İlkin Tomar - ÇOBAN  YASTIĞI

İlkin Tomar - ÇOBAN YASTIĞI

Məktub  yazıram,
Sənə  Cənnətdən.
Qoca  bir  Palıdam  mən,
Küsmüşəm  bu  günəşdən.
Usanmışam  illərdən,
Tək  ümidim  sənsən  sən.

Keçdi  günlər,
Keçdi  illər,
Bitdi...  Bitdi...
Təbəssümlər...
Quruyur  budaqlarım,
Tökülür  yarpaqlarım.
Azalır  pöhrələrim,
Sayıram  günlərimi,
Sənə  yazıram,
Məzar  qazıram.
Mən  ölürəm....
Tək  ümidim  sənsən  sən.

Sən  bir  gülsən,
Cənnətimdə  bitsən,
Göz  qamaşdırar,
Ləçəklərinin  ağı,
Sən  ətirli  bir,
Çoban  yastığı.

Sən  bir  gülsən,
Üzümə  əgər,
Bulud  gedər,
Günəş  gülər,
Üzümə...
Sən  bir  gülsən,
Üzümə  əgər,
Ağrı  keçər,
Taqət  gələr,
Dizimə...
Sən  bir  gülsən,
Quşlar  uçar,  yenidən.
Sən  bir  gülsən,
Bülbül  doymaz,  nəğmədən.
Tək  ümidim  sənsən  sən.

Göz  qamaşdırır,
Ləçəklərinin  ağı.
Sən  ətirli  bir,
Çoban  yastığı.

Yaz  gecikdi,
Sən  gecikdin.
Palıd  öldü,
Məzar  örtüldü.
Cənnət  ağladı,  susdu.
Torpaq  palıdı,  uddu.
Gecə  düşdü,
Günəş  doğdu.
Palıd  yoxdu,
Hamı  unutdu.
Günlər  keçdi,
Vədə  yetdi.
Tərpəndi,  bir  gün,
Məzarın  sağı.
Kimsə  qazdı,
İçdən  torpağı.
Başın  qaldırdı,
Gözlərin  açdı.
Körpə  bir, 
Çoban  yastığı...

Göz  qamaşdırır,
Ləçəklərinin  ağı. 
Sən  ətirli  bir, 
Çoban  yastığı...

Sən  bir  bax,
Bu  kələyə.
Palıd  döndü,
Kəpənəyə.
Uçdu,  uçdu,
Dayanmadı.
Uçdu,  uçdu.
Yorulmadı.
Baxdı  o  çiçəyə,
Baxdı  bu  çiçəyə.
Gördü  məzar  üstə,
Bir  boynu  bükük,
Gözləri  nəmli,
Çox  kədərli.
Ürəyi  dağlı,
Çoban  yastığı.
Görməz  oldu,
Solu,  sağı.
Bir  an  belə,
Dayanmadı.
Uçdu  yenə,
Ona  sarı.
Dövrə  vurdu,
Mənəm - dedi.
Yerə  qondu,
Gəldim - dedi.
Çox  axtardım,
Səni  tapdım.
Gəzdim  düzü,
Gəzdim  dağı.
Mən  kəpənək,
Sənsə  çiçək,
Çoban  yastığı. 
Tək  ümidim  sənsən  sən.

Göz  qamaşdırır,
Ləçəklərinin  ağı. 
Sən  ətirli  bir, 
Çoban  yastığı...

Ədəbiyyat.biz