İmir Məmmədli. Mədəniyyət yükü

İmir Məmmədli. Mədəniyyət yükü


İmir Məmmədli

Mədəniyyət yükü

Görkəmli yazıçı Elif Şafaq müsahibəsində köhnəlmiş patriarxal qaydalardan bəhs edərək deyir ki, "gənc oğlanlar kişilik, məskulinlik anlayışının, stereotipinin onların çiyinlərinə qoyduğu yükü çəkməkdə çətinlik çəkirlər..." 

Xanım əfəndim tamamilə haqlıdır, amma məsələ təkcə patriarxal qaydalarda deyil. 

Məsələ burasındadır ki, biz millət olaraq  ar mədəniyyətinin daşıyıcılarıyıq. Bu nədir?

Çağdaş aləmdə ən yeni elmi sahə olan Kulturalogiyada dünya xalqlarının mədəniyyətləri,o cümlədən ədəbiyyatları ,əgər belə demək mümkünsə, "vicdan aspekt”-indən də öyrənilir,yəni mənəvi – tipoloji baxımdan təhlil və tətbiq olunur.Həmin üsula görə  bəşəriyyət mədəniyyətini iki hissəyə bölürlər: "Ar mədəniyyəti” və "Cinayət mədəniyyəti”.”Ar mədəniyyəti”nə  o cəmiyyətlər aiddir ki,onların fərdləri  hər hansı bir  qərara gələrkən  öz vicdanlarının  səsinə deyil,elin səsinə və ənənəyə çevrilmiş sosialoji davranış qaydalarına riayət edirlər.Onların bütün hərəkətlərinə,hər bir addımına artıq  qəbul edilmiş adət-ənənələr və xalqın gözü nəzarət edir. Belə insanlar el-ulus qarşısında  "avtoritet”önündə daim daxili hesabat verirlər.Hər hansı bir qərarı qəbul edərkən öz-özlərindən soruşurlar: Mən bunu belə etsəm,görəsən,el nə deyər? Xalq bunu alqışlayarmı?Yalnız cavab müsbət olanda, qərar qəbul edilir və hərəkətə gətirilir.

Bu cür mədəniyyətdə insanın özü ,onun daxili vicdan səsi və şəxsi məsuliyyət  hissi istisna olunur.Əxlaq meyarlarını   qədimdən gələn adət və el tələbləri müəyyənləşdirir.Sözün kəsəsi , "ar mədəniyyət”ində insan vaxtilə  qəbul olunmuş çərçivə içərisində  dolanır,yəni,ilk baxışda  o elə bir  vəziyyətdədir ki, zahirən hərəkət edir,amma yerləşdirildiyi  çərçivə hüdudlarından kənara çıxmır.El qarşısında onun üzü nə qədər ağdırsa,xalqın gözündə nə dərəcədə nümunəvidirsə, bir o qədər də qərar seçimində məhduddur.

Mənəvi- tipoloji aspektdən hələ öyrənilib təhlil olunmayan azərbaycan ədəbiyyatında " ar mədəniyyətinin” elementlərini xalqımızın məhəbbət dastanları içərisində öz layiqli yerini tutan "Əsli Kərəm” - də, nə qədər qəribə olsa da,Kərəmin obrazında (yüzlərlə başqalarında da) tapmaq olar.Fikrimizi əsaslandırmaq üçün,gəlin, həmin dastandan səciyyəvi bir bəndi xatırlayaq:
     
      Ərzurumun  gədiyinə varanda,
      Onda gördüm,burun-burun qar gəlir
      Dedim,Kərəm,gəl qayıdaq bu yoldan,
      Dedi,Xan oğluyam,eldən ar gəlir.

Gördünüz? Eşq əlindən dəli- divanə olmuş,bu səbəbdən  ara-sıra od alıb yanan Kərəm,- qayıtsam,Əslisiz ölərəm,odumu söndürə bilməzsiniz,yanıb kül olaram,- demir.Deyir,” Xan oğluyam,eldən ar gəlir” .Yəni,eldən ar olmasa, qayıdaram.Qayıtsam,el nə deyər?Deməzmi,bu boyda Xan oğlu bir qızın arxasınca düşdü,niyyətinə çatıb qızı ala bilmədi, bir bu qədər əzab-əziyyətdən sonra əliboş döndü.

Xalqın gözü,elin sözü insanı yandıran,onu çöllərə salan sevgidən də təsirlidir,güclüdür.Buna görə də qəhrəmanın verəcəyi "hökmə” qeyd- şərtsiz təsir edir.Amma əslinə qalanda kişi od alıb yanır,elin buna nə dəxli?Demək, Xan Kərəm də müəyyən mənada ar mədəniyyətinin təmsilçisidir.

"Cinayət mədəniyyətində” hər şey bunun əksinədir. Fərd hamılıqla qəbul olunmuş ənənəvi davranış qaydalarına qarşı çıxır,onun hərəkətlərini daxili vicdan səsi müəyyənləşdirir.Son nəticədə ictimai adət və oturuşmuş davranış qaydalarının tərəfdarı olan kütləylə insan arasında  ziddiyyət yaranır.El göz bəbəyi kimi qoruduğu yaşam etiketini pozduğuna görə onu öz içərisindən qovmağa, təcrid etməyə səy göstərir.


"Cinayət mədəniyyətindəki” "cinayət” toxunulmaz ənənəvi davranış çərçivəsinin pozulmasından ibarətdi.Bu halda əsas aparıcı qüvvə,hər şeyin mərkəzində duran amil şəxsiyyət və onun daxili iradəsidir.Belə insan kütlənin sərt şərtlərini nəzərə almadan öz daxili səsinin buyruğuna əməl edərək yeni davranış normaları tətbiq etməyə,öz əqidəsindən dönməməyə çalışır.Çox zaman özü buna qurban gedir,amma dediyindən dönmür.

Şanlı ədəbiyyatımızda "cinayət mədəniyyətinin” nümunəsi kimi,yəqin ki,eldən ar edən Kərəmə qarşı Məcnun obrazını qoymaq olar.Məcnun elin fikrini,sözünü vecinə almır.O eşq əlindən çöllərə düşüb,Leyli deyə ölür,amma əqidəsindən dönmür.Elin ağsaqqallarının dediyi ilə oturub durmur,onun bütün davranışını,bütün hərəkərlərini könlündəki sevgi və öz qəlbinin səsi müəyyənləşdirir.Buna görə də el tərəfindən qınanır.
     
Yuxarıda qeyd etdiyimiz kimi ,Azərbaycan ədəbiyyətı mədəni - mənəvi tipologiya nöqteyi nəzərindən öyrənilməyib (bu,yəqin,Kulturologiyanın bir elm kimi təzə meydana gəlməsindədir),belə düşünürəm ki,ədəbiyyatşünaslığımızın bu sahəsi xam torpaqdır və öz tədqiqatçılarını gözləyir. 


Sössüz ki, ədəbiyyat gerçək həyatdan doğur və gerçəkliyə təsir edir. Real həyatda min illiklər ərzində bu və ya digər cəmiyyətin canına-qanına hoparaq formalaşan mədəniyyət tipinin daha önəmlisi ilə dəyişməsinə, xanım Elif Şafaq buyurduğu kimi,  övladlara tərbiyyə verən anaların səyi kifayət etməz, buna, zənnimcə, gərgin daxili zəhmətlə səciyyələnən on illiklər gərəkdir.