İmkan verin, dəli olaq...

İmkan verin, dəli olaq...

(Ədəbi sezintilər…)

Mehman Qaraxanoğlu

Əbdürrəhim bəy Haqverdiyevin "Uca dağ başında” hekayəsi ruh və struktur baxımından "Çeşmək”lə səsləşir. Burada da fərd və toplum "dilemma”sı ilə üzləşirik. Əsərdə insanı aşağılamaqla dəli etmək həddinə çatdırma,  fərdin cəmiyyət içərisində fərdiyyətini saxlaya bilməyib yox olması kimi bəşəri problemlər qaldırılır və onun bədii həlli öz unikal ifadəsini tapır. 

İnsanın ruh halını dəqiq ölçən cihazlar olmasa da, ona diskomfort və natamamlıq kompleksi yaşadan səbəblər məlumdur. Haqverdiyev onlardan birinin – insanı məsxərəyə qoymaq, haydı-huyduya götürməklə dəli edilməsi mexanizminin sosial-fəlsəfi, bədii-psixoloji şifrələrini açır və bekarçılığın (bugünkü leksikonla işsizliyin) doğurduğu planetar fəsadları ümumiləşdirib ortaya qoyur. Doğrudur, hekayənin sonluğu "Haqq Mövcud” kimi ümid oyatmır. "Haqq Mövcud”da Haqverdiyev (Elə Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Sabir, Cavid, Haqverdiyevin özü də ədəbiyyatımızın Haqq Mövcudlarıdır – bizləri "Haqq üzülər, amma qırılmaz” ata sözünə inandıran,  qəlbimizi ümid və inamla dolduran aydınlarımızdır, onların ölməzliyi haqqın, həqiqətin təntənəsidir!) bizə inam və ümid dolu ismarıclar yollayır: Haqq Mövcud tamam qeyb ola bilməz. Müəyyən müddətə yox ola bilər, amma onun Yer üzündən biryolluq silinib getməsi absurddur! Sadəcə, "Onun peşəsi (Haqq Mövcudun – M.Q) aylarla itib yenə üzə çıxmaqdır”. (Ə.Haqverdiyev)

***

"Uca dağ başında” hekayəsini tipaj qalereyası adlandırmaq olar. Əbdürrəhim bəy Haqverdiyev bu hekayəsi ilə gənc yazarlara sanki virtual bir "master-klass” keçir. Müəllif yazır: "Tühəflərdən bu altı nəfəri saymaqla iкtifa edib deməliyəm кi, bizim cavan yazıçılarımız üçün bu adamların hər biri bir tip, hər biri bir коmediya üçün qəhrəman оlmağa layiqdir”. 
Beləliklə, hekayənin simvolik oyun, illüziya, maska konsepsiyası üzərində qurulduğunu da unutmamalıyıq... 

***
Əbdürrəhim bəy Haqverdiyevin "Ata və oğul” hekayəsinin adı yaddaşımızda nəsillərarası qarşıdurmalar - atalar və oğullar problemini assosiasiya edir.  Lkin bu, ilk baxışdan belədir. Maraqlıdır ki, hekayənin təhlili də əsasən, bu istiqamətdə gedib. Mətnin ana materiyasından gələn səslər isə tamam başqa şeylər diktə edir. Əsl həqiqətdə isə hekayədə iki sivilizasiya, iki əxlaq və iki mədəniyyət qarşılaşdırılır: Şərq və Qərb. Birincisini ölüm yatağında olan Hacı Xəlil, ikincisini isə onun cavan oğlu Əkbər və dostu Rüstəm simvollaşdırır. Son anlarını yaşayan Hacı Xəlilin səksən beş illik ömrü kino lenti kimi gözlərinin önündən gəlib keçir. Hadisələr finişdən starta doğru gedir. Kadrlar yerini dəyişdikcə oxucu istər-istəməz minillərdən gələn dəyərlərlə həyatımıza yeni daxil olan Avropa əxlaqını müqayisə edir və özü üçün ibrətamiz nəticələr çıxarır. 

***

Mətn tutuquşu kimi həyatın əzbər öyrətdiklərini "rəngli" səslərlə təkrarlayır...
***

Kəndə ölü gətirdilər. Hüzr yerində qadınların dilindən düşməyən yalnız bircə söhbət oldu: Guya kişi xəstə düşdüyü son iki ay müddətində bircə dəfə də olsun qadınının əlini buraxmadı. Qadınlar bunu əsl sevgi ilə əlaqələndirdilər. Bu, qadın versiyasıdır!

Qadın əli ölüm ipini kəsən qayçıdır… Bu, şair versiyasıdır.
Yazıçının (nasirin) versiyası isə bu idi: Kişi ölümdən qorxduğu üçün qadının əlini sonacan buraxmadı…

***

Cümhuriyyət dövrü yazarları müasirləşməyə (avropalaşmağa) çox ehtiyatla yanaşırdılar. "Firəng qafalı”lıq (Əli bəy Hüseynzadə) hələ indiki anlamda büsbütün "avropalaşmaq” demək deyildir. "Türk hissiyatlı”lıq, "islam etiqatlı”lıq (Əli bəy Hüseynzadə) tələbi qəti və aydın şəkildə qoyulur, amma "firəng qafalı”lıq ideyası bir qədər mücərrəd formada və ehtiyatla irəli sürülür. "Ata və oğul” hekayəsində də "avropalaşıb” büsbütün "yaman yoldaş”a çevrilən Rüstəmin ucbatından bir Şərq ailəsi tamamilə məhv olur. Epoxal yanaşsaq, Qərb Şərqi "çökdürür”. 

***

Şərqdə ilk müstəqil Cümhuriyyətimizin qurulmasına on beş il, Əli bəy Hüseynzadənin "Fyuzat” jurnalında təqdim etdiyi "Türk hissiyatlı, islam etiqatlı, firəng qafalı” konsepsiyasına isə dörd il qalmış gənc Əbdürrəhim bəy Haqverdiyev böyük öngörənliklə dövlətimizin və onun simvolu olan Üçrəngli bayrağımızın təməl prinsiplərini "Ata və oğul” hekayəsində bədii şəkildə ortaya qoyurdu. Hacı Xəlil məhz sözügedən ideoloji xəttin daşıyıcısı olduğundan bütün çətinliklərə sinə gərib ömrünün dinc finişinə gəlib çatır.  Bu yerdə istər-istəməz ağlımıza dahi Aristotelin aşağıdakı fikri gəlir: "Ədəbiyyat tarixdən daha fəlsəfidir”. 

***

Acı bir xatırlatma: Çexovun "6 № li palata”sında beş, Mirzə Cəlilin "Dəli yığıncağı”nda altı, "Uca dağ başında” hekayəsində isə on bir dəli obrazı vardır. Həkim Andrey Yefimıç Raginin  gəldiyi nəticə ilə Haqverdiyev dəlilərindən birinin fikri arasındakı çox qəribə bir bənzəyiş vardır: "Adamların dəli olmasına mane olmaq lazım deyildir”. ("6 № li palata”) "Dəliliк yaxşı şeydir, qırılmış uşaqlar daşlamasalar”. ("Uca dağ başında”) Daşlamaq - bu artıq "sevimli” mentalitetimizdən gələn çox əski arxetipdir… Bizdə dəli olmağa da imkan yoxdu! Təəssüf…