İsmayıl İmanzadə. Yaşamağa qoymadılar... (Şeirlər)

İsmayıl İmanzadə. Yaşamağa qoymadılar... (Şeirlər)

BİZ  NİYƏ  BELƏYİK...

Zəmanə üzünü qəfil bozartdı,
İtdik zülmətində "bəhsə-bəhs”lərin.
 "Mənəm-mənəm” deyən çoxalıb artdı,
Kündəsi küt getdi halal kəslərin.

Namus da, qeyrət də kəsərdən düşdü,
Tanıya bilmədik niyə pisləri?
Dinmədik... tullanıb qabağa keçdi,
Sərvət düşkünləri, pul hərisləri.

Ağa qara dedik, qarayasa ağ,
"Dərs aldıq” alyanaq "manisə”lərdən.
Hönkürə-hönkürə qaldı Qarabağ,
Düşdü ovcumuza göz yaşı dən-dən.

Sırası seyrəldi mərd ərənlərin,
Torpaq həsrət qaldı alın tərinə.
Ucuz ad-sanıyla öyünənlərin
Züy tutub, əl çaldıq dediklərinə...

"Salam-sağollar”ın qalmadı dadı,
Aldanıb, güvəndik ağlı çaşlara.            .
Xilaskar zənn edib hər gələn yadı,
Bükdük yalanları al qumaşlara.

Niyə əllərimiz üzüldü haqdan,
Xoş söz dildən düşdü, barmaq tətikdən.
Sönmüş ocaqlara baxıb uzaqdan,
Öpdük yad ellərdə əldən-ətəkdən...

Bizdəki "hünərə” mat qalıb yağı,
Nə yurd yada düşür, nə künc-bucaqlar.
"Əlborcu  vermişik” -  dedik torpağı,
Lazım nə vaxt gəlsə qaytaracaqlar... 

21.04.2020
     

ÖMÜRDÜ DƏƏ… YAŞAYIRAM

Əzəlindən, axırından halıyam,
İç üzündən, paxırından halıyam.
Gəlirindən, çıxarından halıyam -
Tərifləyib, satası ki deyiləm!

Ürəyimə yol tapmayıb hər dinən,
Nə sirrimi var  bölüşmüşəm mərdinən.
Doğulandan qol-boyunam dərdinən -                                                                    
Bəxtin əlvan butası ki deyiləm!

Gedən getdi… vay halına qalanın,
Tamah dişi çox itidir talanın…
Dili pəltək, gözü qıpıq yalanın -
Kölgəsində yatası ki deyiləm!

Gizli-aşkar ötən anlar çox yeyin,
Ümu-küsü  uşaq kimi ərköyün.
Boz sifətli məzəmmətin, gileyin -
Zülmətində batası ki deyiləm!

Boş xülyalar solğun üzlü saçaqmış,
Xatirələr tüstülənən ocaqmış.
Yamanlığın bir ayağı qaçaqmış -
Ha qovsam da, tutası ki deyiləm!

Mənimkidir yaxşısı da, pisi də
Canımdadır tüstüsü də, hisi də.
Çox şirindir avandı da, tərsi də -
Bəxtin səhvi, xətası ki deyiləm!..
 
Nə nisgilin köləsiyəm, nə ahın
Ətəyindən tutmamışam günahın.
Şairliyim töhfəsidir Allahın -
Sözə haram qatası ki deyiləm!
                       
Tanıyıram, həm sevincdir, həm qəhər,
Həyat ona gah bal qatıb, gah zəhər.
Ömürdü dəə, yaşayıram birtəhər -
Tapdalayıb atası ki deyiləm!

09.06.2020


ÖZÜN DE ...

Üstələyib bəxtini qəm,
Ta dinə bilmirsən bu dəm.
Gözün yol çəkir, bilirəm –
Naxışı varmı bu yolun?

Qəlb qırmaq birinin işi,
Dəyişən deyil vərdişi... 
Xəyalında sərt enişi –
Yoxuşu varmı bu yolun?

Eşqin səni edib "dəli”,
Qalmısan boynu bükülü.
Özün de, sevgi müjdəli – 
Yağışı varmı bu yolun?

31.03.2020 


SANMAYIN YETƏN ÖLƏCƏK        

Artıb-çoxaldıqca qiymət-qədir
Biləcəyik sevgi nədir.
Torpaq bir dolu təknədir,
Nə sünbül, nə dən öləcək.

Haqqın qatlanmaz dizi var,
Hər gecənin gündüzü var.
Taleyin min bir üzü var,
Kim bilir nədən öləcək?

Tanrının qadir əlləri
Qoruyacaq yenə yeri.
Ruhumuz qalacaq diri,
Ölsə də bədən öləcək.

Dərd nə bir, nə də ikidir,
Həyar hər şeyin ilkidir.
Ölüm haqqı bizimkidir,
Əcəli yetən öləcək...

04.04.2020
         

YAMANCA KÜR İMİŞSƏN HA

Xoş sözdür yadında qalan,
Dilinə yatmayıb yalan.
Deyəsən dili lal olan
Gizli bir sirr imişsən ha!

Hələ bəxtin ötməz gendən,
Çəkinmirsən səsdən-ündən.
Xəyalında əzəl gündən
Sevgiylə bir imişsən ha!

Halallıq ismətin-həyan,
Yad baxışlar sənə ayan.
Yetənin əli çatmayan
Saf inci-dürr imişsən ha!

Axı, nədir ki, günahın,
Köksünə sığmayır ahın?
Bir dili yanmış bədxahin
Gözündə tir imişsən ha!

Çatmısan ömrün yazına,
Hər söz yatmır avazına.
Dözmək çətindir nazına,
Yamanca "kür” imişsən ha!..      

05.04.2020

 
HƏR ŞEYİN

Gördüyümüz hər şeyin
Yaxşısı ya pisi var.
Haqqın da öz seçimi, 
Mizan-tərəzisi var.

Günah üzə çıxanda, 
Ta yalan işə keçmir.
Nə şan-şöhrət, nə mal-mülk
Hoppanıb başa keçmir.  

Heydən düşür bir anda
Vəzifə hərisləri.
Ağır cəza gözləyir
Sonda nadürüstləri...

O vaxt  soruşan olmur
Bu nəçidir, bu kimdir.   
Deyilənlər düz imiş,
Zaman ən doğru-dürüst
Hökmü verən hakimdir.

18.04.2020


OLMASIN

Hər kəlməm kövhərim-incim,
Bağlı qalıbdır hər küncüm.
Darıxır damla sevincim -
Kədərim-qəmim olmasa.

Gedəsiyəm ya tez, ya gec,
Bənd alırmı bir yerdə köç?
Yaşamağa dəyərmi heç -
Əskiyim-kəmim olmasa?

Ömür möhlətim-amanım,
Bəllidir yönüm, ünvanım.
Demək, boş keçib hər anım -  
"Hasilim-cəmim” olmasa.

Hərdən ağrısa da başım,
Yadla bitməyib savaşım.
Heç kiməm, nə dost-tanışım -
Nə də həmdəmim olmasa...

19.04.2020 


QOYMADILAR

Hər anım yarpaq tökümü,
Kəsdilər dibdən kökümü.
Öz əlimlə öz yükümü
Daşımağa qoymadılar.

Kəsdi qarşımı naşı da,
Gördüm cəngi-savaşı da.
Gücüm çatan bir daşı da,
Aşımağa qoymadılar.

Gah batırdılar səsimi,
Gah kəsdilər nəfəsimi.
Öldürdülər həvəsimi,
Yaşamağa qoymadılar.

23.04.2020
      

YAĞMA ÜRƏYİMƏ...

Demə, taleyimin kor imiş gözü,
Bir vaxt əldən çıxdı halal qismətim.
Uğursuz eşqimin dönəndə üzü,
Bəxtimdən incidim, səndən küsmədim.

Hardasa təzədən qarşıma çıxsan,
Dilinə nə gəlsə yağdır üstümə.
Bircə yol gözünün ucuyla baxsan ,
Qarışma başımdan çıxan tüstümə.

Görsən ömrümdəki kəsiri-kəmi,
Baxıb acı-acı, sonra gülərsən.
Təkcə ürəyimə yağma qar kimi,
Sürüşüb gözümdən düşə bilərsən...

02.05.2020  
 

ÜŞÜSƏN, YERİNİ DE

Kim sənə səmt düşə bilər, 
Kəsmişəm bəndi-bərəni.
Bu gecə yaman soyuqdur,
Aşıq qoyma pəncərəni.

Quruca nəfəsim qalıb,
Nəyim var ki, verim sənə?
Üşüsən bildir yerini,
Qəlbimi göndərim sənə.

05.05.2020


SEVİNDİM

Deyirdim bəs, məndən küsüb getmisən,
Dönük eşqin zülmətində itmisən.
Nə yaxşı ki, harayıma yetmisən,
Gözləmirdim... gəlişinə sevindim.

Əzəlkitək təmtəzədir naxışın,
Kipriyini islatmayıb "yağışın”.
Bulanmayan göl kimidir baxışın,
Dəyişməyən yerişinə sevindim.

Hər sirrini "vərəqləyib” danışdın,
Nə yaxşı ki, nə kükrədin, nə daşdın.   
Közərdikcə şölə saçıb alışdın,
Qəlb oxşayan hər işinə sevindim.

Demə, ürək nə daş imiş, nə dəmir,
Hər yetəni bəxt sevinclə "bələmir”.
Sona çatcaq umu-küsü, səs-səmir,
Qönçələnən gülüşünə sevindim.

02.06.2020


GƏLDİM

Dünyanın hər üzünə
Olmadm halı, gəldim.
Nə atlı, nə dəvəli,
Nə barxanalı gəldim.

Şaxtalı qışı gördüm,
Qarı-yağışı gördüm.
Eniş-yoxuşu gördüm,
Dolandım yalı, gəldim.

Təzə arzu-həvəsdim,
Yaşamağa tələsdim.
Zülmət qarşımı kəsdi,
Azadım yolu, gəldim.

Üstümə yağanda daş,
Bildim nəymiş cəng-savaş.
Dünyaya əlləri boş,
Ürəyi dolu gəldim.

03.06.2020


VAXT

Yalan bir anlıq tufandı,
Üzülən ürəkdi-candı.
İşin də tərsi-avandı-
Yükün də əyən vaxtı var.

Kölgəsi nə gəzir külün,
"Xəncəri” itidir dilin.
Möhlət bitəndə əcəlin-
Qapını döyən vaxtı var.

Rəngi dəyişəndə səsin,
Qar yağır üstə həvəsin.
Bələkdən sonra hər kəsin-
Kəfəni geyən vaxtı var.

Məqam var ki, susmaq ayıb,
Qorxağı kim igid sayıb?
Böhtanın qana susayıb-
Kimisə yeyən vaxtı var.

Hər kəlmədə bal olmur ha,
Ələmdə sağ-sol olmur ha...
Vaxt həmişə kal olmur ha-
Vaxtın da dəyən vaxtı var.

10.12.2018 
 

ŞAİR

Sevgisi qəlbi coşduran,
Gəlini-qızı çaşdıran.
Baxışı göz qamaşdıran-
Yetənə vurulan şair.

Tüstülənər hər yaşında,
Tapar dilini daşın da.
Bir qəfil söz savaşında-
Düyməsi qırılan şair.

Gizlətməz başını qında,
Bənd olan deyil heç yanda.
Tək bircə göz qırpımında-
Bulanıb-durulan şair.

Qədrini nə bilir naşı,
Qəzəbi də ər savaşı.
Nadanla getsə yanaşı-
Usanıb yorulan şair.

Ömrü-günü verməz bada,
Ağzı sözlə gələr dada.
Sınmayır dar ayaqda da-
İçindən qırılan şair.


İLLƏR ELƏ KEÇİR Kİ...

Keçir dərd içində hər vaxtım-vədəm,
Düşməni qorxutmur qarğışım, hədəm.
Kəsiblər qarşımı, qoymurlar gedəm-
Haqqın ətəyindən tutub ölməyə.

Ta burdan o yana bağlıdır yolum,
Bir acı sözlə də dəyişir halım.
Məni  qınamayın, yoxdu macalım-
Başımı şeirlə qatıb ölməyə.

Vaxtsız əcəl yola qəfildən çıxır,
Adam var çörəyi qəbirdən çıxır.
Rur da bədəndən ta birdən çıxır-
Qoymur ha, beş-üç gün yatıb ölməyə.

Yamanlıq artdıqca sızıldayır can,
Şeytandan mərhəmət diləyir hər yan.
Asılan yoxdursa dar agacından-
Nə var ki, yüyürüb-yortub ölməyə?..

Dəyişib dünyanın əzəli-ilki,
Heç nə yuya bilmir qandakı çirki...
İllər  elə gəlib, elə keçir ki-
Vaxt qalmır arzuya çatıb ölməyə.
                          
Mingəçevir şəhəri