İlkin Babayev. Zaman tələsi (HEKAYƏ)

İlkin Babayev. Zaman tələsi (HEKAYƏ)

Mətin qorxu və təlaş içində dayanıb yerdə can verən Səidi izləyirdi. Hər şey bir an içində baş verdi və heç biri nə olduğunu anlamadı. Göz yaşlarına hakim ola bilməyən Mətin diz üstə çökərək Səidin əlini tutdu və elə həmin an Səid həyata gözlərini əbədi yumdu.

***

1-ci 23 avqust, bazar

Qırmızı qapı görürəm və onun qara olmasını istəyirəm. 

Başqa heç bir rəngi görmürəm, hər şeyin qara olmasını istəyirəm.

Mətin "Rolling Stones”un bu mahnısı ilə gözlərini açdı. Ancaq bir nəfər ona bu zəng səsi ilə zəng edə bilərdi. Qardaşı.

"Lənət şeytana, bu gün bazardır. İmkan ver, heç olmasa, bu gün yatım.” – Mətin deyinərək əli ilə yatağında telefonu axtarmağa başladı. Yuxulu-yuxulu bir təhər cavab düyməsini basıb telefonu qulağına qoydu:

– Alo, hə, eşidirəm.

– Gözlərini aç və dur, dostum. Deyəsən, günortaya kimi yatmağı planlaşdırırsan. Yadından çıxıb? Bu gün futbola gedirik. – Səid qardaşını oyatmağa çalışdı. 

– Zibil! Yadımdan çıxıb. Bu gün ayın neçəsidir ki? 

– Mətin, özünə gəl, oyan. Ku-ku! Bu gün avqustun 23-dür. Saat 09:23-dür. Və biz yarım saatdan sonra görüşməliyik.

– Yaxşı, yaxşı. Durdum, əl çək, gəlirəm. – Mətin dəstəyi asdı. Telefonu qırağa ataraq gözlərini ovuşdurub yuxusunu qaçırtmağa çalışdı. "Nə ağılla bircə istirahət günümdə futbola getməyə razı olmuşam? Özü də səhərin gözü açılmamış. Heç quşlar oyanıb su içməyib”. Mətin dodağının altında mızıldana-mızıldana çantasını yığmağa başladı. 

26 yaşındakı Mətin və 29 yaşındakı Səid qardaş idilər. Səid iki ilə yaxın idi ki, həyat yoldaşı Sofiya ilə ayrı evə köçmüşdü. Mətin isə ata evində valideynləri ilə yaşayırdı. Demək olar ki, qonşu idilər. Aralarında cəmi bir blokluq məsafə var idi. Yarım saat sonra məhəllədə görüşməli idilər. Plan üzrə əvvəlcə yaxınlıqdakı kafedə səhər yeməyi yeyib, oradan stadiona gedəcəkdilər. Valideynləri yay olduğu üçün bir neçə günlük rayonlardan birinə istirahət üçün getmişdilər. Məhz bu səbəbdən onlar səhər yeməyini restoranda yeməyi planlaşdırmışdılar.

Mətin paltar dolabından uşaqlıqdan fanatı olduğu "Milan” klubunun formasını axtarmağa başladı. Tapdıqdan sonra bir neçə saniyə formaya baxıb "Ehh, siz düzəlmədiz. Deyəsən daha heç vaxt böyük klub ola bilməyəcəyik”. Çantasını yığıb əynini dəyişdi və Səidə "Evdən çıxıram” mesajı atdı. Aşağı düşüb uşaqlıqda birlikdə budaqlarında gəzdikləri və yetişməsini heç vaxt gözləməyib dəyməmiş yedikləri tut ağacının altında gözləməyə başladı. Səhər saat 10 olsa da, hava artıq dəhşətli dərəcədə isti idi. "Ayrı vaxt "Küləklər şəhəri” olur. Lazım olanda yarpaq tərpənmir. Bu istidə futbol oynamaq hardan ağlımıza gəldi axı?!” Blokdan çıxan Səidi görüb ayağa qalxdı və ona yaxınlaşmağa başladı:

– Hə, hara gedirik? 

– "Mado”ya gedə bilərik. Həm ucuzdur, həm də yaxın.

– Gedək.

Qardaşlar qoşalaşıb söhbət edə-edə məhəllədən uzaqlaşmağa başladılar. Binalarının qabağındakı küçədən həmişə az maşın keçərdi. Yola çatmağa az qalmış Mətinin gözü ayaqqabısının açılmış bağına sataşdı və əyilib bağlamağa başladı.

– Rüstəm, Kənan, Mahir, sən, bir də mən eyni komandada oynayarıq. Qalan uşaqları rəqibə verərik. Bir-birimizi artıq tanıyırıq, belə rahat olacaq. – Səid danışa-danışa, eyni zamanda telefonla oynaya-oynaya yola çıxdı. Qardaşından cavab gəlmədiyini görən Səid telefondan ayrılıb yanına baxmağa başladı. Mətini axtarmaq üçün arxaya çevrilmək istəyəndə isə ... 

Yolun boş olmasından istifadə edən "BMW M3” markalı maşın yüksək sürət yığaraq anidən qarşısına çıxan Səidi vuraraq göyə tulladı. 

Bu səsə başını qaldıran Mətin qardaşının zərbənin təsirindən göyə uçduğuna və çox dəhşətli bir şəkildə yerə çırpıldığına şahid oldu. Nəyin olduğunu anlamayan Mətin Səidə yaxınlaşmağa başladı, qorxu və təlaş içində dayanıb zərbə nəticəsində eybəcər hala düşmüş qardaşının bədənini izlədi. Hər şey bir an içində baş verdi və heç biri nə olduğunu anlamadı. Göz yaşlarına hakim ola bilməyən Mətin diz üstə çökərək Səidin əlini tutdu və elə həmin anda Səid həyata gözlərini əbədi yumdu.

2-ci 23 avqust, bazar

Qırmızı qapı görürəm və onun qara olmasını istəyirəm. 

Başqa heç bir rəngi görmürəm, hər şeyin qara olmasını istəyirəm.

Mətin "Rolling Stones”un bu mahnısı ilə gözlərini açdı. Ancaq bir nəfər ona bu zəng səsi ilə zəng edə bilərdi. Qardaşı.

"Lənət şeytana, bu gün bazardır. İmkan ver, heç olmasa, bu gün yatım”. – Mətin deyinərək əli ilə yatağında telefonu axtarmağa başladı. Yuxulu-yuxulu bir təhər cavab düyməsinə basıb telefonu qulağına qoydu:

– Alo, hə, eşidirəm.

– Gözlərini aç və dur, dostum. Deyəsən, günortaya kimi yatmağı planlaşdırırsan. Yadından çıxıb? Bu gün futbola gedirik. – Səid qardaşını oyatmağa çalışdı. 

– Zibil! Yadımdan çıxıb. Bu gün ayın neçəsidir ki? 

– Mətin, özünə gəl, oyan. Ku-ku! Bu gün avqustun 23-dür. Saat 09:23-dür. Və biz yarım saat sonra görüşməliyik.

"... Anlamıram, dejavü yaşayıram mən? Eyni bu cür danışığı yuxuda görmüşdüm axı.”

Mətin çantasını yığıb əynini dəyişdi və Səidə "Evdən çıxıram” mesajı atdı. Aşağı düşüb uşaqlıqda birlikdə budaqlarında gəzdikləri və yetişməsini heç vaxt gözləməyib dəyməmiş yedikləri tut ağacının altında gözləməyə başladı.

"... Bir azdan Səid blokdan çıxacaq və "Madoya gedək” deyəcək”.

– Hə, hara gedirik? 

– "Mado”ya gedə bilərik. Həm ucuzdur, həm də yaxın.

"... Sonra isə onu maşın vurur və ölür”. Nələrin olduğunu anlamağa çalışan Mətin sanki robotlaşdırılmış şəkildə əyilib ayaqqabı bağını bağlamağa başlayır. 

Əyləc səsinə başını yuxarı qaldırıb baş verənləri izləyir.

Yolun boş olmasından istifadə edən "BMW M3” markalı maşın yüksək sürət yığaraq anidən qarşısına çıxan Səidi vuraraq göyə tullayır. 

"... Nə olar, yenə yuxu olsun! Bilirdim, belə olacağını bilirdim, amma ona xəbər edə bilmədim”. 

Göz yaşlarına hakim ola bilməyən Mətin diz üstə çökərək Səidin əlini tutdu və elə həmin anda Səid həyata gözlərini əbədi yumdu.

3-cü 23 avqust, bazar

Qırmızı qapı görürəm və onun qara olmasını istəyirəm. 

Başqa heç bir rəngi görmürəm, hər şeyin qara olmasını istəyirəm.

Mətin "Rolling Stones”un bu mahnısı ilə gözlərini açdı. Yenə eyni yuxu, eyni sonluq. "Deyəsən dəli oluram” Gördüyü iki ardıcıl yuxudan sonra telefonun harada olduğunu avtomatik tapıb telefona cavab verdi.

– Gözlərini aç və dur, dostum. Deyəsən, günortaya kimi yatmağı planlaşdırırsan. Yadından çıxıb? Bu gün futbola gedirik. – Səid qardaşını oyatmağa çalışdı. 

– Səid, oyağam. Yuxuda nə görmüşəm, inanmarsan. Eyni şeyi sanki üçüncü dəfə yaşayıram.

– Mətin, özünə gəl, oyan. Ku-ku! Yarım saat sonra məhəllədə görüşürük, – deyərək Səid dəstəyi asdı.

Hələ də yuxunun təsirindən çıxa bilməyən Mətin çantasını yığıb əynini dəyişdi və Səidə "Evdən çıxıram” mesajı atıb məhəlləyə endi. Yuxusunda ardıcıl iki dəfə gördüyü tut ağacının altında dayanıb Səidi gözləməyə başladı. "Burada onu gözləyirəm, görüşürük, "Mado”ya getməyə qərar verib tərpənirik. Sonra ayaqqabımın bağı açılır, əyilib bağlamaq istəyəndə onu maşın vurur”. Dərhal gözünü aşağı salır və bir neçə dəqiqə açılmış ayaqqabısının bağına baxmağa başlayır. Sanki dişləyəcəkmiş kimi asta-asta əyilərək bağı bağlamağa çalışır. Ayağa qalxdıqda isə Səidi görüb ona yaxınlaşmağa başlayır.

– Hə, hara gedirik? 

– "Mado”ya gedə bilərik. Həm ucuzdur, həm də yaxın.

– Gedək

– Rüstəm, Kənan, Mahir, sən, bir də mən eyni komandada oynayarıq. Qalan uşaqları rəqibə verərik. Bir-birimizi artıq tanıyırıq, belə rahat olacaq. – Səid danışa-danışa, eyni zamanda telefonla oynaya-oynaya yola çıxdı.

– Başını telefondan qaldır, yol keçirik, sağ-salamat stadiona gedək çıxaq, sonra komanda seçərsən. – Mətin həyəcanla qardaşının qolundan tutub saxladı. Elə bu an demək olar ki, Səidin düz burnunun ucundan yüksək sürətlə "BMW M3” markalı avtomobil şütüyüb keçdi. 

– Lənət olsun... Az qalmışdı vursun, – Səid səsini ucaldaraq maşının arxasınca qışqırdı. – Eşşək balası! Evinə salamat çatmayasan heç, əclaf!

Qorxusundan ağarmış Mətin isə qardaşının qolunu buraxmadan onu dinləyirdi.

– Yaxşı, burax sən də. Hardan gördün sən onu? Axmaq oğlu axmaq elə bil yarışdadır.

– Dü, dü, düzünü desəm, özüm də bilmirəm. Bu hadisəni yuxuda görmüşdüm. Sən mənə zəng edəndə ayıldım. Yuxuda eyni bu hadisələr baş verirdi, axırda səni maşın vururdu. 

– Oho, deyəsən, bəsirət gözün açılıb. – Səid qolunu qorxusundan ağarmış qardaşının boynuna dolayıb gülümsəyərək özünə tərəf sıxdı.

Sağ-salamat restorana çatan kimi pəncərənin yanındakı masada əyləşdilər. Mətin əlini menyuya uzadıb soruşdu:

– Nə yeyirik?

– Nə varsa. – Səid gülərək ofisiantı yanına çağırdı. – Bu günün səhər menyusunu, zəhmət olmasa. Yanında mənə çay, bu axmaq isə – əli ilə Mətini göstərir – səhərlər "Coca-Cola” içir.
Sifarişləri qəbul edib uzaqlaşan ofisiant bir müddət sonra sifarişlərlə qardaşlara yaxınlaşdı.

– Bu sizin səhər menyunuz, bu çay. – Mətinə tərəf dönərək: – Bu sizin menyunuz, bu isə .... – Bu an məcməyinin qırağında tək qalan "Coca-Cola” butulkası natarazlıqdan yerə düşüb qırıldı. – Çox üzr istəyirəm, üstünüzü də batırdım. İndi dərhal yığışdırıb təzəsini gətirərəm. 

– Eybi yox. – Mətin ayağa qalxdı. – Otur indi üstümü təmizləyim gəlirəm.

Masada Səidi tək qoyan Mətin tələsik üstünü təmizləmək üçün tualetə girdi. Su kranını açan kimi zaldan əyləc səsi, daha sonra güclü dağıntı səsi eşitdi. Qaça-qaça zala qayıdan Mətin gördüyü mənzərə qarşısında şok keçirtdi. 

İdarəetməni itirmiş "Niva” markalı avtomobil restoranın vitrin şüşəsini sındıraraq zala daxil olmuş və bir dəqiqə öncə Mətinin arxasından qalxdığı stolu qardaşı ilə birlikdə əzib keçmişdi. Mətinin gördüyü son şey isə Səidin zərbənin təsirindən deformasiyaya uğramış bədəni idi.

4-cü 23 avqust, bazar

Qırmızı qapı görürəm və onun qara olmasını istəyirəm. 

Başqa heç bir rəngi görmürəm, hər şeyin qara olmasını istəyirəm.

Mətin "Rolling Stones”un bu mahnısı ilə gözlərini açdı. Dərhal telefonu götürüb tarixə baxdı. 23 avqust. "Ola bilməz, bu nədir? Eyni günü niyə təkrar-təkrar yaşayıram? Ya yenə yuxu görürəm?” Telefonu götürüb Səidin danışmasına imkan verməyərək dedi:

– Evdə gözlə, gəlirəm. Danışmalıyıq. – Dəstəyi asıb, paltarlarını tez-tələsik əyninə keçirərək evdən çıxdı.

***

– Başa düşmədim. Necə yəni eyni günü üçüncü dəfədir yaşayırsan? Dejavü olmasın? 

– Yox, dejavü deyil. Bu qədər uzun dejavü olmaz. Sanki hər şey real idi, hər dəfə də sən ölürsən, mən də yenidən başa qayıdıram.

– Bəsdir görüm. İndi deyirsən evdən çıxsam, məni maşın vuracaq? 

– İki dəfə evin qabağında, bir dəfə də restoranda bu hadisə baş verdi.

– Başın xarab olub sənin, Mətin. Uşaqlar gözləyir, dur, gedək. 

– Xahiş edirəm, mənim xətrimə, getməyək. Hər dəfə sənin ölümünü görmək məni dəli edir. 

– Əə, get işinin, gücünün dalınca. Yuxu görür, qorxur. İyirmi altı yaşın var e, altı yox. – Səid gülərək oturduqları divandan qalxdı. – Gözlə, hamama girirəm. Çimim, gedək sonra.
Mətin əlləri ilə başını tutub oturduğu yerdə qardaşını gözləməyə başladı. Səidin hamama girməsindən heç iki dəqiqə keçməmişdi ki, Mətin hamamdan gələn səsə yerindən dik atıldı. Qaçaraq hamama yaxınlaşıb qapını döymədən içəri girdi. Şok! "Yenə eyni şey... Nə olar, yenə yuxu olsun.”
 
Hamamın döşəməsinin üstündə yığılmış sudan ayağı sürüşən Səidin başı vannanın qırağına dəyərək partlamış, elə oradaca keçinmişdi. Mətinin gördüyü son şey Səidin boş-boş baxan gözləri oldu. 

5-ci 23 avqust, bazar

Qırmızı qapı görürəm və onun qara olmasını istəyirəm. 

Başqa heç bir rəngi görmürəm, hər şeyin qara olmasını istəyirəm.

"Yenə... Bu nə işdir mən düşmüşəm.” Telefona cavab verib "Evdə gözlə, gəlirəm!” – dedi. 

...

– Əə, get işinin, gücünün dalınca. Yuxu görür, qorxur. İyirmi altı yaşın var e, altı yox. – Səid gülərək oturduqları divandan qalxır. – Gözlə, hamama girirəm. Çimim, gedək sonra.

– Yox! Girmə hamama, yer sudur. Sürüşəcəksən və …. Sadəcə unut çimməyi bu günlük.

– Yoxsa orda da ölürdüm? 

– Elədir ki, var… Bilmirəm, nə qədər fantastik görünsə də, deyəsən zaman tələsinə düşmüşük. "Marmot günü” kinosuna baxmısan? Orda da baş qəhrəman eyni günü təkrar-təkrar yaşayır. Bəlkə sən bu günün sonuna kimi sağ qalsan, bu kabus bitəcək?

– Nəyin baş verdiyin anlamıram. Amma sənə inanıram. Sağ qalmaq deyirsənsə, olsun. Onda bu gün evdən çıxmıram. Gəl mətbəxə, sənə qəşəng səhər yeməyi hazırlayım. – Səid mətbəxə keçir. 
"Bircə gün, 24 saat dözüb bu kabusu təcili bitirmək lazımdır.” – Bu düşüncə ilə mətbəxə keçmək istəyən Mətini oradan gələn güclü səs qorxudur. "Bu dəfə nə?!” Mətbəxə girən Mətin tosterin çəngəlini elektrik yuvasına salan və qısaqapanma nəticəsində elektrik vuran Səidin saçından çıxan tüstü ilə qarşılaşdı. 

...
71-ci 23 avqust, bazar

Qırmızı qapını görürəm və onun qara olmasını istəyirəm. 

Başqa heç bir rəngi görmürəm, hər şeyin qara olmasını istəyirəm.

Mətin bu mahnı ilə yuxudan oyandığı günlərin hesabını artıq itirmişdi. Səhər qardaşına hər şeyi danışıb onu inandırmaqdan yorulsa da, məcburiyyət qarşısında qalıb yenidən hər şeyi qardaşına danışırdı. 

Mətin artıq bir çox fantastik, tarixi, dini və elmi kitabları araşdırmışdı və bu halın nə olduğunu aydınlaşdırmağa çalışırdı. Anladığı bir şey var idi: O, zaman tələsinə düşmüşdü və hələ özünə də məlum olmayan hansısa bir missiyanı yerinə yetirmədən bu tələdən çıxa bilməyəcəkdi. Oxuduğu kitablardan anladığı qədəri ilə zamanı və reallığı bu cür dəyişə bilən, onu bu tələyə sala biləcək tək varlıq – Trikster ola bilərdi. Kitablarda adı keçən Triksterlərdən ən məşhuru isə Norveç mifologiyasında yalan və biclik tanrısı olan Loki idi. "Loki?! Sonra nə gözləyir məni? Tor? Odin? Nə isə, düşdüyüm vəziyyətin özü inanılmazdı onsuz da ...”

...
Səid çay içmək üçün bəh-bəhlə özünə tərəf çəkdiyi zoğal mürəbbəsindən bir qaşıq götürüb ağzına qoydu. Və balaca zoğal dənəsinin tumu nəfəs borusuna düşərək Səidi boğmağa başladı. 
...

126-ci 23 avqust, çərşənbə axşamı

Qırmızı qapını görürəm və onun qara olmasını istəyirəm. 

Başqa heç bir rəngi görmürəm, hər şeyin qara olmasını istəyirəm.

...

Son iyirmi "gün” idi ki, Mətin davamlı olaraq Loki haqqında oxuyur və get-gedə Lokinin onu bu tələyə saldığına əmin olurdu. Xarici fantastik internet səhifələrindən oxuduğu məlumatlara görə, Loki tez-tez bu tip tələlər hazırlayır və sadəcə qurbanlarının əziyyət çəkməsindən zövq alırdı. Loki istənilən canlının formasını ala bilən, reallığı dəyişmək, insan yaratmaq, zamanı dondurmaq və geriyə çevirmək, həmçinin insanları zaman tələsinə salmaq kimi bacarıqlara malik bir varlıq idi. Həmçinin o, ölümsüz idi və istədiyi vaxt gözəgörünməz ola bilirdi. 
– Səid, artıq milyon dəfə mən bu günü yaşamışam. Ətrafda olan hər şeyi, hər kəsi tanıyıram. Saniyə-saniyə kimin nə edəcəyini göstərə, kimin nə deyəcəyini deyə bilərəm. Düşünürəm ki, bu oyunun mənim başıma kimin açdığını da tapmışam.  

– Ancaq qardaşım olduğun üçün sənə inanıram, başqası bunları danışsa, dərhal həkimə müraciət etməsini məsləhət görərdim. Nə tapmısan? Kimdir səninlə oynayan? 

– Loki.

– Loki? Hansı Loki? Marvelin qəhrəmanı? Sən yüz faiz mənimlə məzələnirsən. 

– Yox. Loki qədim Norveç mifologiyasının Tanrılarından biridir. Onu tapmağın yolunu belə tapmışam. Gəl, mənimlə dördyol ayrıcına getməliyik. 

Səid heç nə anlamırdı. Sadəcə Mətinin səsindəki həyəcandan və gözlərindəki əminlikdən ona inanırdı. Evdən birlikdə çıxıb yaxınlıqdakı tikintinin qarşısındakı dördyola tərəf irəliləməyə başladılar. Mətin dördgözlə ətrafa baxıb mümkün təhlükələrdən Səidi qorumağa çalışırdı. Artıq Səidin ölümünü görməyə alışmışdı, sadəcə hər şeyi hər dəfə yenidən başlamaq onu bezdirmişdi. Ehtiyatla onlar tikintiyə tərəf irəliləyirdilər. Artıq dörd yol görünürdü. Mətin tələsib bir az irəli qaçaraq tez işini başlamaq istəyirdi. Səidi yalnız qoyduğu məhz o bir neçə saniyə ərzində baş verən hadisə onu yenidən günün əvvəlinə qaytardı.

Tikinti sahəsində çalışan qaldırıcı kranın tarıma çəkilmiş tarazlıq kəndirlərindən biri qırılaraq qılınc kimi qarşısına çıxan hər şeyi kəsib yerə düşdü. Təəssüf ki, onun yolunun üstündə qardaşından ayrı düşmüş Səid də var idi. Sağ çiynindən dəyən kəndir onu sağdan-sola iki hissəyə böldü. Nəyin baş verdiyini anlayan Mətin bu dəfə Səidin qorxunc ölümünü görməsin deyə gözlərini bərk-bərk yumub "Rolling Stones”un solisti Mick Jaggerin səsini eşitmək üçün gözləməyə başladı...
...

153-ci 23 avqust, bazar

Qırmızı qapını görürəm və onun qara olmasını istəyirəm. 

Başqa heç bir rəngi görmürəm, hər şeyin qara olmasını istəyirəm.
...
Lokini çağırmaq üçün dördyol ayrıcına gedib düz yolun ortasına bir qutu qoyun. Qutunun içində mütləq şəkliniz, qəbiristanlıqdan götürülmüş torpaq və qara pişiyin tükü olmalıdır.
Kiril Korolev – "Skandinaviya mifologiyası”. 

Bu kitabı ona Loki barədə məlumat axtararkən kitabxanada tanış olduğu Əsmər vermişdi. Hansısa bazar günlərindən birində kitabxanada Mətinin hansı mövzuda kitablar axtardığını görən Əsmər ilk dəfə özü ona yaxınlaşmışdı. Universiteti Oslo şəhərində bitirən Əsmər gənc yaşında Skandinaviya ölkələri üzrə tarix elmləri doktoru adına layiq görülmüşdü. Daha sonra bəzi problemlərdən doğma ölkəsinə qayıtmaq məcburiyyətində qalmışdı. 

Mətinin araşdırdığı kitabları görən Əsmər ona yaxınlaşıb dedi:

– Salam. Bu ölkədə bu tip kitablarla maraqlanan tək-tük insanlardansız, deyəsən. Axtardığınız məlumatı mənə desəz, sizə həvəslə kömək edərəm.

Mətin yorğun halda başını qaldırıb hündürboy, adının tam əksi olan bir qızla göz-gözə gəldi. Əsmərin uzun sarı saçları, yaşıla çalan gözləri var idi. "Səninlə danışmağımın mənası nədir ki? 15-20 dəqiqə sonra Səid yenə bir axmaqlıq edəcək və sən məni unudacaqsan.” Amma düşündüyündən fərqli olaraq dedi:

– Təşəkkür edirəm. Heç özüm də bilmirəm, nə axtarıram. Mənə Loki haqqında məlumat lazımdır. Mifologiyaya görə, onunla necə görüşmək olardı? Onu necə tapmaq olardı? Bilmirəm artıq nəyə baxım, məlumat tapa bilmirəm. 

Və beləcə, Əsmər Mətinə kömək etməyə başladı. Düşündüyü kimi, Əsmər hər yeni gün Mətini unudurdu. Amma ilk dəfədən fərqli olaraq, hər keçən gün yeni suallar ilə özü birinci Əsmərə yaxınlaşırdı. Artıq dəli olmaq səviyyəsinə gəlmişdi. Gözünü açdığı andan etibarən hər səhər əvvəlcə hər şeyi Səidə başa salır, onu buna inandırır, sonra qaçaraq kitabxanaya gəlir, başına gələnləri Əsmərə danışır və ondan kömək istəyirdi. Təbii ki, Əsmər əvvəl-əvvəl ona inanmırdı, amma inanılmaz sayda olan görüşlərində hər dəfə onun haqqında öyrəndiyi məlumatları Əsmərə deməklə onu dediyinə inandırır və bu bəladan qurtulması üçün ondan kömək istəyirdi. 

Lokini çağırmaq yolunu da Əsmər bir rus müəllifin yazdığı Skandinaviya mifologiyası ensiklopediyasında tapmışdı. Mətin bu gün bu məsələni bitirmək istəyirdi. Bu məlumatı öyrəndikdən sonra artıq neçənci gün idi ki, Lokini çağırmaq istəyirdi. Lakin gün yenidən başladığından imkan tapmırdı. 

Bu günün fərqli olacağına inanırdı. Əsmər ilə kitabxanadan tələsə-tələsə çıxıb Səidə zəng vurdu:

– Qaqaş, xahiş edirəm, çox ehtiyatlı olaraq evin qabağındakı tikintinin yanındakı dördyola gəl. Tikintinin altından keçmə, xahiş edirəm... Bilirsən niyə... Hə, orda da ölürsən...
Hər üçü artıq danışılmış yerdə idilər. Hər üçü bir-birlərinə baxırdı. Və aralarında təkcə Mətin planlarının baş tutması üçün dua edirdi. Əyilərək cibindən evdən götürdüyü telefon qutusunu çıxartdı. Qapağını açaraq ciblərini axtardı. "Şəkil yerində, torpaq bir kağızın içində bükülü hazır. Bəs pişik tükü?” Həyəcanla əllərini digər ciblərində gəzdirdi, arxa cibindən tükü bükdüyü digər kağızı tapdı. Dərindən köksünü ötürərək hər üç əşyanı qutunun içinə qoydu və qapağını bağlayıb ayağa durdu. Ehtiyatla geri çəkilərək Əsmər və Səidin yanına gəldi. Hər üçü, demək olar ki, nəfəs almadan qutuya baxdı. "Xahiş edirəm, alınsın, bezdim artıq!” Həyəcandan ətrafda baş verən dəyişikliyi hiss etmirdi. Heç yerdən maşın səsi gəlmirdi. Quşlar oxumurdu. Külək əsmirdi. Yanında dayan qardaşı və dostu isə nəfəs almırdı. 

Bu qəribəlik Mətinə sanki qəfildən çatdı. Gözünü qutudan ayırıb ətrafına baxmaq istədi. Əsmər və Səid sanki donmuşdular. Tərpənmirdilər. Mətin onların qabağına keçib səslədi:

– Səid! Səid! Əsmər! – Çağıra-çağıra onları silkələməyə başladı. – Əsmər! Xahiş edirəm, məni daha qorxutmayın, cavab verin! 

Cavab ala bilməyib ətrafına boylanmağa başladı. Zaman donmuşdu. Maşınlar tərpənmir, qanadlanan bir quş isə yaxınlıqdakı ağacın yanında havada donub qalmışdı. "Yenə nə baş verir? Bu nədir indi?” 

– Məni axtarırdın. – Arxadan bir səs gəldi. – Eşidirəm səni. 

Qorxudan qışqıran Mətin dərhal geriyə çönəndə qarşısında bir nəfər gördü.

– Loki?! 

– Elədir ki var. – Yalan və biclik Tanrısı gülümsəməyə başladı.

Hündür, kürən və arıq Tanrı Mətinin qarşısında dayanıb onunla danışırdı. Əynindəki uzun, ayaqlarına kimi düşən yaşıl plaş bədəninin formasını, plaşın başlığı isə üzünü gizlədirdi. "Bu yuxudur. Bütün bunlar real ola bilməz...” 

– M, m, m, mən bu tələdən çıxmaq istəyirəm. – Özündə güc toplayan Mətin dilə gəldi.

– Mən də çox şey istəyirəm. Elə bilirsən, bu tələyə düşən tək sənsən? Vaxtımı alırsan. – Təbəssüm artıq dərin gülüşə çevrilmişdi.

– Qardaşımı xilas etmək istəyirəm. Yol göstər mənə. Bu tələnin bir çıxışı olmalıdır.

– Hələ də başa düşməmisən, axmaq? Nə etməyindən asılı olmayaraq qardaşını xilas etmək sənin əlində olan bir şey deyil. Onu ancaq mən xilas edə bilərəm. Amma nəticələri ilə barışmağa hazırsan?  

– Hər şeyə hazıram...

Sonuncu 23 avqust, bazar

Qırmızı qapı görürəm və onun qara olmasını istəyirəm. 

Başqa heç bir rəngi görmürəm, hər şeyin qara olmasını istəyirəm.

"Hanı e bu? Niyə götürmür telefonu. Gecikirik.” – Səid öz-özünə fikirləşdi. Daha bir neçə saniyə gözləyib dəstəyi asdı. "Yaxşı götürmə. Gəlib indi evdə oyadaram.” 

15 dəqiqə sonra

"Bu belə bərk yatıb yəni? Qapı sınacaq indi, amma açmır.” – Səid artıq ciddi narahatlıq keçirməyə başladı. Dərhal kəmər yerindən asdığı açar topasını qaldırıb Mətinin qaldığı evin açarlarını çıxartdı. Tələsə-tələsə açıb, Mətini səsləyə-səsləyə birbaşa yataq otağına keçdi.

Yataq otağında isə onu yuxudan ayılmayan qardaşının cansız bədəni gözləyirdi.

27.12.2018