iyini atmışdı ona. Bunu da Əzrayıl dili yanmış qoymadı, əlindən aldı, -deyib ağladı.
      Hamımız  quruyub qalmışdıq. Atam:
     --Nənə, noolub?-deyə soruşdu.
    -- Səməngülü yaylaqda sel aparıb. Nişanlısı ilə birlikdə. Bunu sel aparanda nişanlısı görür, özünü vurur suya ki, qızı qurtarsın, ancaq sel ikisini də aparır. Meyitlərini  Qanlı göldən tapıblar.
        Mən  bəd xəbərin zərbəsini ilk dəfə onda gördüm, onun zəhər kimi acısını daddım.  Ürəyim sıxılır, onlar: Mərdanla Səməngül gözümün önündən getmirdilər. Bu xəbər mənə ona görə daha çox əsər etdi ki, mən həsrətlə onların toyunu gözləyirdim. Mən o toyda rəqs edənlərə əl çalmaq, yallı gedənlərin axırıncı adamı olaraq onların əlindən yapışıb yamsılamaq,  məni zorla arxalarınca sürükləmələrini  istəyirdim. Onların xınayaxdısında balaca barmaqlarıma xına yaxmaq,  haxışta deyən qadınlara qoşulmaq, onların toyunda mağarın arxa tərəfinə keçib xoşum gəlməyən məhlə uşaqlarını arxadan vurub qaçmaq, onların dərsini vermək istəyirdim. Səməngülü gündə neçə dəfə gəlinlik paltarında təsəvvür eliyir, gördüyüm gəlinlərin ən gözəli onu hesab eliyirdim.  Lakin mənim bütün   ümidlərim suya düşmüş, xəyallarım sınmış termometrin civəsi kimi darmadağın olmuşdu. Arxa otağa qaçıb çarpayının böyrünə qısıldım, yenə vərdiş etdiyim meymun çöməltməsi oturub için-için ağladım.  Anamgil  tələsik  haya  getdilər, məni eşidən olmadı, oturduğum yerdə ürəyimi boşaltdım.
      Axşam anamgil gələndə hər şeyi ətraflı danışdılar və  dəhşətli  bu idi ki, sel Şərifi də aparmışdı. Onlar üçlükdə suların qurbanı olmuşdular. Özünə cehizlik mitil hazırlatmaq istəyən Səməngül nənəsinə demədən evdəki yunu götürüb yumaq üçün dərəyə enir. Hava qaralır və birdən-birə güclü yağış başlayır. Yuxarılara neçə saat əvvəl yağmağa başlayıbmış. Qız  onu dərədə qəfil yaxalayan seldən qurtarmaq istəsə də, bacarmır. Bu vaxt nişanlısını qıraqda gözləyən  Mərdan suya atılıb sevgilisini  selin ağzından almaq istəyir.  Səməngülü kölgə kimi izləyən Şərif  uzaqdan baxırmış və  Səməngülün boğulmaq üzrə olduğunu görəndə o da suya atılır ki, qızı  qurtarsın. Bəlkə də, o, Səməngülü xilas etməklə onun sevgisini qazanmağa  ümid edirmiş, kim bilir. Lakin onların heç biri seldən xilas ola bilmir. 

        Həmin  gecəni heç yata bilmədim. Yaylaqda  sevgilərinin şahidi olduğum cavanların  bəxtəvər günləri, onların gənclik eşqi, sevgi ilə dolu baxışları, həyəcanları, bir-birini görəndə çaxan şimşək kimi işığı çoxalan,  öpüşən nəzərləri  gözüm önündən getmədi.  Xəyalımda o dağlara getdiyim gün canlanır, Sarı Əhədin oxuduğu nəğmə qulaqlarımda səslənirdi:

                                                           Ağ dəvə düzdə qaldı.
                                                          Yükü Təbrizdə qaldı.
                                                          Oğlanı dərd apardı,
                                                          Dərmanı qızda qaldı.
                                                                                                                                  
14 may 2019.