HÖKÜMƏT BAŞÇISININ OĞURLANMASI  - Aqata Kristi

HÖKÜMƏT BAŞÇISININ OĞURLANMASI - Aqata Kristi

Aqata Kristi İngiltərəli yazıçıdır, "detektiv janrının kraliçası”dır. Bu ləqəb ona hələ illər öncə verildi. Özü də gələcəyinin necə olacağını uşaqlıqdan təxmin etmişdi. Bu gün artıq onun əsərləri 103 dilə tərcümə olunub. Kitablarının tirajı isə ildən-ilə artır.



HÖKÜMƏT BAŞÇISININ OĞURLANMASI



İndi müharibə qurtarmışkən və bütün sirrlər tədricən agah olmuşkən, güman edirəm, dostum Puaronun milli böhranın həllində göstərdiyi fədakarlığı tərəddüdsüz-filansız dünyaya çatdıra bilərəm. Bu sirri o qədər yaxşı qoruyub saxlamışdılar ki, mətbuata bu barədə heç bir məlumat sızmamışdı. İndi bu sirrin qorunmasına lüzum qalmadığından,
düşünürəm ki, böyük bir fəlakətin öhdəsindən belə məharətlə gəldiyinə görə İngiltərə sakinləri gözəl zəka sahibi, bəstəboy dostuma, nə qədər borclu olduğunu bilməlidir.

Bir axşam dostumgildə oturmuşdum. Dəqiq tarixi açıqlamağa ehtiyac yoxdur. Bu görüş, İngiltərənin düşmənləri "danışıqlar yolu ilə sülh” şüarını tutuquşu kimi təkrar etdikləri bir vaxtda baş vermişdi. Yararsız olduğum üçün ordudan tərxis olunmuşdum və gənc əsgərlərin məntəqəyə toplanması işinə başlamışdım. Axşamlar nahardan sonra Puaroya baş çəkmək, dostumun təcrübəsində rastladığı maraqlı cinayət işləri haqqında onunla söhbət etmək adət halını almışdı.

İngiltərənin baş naziri cənab Devid Makadamın həyatına qəsd etmək cəhdi haqqında səs-küyə səbəb olan xəbəri onunla müzakirə etməyə can atırdım. Qəzetlərdəki bu məlumat, senzuradan diqqətlə keçmişdi. Baş nazir ağlasığmaz bir halda canını qurtarmışdı. Güllə onun yalnız yanağını yüngülcə sıyırmışdı. Daha heç bir məlumat verilməmişdi.

Düşünürdüm ki, qanunun belə kobud şəkildə pozulması bizim polisin rüsvaycasına ehtiyatsız hərəkət etməsi nəticəsində mümkün olmuşdur. Yaxşı başa düşmüşdüm ki, İngiltərədə alman casusları belə bir uğur qazanmaq üçün daha çox risk etmək arzusunda olacaqlar. İngiltərənin baş naziri var gücü ilə genişlənməkdə olan pasifistlərin təsirinə qarşı qətiyyətlə mübarizə apardığından, mənsub olduğu partiyadaşları ona "Döyüşkən Mak” ləqəbi vermişdilər. O, İngiltərənin baş naziri olmaqdan daha artıq nüfuz sahibi idi, o, İngiltərənin özü demək idi və bu səbəbdən onun siyasi meydandan uzaqlaşması, Britaniyaya sarsıdıcı və iflicedici zərbə vura bilərdi.

Puaro səliqə-səhmana çox fikir verirdi, həmişə boz kostyumunu balaca süngər parçasıyla təmizləyirdi. Erkül Puaro kimi geyiminə fikir verən ikinci adam tapmaq mümkün deyildi! Təmizkarlıq və səliqə-səhman dəlisiydi. İndi benzin iyinin havanı bürüdüyü bir vaxtda o, bütün diqqətini mənə yönəldə bilməzdi.

- Bir dəqiqədən sonra səninlə olacağam, dostum. Bircə yağ ləkəsindən başqa hamısını təmizləmişəm. Yağ ləkəsi çox xoşagəlməzdir. Mən onu belə təmizləyirəm.

O, süngəri əlində yellətdi.

Mən yenidən bir siqaret yandırıb, gülümsündüm.

- Maraqlı bir şey var? - bir-iki dəqiqədən sonra ondan soruşdum.

- Mən günəmuzd işləyən bir qadına - siz ona nə deyirsiniz? - ərini tapmaqda kömək edirəm. Çətin işdir, xüsusi nəzakət tələb edir. Məndə belə bir fikir yaranıb ki, əri özünün tapılmasından razı qalmayacaq. Məncə siz də onun yerində olsaydınız, tapılmaq istəməzdiniz. Şəxsən mən o kişiyə rəğbət bəsləyirəm. Belə it-bat olasan!

Güldüm.

- Axır ki, bu yağ ləkəsi getdi! Dostum, bax indi sizin ixtiyarınızdayam.

- Soruşmaq istərdim ki, Makdama qarşı sui-qəsd barədə nə fikirdəsiniz?

- Uşaq işidir! - Puaro cəld cavab verdi. – Bunu ciddiyə almaq lazım deyil. Tüfəngdən atəş açasan, amma məqsədinə çatmayasan. Bu, tamamilə qeyri-peşəkarlıqdır.

- Bu dəfə az qalmışdı məqsədinə çatsın - ona etiraz etdim.

Puaro hövsələsiz-hövsələsiz başını yellədi. Cavab vermək istəyərkən, sahibəsi qapıdan içəri boylanıb, ona xəbər verdi ki, aşağıda iki centlmen onu görmək istəyir.

- Adlarını demək istəmirlər, cənab, amma deyirlər çox vacib işləri var.

- Qoy gəlsinlər, - Puaro ehtiyatla boz şalvarını bükərək dedi.

Bir neçə dəqiqədən sonra iki nəfər içəri girdi. Öndə gələn adamı, ümumi Palatanın lideri, görkəmli şəxsiyyət lord Esteri tanıdıqda, ürəyim bərkdən döyündü. Onun yoldaşı isə hərbi nazirliyin üzvü, bildiyim qədəriylə, baş nazirin yaxın dostu cənab Bernard Dodj idi.

- Müsyo Puaro? - lord Ester sualedici tərzdə dedi.

Dostum baş əydi. Məşhur adam mənə baxdı və tərəddüd etdi.

- Bizim şəxsi işimiz var.

- Siz kapitan Qastinqsin yanında danışa bilərsiniz, - dostum dedi və mənə qalmaq üçün başıyla işarə etdi. – Düzdü, onun belə işlərdə səriştəsi yoxdur, amma tədbirli olmasına cavabdeh ola bilərəm.

Lord Ester hələ də tərəddüd edirdi, lakin cənab Dodj özünü saxlaya bilməyib, söhbətə müdaxilə etdi.

- Əşi, gəlin vaxt itirməyək, davam edin. Bizim bildiklərimizi lap tezliklə bütün İngiltərə biləcək. Vaxt qızıldır.

- Xahiş edirəm, əyləşin, cənablar, - Puaro nəzakətlə dedi. Böyük stulda oturmaq istərdinizmi, milord?

Lord Ester azacıq diksinən kimi oldu.

-Siz məni tanıyırsınız?

Puaro gülümsündü:

- Əlbəttə. Mən şəkilləri olan kiçik qəzetləri oxuyuram. Necə ola bilər ki, tanımayım?!

- Müsyo Puaro, sizinlə son dərəcə vacib bir məsələ barəsində məsləhətləşməyə gəlmişəm. Xahiş edirəm, söhbətimiz tamamilə məxfi qalsın.

- Erkül Puaronun sözünə inanın, daha heç nə deyə bilmərəm! - dostum təmtəraqla dedi.

- Söhbət baş nazirdən gedir. Böyük kədər içindəyik.

- Çıxılmaz vəziyyətə düşmüşük, - cənab Dodj söhbətə qoşuldu.

- Yara ağırdır, hə? - mən soruşdum.

- Nə yara?

- Güllə yarası.

- Hə, o yaranı deyirsiniz! - cənab Dodj ehtiyatsızlıqla ucadan dedi: - O, çoxdankı əhvalatdır.

- Mənim həmkarım dediyi kimi, - Lord Ester sözünə davam etdi, - O iş həmişəlik bağlanıb. Xoşbəxtlikdən uğursuz oldu. Təki, ikinci sui-qəsd də belə uğursuzluqla nəticələnəydi!..

- Demək, ikinci sui-qəsd də olub?!

- Bəli, amma başqa cür olub. Müsyo Puaro, baş nazir yoxa çıxıb!

- Necə?!

- Onu oğurlayıblar!

- Ola bilməz! - deyərək donub qaldım.

Puaro kəskin nəzərlə mənə baxdı. Bildim ki, bununla məni susmağa çağırır.

- Nə qədər inanılmaz olsa da, bu, həqiqətdir, - lord cənabları davam etdi.

Puaro cənab Dodja baxdı.

- Müsyo, siz indicə dediniz ki, vaxt qızıldır. Bununla nə demək istədiniz?

Qonaqlar bir-birinə baxdılar və lord Ester cavab verdi:

- Müsye Puaro, müttəfiqlərin konfransı barədə eşitmisiniz?

Dostum başıyla təsdiq cavabı verdi.

- Konfransın nə vaxt və harada keçirilməsi barədə bəlli səbəblər üzündən ətraflı məlumat verilmir. Qəzetlərdən gizlədilməsinə baxmayaraq, diplomatik dairələrə konfransın tarixi yaxşı məlumdur. Konfrans sabah, cümə axşamı Versalda keçirilməlidir. İndi vəziyyətin nə qədər ağır olduğunu başa düşürsünüz? Sizdən gizlətməyəcəyəm ki, baş nazirin konfransda iştirakı həyati zəruriyyətdir. Aramızdakı alman casuslarının başladıqları və müdafiə etdikləri pasifist təbliğat çox fəallaşıb. Ümumi fikir belədir ki, güclü şəxsiyyət olan baş nazirin konfransda çıxışı dönüş nöqtəsini müəyyən edəcək. Onun konfransda iştirak etməməsi ən ağır nəticələrə, bəlkə də vaxtından əvvəl və fəlakətli sülhə gətirib çıxara bilər, həmin konfransa isə baş nazirdən başqa göndəriləcək adamımız yoxdur. İngiltərəni yalnız hökümət başçısı təmsil edə bilər.

Puaro daha ciddi görkəm aldı.

- Demək, baş nazirin oğurlanmasını, konfransda onun iştirakına mane olmaq cəhdi kimi qiymətləndirirsiniz?

- Şübhəsiz, belə hesab edirəm. O, doğrudan da həmin vaxt Fransaya gedirdi.

- Konfrans nə vaxt keçirilməlidir?

- Sabah axşam saat doqquzda.

Puaro cibindən böyük bir saat çıxardı.

- İndi doqquza on beş dəqiqə qalıb.

- İyirmi dörd saat vaxtımız var, - cənab Dodj fikirli-fikirli dedi.

- İyirmi dörd saat, on beş dəqiqə.., - Puaro düzəliş verdi. - On beş dəqiqəni unutmayın, müsyo, karımıza gələ bilər. İndiysə baş nazirin oğurlanmasının təfsilatı barədə danışaq. Bu hadisə Fransada baş verib, yoxsa İngiltərədə?

- Fransada. Makadam bu səhər Fransaya getmişdi. O, sabah Parisə yola düşən donanma komandanının bu axşam qonağı olmalıydı. Baş naziri La-Manş boğazından eskadron mina gəmisi ilə aparmışlar. Bulonda baş qərargahdan bir maşın və baş komandanın yardım düşərgəsindən də bir adam onu qarşılayıb.

- Sonra?..

- Onlar Bulondan yola düşüblər, amma gəlib çıxmayıblar.

- Necə?!

- Müsye Puaro, maşın da qondarma imiş, yardım düşərgəsindən olan adam da. Həqiqi maşın isə sürücü və yardım düşərgəsindən olan ağzı və əlləri məharətlə bağlanmış adamla birlikdə ehtiyat yolda tapılmışdır.

- Bəs baş nazirin olduğu maşın?

- Hələ də tapılmayıb.

Puaro hövsələsizliyini biruzə verdi:

- Ağılasığmazdır! Şübhəsiz maşın uzun müddət diqqətdən yayına bilməz.

- Biz də belə düşünürdük. Adama elə gəlir ki, bu iş sadəcə olaraq ətraflı axtarış tələb edir. Fransanın o hissəsi hərbi qanunlara tabedir. Biz əmin idik ki, həmin maşın diqqət cəlb etmədən uzağa gedə bilməz. Fransız polisi, bizim Skotlənd yardım işçiləri və hərbçilər beyinlərini işə salıblar. Siz deyən kimi, ağılasığmaz işdir. Amma maşının izi-tozu da yoxdur.

Bu an qapının yanında tappıltı eşidildi və cavan bir zabit içəri girdi. O, möhkəm möhürlənmiş zərfi lord Esterə uzatdı.

- Fransadan indicə gəlib, cənab. Göstəriş verdiyiniz kimi məktubu bura gətirdim.

Lord Ester məktubu həvəslə cırıb açdı və sevincək-sevincək bərkdən oxudu:

- Nəhayət xəbər gəldi! Bu teleqramın şifri indicə açılıb. Onlar ikinci maşını tapıblar, içində də nazir Daniels burnuna xloroform tutulmuş, ağzı və əlləri bağlı halda, "K” fermasının yaxınlığında. Daniels arxa tərəfdən burnuna və ağzına nəyinsə sıxıldığını, azad olmaq üçün var gücü ilə çalışmağından başqa heç nə xatırlamadığını deyir. Polis onun dediklərinə şübhə etməyə əsas görmür.

- Başqa heç nə tapmayıblar?

- Xeyr.

- Baş nazirin ölüsünü də?.. Onda ümid var. Amma qəribə işdir. Nə üçün ona bu səhər atəş açmağa cəhd edənlər, indi onun sağ qalması üçün bu qədər dəridən-qabıqdan çıxırlar?!

Cənab Dodj başını yellədi.

- Bir şey tamamilə aydındır. Onlar baş nazirin konfransda iştirak etməsinə nəyin bahasına olursa olsun əngəl törətmək əzmindədirlər.

- Əgər baş nazir sağdırsa, onda hökmən konfrasda olacaq. Allah eləsin. İndi, cənablar, hər şeyi mənə lap əvvəldən danışın. Elə bu atəş açma məsələsini də bilməliyəm.

- Keçən gecə hökümətin başçısı onu müşayiət edən nazirlərdən biri, Kapitan Daniels ilə…

- Baş naziri Fransaya yola salan həmin kapitan?

- Bəli, bayaq dediyim kimi, onlar maşınla Vindzora getdilər. Orada baş nazirin rəsmi qəbulu oldu. Ertəsi səhər isə şəhərə qayıdarkən, yolda baş nazirə qəsd etmək cəhdi baş verdi.

- Zəhmət olmasa, deyin görüm bu kapitan Daniels kimdir? Sizdə onun dosyesi varmı?

Lord Ester gülümsündü.

- Bu barədə sual ünvanlayacağınızı bilirdim, amma biz onun haqqında çox da məlumatlı deyilik. O, adlı-sanlı ailədən çıxmayıb. İngilis ordusunda xidmət edib, olduqca bacarıqlı nazirdir, müstəsna dərəcədə gözəl dilçidir. Güman edirəm ki, yeddi dildə danışır. Elə bu səbəbdən baş nazir müşayiət etmək üçün məhz onu seçib.

- İngiltərədə qohumları var?

- İki xalası. Həmpsteddə yaşayan Xanım Everard və Askot yaxınlığında yaşayan xanım Daniels.

- Askot? Vindzorun yaxınlığındakı, hə?

- Bu məsələ nəzərdən qaçmayıb, amma heç bir nəticə vermədi.

- Güman edirsiz ki, kapitan Daniels şübhədən kənardı?

Lord Ester cavab verərkən, səsində bir kədər duyulurdu.

- Xeyr, müsyo Puaro. Bu günlərdə kiminsə şübhədən uzaq olduğunu deməkdə çətinlik çəkərdim.

- Çox yaxşı. Milord, indi başa düşdüm ki, baş nazir həqiqətən polisin ayıq mühafizəsi altında olacaq və ona qarşı hər hansı bir hücum qeyri-mümkün hesab edilməlidir, elə deyilmi?

Lord Ester başını tərpətdi.

- Elədir. Baş nazirin maşınını başqa bir maşın yaxından müşayiət edirdi. Onun içində mülki paltarda xəfiyyələr əyləşmişdi. Hətta bu ehtiyat tədbirləri barədə Cənab Makadamın özü də heç nə bilmirdi. O, çox qorxmaz adam olub, amma təbii ki, polisin də öz tədbirləri olur və doğrudan da baş nazirin sürücüsü O'Merfi cinayət axtarışı şöbəsinin işçisiydi.

- O'Merfi? Bu, irland soyadıdır, deyilmi?

- Bəli, o, irlanddır.

- İrlandiyanın harasındandır?

- Məncə Kler qraflığından.

- Aydındır, davam edin, milord.

- Baş nazir üstüörtülü maşında Londona yola düşdü. Kapitan Daniels onun yanında əyləşmişdi. İkinci maşın adəti üzrə onların dalınca gedirdi. Amma bədbəxtikdən, naməlum səbəbdən baş nazirin maşını əsas yoldan kənara çıxdı…

- Yolun döngə olan yerində? - Puaro onun sözünə müdaxilə etdi.

- Bəli, hardan bildiniz?

- Bu ki aydın işdir. Davam edin.

- Müəyyən səbəb üzündən - lord Ester davam etdi - baş nazirin maşını əsas yoldan qırağa çıxıb. Polisin maşını onların kənara çıxmasından xəbərsiz olduğundan, yollarına davam ediblər. Əsas yoldan azacıq aralı get-gəlişsiz torpaq yolda baş nazir gedən maşını qəflətən maska geymiş bir dəstə quldur tutub saxlayır. Sürücü…

- Cəsarətli O'Merfi! - Puaro dalğın halda mızıldandı.

- Özünü bir anlığa itirmiş sürücü əyləci basır. Baş nazir başını pəncərədən bayıra çıxarır. Həmin anda bir güllə, sonra da ikinci güllə açılır. Birinci güllə baş nazirin yanağını yüngülcə sıyırıb keçir, ikinci güllə isə xoşbəxtlikdən yan ötür. Təhlükəni başa düşən sürücü maşını quldur dəstəsinin üstünə sürərək irəli çıxır.

- Onlar ölə bilərdilər! - titrək səslə bərkdən dedim.

- Cənab Makadam aldığı yüngül yaradan ötrü səs-küy qaldırılmasına razı olmur. Yüngülcə cızıldığını bildirir. O, yerli kiçik kənd xəstəxanasında dayanır. Orada onun yarası sarınır. Əlbəttə, baş nazir kim olduğunu demir. Sonra o, qrafikə müvafiq olaraq birbaşa Çarinq-Krossa gedir. Orada Duvra gedən xüsusi qatar onu gözləyirmiş və kapitan Daniels tərəfindən baş vermiş əhvalat haqqında təşvişə düşmüş polisə qısa məlumatdan sonra baş nazir vaxtında Fransaya yola düşür. Duvrda onu gözləyən mina gəmisinə minir. Bulonda, bildiyiniz kimi, Birləşmiş Krallığın bayrağı olan qondarma maşın baş naziri gözləyirmiş…

- Mənə demək istədiyiniz elə bunlar idi?

- Bəli.

- Bəlkə nəsə yadınızdan çıxıb, milord?

- Bir qəribə məsələ var…

- Eləmi?

- Baş naziri Çarinq-Krossa aparmış maşın geri qayıtmayıb. Polis O'Merfi ilə söhbət aparmaq istəyib, dərhal axtarış başlanıb. Maşın alman casuslarının görüş yeri kimi tanınmış Soho rayonunda diqqəti cəlb etməyən kiçik bir restoranın yanında tapılmışdır.

- Bəs sürücü?

- Sürücünü heç yerdə "gördüm” deyən olmayıb. O da yoxa çıxıb.

- Beləliklə, - Puaro düşüncəli halda dedi: iki nəfər yoxa çıxıb: baş nazir Fransada və O'Merfi Londonda.

O, hərəkətlərində ümidsizlik hiss edilən lord Esterə diqqətlə baxdı.

- Bilirsiniz necədi, Müsye Puaro, əgər dünən kimsə O'Merfinin satqın olduğuna eyham etsəydi, həmin adama yalnız gülərdim.

- Bəs bu gün?

- Bu gün isə heç bilmirəm nə deyim.

Puaro qaşqabağlı halda başını tərpətdi. O, yenidən qədim cib saatına baxdı.

- Başa düşürəm ki, cənablar, mən tamamilə sərbəst hərəkət etməliyəm, hər mənada. Yəni hara getməliyəm, necə getməliyəm - özüm seçməliyəm.

- Əlbəttə. Bir saatdan sonra Duvra xüsusi qatar yola düşür. Həmin qatarla Skotlənd Yarddan əlavə kontingent gedir. Sizi bir hərbçi zabit və Cinayət Axtarışı Şöbəsinin bir əməkdaşı müşayiət edəcək. Onlar hər cəhətdən sizin sərəncamınızda olacaqlar. Sizi qane edirmi?

- Tamamilə qane edir. Getməmişdən qabaq sizə bir sualım da var, cənablar. Sizi nə vadar etdi ki, mənim yanıma gələsiniz? Mən ki sizin bu böyük London şəhərində naməlum, nəzərəçarpmayan bir adamam.

- Biz sizi ölkənizin ən məşhur adamının xüsusi zəmanət və arzusuyla axtarıb tapmışıq.

- Nə?! Mənim köhnə dostum, polis komissarı?

Lord Ester başını buladı.

- Komissardan da yüksək bir adam. Elə bir adam ki, onun sözü Belçika üçün bir vaxt qanun olub və yenə də olacaqdır. İngiltərə ona and içib.

Puaro lordun sözünü alqışlamaq üçün əlini aktyorsayağı yellədi.

- Kaş elə olsun! Amma mənim müəllimim unutmur… Cənablar, Erkül Puaro sizə sədaqətlə qulluq edəcək. Allah eləsin ki, bu, vaxtında olsun. Ancaq qaranlıqdır, qaranlıq… görə bilmirəm.

- Yaxşı, Puaro, - nazirlərin dalınca qapı örtülən kimi səbirsizliklə ucadan dedim:

- Nə fikirləşirsiniz?

Dostum mahir və cəld hərəkətlərlə balaca çamadanını qablaşdırmaqla məşğul idi. O, fikirli-fikirli başını buladı.

- Nə fikirləşdiyimi bilmirəm. Ağlım başımda deyil.

- Amma siz dediniz ki, onun başına zərbə vurmaq daha rahat ola bilərdi, nəinki oğurlamaq - tərəddüd etmədən dedim.

- Məni bağışlayın, dostum, amma heç də belə deməmişəm. Görünür, onların işi elə baş naziri oğurlamaqmış.

- Nə üçün?

- Çünki qeyri-müəyyənlik çaxnaşmaya səbəb olur. Bu da bir səbəb. Əgər baş nazir ölsəydi, bu, dəhşətli fəlakət olacaqdı, amma vəziyyətlə barışmaq olardı. İndi isə elə bil iflic vəziyyətindəsən. Baş nazir gəlib çıxacaq, ya yox? Ölüb, yoxsa sağdır? Heç kəs bilmir və nə qədər ki, onlar bilmirlər dəqiq heç nə demək olmaz və mən sizə dediyim kimi qeyri-müəyyənlik çaxnaşma törədir, çaxnaşma isə almanlar üçün sərfəlidir. Əgər baş naziri oğurlayanlar onu bir yerdə gizli saxlayırlarsa, belə olan təqdirdə yenidən hər iki tərəfin bu vəziyyətdə razılığa gəlməsi üçün onların əlində üstünlükləri var. Alman idarələri pul verməkdə israfçı deyildir, amma belə bir işdə onlar məcburdular ki, səxavət kisəsinin ağzını açsınlar. Üçüncüsü, onlar cəllad kəndirinə keçmək üçün heç bir risk etmirlər. Şübhəsiz, onların işi adam oğurlamaqdır.

- Belə isə, bəs nəyə görə ona əvvəlcə güllə atsınlar?

Puaro əsəbiliklə əl-qol atdı.

- Bax mən də elə bunu başa düşmürəm. Onlar baş naziri oğurlamaq üçün bütün tədbirləri görüblər, bununla yanaşı, tamamilə qeyri-real görünsə də filmə çəkilməyə layiq bu əməliyyatı melodramatik bir basqında təhlükə altında qoyurlar. Londondan iyirmi mildən az bir məsafədə maskalanmış quldur dəstəsinin bu hərəkətinə demək olar ki, inanmaq mümkün deyil.

- Bəlkə bunlar biri digərindən tamamilə asılı olmayan ayrılıqda edilmiş iki sui-qəsd cəhdləridir?

- Xeyr. Bu qədər təsadüf ola bilməz. Bəs onda kimdir satqın? Birinci cəhddə, hər halda, satqın var. Bəs satqın kimdir? – Daniels, yoxsa O'Merfi? Onlardan biri olmalıdır, yoxsa maşın nə üçün əsas yoldan çıxıb? Biz baş nazirin öz həyatına edilmiş sui-qəsd cəhdinə göz yummadığını zənn etməyə bilərik. O'Merfi maşını öz arzusuyla döndərib, yoxsa Daniels ona belə etməyi təklif edib?

- Əlbəttə, bu, O'Merfinin öz işi olmalıdır.

- Bəli, əgər Danielsin işi olsaydı baş nazir əmri eşitmiş olardı və buna görə də səbəbini soruşardı. Bu işdə bir-birinə zidd həddindən artıq "nə üçün”lər var. Əgər O'Merfi düz adamdırsa nə üçün əsas yoldan çıxıb? Düz adam deyilsə, niyə maşını yenidən işə salıb və bu zaman açılan iki güllə bunun nəticəsində ona dəyib?! Çox güman ki, baş nazirin həyatı xilas olub və yenə də deyirəm, əgər, o, düz adamdırsa nə üçün Çarinq-Krossu tərk etdikdən sonra alman casuslarının məşhur görüş yerinə gedir.

- Burası pisdir - dedim.

- Gəlin, bu işə ardıcıllıqla nəzər yetirək. Bu iki adamın lehinə və əleyhinə nə deyə bilərik? Birinci O'Merfidən başlayaq. Əleyhinə: onun baş yoldan çıxması şübhəlidir; Kler qraflığından olan irlanddır; çox xoşagəlməz halda yoxa çıxıb. Lehinə: maşını yenidən işə salarkən göstərdiyi cəldlik baş nazirin həyatını xilas edib; o, Skotlənd Yardın əməkdaşıdır və görünür, etibarlı xəfiyyə olduğundan, ona vəzifə həvalə edilib. İndi Daniels barədə. Əleyhinə: Keçmişinə dair məlumat olmaması, bir ingilisə lazım olduğundan daha çox dil bilməsi (Bağışla, dostum, dilçi kimi zaysan!) faktından başqa əleyhinə deyilən çox dəlil yoxdur. Lehinə gəldikdə isə onun ağzı tıxanmış, əlləri bağlı, burnuna xloroform tutulması faktını deyə bilərik. Axırıncı fakt onun bu işlə əlaqəsi olmadığına dəlalət edir.

- Şübhəni yayındırmaq üçün onun ağzını və əllərini cinayət yoldaşı da bağlaya bilərdi.
Puaro başını buladı.

- Fransız polisi belə səhv etməz. Bundan başqa, əgər Daniels öz məqsədinə nail olubsa və baş nazir isə asanlıqla oğurlanıbsa, onun kənarda qalmasının mənası yoxdur. Onun cinayətkar yoldaşları Danielsin ağzını bağlayıb, ona xloroform verə bilərdilər, amma bununla onların hansı məqsədi həyata keçirməyə ümid bəslədiyini başa düşə bilmirəm. Baş nazirlə bağlı əhvalat aydınlaşana qədər Daniels onlar üçün indi az əhəmiyyətli olduğundan ona yaxından göz qoyulmalıdır.

- Bəlkə o, polisi yanlış yola salmaq istəyirdi?

-  Bəs onda niyə etməyib? O, sadəcə olaraq burnuna və ağzına nəyinsə sıxıldığını, daha heç nəyi xatırlamadığını deyir. Burada heç bir iz azdırma yoxdur. Bu, yalana bənzəmir.

- Yaxşısı budur, stansiyaya gedək, - divar saatına baxaraq dedim, - Fransada bu işə daha çox açar taparıq.

- Ola bilər, dostum, amma mən şübhə edirəm. Baş nazirin o məhdud ərazidə aşkar olunması hələ də mənim üçün aydın deyil. Onu həmin yerdə gizlətmək çox böyük çətinlikə başa gəlməlidir. Əgər iki ölkənin hərbiçiləri və polisi onu tapmayıblarsa, mən necə tapacam?!

Vağzalda bizi cənab Dodj qarşıladı.

- Bu, Skotlənd Yardın xəfiyyəsi Barns və mayor Normandır. Onlar tamamilə sizin sərəncamınızda olacaqlar. Sizə uğurlar olsun. Xoşagələn iş deyil, amma ümidimi üzməmişəm. İndi getməliyəm.

Nazir tez çıxıb getdi.

Biz mayor Normanla rabitəsiz tərzdə söhbət edərkən, platformada duran kiçik bir qrupun arasında sarışın, ucaboy bir kişi ilə safransifətli yoldaşı söhbət edərkən tanıdım. O, Puaronun köhnə tanışlarından biri - xəfiyyə inspektoru Cepp idi və Skotlənd Yardın ən bacarıqlı zabitlərindən biri hesab edilirdi. O, yaxınlaşıb dostumu sevincək salamladı.

- Eşitdim siz də bu işlə məşğulsunuz. Bir qədər çətin işdir. Çünki onlar əşyayi-dəlillərin izini yaxşıca itiriblər! Amma inana bilmərəm ki, onu uzun müddət gizli saxlasınlar. Adamlarımız Fransanı ələk-vələk edəcəklər. Eləcə də fransızlar. Bir neçə saatdan sonra onların sonuna çıxmalıyıq!

- Elədir, əgər baş nazir sağdırsa, - ucaboy xəfiyyə qaş-qabaqlı halda qeyd etdi.

Ceppin çöhrəsi tutuldu.

- Bəli… amma məndə nədənsə elə fikir əmələ gəlib ki, o, sağ-salamatdır.

Puaro başını tərpətdi.

- Bəli, bəli. O, sağdır. Bəs onu vaxtında tapmaq olar? Mən də sizin kimi düşünürdüm ki, onu bu qədər gizlədə bilməzlər.

Fit verildi və hamımız vaqonun içinə getdik. Sonra ahəstə və xoşagəlməyən təkanla qatar stansiyadan uzaqlaşdı.

Bu, maraqlı səyahət idi. Skotlənd Yardın əməkdaşları bir yerə toplaşmışdılar. Şimali Fransanın xəritələri sərilmişdi və şəhadət barmaqları oradakı yollar və kəndlərin üzərində gəzirdi. Hər kəsin öz mülahizəsi var idi. Puaro adəti çərənliyini biruzə vermədən onun qarşısında oturub gözünü ona zilləmişdi. Üzündəki ifadə çətinliyə düşmüş uşağı xatırladırdı. Mən Normanla söhbət edirdim. Onun çox qəribə adam olduğunu aşkar etdim. Duvra çatanda Puaronun davranışı məni bərk narahat etdi. Bu bəstəboy adam gəmiyə minərkən ümidsizliklə qolumdan yapışdı. Külək şiddətlə əsirdi.

- Aman Allah! - Puaro mızıldandı, - bu, dəhşətdir!

- Cəsarətli olun, Puaro, - bərkdən dedim. - Siz müvəffəqiyyət qazanacaqsınız, siz onu tapacaqsınız. Buna əminəm.

- Eh, dostum, mənim keçirdiyim hissləri düzgün başa düşün. Mənə əzab verən bu zəhrimara qalmış dənizdir. Dəniz xəstəliyi - bu dəhşətli xəstəlikdir!

- Belə deyin!.. - karıxmış halda dedim.

Mühərriklərin ilk döyüntüləri hiss olundu və Puaro dərindən nəfəs alaraq gözlərini yumdu.

- Mayor Normanda Şimali Fransanın xəritəsi var, baxmaq istərdinizmi?

Puaro səbirsizliklə başını buladı.

- Xeyr, xeyr! Məni rahat buraxın, dostum. Bilirsiz, fikirləşmək üçün mədə və beyin harmoniyada olmalıdır. Dəniz xəstəliyindən yaxa qurtarmaq üçün Laverjenin olduqca əla metodu var. Yavaş-yavaş nəfəs alıb, nəfəs verirsiniz, belə etdikdə başınızı soldan sağa döndərir və hər nəfəs aldıqca altıya qədər sayırsınız.

Onu idman hərəkətləri edən yerdə qoyub göyərtəyə getdim. Biz yavaş-yavaş Bulon Harbora daxil olduqda Puaro tər-təmiz geyinmiş halda gülümsəyərək gəlib çıxdı. Pıçıltı ilə qulağıma dedi ki, Laverjenin metodu "möcüzə”lər yaradırmış!

Ceppin şəhadət barmağı hələ də xəritə üzərindəki xəyali istiqamətlərdə hərəkət edirdi.

- Cəfəngiyyatdır! Maşın Bulonda yola düşüb, burada onlar ayrılıblar. İndi bu fikirdəyəm ki, naş naziri başqa maşına keçiriblər. Bildin?

- Həə, - ucaboy xəfiyyə dedi, - dəniz limanlarına sərəncam verəcəm! Görünür, baş naziri gəmidə olarkən oğurlayıblar.

Cepp başını buladı.

- Şübhəsiz.

Dərhal bütün dəniz limanlarını bağlamaq üçün əmr verildi.

Biz gəmidən düşəndə dan yeri ağarırdı. Mayor Norman Puaronun qoluna toxundu.

- Burada sizi hərbi maşın gözləyir, cənab.

- Təşəkkür edirəm, müsyo. Amma bu dəqiqə Bulondan getməyi məsləhət görmürəm.

- Nə?

- Dedim ki, məsləhət görmürəm, biz burada - körpünün yanında olan mehmanxanaya gedəcəyik.

O, dediklərini yerinə yetirdi, tələb etdi və ona xüsusi otaq verildi. Heç nə anlamadan təəccüblənmiş halda üçümüz də onun arxasınca getdik.

O, bizə cəld bir nəzər saldı.

- Sizin ürəyinizdən keçəni duyuram. Yaxşı xəfiyyə belə hərəkət etməlidir, elə deyilmi? O, enerjili olmalı, ora-bura baş vurmalı, tozlu yola sərilib maşın təkərlərinin izlərini mikroskopla axtarmalıdır. O, siqaret kötüklərini, yerə düşmüş kibrit çöplərini yığmalıdır, hə? Sizin fikriniz belədir, elə deyilmi?

Onu gözləri bizə meydan oxuyurdu.

- Şəxsən mən Erkül Puaro, sizə deyirəm ki, məsələ belə deyil! Əsl açar içəridə - buradadır! - o, əlini alnına vurdu. - Görürsüzmü, mənim Londondan getməyimə ehtiyac yox imiş. Londondakı mənzilimdə sakitcə oturmaq kifayət edərmiş. Əsas məsələ içəridəki kiçik beyin hüceyrələrindədir. Onlar gizlincə və sakitcə öz işlərini o vaxta qədər görürlər ki, birdən mən xəritə tələb edirəm və barmağımı bir yerə qoyub deyirəm: baş nazir buradadır! Belə də olur. Məntiq və ardıcıllıqla insan hər şeyə nail ola bilər. Bizim Fransaya bu çaparaq gedişimiz ağılsız bir səhv olub. O, uşaq oyunu olan gizlənpaç kimi bir şeydir. İndi isə baxmayaraq ki, həddindən artıq gecdir, mən dərhal içəridə işə başlayacağam. Rica edirəm, dostlar, sakit olun.

Düz beş saat müddətində bu bəstəboy adam göz qapaqlarını pişik kimi açıb-yumaraq hərəkətsiz oturdu. Onun parıldayan yaşıl gözləri get-gedə daha da yaşıllaşırdı. Skotlənd Yardın xəfiyyəsi aydınca ona həqarətlə baxırdı, mayor Norman bezmiş və təngə gəlmişdi, mən isə vaxtın ləng və yorucu keçdiyini görürdüm.

Nəhayət, ayağa durdum və bacardığım qədər sakitcə pəncərəyə yaxınlaşdım. Cinayət işi hoqqabazlığa çevrilirdi. Dostumdan ötrü gizlincə narahat olurdum. İşdir şayət o, uğursuzluğa düçar olsa, barı bu qədər də gülməli şəkildə olmayaydı. İki ölkə arasında gündəlik işləyən, yanalma körpüsü boyunca tüstü burumları buraxa-buraxa dayanan gəmini pəncərədən tənbəl-tənbəl seyr edirdim.

Birdən böyrümdən gələn Puaronun səsi məni ayıltdı:

- Dostlar, gəlin başlayaq.

Ona tərəf döndüm. Onda qeyri-adi sakitliyin hökm sürdüyünü duydum. Onun gözləri həyəcandan parıldayır, ürəyi köksü altına sığışmırdı.

- Dostlar, səfeh olmuşam! Axır ki, günəşin zərrələrini görmək olur.

Mayor Norman tələsik qapıya tərəf getdi.

- Maşın üçün göstəriş verim?

- Ehtiyac yoxdur. Maşından istifadə etməyəcəm. Allaha şükür, külək kəsib.

- Demək istəyirsiniz ki, piyada getmək niyyətindəsiniz?

- Xeyr, dostum. Mən müqəddəs Pyotr deyiləm. Mən gəmiylə dənizi keçib getməyi üstün tuturam.

- Dənizi keçmək?

- Bəli. Ardıcıllıqla işləmək üçün gərək əvvəldən başlayaq və bu işin də başlanğıcı İngiltərədədir. Buna görə də biz İngiltərəyə qayıdırıq.

Saat üçdə biz yenidən Çarinq-Kross platformasında dayanmışdıq. Verdiyimiz öyüd-nəsihətlərə baxmayaraq Puaro vaxtı itirməmək üçün yeganə yolu başdan başlamaqda görür, bunu təkrar-təkrar deyir və bizim dediklərimizə məhəl qoymurdu. Yolda gedərkən Puaro astadan Normanla məsləhətləşdi və axırda Duvrdan bir yığın teleqram göndərdi. Normanda olan xüsusi buraxılış sayəsində biz hər yerdən rekord vaxtda keçib gedirdik. Londonda içində mülki adamlar oturmuş böyük bir polis maşını bizi gözləyirdi. Onlardan biri makinada yazılmış vərəqi dostuma verdi. O, mənim sualedici baxışlarıma cavab verdi.

- Londonun qərbində müəyyən radius daxilində olan vilayət xəstəxanalarının siyahısıdır. Bundan ötrü Duvrdan teleqrafla xəbər göndərmişdim.

Biz Londonun küçələrində sürətlə gəzib dolaşırdıq. Betroudda olduq. Hammerşmit, Cizvik və Brentfordan keçib getdik. Məqsədimizi başa düşməyə başladım. Vindzordan keçib Askota gəldik. Ürəyim atlandı. Askotda Danielsin xalası yaşayırdı. Deməli, biz O'Merfini deyil, onu təqib edirdik. Bizə lazım vaxtda səliqəli bir villanın darvazası yanında dayandıq. Puaro maşından sıçrayıb düşdü və zəngi basdı, onun nurlu çöhrəsinə qaranlıq çökdüyünü gördüm. Düzü, o, narazı idi. Zəngə cavab verildi. O, içəri girdi. Bir neçə dəqiqədən sonra o, yenidən göründü və maşına minərək kəskin və ani bir hərəkətlə başını buladı. Ümidləri puça çıxmağa başladı. İndi beşin yarısıydı, əgər o, Danielsi cinayət törətməkdə günahlandıran müəyyən dəlil tapsaydı belə, baş nazirin Fransada saxlandığı yeri bir kəsdən öyrənə bilməsəydi, bunun nə xeyri olacaqdı?!

Bizim Londona qayıtmaq səfərimiz arasıkəsilmiş səfər idi. Əsas yoldan bir neçə dəfə çıxdıq və hərdənbir balaca binaların yanında dayanırdıq. Binalardan birinin kənd xəstəxanası olduğunu sezdim. Puaro hər xəstəxanada yalnız bir neçə dəqiqə ləngiyər, amma hər dəfə dayananda nurlu çöhrəsindəki əminlik getdikcə qüvvətlənərdi.

O, Normana nə isə pıçıldadı. Norman ona cavab verdi:

- Bəli, əgər sola dönsəniz körpünün yanında onların sizi gözlədiyini görərsiniz.

Biz yan yola gəldik və zəif işıqda yolun kənarında gözləyən ikinci maşını ayırd etdik. Maşında mülki geyimdə iki nəfər vardı. Puaro aşağı düşüb onlarla danışdı və sonra biz şimal istiqamətində yola düşdük. İkinci maşın arxadan bizi müşayiət edirdi. Bir müddət yol getdik, məqsədimiz, Londonun şimal qəsəbələrindən biriydi. Nəhayət, biz hündür bir binanın küçə qapısına yaxınlaşdıq. O, yoldan bir qədər aralıda - bağın içindəydi.

Normanla mən maşında qaldıq. Puaro və xəfiyyələrdən biri qapıya yaxınlaşdılar. Səliqəli geyinmiş ev qulluqçusu qapını açdı. Xəfiyyə dedi:

- Mən polis zabitiyəm, evi axtarmaq üçün orderim var.

Qız alçaqdan qışqırdı, orta yaşlı, ucaboy, yaraşıqlı bir qadın zalda onun arxasınca peyda oldu.

- Qapını bağla, Edit. Məncə, onlar ev oğrularıdır.

Amma Puaro cəld ayağını qapıdan içəri qoydu və eyni zamanda fit çaldı. Dərhal o biri xəfiyyələr tökülüşüb evin içinə doluşdular və qapını arxalarınca bağladılar.

Normanla mən təxminən beş dəqiqə müddətində keçən məcburi fəaliyyətsizliyimizi lənətləyirdik. Nəhayət qapı açıldı və dustaqları - bir qadın və iki kişini mühafizə edən polis işçiləri göründülər. Qadın və kişilərdən biri başqa maşına aparıldı. İkinci kişini bizim maşına Puaronun özü oturtdu.

- Mən o biri adamlarla getməliyəm, dostum. Amma bu centlmendən yaxşı muğayat olun. Siz onu tanıyırsınız, elə deyilmi? İcazə verin onu sizə təqdim edim: müsyo O'Merfi!

- O'Mörfi!..

Yola düşəndə heyrətlə ona baxdım, ağzım açıla qaldı. Onun əllərinə qandal vurulmamışdı, amma onun qaçmağa cəhd edəcəyini ağlıma gətirmirdim.

O'Merfi gözlərini zilləyərək qabaqda oturmuşdu, sanki sarsılmışdı. Bununla belə, Normanla mən onun öhdəsindən gələ bilərdik.

Təəccübümün əksinə olaraq biz hələ də şimal istiqamətində yolumuza davam edirdik. Deməli, biz Londona qayıtmırdıq. Çox təəccübləndim. Maşın sürətini azaltdı, birdən gördüm ki, biz Henden təyyarə limanının yaxınlığındayıq. Puaronun fikrini dərhal anladım. O, Fransaya təyyarə ilə getməyi təklif etdi. Üzdən baxanda bu işgüzar təklif idi. Amma yerinə yetirilməsi mümkün deyildi. Teleqram daha tez olardı. Vaxt hər şey demək idi. Puaro baş naziri xilas etməkdə şəxsi qələbəni başqalarına həvalə edə bilməzdi!

Maşın dayandı, mayor Norman bayıra sıçradı. Onun yerində mülki geyimli şəxs əyləşdi. Norman Puaro ilə bir neçə dəqiqə məsləhətləşdikdən sonra cəld yola düşdülər.

Mən də maşından düşüb Puaronun qolundan yapışdım.

- Təbrik edirəm, dostum! Gizlənmə yerini onlar sizə dedilər? Amma qulaq asın, siz bu dəqiqə Fransaya teleqramla xəbər verməlisiniz. Özünüz getsəniz həddindən artıq gecikəcəksiniz.

Puaro bir- iki dəqiqə maraqla mənə baxdı.

- Təəssüf, dostum, elə şeylər var ki, onlar teleqramla göndərilə bilməz.

Elə bu vaxt mayor Norman qayıtdı. Onu hava qüvvələri qoşunları paltarı geymiş cavan bir zabit müşayiət edirdi.

-  Bu, kapitan Lyoldur. O, sizi Fransaya aparacaq. Elə bu dəqiqə yola düşə bilər.

-  İsti geyinin, cənab. İstəsəniz sizə müvəqqəti palto verə bilərəm - cavan təyyarəçi dedi.

Puaro böyük saatına baxıb, öz-özünə mızıldandı.

- Bəli, vaxt var, özü də lazım olan qədər vaxt, - sonra başını yuxarı qaldırdı və cavan zabitə baş əydi. - Təşəkkür edirəm, müsyo. Amma sizin sərnişininiz mən deyiləm. O, buradakı centlmendir.

O, danışarkən bir qədər kənara çəkildi və uzaqdan bir qaraltı vaqe olaraq onlara tərəf gəldi. Bu, o biri maşında getmiş olan kişi sərnişin idi. İşıq onun üzünə düşəndə təəccübdən donub qaldım. Bu baş nazir idi!

- Allah xatirinə, bu barədə mənə nəsə izah edin! - Puaro, Norman və mən maşınla Londona qayıdarkən səbirsizlikə ucadan dedim. - Necə olub ki, onlar baş naziri oğurlayıb yenidən İngiltərəyə gətiriblər?

- Onu oğurlayıb geri qaytarmağa ehtiyac olmayıb, - Puaro laqeydliklə cavab verdi. - Baş nazir heç Londondan getməyib. O, Vindzordan Londona gedərkən yolda oğurlanıb.

- Necə necə?!

- İndi izah edəcəm. Baş nazir maşınındaymış, katibi də yanında. Birdən xloroform yastıqçası onun üzünə sıxılıb…

- Kim tərəfindən?

- Bacarıqlı dilçi kapitan Daniels tərəfindən. Baş nazir huşunu itirən kimi Daniels danışıq trubkasını götürür və sağa dönmək üçün O'Merfiyə göstəriş verir, sürücü şübhələnmədən elə də edir. Bir neçə yard aşağıda gediş-gəlişin az olduğu yerdə böyük bir maşın dayanmışdı, görünür xarab olmuşdu. Onun sürücüsü O'Merfiyə dayanmaq üçün siqnal verir. O'Merfi sürəti azaldır. Naməlum adam yaxına gəlir. Daniels başını pəncərədən çıxarır və güman ki, dərhal təsir edən keyləşdirici dərmanın - etil xlorinin köməkliyi ilə xloroform kələyi təkrar edilir. Bir neçə saniyədən sonra iki nəfər köməksiz adamı maşından dartıb çıxarır, onları başqa maşına mindirir və onların yerini özgə iki adam tutur.

-  Mümkün olan iş deyil!

- Qətiyyən! Müzik Holl aktyorlarının məşhur adamları necə fövqəladə dəqiqliklə yamsıladığını görmüsünüzmü? İctimai xadim rolunu oynamaqdan asan heç nə ola bilməz. Baş nazirin rolunu oynamaq, deyək ki, Klephemdən olan Con Smitin rolundan daha asandır. O'Merfinin əvəzedicisinə gəldikdə, baş nazir yola düşənə qədər ona əhəmiyyət verən olmazdı və sonra o, gözə görünməyəcəkdi. O, Çarinq-Krossdan birbaşa dostlarının görüş yerinə gedir, O'Merfi kimi özünü təqdim edir və tamam başqa bir adam kimi üzə çıxır. O'Merfi isə özündən sonra lazımi şübhəli iz qoyaraq yoxa çıxır.

- Axı baş nazir kimi özünü qələmə verən adamı hamı görüb?

- Onu şəxsən və ya yaxından tanıyan heç kəs görməyib. Həm də Daniels onun mümkün qədər hər kəslə ünsiyyətdə olmasının qabağını alırdı. Bundan başqa onun üzü sarınmışdı, davranışındakı qeyri-adilik onun həyatına edilmiş sui-qəsd nəticəsində aldığı şokdan əzab çəkməsi faktı ilə əlaqələndiriləcəkdi. Makadamın zəif yeri onun boğazı idi və həmişə böyük nitq söyləməmişdən əvvəl mümkün qədər səsini qorumağa çalışırdı. Bu kələyi Fransaya qədər gizli saxlamaq tamamilə asan idi. Fransada isə bu həyata keçməyən qeyri-mümkün bir iş idi. Buna görə də baş nazir yoxa çıxır. Ölkənin polisi La-Manş boğazına can atır, ancaq ilk hücumun təfsilatına varmaq üçün heç kəs özünə əziyyət vermir. Baş nazirin Fransada oğurlanması barədə illüziyanı sübut etmək üçün ağlabatan bir tərzdə Danielsin ağzını tuturlar, burnuna xloroform tuturlar.

- Bəs baş nazirin rolunu ifa edən adam?

- Maskasını çıxarırlar. O və bir də qondarma sürücü şübhəli adamlar kimi həbs olunsaydılar belə, onların bu işdə oynadığı əsl roldan şübhələnmək heç kəsin xəyalına gəlməzdi və axırda sübut olmadığı üçün azad ediləcəkdilər.

- Bəs həqiqi baş nazir?

- Onu və O'Merfini birbaşa Hempstetdə Danielsin "xalası” adlanan "işsiz Everardın” evinə gətirirlər. Əslində isə adı xanım Berta Ebentaldır. Polis xeyli vaxtdır onu axtarmaqdadır. Daniels bir yana dursun, bu, mənim onlara kiçik də olsa, qiymətli hədiyyəm oldu. Ağıllı plan imiş, lakin Erkül Puaronun daha ağıllı olduğunu nəzərə almayıblar!

Zənn edirəm dostumun bu ani lovğalığını bağışlamaq olardı.

- İşin mahiyyətinə nə vaxtdan şübhə etməyə başladınız?

- Elə işə içəridən başladığım vaxtdan etibarən! O atışma məsələsini aydınlaşdıra bilmirdim, amma bu işin nəğd nəticəsi kimi baş nazirin üzü bağlı Fransaya yola düşdüyünü aydınlaşdırarkən anlamağa başladım! Həm də Vindzor və London arasındakı kənd xəstəxanalarına baş çəkərkən təsvir etdiyimiz üzü bağlı və yarası sarınmış adamın həmin səhər heç kəsin görmədiyini deyərkən əmin oldum. Bundan sonra mənim kimi dedektiv üçün bu işi açmaq uşaq oyunu idi.

Ertəsi günün səhəri Puaro mənə təzəcə aldığı teleqramı göstərdi. Teleqramın haradan vurulması qeyd olunmamışdı, imza da qoyulmamışdı. Orada deyilirdi:

- Düz vaxtında!

Bir xeyli keçəndən sonra axşam qəzetlərdə müttəfiqlərin konfransı barədə məlumatı dərc etdilər. Mətbuat cənab Devid Makadamın gurultulu alqışlarla qarşılandığını xüsusilə qeyd edirdi. Hökümət başçısının ilhamverici nitqi ürəklərə yol tapan və uzun müddət yadda qalan təəssüratlara vəsilə oldu.

Tərcümə: Ramil Rahiboğlu
ANN.Az