Çinarə Ömray. Şərbət (HEKAYƏ)

Çinarə Ömray. Şərbət (HEKAYƏ)

Bir anlıq gözünüzü yumun. Uzun zamandır izlədiyiniz bir ailəni düşünün. Bilirəm bunca işin-gücün içində mənasız gələcək, amma düşünün, xahiş edirəm, düşünün.
Hə, dərindən nəfəs alırıq, gözümüzü yumuruq.

Evin tavanından (əvvəl baca olurdu) baxırıq. Nə görürsünüz?

Ana, ata, bir qız, bir nəvə?

Yox, əşi. Ömrümü yeyən bu ailəyə bu qədər bəsit baxa bilməzsiniz. Bir də baxın, xahiş edirəm. Anaya diqqət. Görün əriylə necə mehribandır. Elə bil bir həftə öncəyə qədər qızı yaşında birini evə gətirib onunla bir tavan altında yaşayan bunun əri deyildi. Ax, bizim bu qadınlar. 

Mən də bu evi sizin kimi tez-tez, bax burdan, bu bacadan izləyirəm. 

O gün nə görsəm yaxşıdır? Bu qadın mətbəxtdə şərbət hazırlayır. Qızı yaxınlaşır:

- Neynirsən?

- Atana şərbət düzəldirəm. Qanı azdı. Hər gecə düzəldirəm, içir.

- Dəlisən sən? Atam yan otaqda bacım yaşda birini qucağına salıb yatır. Sən də ona şərbət düzəldirsən?

Qızı şərbəti əlindən alıb yerə tökür. Bu, həmən bu qadın qızı otağına çəkilincə yenindən şərbət düzəldib ərinin qapısının ağzına qoyur. Sanki şərbəti qapı üçün hazırlayıb. 
Bilmirəm, bəlkə elə sevgi deyilən şey budur? Bunlara baxanda hərdən eşqə inanıram. Düşünürəm ki, bir ailənin ayaqda qalması üçün mütləq tərəflərdən biri aşiq olmalıdır. Məsələn, burda bu qadın aşiqdir. Nənəm də aşiq idi, aşiq kimi də öldü. 

Hələ nəvəyə baxın, siz allah, nə qədər də rahatdılar. Bu münasibətlərdə, bəlkə münasibətsizlikdə qazanan da odur elə. 

Hərdən elə istəmişəm ki, mənim də atamla anam ayrılsın. Nə bilim, uşaqlıqdan bu cür qəribə, yersiz arzularım oıub. Sonra istəmişəm ki, böyüyəndə riyaziyyat müəlliməsi olam. Düz dizdən ətək geyinəm, balaca dikdaban ayaqqabı, ağ köynək. Bircə uşaq doğum. Ərim də şəhid olsun. Mən də o uşağı, nənəm demişkən, kişi qeyrətiylə saxlayıb böyüdəm. Bəs niyə riyaziyyat müəlliməsi? Axı onlar ölçü-biçidə, vurub çıxmaqda daha dəqiqdirlər. Buna görə də elə bilirdim, qənaətlə yaşaya bilmək üçün mütləq riyaziyyat müəlliməsi olmalısan. Özü də mütləq dizdən ətək, balaca dikdaban və ağ köynəklə. Ərin də mütləq ölməlidir.

O fələk var e, deyir a, sən saydığını say-filan, eynən oldu. Nə riyaziyyat müəllimi oldum, nə də ərim öldü.

Nənəm deyirdi, harda bədməşrəf şeylər var, sən düşünürsən. Ağzından qara yellər alsın, bala. 

Nəysə, iki daşın arasında özümü hardan gətirib söhbətin ortasına soxdum, bilmirəm. Bu cəhətdən nənəmə çəkmişəm. Kim nə edir, kim nədən danışırdısa-danışsın, nənəm o söhbəti hərləyib-fırlayıb "Urusetdə” qalan əmimin üstünə gətirməli idi. Dünyada o söhbət ola bilməzdi ki, nənəmin dilində onun bir ucu gəlib əmimə bağlanmasın.

Hə, evə baxırdıq axı. 

İndi qızın üzünə baxın. Heç anasının əlindən yapışmaz. Ancaq susur. Bir iş gördüyü də yox. O gün baxıram, dua eləyir. Ölmüşəm gülməkdən. Bu başdanxarab əməlli-başlı dua edə bilirmiş. Bir az qulaq verdim, eşidəmmədim. Düzünü desəm, əvvəl gündən bu qızdan acığım gəlir. Nə ətdi, nə balıq. Atasıyla danışdığını görməmişəm. Anası ilə də hərdənbir. Bilmək olmur kimin tərəfindədir. Evdə bu qədər hadisələr baş verir, elə bil Yer kürəsinin o tayında baş verir, o isə bu tayındadı. 

Qadına həm əsəbiləşirəm, həm də yazığım gəlir. Ona görə yazığım gəlir ki, nə övladdan yarıyıb, nə ərdən. Ona görə əsəbiləşirəm ki, öz haqqı yuxusuna da girmir. Bizim bu qadınlar heç vaxt ortaq xətti tutmağı bacarmırlar da. Ya vurulub axmaq olurlar. Ya da ər bir az belə, yumruğunu stola vuran oldusa, bir başa onun köləsi olurlar. Ya da ər bir az yumşaq çıxdımı, bəs edir ki, ayaqlarını o ərin çiyninə qoyub, ordan da bir həmlədə başına çıxalar. Əri qoyurlar maymaq yerinə. Heç vaxt ortaq həddi tutuzdura bilmirlər. 

O gün yenə coşmuşdu bu kişi. Hamısını qovmuşdu evdən. 

Qıza da əsəbiləşirəm e. Nə vaxt baxırsan, kitab oxuyur. A bala, demək ki, o qədər də ağılsız deyilsən. Götür ananı da, çıx da burdan, bu nə zülümdü axı. Nəvə yazıq da dərsdən hər gələndə qalır yor ayrıcında. Ki, anam, nənəm hardadısa, ora gedim. 

Yadıma bir əhvalat düşdü. Deməli, kəndimizin ayağında bir Səmərqənd kişi varmış, başında da Güllücan arvad.

Birinin əri, birinin də arvadı ölübmüş. Güllücan arvad bir özüymüş, bir də inəyi. Səmərqəd kişiyə hamı deyib ki, al o arvadı, yaşayın, bir-birinizə qulaq yoldaşı olarsınız. Nəysə, bir gün kəndin bir-iki ağsaqqalı yığışıb gedib Güllücanı da, inəyini də vurub qoltuğuna, gətirib qoyub Səmərqənd gilə. Bir ay belə, üç ay elə. İnək də, Güllücan da yavaş-yavaş alışmağa çalışırmış bu həyətə. Amma inəyin alışmağı Güllücandan tez baş tutub. Güllücan arvad heç yollaşmırmış Səmərqəndlə. Baxma, hər ikisi sərbəst yaşamağa, özü öz evinin ağası olmağa alışmış adamlardı. Həftədə bir dəfə dalaşırmşlar, Güllücan küsüb gedirmiş kəndin ayağına, öz evinə. Mal nobatdan qayıdanda inək Səmərqənd gilin qapısına gəlirmiş. Səmərqənd də evdən çıxıb Güllücanın bütün hirsini inəyə töküb qovurmuş həyətdən.

Sonra Güllücanla barışan kimi nobatdan qayıdan inəyi qaytarıb öz həyətinə gətirirmiş. Bu get-gəllər o qədər baş verib ki, artıq nobatdan qayıdan inək iki evin arasında dayanıb qərarsız-qərarsız- bir kəndin ayağına, bir başına boylanırmış. Bilmirmiş hansı evə gedə. Yazıq inək iki evin arasında gicələk olub qalıb. Kənd çoban deyirmiş, bir gün gördüm inək qusur, yaxınlaşdım, dedim, a bacı, nolub sənə?

Deyir, yazığın dərdi açıldı, nə açıldı:

- Güllücanın Səmərqəndə getdiyi günə daş yağaydı. Bu nə yaşayışdı mən yaşıyıram? Başım hərlənir ta iki ev arasında. O ki qaş qaralır haa, bütün heyvanlar toy-bayram edir ki, evə gedirik. And olsun dədəmin itkin canına, mənim qarnıma bir ağrı girir. Fikirləşirəm, allah, görən Səmərqənd gilə gedim, ya Güllücangilə? Görəsən Güllücan hardadı? Ölürəm e, həyəcandan şəkər tapmışam. 

Axırda yazıq inək ölüb, bütün kənd də məətəl qalıb ki, sağlam inək idi, noldu buna birdən-birə?

Həə, uşağı deyirdim axı, bu yazıq uşağı da o inəyə oxşadıram hərdən. 

Baxmağa davam edirik. Bu arvadıyla mehriban-mehriban danışıb-gülən kişi bir həftə əvvələcən evdə qızı yaşda birini saxlayırdı. Əşi o da ayrı bir mövzudur. Qızı aldadıb gətirib. Kül bu qızların da ağlına. Qıza deyib, bağ belə, bostan belə. Bu da kənd qızı. İnanıb, düşüb bunun dalınca, gəlib. Dediyinə görə, indi nə üzlə qaytsın kəndə? Həm də kənddə daha betərdi - ögey qardaşlar, əzazil ata.

Özü də bunları kimə danışsa yaxşıdı? Bu kişinin arvadına. O da elə qəşəng dinləyir ki! Hamının belə dinlənilməyə ehtiyacı var.

Bilirsiz, hərdən məhz buna görə o kişinin saxladığı qadın olmaq istəyirəm. Gülməyin, siz allah. Qız buna yalvarır ki, mənə bir iş tap, kömək elə, çıxım burdan. Bu da o gün görürəm ki, qızına danışır, deyir, kömək elə buna. Qız da elə bil daşdı, divardı, betondu. Heç nəyə reaksiya vermir. Bu evdə onca qırğınlar görmüşəm, onca davalar görmüşəm, amma bu qızın çönüb birinə baxdığını görməmişəm: sakitcə qapsını örtüb otağına keçəcək, vəssalam. Amma anasına dedi ki, kömək edərəm. Düzü, mən inanmamışdım. Bundan adama kömək edən çıxar, sən allah? Bu uşaq da deyəsən bunundu. Yoxsa bunların belə balaca uşağı olmaz. Həm də uşağın qadına nənə dediyini eşitmişəm.
 
Deməli, o gün qadın əsəbiləşib uşağa deyir:

- Sən də məni saymırsan. 

- Sayıram nənə, vallah, sayıram. Odehaa, o gün müəllim soruşdu, evdə neçə nəfərsiniz? Mən də səni sayıb dedim ki, dörd.

Qadını gülmək tutdu. Yazıq ömründə bir dəfə hirsini uşağa tökmək istədi, onda da gülmək tutdu, alınmadı. 

Qız tezdən çıxır, axşam gəlir. Sən allah, ondan ana olar? Deyəsən işləyir hardasa. Qadın evdə həm uşağa baxır, həm evin işlərini görür, həm də aşiq olduğu adamın şeytanın da baş açmadığı əməlinin yükünü daşıyır. 

Adam çox arsız görünür. Heç nə vecinə deyil. Hər dəfəsində içib "yaxşı edirəm, xoşun deyil, çıx get", - deyib, qışqırır. Ardınca da gedib qapını açarlayır, açarı da cibinə qoyub yatır. 
Arvadın qızı kişinin saxalaığı qıza iş də, ev də tapıb deyəsən. Axır ki, bu da bir işə yaradı. Kişi evə gəlinəcən əşyasını, əşya deyəndə, yəni iki-üç əski-üsküsünü də götürüb getmişdi. Bəri başdan bilirdim ki, gecə bu evdə qırğındı. Mən bilməyən şeyə qurd düşər deyib, nənəm. Elə də də oldu. Elə zəhləm gedir bu evi izləməkdən! Ələlxüsus da bu kişi içib gələndə. İçməyən günü olur ki... Görmüşük, səhər yeməyinə hamı şirinçay, yağ, pendir yeyər. Bu səhəri balaca "çubuş", bir yumurta, bir stəkan suyla açır. 

Axşam oldu, nə oldu. Qız yox idi. Kişi şir, aslan olub gəlmişdi evə. Qadına elə ürəyim ağırıdı ki! Tez arxa otağa keçib qızına zəng vurub yalvarır ki, tez gəl evə. Az qala mən özümü burdan atam yerə, onun hayına çatam. Ürəyim parça-parça oldu.

O gecə çox şeyə yandım, çox şeyə acıdım.

Qız özünü çatdırmışdı. Kişi elə bil bir az çəkinir bu qızdan. O, evdə olanda bir az yavaşıyır. 

Gecə yenə bunların səsinə oyandım. Gözlərimə inanmadım. İlk dəfə idi bu qızı belə görürdüm. Anasına yalvarırdı: "Gəl çıxaq burdan. Gedək. Onsuz da mən baxıram sənə. Hər ehtiyacını mən ödəyirəm. Neynirsən axı onu? Tüpür ona da, bu evə də, çıxaq. Söz verirəm, bundan yaxşı saxlayacam səni”. 

Anası isə:

- Yox. Onun ağlını içki yeyib, mənim ki ağlım yerindədi. Mən onu bu halda qoyub getsəm, alçaq olaram. O, ağılsızlıqdan edir. Kimi istəyir gətirsin, saxlasın. Bilim ki, sağ-salamatdır, mənimlə işi yoxdur. Vallah, pis olmuram...

- Axı biz burda çürüyürük. Axı o səni əzir, təhqir edir. Necə dözürsən? Gəl çıxaq burdan, yalvarıram. 

- Bilərək etmir ki, içkidən edir. Mən onun özünü tanıyıram. Onun özü bu deyil, onu bilirəm. 

Qız anasını yola gətirə bilmirdi. Bir gün də gecə onun dua etməsini eşitmişdim. Ağlaya-ağlaya atasına ölüm istəyirdi allahdan. Sonra da deyirdi ki, özünə nifrət edir. Bir övlad necə atasına ölüm arzulaya bilər ki? "Amma mən, allah, səndən utanaraq bunu istəyirəm. Sən də məndən utanırsanmı? İlk dəfə, gülə-gülə ölməyi, ağlaya-ağlaya yaşamağı öyrəndim. İndi isə, bətnimdən də kiçik evdə susmağı öyrənirəm. Yaddaşımın pozulmağını gözləyirəm, həyatı gözlərimdən qusmağı öyrənirəm. Bəzən sevincim saçlarımdan qısa, kədərim ağrıdığım gecələr qədər uzun olur. Hərdən yuxularım hamilə qalır, mənim də bir qızım olur. Sonra deyirəm, qızım olsaydı, sənə, "mənə oxşamasın" - deyə, bir kitab dua yazardım. Sonra da düşünürəm, mən də tanrı olsaydım, bu etdiklərimə görə utanardım... Susardım..."

Yavaş yavaş bu qız haqqında düşündüklərimə görə utanırdım.

Hərdən üzünü göyə tutub danışdığı gecələrdə özümü itirirəm, elə bilirəm görür məni, mənimlə danışır. Qəribədir, ən sevmədiyin birinə düşüb dəstək olmaq istəmən, ya da istəmədən ona qulaq yoldaşı olmağın. O gün də üzünü mənə tutub deyirdi:

- Nənəmin nağıllarını atamın qışqır-bağırı, babamın nəsihətlərini anamın hönkürtüsü aldı əlimdən. Sən heç atanın əllərini ananın üzündəki göyərmiş zolaqlarda görmüsənmi?
Çaşdım. "Xeyr, xanım, görməmişəm, çünki mənim heç vaxt atam-anam olmayıb. Mənim bir taykeş nənəm var vəssalam. Heç vaxt boşanacaqlarının xəyalını qura biləcəyim atam-anam olmayıb”, - deyərək dərdləşmək istəmişəm o qızla. Amma alınmayıb. Kömək edim deyərkən, dəli edərəm qızı. 

Hə indi siz gördüyünüz mənzərədən danışırdıq axı. Bu hala gələnə qədər o kişi üç dəfə evə başqa qadın gətirdi, bu qadın hər üçündə susaraq qızından gizlin şərbətini düzəltdi. Qızı hər dəfəsində utana-utana əvvəl özünə, sonra balacayla anasını düşünüb atasına ölüm dilədi. 

İndi hər şey gördüyünüz kimidir. Öz otağında uzanıb, özü də bilmədən düz gözümüzün içinə baxan o qız, o biri otaqda xısın-xısın söhbət edən nənə və nəvə. Nənə nəvəsinə uşaqlıqda çox sevdiyi quzularının nağılını danışır göz yaşı içində: 

"… Bir gün xəbər tutduq ki, quzumuz çaşıb su yerinə nöyüt içib. Deməli, o gündən bu quzu anasını buraxdı, başladı hünduşkalarla otlamağa, gecələr də tövlədə yox, hində yatmağa. Öləndə də öz həyətimizi qoyub, getdi qonşu Hüseyn babagilin həyətində öldü, ürəyimi kabab elədi..."

Yan otaqdan tövşüyən kişi səsi eşidilir: 

"Az, şərbətin nooldu?.."