İmarət Cəlilqızı. Şeirlər

İmarət Cəlilqızı. Şeirlər

BAĞLI  QAPI

Bağlı qapı... 
arxasında
     sirli   şeylər çox,
kilidinə  düşən  açar   
    bir   kimsədə yox.
Açmaq yana, 
bircə  nəfər də döymədi,
dəstəyinə  
 ömrü boyu  əl  dəymədi. 
Heç  kim  açmaq  istəmədi  
                    bu  kilidi, 
 Bağlı  qapı
 öz-özünə  hey   göynədi,
   öz-özünə   gah   ağladı,
                    gah  kiridi...
Bağlı   qapı
         bağlı-bağlı çürüdü...

NƏ YER, NƏ DƏ GÖY

Ruhum uçsa
səmalara,
enmək istəməz,
tərk etdiyi 
vücuduna 
dönmək istəməz.

Yerə bağlı
vücudumun 
yel atları yox,
Göyə uçmaq 
istəsə də,
qanadları yox.

Bir Göy  vardır,
bir Yer vardır,
bəs bir də hara?
varsa, Tanrım, 
götür məni
tez apar ora!

İNSAN

Sən, bəlkə də, güclüsən,
Sən, bəlkə də, gözəlsən,
ağıllısan, ustasan, 
çox şeylərə qadirsən,
amma  nolsun,
yenə də 
özün özünə sirsən.

Sən kimsən ki?
Allahın bir günahkar bəndəsi,
sən heç bir şey olardın, 
olmasaydı üstündə
Yaradanın kölgəsi.

Bu kölgədən qıraqda 
sən atəşlər içində
qıvrılarsan, yanarsan,
çəkdiyin iztirablar
 gözündə yaşa dönər,
bir ümid axtararsan, 
bir təsəlli gəzərsən,
ümidin, təsəllinin 
ürəyi daşa dönər.

Anlaşılmaz bir qorxu
 heybətli kabus kimi
sarılar vücuduna,
zəhərli caynağını 
batırar ürəyinə,
ürəyin qopub düşər 
ayağının altına,
ürəksiz vücudunu 
arxasınca sürüyər,
cəhənnəmin ən dərin, 
ən dəhşətli qatına.

Bu kölgədən qıraqda
nə zəkisən, nə dəli,
nə ölüsən, nə diri,
ölərsən, dirilərsən
gündə neçə yüz kərə,
bir kimsə də bacarmaz,
bir kimsə də tapılmaz
könlünə dinclik verə…

...Qaytar, İlahi, qaytar 
kölgəni dananları,
kölgəndən sapanları
kölgən düşdüyü yerə.

***

Sağ tərəf buz-
donuram
sol tərəf od-
yanıram,
orta yolda 
tıxac var...
Mənə cüt qanad verin!--
mənzilə yubanıram.

***

bir yuxu gördün,
dur, kağıza yaz,
bəndə arama,
səbr elə bir az.
qalx, aya söylə,
düş, çaya söylə,
ay susar, amma
çay susar, amma
yanlışa yozmaz...