Kənan Hacı:

Kənan Hacı: "Ədəbiyyat şou deyil ki..."

"KEYFİYYƏTLİ VƏ QƏRƏZSİZ TƏNQİD MƏKTƏBİNİN YOXLUĞU ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATININ ACI GERÇƏKLİKLƏRİNDƏN BİRİDİR.”

-Kənan, sən ədəbi mühitdə adı ən az hallanan yazarlardansan. Bir çox prinsipial məsələlərdə neytral mövqe tutursan. Bəlkə bu söhbətdə bir az geniş danışasan. Elə başa düşülməsin ki, mən səni hansısa konfliktə cəlb etmək istəyirəm. Sadəcə, sənin ədəbiyyatla bağlı ümumi görüşlərin mənim üçün maraqlıdır.

-Düzdür, adım çox az hallanır. Ədəbiyyat şou deyil ki, kimsə qalmaqallarla gündəmdə qalsın, söz sənəti tamamilə başqa kriterilər əsasında inkişaf edir və gündəmi məşğul etmək onun sferasına daxil deyil. Amma son zamanlar maraqlı bir tendensiya müşahidə olunur, mətbuatda iki şeiri çap olunan çiçəyi burnunda, özünü yazar adlandıran yeniyetmələr, onlara gənc demək də hələ tezdir,  müxtəlif pozlarda ədəbi saytlara, qəzetlərə müsahibələr verməklə məşğuldurlar. Bu nə xəstəlikdir? Sən gərək sənətdə özünü təsdiqləyəsən, iz qoyasan ki, müsahibə vermək haqqını qazanasan. Ortada heç nə yox, amma hansı qəzeti açırsan, elə bil Nobel mükafatını Azərbaycana təzə gətirib, iddia, təkəbbür adamın gözünü deşir. Ədəbiyyatın əlifbasını bilməyə-bilməyə kimlərəsə dərs keçirlər. Onlar çox oxumalıdırlar, nəzəri biliklərini  artırmalıdırlar. Ən azı, nə üçün yazdıqlarını bilməkdən ötrü. Heç mənim də onlara nəyisə öyrətməyə haqqım çatmır, çünki mən özüm də öyrənirəm, yazmaqdan çox oxumağa daha çox vaxt ayırıram. Peşəkarlığı artırmaq baxımından bu çox vacibdir. Hansısa dahi yazıçı demişdi ki, mən çox oxuduqca az yazmağa başladım. Bədii sözün məsuliyyətini hiss edəndə ona ehtiyatla yanaşmağa başlayırsan.
Mən ümumiyyətlə, az yazmağın tərəfdarıyam. Elə yazıçılar var ki, bütün yaradıcılığı boyu 15-20 roman yazıb, amma bircə əsəriylə yadda qalıb, Selincer "Çovdarlıqda uçurumdan qoruyan”ı yazdı və tənhalığa çəkildi, bu əsər artıq müasir dünya ədəbiyyatının şah əsərlərindən birinə çevrilib. Xuan Rulfo cəmi bircə roman yazıb, "Pedro Paramo”. Bu əsəriylə də ədəbiyyat tarixində yaşayacaq. Və yaxud götürək, İsmayıl Şıxlının "Dəli Kür”, Yusif Səmədoğlunun "Qətl günü” əsərlərini. Onlar çox az yazıblar, amma yazdıqları sözün çəkisi olub. Ədəbiyyat heç vaxt kütləvi ola bilməz, Saramaqo da son müsahibələrindən birində belə bir fikir söyləmişdi ki, mütaliə məhz azlıq üçündür, hər zaman da belə olacaq, hər kəsin oxumağını arzulamaq da səmərəsiz bir işdir. Bu fikirdə çox böyük bir həqiqət var.

-Səncə, ədəbiyyatın başlıca funksiyası nədən ibarətdir?

-Ədəbiyyatın başlıca predmeti insandır. Ədəbiyyatın başlıca funksiyası insanlığa xidmət etməkdir. Bu mənada yazarlar ən xeyirxah və humanist funksionerlərdir. Əlbəttə, ədəbiyyatın müharibələri saxlamaq gücü yoxdur, amma müharibə toxumlarını məhv etməyə gücü çatır. Bəlkə də ədəbiyyat olmasaydı bəşəriyyət daha çox itgilərə məruz qalardı.

-Ədəbiyyatdakı qarşıdurmalarla bağlı nə deyə bilərsən?

-Vallah, bu qarşıdurmalar ədəbiyyata heç bir fayda gətirmir. Yaxşı olar ki, kimlərisə ittiham etmək əvəzinə oturub əsər yazsınlar. Mən özümə də aid edirəm bu fikri. Bu gün dövlətdən bütün imtiyazları qoparmış adamlar gənc yazarları təqaüd davası aparmaqda ittiham edir. Bəs bu gənc yazarlara kim yiyə durmalıdır, onlar bu ölkənin vətəndaşları deyilmi, onların dövlətdən nəsə ummağa haqları çatmırmı? Doğrudur, mən ədəbi strukturların dövlət tərəfindən maliyyələşdirilməsinin əleyhinəyəm, amma bir halda ki, Azərbaycanda yazarın öz yazdıqlarıyla dolanması mümkün deyil, kitab satış şəbəkəsi hələ indi-indi dirçəlmək üzrədir, bu qarışıq durumda yaradıcılığa yenicə başlamış gənclər hardansa dəstək ummaqda haqlıdırlar.

- Çoxları ədəbi tənqidin yoxluğundan gileylənir. Səncə, ədəbi tənqid ədəbi prosesə nə dərəcədə təsir göstərə bilir?

-Keyfiyyətli və qərəzsiz tənqid məktəbinin yoxluğu çağdaş Azərbaycan ədəbiyyatının acı gerçəkliklərindən biridir. Mənim və bir sıra istedadlı yazarlarımızın əsərləri də bu boşluqdan öz payını alır.Mən bunu yazılarımda dəfələrlə qeyd etmişəm. Ədəbi tənqidin yükü bir-iki nəfərin çiyninə düşüb ki, onlar da nədənsə qərəz deyilən mərəzə yoluxublar, hər şeyi qara rəngdə görürlər və ədəbi mühitdə cəbhələşmənin daha da dərinləşməsinə xidmət edirlər.

-Tənqidin sənin yaradıcılığına münasibətindən razısanmı?

-Mənim şeirlərim haqqında Əsəd Cahangir, Vaqif Yusifli, Səlim Babullaoğlu yazılar yazıblar, hərə öz prizmasından bu şeirləri təhlil edib və mənim üçün son dərəcə maraqlı olan nüansları üzə çıxarıblar. Çox sağ olsunlar. Tofiq Abdin şeir kitabım haqqında içdən gələn bir yazı yazdı. Yeri gəlmişkən, Tofiq abiyə Allahdan şəfa diləyirəm, bir az nasazlayıb, hal-hazırda Bilgəh sanatoriyasında müalicə olunur. Başqa yazılar da yazıldı. Ümumiyyətlə, bilirsiniz necədir, mən bu fikirdəyəm ki, heç bir tənqid heç bir yaradıcılığı əhatə eləyə bilməz. Şərq ədəbiyyatında heç bir yerdə tənqid anlayışına rast gələ bilməzsən. Tənqid sovet sistemi tərəfindən  ədəbiyyatın üzərində nəzarət mexanizmi kimi yaradılıb və 37-ci il repressiyasında da bu cəza maşını öz dişli çarxları arasında yüzlərlə istedadları üyütdü. Azadlıq radiosu həmin o idbar, şeytani yazıları arxivdən tapıb yenidən nəşr edir. Mən buna yaxşı baxıram, qoy xalq bilsin ki, onun layiqli övladlarını kimlər ləkələyib.

- Sən bütün sahələrdə qələmini sınamış yazarlardansan. Hansı sahədə özünü güclü hesab edirsən?

-Əsəd Cahangir şeir kitabıma yazdığı ön sözdə "hələ ki, onun şairliyi aparıcıdır” yazmışdı, sonra Bilal Alarlı yazdı ki, Kənanı ciddi uğurlar nəsrdə gözləyir, bəziləri publisistik yazılarımı çox bəyənir. Nə deyim, bu suala cavab verməkdə çətinlik çəkirəm. Ümumiyyətlə, yazarın öz qələmini bütün sahələrdə sınamasına çox yaxşı baxıram. Yazar əgər öz içində istedad daşıyırsa, hansı sahədə yazmağından asılı olmayaraq, istəyinə nail olacaq.

-Gənc yazarlara hansı əsərləri oxumağı tövsiyyə edərdin?

-Son vaxtlar bir sıra gənc yazarlar mətbuatda tez-tez "hansı əsərləri oxumalı” reseptiylə çıxış edirlər. Mən yalnız onu məsləhət bilərdim ki, yenicə nəşr olunmağa başlamış  "Dünya ədəbiyyatı kitabxanası” seriyasına abunə olsunlar. 150 cildlik seriyanın hamısını oxumaq vacib deyil, seçimi özləri etsinlər. Hər halda Servantesi, Tolstoyu, Dostoyevskini, Kamyunu, Soljenitsını, Selinceri, Folkneri, Corc Orueli, Ekonu mütləq oxumalıdırlar. Onların hər biri fərqli üslublarda yazıb-yaradıblar, bu üslublardan xəbərdar olmaq yazıçılığa iddialı olan hər bir gənc üçün vacibdir. Deyəsən, məsləhətin dozası bir qədər çox oldu. Hərçənd, kiməsə məsləhət verməklə heç aram yoxdur, onsuz da indi heç kim heç kimin məsləhətinə əməl etmək istəmir.

-Özün kimləri oxuyursan?

-Dostoyevskinin "Karamazov qardaşları”nı və Elif Şəfəqin "Eşq” romanını. Milan Kunderanı və Marsel Prustu oxumağa hazırlaşıram. "Ən yeni ədəbiyyat” seriyasından çıxan bütün kitabları oxumuşam, Aqşinin və Pərvizin romanları haqqında yazılar yazmışam.

-Yeri gəlmişkən, bu seriyada ən çox bəyəndiyin kitab hansıdır?

-Haqqında yazdıqlarımı bəyənmişəm. Nərminin romanı da dil qüsurlarına baxmayaraq struktur baxımından maraqlıdır. Ümumiyyətlə, Nərmin eksperimentlər aparmağı xoşlayır, onun Eko və postmodernizmlə bağlı kitabı ədəbi maarifçilik baxımından son dərəcə dəyərlidir.

-Hal-hazırda nə yazırsan?

-Publisistik yazılar öz yerində, hal-hazırda sənədli bir roman üzərində işləyirəm. "Yaddaş kartı” adlanır, bəzi hissələri mətbuatda, bir neçə saytda yayımlanıb. Bundan başqa, ilin əvvəlində də bir roman yazıb "Qanun” nəşriyyatına təqdim etmişəm, yaxın günlərdə "Ən yeni ədəbiyyat” seriyasından çıxacaq. Maşallah, bir az tənbəl olmağıma baxmayaraq, məhsuldarlığım pis deyil. "Sənət qəzeti” tez-tez məni tərcüməylə məşğul olmağa vadar edir. Bussatidən, Limonovdan, Şukşindən və digər dünya yazarlarından xeyli sayda tərcümələr etmişəm. Xeyli təzə şeirlərim var ki, onları da toplayıb bir kitab halına gətirmək istəyirəm. İnşallah, sağlıq olsun!

"Sənət qəzeti”