İsmayıl Rizvanoğlu - “Filmin sonu” (hekayə)

İsmayıl Rizvanoğlu - “Filmin sonu” (hekayə)


  O, incə barmaqları ilə qapını bir dəfə tıqqıldatdı. Yaxşı bilirdi ki, bu evə gəlişi sonuncu olacaq. Səhv etdiyini başa düşsə də fikrində qəti idi. Məhz son dəfə, Cəmilə onun yanında olmağı qətiləşdirmişdi. Qapını tıqqıldadana qədər bütün keçmiş günlər, bütün olanlar gözlərinin önündə film kimi kadr-kadr canlandı. Gözlərindən axan damlalar bütün sinəsini islatmağa başladı. Özünü ələ almağa çalışırdı. Hətta bura gəldiyinə görə özünü qınadıda. Amma əsla fikrindən dönmək istəmirdi. Qapını isə açan yox idi. Hardasa bu vəziyyət Cəmilənin ürəyindən də oldu. Fikirləşdi ki, bir daha döysün ya yox. Əlini qapıya yaxınlaşdırdı. Növbəti üç tıqqıltı, amma yenə də qapını açan yox idi. Əli ilə gözlərini silib geriyə döndüyündə qapının açıldığını duydu. Qapınıın qarşısında, ayrıldıqları gündən bu vaxta qədər hər gün sərxoş olan, üzünü tük basmış, saçları çiyinlərinə qədər uzanan İlkini gördüyündə bir anlıq içinə qəribə titrəmə və üşütmə düşdü. Ona yaxınlaşıb qucaqlamaq beynindən keçdisə də, bir anlıq ayaq saxladı və susdu. İlkinin gözləri Cəmiləyə zillənmişdir, Cəmilə isə gözlərini aşağı salıb sadəcə susurdu. İlkinin aylarla səsinə öyrəncəli olduğundan hardasa daxilində onun səsini yenidən eşitmək üçün darıxdıda. Amma qətiyyən danışmaq istəmirdi. Nə İlkin nə də Cəmilə. Uzun sürən sükutdan sonra Cəmilə dönüb getmək istəyərkən İlkin dilləndi.

- Niyə gəlmisən Cəmilə?

Cəmilədən səs gəlmədi. Dəhlizin qəribə qulaq batırıcı sükutu onu dəli eləməyə başladı. Yenidən gözlərindən yaşlar süzülməyə başladı. Üzünü İlkinə çevirib sənin üçün gəlmişəm, sonuncu görüşümüz üçün, hər şeyə əlvida demək üçün gəlmişəm İlkin. Bütün cümlələr ürəyində səslənirdi Cəmilənin.

- Gedəcəkdinsə, niyə qapımı döyürdün?

Özündə cəsarət toplayıb dilləndi İlkin.

- Bilmirəm...

Göz yaşlarına heç cürə hakim kəsilə bilmirdi. Ağlamaqdan üst geyimi tamam suyun içində idi.

- Keç içəri. Madam ki, gəlmisən, hər halda deyəcəyin nəsə var. Buyur.

İlkinin əli ilə göstərdiyi istiqamət Cəmilə üçün ayrılıq yoluna işarə idi. O bunu dəqiq bilirdi. Bu dəfə fikirləşmədən içəri keçdi. İlkin qapını bağlayıb onun qarşısında gözlərinin içinə baxaraq dayanmışdı. Saatın əqrəblərinin səsi, bir də yayın sərin əsən mehinin asta vıyıltısı dəhlizdən fərqli olaraq otaqda sükutu pozurdu.

- İlkin... Məni bağışla...Mən...

- Suss...

Əlini dodaqlarına apararaq Cəmilənin sözünü yarımçıq qoydu.

- İlkin mən..

- Suss..danışma...

Gözlərini Cəmilədən ayırmadan onun gözəlliyinə bu iki il ərzində baxdığından daha parlaq, daha da sevgi dolu baxışlarla baxırdı.

- Danışma Cəmilə. Onsuz da danış-danışa hər şeyi məhv elədik. Sus xahiş edirəm. Bilirəm bura gəlməkdə mənə deyiləcək sözlərin var. Bilirəm həmişəki kimi deyəcəksən ki, əzab çəkməyim, biz ayrılmışıq, hər şey bitib. Bütün bunları artıq eşitmişəm. Odur ki, sus və danışma. Bilirəm, sözlərini deyib bitirəndən sonra məni birdəfəlik tərk edəcəksən, onsuzda tərk etmisən, indi bunun nə anlamı var ki? Sus və danışma. Qoy o gözlərə son dəfə doyunca baxım, iki il öncə şəklinə baxıb aşiq olduğum kimi. Bilirəm, bəlkə də indi çıxıb getmək istəyirsən, amma nə olar bir az da artıq mənə zaman ver o baxışlardan doymağa çalışım. Doya bilməyəcəyimi yaxşı bilirəm, amma xahiş edirəm sus və danışma, qoy baxım.

- İlkin, bu gecə səninəm, istədiyin qədər bax, öp, qucaqla, əzizlə. Nə istəyirsən elə. Lap istəyirsən öldür məni. Bu gecə nə istəyirsən elə. Hər şey sən istədiyin kimi olacaq. Bu gün sonuncu dəfə sənin olacam.

- Sus...Və danışma...Qoy baxım...

Cəmilə artlıq pıçıltı ilə yox, hönkürtü iklə ağlayırdı. Hıçqırıqları bütün otağı ağuşuna almışdı. Ağlayan gözlərə zillənən İlkin də artıq özünə hakim ola bilmədi. Gözlərindən bir damla yaş süzülüb yanaqlarından ürəyinə axdı. Nəfəsi qurudu. Yaxınlaşıb Cəmiləyə sarıldı. İki bədən, iki ürək yenidən qovuşdu. Hər ikisi isti göz yaşlarına qərq olmuşdular. Evin dəhlizində artıq yarım saata yaxın olardı ki, qucaqlaşıb öpüşürdülər.İlkin özünü toplamağa çalışıb bu vaxt ərzində olanları analiz etməyə çalışırdı. Cəmilənin ayrıldıqları halda onun yanına gəlməsi. Hər şey üçün bu qədər göz yaşı axıtması, ona sarılıb aramsız öpüşlərlə onu öpməsi. Hər şey İlkini çaşdırırdı tamam. Birdən Cəmiləni özündən aralayaraq silkələməyə başladı. Artıq qəzəb, nifrət və sevgi bir-birinə qarışmışdı onun içində.

- Cəmilə, Cəmilə... Niyə axı? Niyə səni sevdim? Niyə? Niyə bura gəldin? Mənə yenidən əzab vermək üçünmü?

- Yox İlkinim, yox, səni son dəfə xoşbəxt eləmək üçün, əzab çəkməməyin üçün. Sənin neçə aylardı bu halına dözə bilmədiyim üçün. Sənin saf və mərhəmətli sevginin əvəzini qaytarmaq üçün. Səni həmişə xatirələrimdə yaşatmaq üçün. Sənin sevgin üçün İlkin...Hər şeyə görə bağışla məni nə olar.bağışla...Səni incitdiyim, sənə layiq ola bilmədiyim, səni sevə bilmədiyim üçün. Bağışla məni İlkin.  Sənin saf sevgini qiymətləndirə bilmədiyim üçün, hər şey üçün, keçirtdiyimiz hər an üçün, keçmiş üçün, indi üçün məni bağışla. Sənə əzab verdiyim üçün...Səni üzdüyüm üçün...

Göz yaşları sel kimi Cəmilənin gözlərindən İlkinin sinəsinə axırdı. O, ağlayaraq İlkinin qarşısında diz çöküb onun ayaqlarına sarılmışdı. İlkinin ürəyi dözmədi, onu sakitləşdirməyə çalışdı. Əyilib ayağa qaldırmağa çalışısa da belə Cəmilə əlləri ilə üzünü tutub hönkürtü ilə ağlamağına davam edirdi.

- Mənə görə hər şeydən keçdin, mənə görə gecələrini gündüzlərinə qatdın, mənə görə özünü incitdin. Tökdüyün hər göz yaşına görə bağışla məni. Mən sənə layiq ola bilmədim. Məni, heç vaxt, heç kimin sevə bilməyəcəyi bir sevgiylə sevdin, amma mən buna layiq deyildim İlkin. Mən sənin arzularının qadını ola bilmədim. Arzularına etdiyim xəyanətə görə bağışla məni. Bağışla məni nə olar...Bağışla...

- Qalx Cəmilə, qalx qurban olum, sil göz yaşlarını və sakitləş. Özünü üzdüyün yetər. Qalx bir az su iç. Səni bu halınla görmək mənə daha da əzab verir.

Cəmilə ayağa qalxaraq yenidən İlkinə sarıldı, amma hələ də göz yaşları səngimək bilmirdi.

- Bərk qucaqla məni,  bərk-bərk qucaqla. Bu gecə səninəm.

Onu dartaraq yatağa apardı. İlkin isə müqavimətsiz ona hakim kəsilən bu sevginin qarşısında acizanə dayanmışdır. Çarpayıya yaxınlaşdığında Cəmilə bir anlıq huşunu itirdi. İlkin onu çarpayıya uzadıb su gətirmək üçün qaçdı. Qayıtdığında Cəmilə tamamilə huşsuz vəziyyətdə idi. Üzünə su vurub onu oyatmağa çalışdı. Amma Cəmilə oyanmaq bilmirdi. İçində qəribə hislər baş qaldırdı. Qorxmağa başladı. Özünü toplama çalışdı. Bir neçə dəqiqə huşsuz vəziyyətdə uzanan Cəmilə nəhayət özünə gəldi. Hərəkətsiz halda gözlərini açıb İlkinə zillənmişdir.

- Çox qorxutdun məni dəli. Nəhayət özünə gəldin. Al iç sudan.

- İstəmirəm, gəl yaxına. Qucaqla məni nə olar...

İlkin əlindəki fincanı kənara qoyub ona yaxınlaşdı. Sonsuz öpüşlər, isti ehtiras,saat əqrəblərinin səsi, sərin mehin vıyıltısı və ayrılığın sonatası otaqda qəribə abu hava yaratmışdır. Sevgilərinin çılpaqlığı tezliklə bədənlərinə hopdu. İki bədən, iki ürək bu gecə sevginin ən ulu mərtəbəsinə çatmışdılar. Möhtəşəm sevişmə səhnəsi isə kadrlara öz rənglərini qatırdı. Həyatının iki illik filminin son səhnəsinin çəkilişində idi İlkin. İki il öncə motor deyilən bu çəkilişlərin, stopu isə məhz bu gecə söylənəcəkdir.

Səhər oyandığında çarpayısının sağ küncüdə hər zaman sevdiyi türk qəhvəsi, sevimli kitabı və siqaret qutusu ilə alışqanı var idi. Bir də bir vərəq. Əlini uzadıb vərəqi götürüb baxdığında gözündən bir damla yaş sübh tezdən pəncərəsindən üzünə bərq vuran günəşin şüasına qarışdı. Əlindəki vərəqə baxıb dərindən bir köks ötürüb gözlərini tavana zillədi. Vərəqdə isə "FİLMİN SONU” yazılmışdır...


İsmayıl Rizvanoğlu