İctimai Televiziya ilə AzTV arasındakı “Ovqat” proqramı məsələsi çözüldü

İctimai Televiziya ilə AzTV arasındakı “Ovqat” proqramı məsələsi çözüldü

İctimai televiziyada yayımlanan “Ovqat” proqramı ilə bağlı yaranmış vəziyyətə dair yekun qərar verilib. Qeyd edək ki, İctimai Teleradionun mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov, “Ovqat” proqramı ilə bağlı yaranmış vəziyyətə dair yekun qərarın şirkətin Baş direktoru İsmayıl Ömərovun Bakıya qayıtmasından sonra veriləcəyini bildirmişdi.

Məsələ ilə bağlı açıqlama verən Tahir Məmmədov İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərovun artıq işə çıxdığını və onun rəhbərliyi ilə Direktorlar Şurasının iclasının keçirildiyini bildirib. İclasda İctimai Teleradionun bayram həftəsini necə yola salması və qarşıdan gələn 20 Yanvarla bağlı proqramlar müzakirə olunub.

T.Məmmədov deyib ki, toplantıda “Ovqat”la bağlı məsələyə çox qısa toxunulub və konkret qərar qəbul edilib. İsmayıl Ömərov deyib ki, bu cür çox bəsit məsələlərə belə emosional münasibət doğru deyil: ""Ovqat" proqramının İctimai televiziyaya məxsus olduğunu tamaşaçılar gündüzün gecəni əvəz etdiyi reallıq qədər aydın bilirlər. 4 ildir proqram efirimizdə, şəhadətnamə də əlimizdə. Biz nəyi sübut etməliyik ki? Bəzi başqa kanalların götürmək istədiyi, maraq göstərdiyi təkcə “Ovqat” proqramı deyil ki. Bizim çoxsaylı layihələrimizə bu cür maraq göstərirlərsə, buna qəzəblənmək, qısqanmaq yox, sevinmək lazımdır. Son dövrlərin ən aktual mövzularından olan teleməkanın acınacaqlı vəziyyətini telekanallar bir-birinə baxıb düzəldirlərsə, bu özü çox yaxşı haldır. Bu ümumi işimizin bir tərkib hissəsidir və heç kəsə sirr deyil ki, bu gün İctimai televiziyanın kollektivi öz peşəkarlığı və hazırlığı ilə fərqlənir. Bu gün teleməktəb missiyası onun üzərinə düşür və bu peşəkar kadrların və layihələrin başqa kanallara getməyi təbiidir. Konkret halda son bir ildə AZTV-yə 10 nəfərə yaxın əməkdaşımızın getməyi onlar üçün qazancdırsa, bizim üçün itki deyil. O cümlədən də “Ovqat” verilişinin həm aparıcısının, həm də rejissorunun getməyi. Bizim hələ efirə çıxası ehtiyatda neçə-neçə layihələrimiz var. Bu qədər yerli və beynəlxalq layihələrin, canlı telekörpülərin olduğu halda niyə artıq öz-özünü təkrarlayan, 4 ildir yayımladığımız bir layihənin adının davasını çəkirsiniz. Biz yanvarın 10-dan etibarən hər bazar günü səhər tezdən “Səhər Sovqatı” adlı yeni proqram yayımlayacağıq. Bütün dünyaya səpələnmiş azərbaycanlılar, türk dünyası bu sovqatda mənəvi bir rahatlıq, saflıq tapacaq”.

T.Məmmədov onu da qeyd edib ki, İsmayıl Ömərovun təkidlə etdiyi bu təklifi Direktorlar Şurası qəbul edib.