İlkin Tomar - Qəfəs

İlkin Tomar - Qəfəs

QƏFƏS

Acizəm, gündəliyimdə qara günlərim saysız,

İtkinəm, hicrətimdə xaraba şəhərlərim adsız.

Təkəm , özlüyümdə, boşluqlarda, ey dostlarım yadsız,

Unutmaq istərəm, usanmışam həyat adlı dərsdən,

Qurtulmaq istərəm, bezmişəm dünya adlı qəfəsdən.



Həyat önümdə, gələcək qara pərdə , sanki səhnə,

Hər addım min günah, göz yaşlarım əldə sanki tövbə.

Uzanan əllər təbaşir, ürəyim də sanki lövhə,

Silmək istərəm könlümü sevgi adlı hissdən,

Qurtulmaq istərəm, bezmişəm dünya adlı qəfəsdən.



Dildə adın, dodağım çat-çat, eşqinlə susuz qalar,

Ölümdən sədəqə dilənən əllərim qabar - qabar.

De niyə? Haqqı görən qəlblər iblis yurduna qaçar?

Yağmaq istərəm, dolmuşam günah adlı nəfsdən,

Qurtulmaq istərəm, bezmişəm dünya adlı qəfəsdən.



Dinlə nəğməmi, sözlərim sərxoş , etdi səni batil,

Baxma dünyama, gözlərin zalım, etdi məni qafil.

Susdum artıq, kafirlə cihadım etdi məni qatil,

Qaçmaq istərəm, doymuşam fitnə adlı həvəsdən,

Qurtulmaq istərəm, bezmişəm dünya adlı qəfəsdən.



Qəlbdən baki kimsə duymaz, fəryadım ucalsa göyə,

Soran olmaz dərdimi, göz yaşım axsa, dönsə selə.

Görən olmaz, od içində yansam, ruhum olsa kölgə,

Satmaq istərəm, diksinmişəm sirdaş adlı kəsdən,

Qurtulmaq istərəm, bezmişəm dünya adlı qəfəsdən.



İlkin Tomar