Kinomuzun əlçatmaz uğuru

Kinomuzun əlçatmaz uğuru

Aşıq dərs

 


 

Dün­ya ki­no­sun­da klas­sik və sə­nəd­li bioq­ra­fik ədə­biyyatın ek­ran­laş­dı­rıl­ma­sı­na ge­niş yer ve­ril­sə də, ekranlaşdırmada bu əsər­lərin ye­ni st­ruk­tur­da, janrda tə­za­hür etməsi təbii olsa da, mövzunun qorunması vacibdir. Klas­sik ədə­biy­yat nü­mu­nə­lə­ri­nin uğurlu ek­ran­laş­dı­rıl­ma pro­se­sin­də nəql-təs­vir təh­ki­yə­si­nin kinematoqrafik həlli au­dio­vi­zuallığı zənginləşdirməklə ilkin ədəbi mənbəyə yeni həyat verir. Çingiz Aytmatovun: «Ek­ran­laşdırılma ədə­biy­yat di­li­nin ki­no di­li­nə çevril­məsidir. Bu pro­ses­də hər iki sə­nə­tin xü­su­siy­yət­lə­ri özü­nü gös­tə­rir. Bu­nun­la be­lə, ki­no­nun və ədə­biy­ya­tın ümu­mi məq­sə­di, bə­dii va­si­tə­lər­lə hə­ya­tı əks et­dir­mək, in­sa­nın ru­hi və mə­nə­vi prob­lem­lə­rin­dən söz aç­maq­dır. Hər iki sə­nə­tin ifa­də va­si­tə­lə­ri müx­tə­lif ol­sa da, təd­qi­qat obyektləri bir­dir»[1] qənaəti hədəfin və predmetin eyniliyini təsdiqləyir.

Səsli kino döv­ründə, əfsanəyə çevrilmiş «Ar­şın mal alan» filminin ekran­laş­dırıl­ması sonralar nadir hallarda təkrarlanan mədəniyyət hadisəsinə çevrilsə də əsərin digər ekran variantları barədə müla­hi­zələr səngimək bilmirdi. Leyla xanım Bədirbəylinin «Ömrümün nağılları kitabındakı, 1942-ci ilin noyabrının ilk həftəsindəki xarici səfərinə aid edilən: «Biz İran torpağında olan sovet hərbi hissələrində çıxış edir, axşamlar mərkəzdə konsertlər verirdik. Bir gün küçədə reklam gördük. «Ar­şın mal alan»ın gündüz seansına getdik. Bu üzdəniraq «Ar­şın mal alan» filminə tamaşa elədik. Filmin rejissoru Mamulyan familyalı bir erməni idi. Amerikada istehsal olunan bu filmdə nə Üzeyir bəyin, nə də Azərbaycanın adı çəkilmirdi»[2] informasiyası digər mənbələrdə də təsdiqlənir.

Salnaməçi-jurnalist Qulam Məmmədlinin: «Ar­şın mal alan» filmi 1945-ci ildə, sovet qoşunları İranda olduğu zaman Təbrizdə və İranın başqa şəhərlərində göstərildi. Bu film «Şərq əhvalatı» adı ilə Amerikada hazırlanmışdı», «quruluş etibarilə çox zəif, primitiv və təhrif edilmiş bir film idi. Rolların qafqazlı mühacirlər tərəfindən ifa edilməsinə baxmayaraq, ümumiyyətlə əsər Azərbaycan həyatı ilə heç bir əlaqəsi olmayan şəkildə oynanılmış və ekzotik Şərq həyatını əks etdirmək meyli ilə verilmişdi. Səhnələr Əsgər və Sultan bəyin evini təsvir edən iki otaqda, o da ancaq otaqların bir küncündə göstərilirdi. Otaqdan kənar səhnələr Azərbaycanın təbii mənzərələri ilə heç bir əlaqəsi olmayan, Amerika bankirlərindən birinin parkında çəkilmişdi. Kütləvi səhnələr isə «Bazar» adı altında, qaranlıq fonda, süni çadırların altında çəkilmişdi. Bu film Cənubi Azərbaycanda əhali tərəfindən böyük narazılıqla qarşılandı və yerli mətbuat tərəfindən ciddi surətdə tənqid edilərək ekrandan gö­türüldü»[3] informasiyasında isə göründüyü kimi rejissor haq­qın­da məlumat verilmir. Kinoşünas Ayaz Salayevin Amerika Film institu­tundan aldığı yazılı məlumatda isə ABŞ-da erməni dilində isteh­sal olunan «Aşiq arşınmalçı» adlı bu ilk səsli filmin rejissoru Setrak Vartyanın Əsgər rolunun da ifaçısı olduğu göstərilir.

Ü.Ha­cı­bə­yo­vun «Ar­şın mal alan» əsə­ri­nin dra­ma­tur­gi­ya­sı klas­sik qa­nun­la­ra söy­kən­di­yin­dən səs­siz ki­no­da be­lə asan­lıq­la an­la­şı­lır­dı. Onun ko­me­di­ya­la­rın­da­kı hər bir mu­si­qi par­ça­sı­nın mət­ni­nin be­lə da­xi­li dra­ma­tur­ji st­ruk­tu­ru möv­cud­dur. Təd­qi­qat­çı Ə.Sul­tan­lı: «Üze­yir Ha­cı­bə­yo­vun ko­me­di­ya­la­rın­da konflikt hə­ya­ti, do­la­şıq və mürək­kəbdir. İlk pər­də­dən ha­di­sə­lər adi yo­lun­dan çı­xa­raq qa­rı­şır, do­laş­dıq­ca do­la­şır, An­caq əsə­rin axı­rın­da şux bir son­luq­la bi­tir. Dra­ma­tur­qun əsl mə­ha­rə­ti mü­naqişəni xü­su­si bir təm­kin­lə ida­rə edə bil­mə­sin­də­dir»[4] yaz­maq­la dra­ma­tur­qun is­te­da­dı­nı də­yər­lən­di­rir.

Hə­lə 1941-ci ilin ya­zın­da «Ar­şın mal alan» fil­mi­nin is­teh­sa­lı ba­rə­də mü­za­ki­rə­lər, Moskva ilə rəs­mi ya­zış­ma­lar get­sə də, İmran Qasımov fil­min ssenari müəllifi, Adil İsgəndərov, Ağar­za Qu­li­yev, Qri­qo­riy Braginski re­jis­sor­la­rı təs­diq olunsalar da, mü­ha­ri­bə­nin baş­la­ma­sı ilə bu iş ya­rım­çıq qa­lır. 1942-ci il­də Qaf­qaz­da­kı gər­gin dö­yüş­lər ərə­fə­sin­də Ba­kı­dan ke­çən hər­bi yük­lə­ri müşayiət edən, şə­hə­ri düş­mən avia­si­ya­sın­dan qo­ru­yan də­niz­çi­lə­rin pi­ya­da qüv­və­lə­rin­də qəh­rə­man­lıq­la­rın­dan bəhs edən «Xə­zər­li­lər» fil­mi­ni ki­no­re­jis­sor Qri­qo­ri Aleksandrov çə­kir­di. Bu­ra­da re­jis­sor A.İva­no­vun «Sual­tı qa­yıq «T-9» fil­min­dən də söz açan Q.Aleksandrovun: «Bu ağır gün­lər­də Ba­kı stu­di­ya­sın­da Üze­yir Ha­cı­bə­yo­vun xalq yu­mo­ru ilə şən­lik şö­lə­si saçan «Ar­şın mal alan» ko­me­di­ya­sı çə­ki­lir­di. Bu ko­me­di­ya üzə­rin­də­ki iş bir da­ha gös­tə­rir­di ki, bi­zim ki­no iş­çi­lə­rin­dən heç kəs­də al­man-fa­şist iş­ğal­çı­la­rı üzə­rin­də­ki qə­lə­bə­yə zər­rə qə­dər şüb­hə yox idi»[5] cüm­lə­lə­ri fil­min çə­ki­liş­lə­ri­nin ən ağır mə­qam­lar­da be­lə dur­du­rul­ma­dı­ğı­nı təs­diq­lə­yir. An­caq döv­rün diktəsilə Q.Aleksandrovun bə­dii rəh­bər və üç ki­no­no­vel­la­dan bi­ri­nin re­jis­so­ru ki­mi ça­lış­dı­ğı, ön və ar­xa cəb­hə­dən bəhs edən «Bir ai­lə» (sse­na­ri müəl­lif­lə­ri Lev Vay­sen­berq, Mir Cə­lal, İo­sif Prut 1943) fil­mi­nin di­gər iki no­vel­la­sı­nın bi­ri­ni M.Mi­ka­yı­lov, di­gə­ri­ni Rza Təh­ma­sib çə­kir­di.

21 okytyabr 1943-ildə istehsalata buraxılan «Ar­şın mal alan» filminin ssenari müəllifi hələ 1937-ci ildə ÜDKİ-nin nəzdində xüsusi ssenari kursu bitirərək, iki il Bakı studiyasının ssenari şöbəsinin müdiri kimi çalışmış Sabit Rəhman, quruluşçu rejissorları isə tanınmış aktyor, rejissor, teatr xadimi kimi 1937-ci ildə, qırx üç yaşında ÜDKİ-nin nəzdində rabfak adlanan xüsusi rejissorluq kursunu bitirmiş, elə həmin il Bakı studiyasında «Ordenli Azərbaycan» sənədli filmini çəkmiş, 1943-cü ildə tamamlanan «Səbuhi» filmində ikinci rejissor işləmiş, bu ko­me­di­ya­­nı vaxtilə Nax­çı­van­da ta­ma­şa­ya qoy­maq­la bü­tün xır­da­lıq­la­rı­nı be­lə də­rin­dən bilən Rza Təh­ma­sib­lə, ukraynalı rejissor Ni­ko­lay Leş­şen­ko oldu.

1945-ci ildə, Sabit Rəhmanın artıq kinostudiyanın direktoru olduğu dövrdə tamamlanan bu filmin ilk epizodunda ağ­zı­nı açıb «Na­lə­dən­dir ney ki­mi…» ario­za­sı­nı şövqlə oxuyan Əsgərin (Rə­şid Behbudov) musiqinin ya­ran­ma pro­se­si­ni uğur­la təq­di­ma­tı mü­ğən­ni­nin şəx­sin­də per­so­na­ja rəğ­bət oya­dır. Da­xi­li mo­no­loq­lu aktyorun əlin­də­ki təsbehi oynatması, əl­lə­ri­ni qo­şa­la­yıb bağ­rı­na bas­ma­sı, si­fə­ti­nin də­yiş­kən ifa­də­li­li­yi, duz­lu təbəssümlə şirniyyat dolu si­ni ilə ya­xın­la­şan nö­kə­ri Və­li­ni (Lüt­fə­li Abdullayev), ni­ga­ran­çı­lıq çə­kən Gül­ca­han xa­la­nı (Mü­nəv­vər Kə­lən­tər­li) süz­mə­si mi­zan­kad­rı zənginləşdirir və dər­dini soruşması problemi asan­lıq­la or­ta­ya qo­yur. Görmədiyini, sev­mə­di­yi­ni al­maq istəməyən Əsgərin son­ra­kı dövrdə həl­li­ni ta­pan köh­nə adət - ənənəyə qar­şı çıx­ma­sı ko­me­di­ya jan­rı­nın gös­tə­ri­ci­si­nə çev­ri­lir. Gü­lə-gü­lə: «Arvad al­maq istəyirəm» deyən Əsgərə ca­vab ola­raq ağ­laya–ağlaya bacısının vəsiyyətini xa­tır­la­dan Gül­ca­han xa­la­ya qo­şu­lan Və­li isə per­so­naj müxtəlifliyini ta­mam­la­yır. Oxu­du­ğu ario­za­nın mət­ni­nə uyğun ola­raq çad­ra­nı ba­şı­na sa­lan, üz-gö­zü­nü bə­zə­yən Gül­ca­han xa­la­nın, əlin­də­ki si­ni ilə ona dəm tutan Və­li, bu gün ge­niş ya­yı­lan klip es­te­ti­ka­sı­nı ya­ra­dır. Gül­çöh­rə­nin (Ley­la Cavanşirova) ario­za­sın­da dər­di-qə­mi təm­sil edən süstlüyü ara­dan qal­dır­maq üçün rejissorun hə­mən ümu­mi pla­na ke­çə­rək Sul­tan bə­yin qar­da­şı qı­zı Asyanı (Rə­hi­lə Mus­ta­fa­ye­va), qul­luq­çu Tel­li­ni (Fat­ma Mehrəliyeva) mət­nin im­kan­la­rı he­sa­bı­na kad­ra sal­ma­sı özü­nü doğruldur. «Gör­mə­səm, sevməsəm ərə get­mə­rəm!» deyən qəm­li Gül­çöh­rə­ni ovun­dur­maq, gül­dür­mək is­tə­yən As­ya ilə Tel­li­nin toy mə­ra­si­mi­ni təsvir edən etüd­lə­ri, qo­ca­lıq əzab­la­rı­nı əya­ni gös­tə­rə­rək ağ­rı­ya-ağ­rı­ya ota­ğa gi­rən Sul­tan bəy (Ələk­bər Hüseynzadə) per­so­naj fərqliliyini da­ha da qabardır.

Dostu Əsgərin dər­di­nə əlac etmək üçün evi­nə gə­lə­rək oxuya – oxuya hal-əh­val tu­tan, pa­ra­lel ola­raq Gül­ca­han xa­la, Və­li ilə də, ün­siy­yə­tə gir­mə­yi ba­ca­ran Süleyman (İs­ma­yıl Əfəndiyev) mi­zan həl­li­ni doğrultmaqla can­lan­dır­dı­ğı ek­ra­na ye­ni ruh gə­ti­rir. Məhz onun məsləhəti ilə ar­şın mal­çı qiyafəsində köh­nə Ba­kı kü­çə­lə­ri­nə dü­şən Əsgərin rastlaşdığı dəvə karvanı, alış–ve­riş et­mək istəyən yaş­lı qa­dın, həyətdən kü­çə­yə cuman it, hovuzun ba­şı­na do­la­na­raq qapıya qa­çan çir­kin qı­zın Və­li­ni ələ sal­ma­sı, hik­kə­li Sol­tan bəylə qar­şı­la­şan Əsgərin bir də, bu həyətə ayaq basmayacağına söz ver­mə­si il­kin ziddiyyəti ya­ra­dır. Və nəhayət gətirdiyi yaylıqlarla ar­şın mal­çı­nın ba­şı­na do­la­nan qız­la­rın xorunun ha­sar üzə­rin­də­ki Və­li­nin gö­zü ilə iz­lə­nil­mə­si gər­gin­li­yi azal­dır. Qız­lar­dan qur­tu­lub ha­sar­dan qonşu həyətə ke­çən ar­şın mal­çının Gül­çöh­rə­yə həmən vurulması, Çaplinsayağı qaçışla Və­li­nin xoş xəbəri Süleymana çatdırmaq istəyi komediya elementlərini zənginləşdirir. Baqqal Mə­şə­di İbadın (Mir­zə Ağa Əliyev) «Bir molla, üç manat pul, bir kəllə qənd»lə evlənməyi məsləhət gör­dü­yü Sul­tan bə­yin seç­di­yi ərzağın pu­lu­nu ödə­yə bil­mə­mə­si bəy statusunun zəifləməsini, ma­lın ge­ri­yə yı­ğıl­ma­sı isə al­ver­çi­nin xə­sis­li­yi­ni gös­tə­rir.

Ar­şı­nı­nı unutmaq bə­ha­nə­si ilə ye­ni­dən Sol­tan bəyin həyətinə gə­lə­rək Gül­çöh­rə ilə ünsiyyət qu­ran, duet oxu­yub rəqs edən Əsgərin seç­di­yi qı­zı gör­mə­yə gə­lən Gül­ca­han xa­la­ya «Bir mol­la, üç ma­nat pul, bir kəl­lə qənd» mə­sə­lə­si­ni tət­biq edə­rək ev­lən­mək is­tə­yən Sol­tan bəy ko­miz­mi güc­lən­di­rir. Mü­da­xi­lə edən Əsgərin iki­baş­lı qo­hum ol­maq tək­li­fi­nin kəs­kin su­rət­də rədd edil­mə­si so­sial züm­rə fər­qi­ni Tel­li ilə Və­li­nin dil tap­ma­la­rı isə ya­xın­lı­ğı­nı üzə çı­xa­rır. Be­lin­dən açı­lan qurşağı Sol­tan bəyin əlin­də qa­lan, ar­xa­sın­ca atı­lan baş­maq ta­yı­nı tu­tub si­nə­si­nə sı­xan Və­li­nin, ki­min­sə apardığı meyvə do­lu si­ni­si­ni aşır­maq­la özü­nü çat­dır­dı­ğı Süleymana problemi aç­ma­sı di­na­miz­mi ar­tı­rır. Süleymanın dostu olduğu üzə çı­xan Sol­tan bəyin qı­zı­nı ar­şın mal­çı­ya ver­mə­sə də, tacir Əsgərə get­mə­si­nə şad ola­ca­ğı­nın bil­di­ril­mə­si ha­di­sə­lə­ri qı­zış­dı­rır. Elçiliyə gə­lən Süleymanın onu qar­şı­­la­yan gö­zə­li, Sol­tan bəyin qar­da­şı qı­zı Asyanı (R. Mustafayeva) Gül­çöh­rə ilə do­la­şıq sa­la­raq dos­tu­na hə­səd apar­ma­sı ye­ni münasibətlər üçün zə­min ya­rat­maq­la azsaylı personajları bir– bi­ri­nə da­ha sıx bağlayır. Gül­çöh­rə­nin tacirə deyil, ar­şın malçıya ərə get­mək­də is­rar­lı ol­ma­sın­dan hid­dət­lə­nən, kə­dər­lə­nən Sol­tan bəyin ya­ğış­lı havada ardınca getdiyi Süleymanı evində tapmayaraq qa­pı­sı­nı döy­sə də, içə­ri­yə da­xil ol­ma­ğı şə­ni­nə sı­ğış­dır­ma­dı­ğı evindəki şadyanalıq uğurlu kontrapunkt ya­ra­dır. Sol­tan bəyin elə qa­pı­da gö­rüş­dü­yü Süleymana ar­şın mal­çı­nı öl­dü­rə­cə­yi­ni bil­dir­mək­lə qı­zı­nın qa­çı­rıl­ma­sı­na ra­zı­lıq ver­mə­si ha­di­sə­lə­ri fi­na­la doğru yö­nəl­dir.

Tacir Əsgərin ge­niş za­lın­da o baş-bu ba­şa vurnuxmaqla məhkumluğunu gös­tə­rən Gül­çöh­rə­nin xır­da fiquru və hüznlü ari­ya­sı problemin bə­dii həl­li­ni ve­rir. Divardakı qoca portretini gələcək əri sayaraq özü­nü çilçıraqdan as­maq istəyən Gül­çöh­rə­nin ar­şın mal­çı­nın nəğ­mə­si­ni oxuya–oxuya ya­xın­la­şan Əs­gə­rin boynuna sa­rıl­ma­sı dramaturji düyünün açı­lı­şın­dan xəbər ve­rir. İri plov qa­zan­la­rı, do­lu meyvə si­ni­lə­ri, sulu qəlyanlarla baş­la­nan toy şənliyinə dər­di­ni «Kəs­mə şi­kəs­tə» ilə dil­lən­di­rən Tel­li­nin ocaq ba­şın­da yaş pal­tar­la­rı­nı qu­rut­du­ğu Və­li­yə, qı­zı­nın ar­şın mal­çı ilə qaç­ma­sı­na qəzəblənən Sol­tan bəyin Xa­la­ya, Süleymanın Asyaya evlənmələri personaj­la­r­arası münasibətlərin uğurlu həl­li ilə ka­tar­sis ya­ra­dır Toylarında rəqs edən cüt­lük­lə­rin plas­tik ifa­də zənginliyi bə­dii­li­yin və fərqliliyi isə so­sial züm­rə­lə­rin göstəricisinə çevrilir. Pay– pü­rüş­lə, ba­şı­na pul səpilə-sə­pi­lə məclisə gə­lib xeyir–dua ve­rən Mə­şə­di İbad dün­ya­nı fəth edə­cək ek­ran əsə­rin­də ye­ni bir musiqi, səh­nə, ek­ran əsə­ri­nin es­kiz­lə­ri­ni cı­zır.

18 sentyabr 1945-ci ildən ekranlara çıxan «Ar­şın mal alan» filminin dün­ya­nı fəth etməsində dahi Üze­yir Ha­cı­bə­yo­vun musiqisi, dramaturgiyası ilə yanaşı, quruluşçu rejissorlar Rza Təh­ma­sib­lə, Ni­ko­lay Leş­şen­konun ilkin ədəbi mənbəyə hörmətlə yanaşmaları, quruluşçu operatorlar Əlisəttar Atakişiyevin, Muxtar Dadaşovun plastik ifadə vasitələri, (Yuri Şvetslə birgə quruluşçu rəssam da olan Əlisəttar Atakişiyevin, geyim eskizlərində sosial mahiyyəti önə çəkməsi), zahiri görkəmi, romantizmi, xəyalpərvərliyi ilə Aleksandr Dümanın (oğul) «Kameliyalı qadın» romanı əsasında çəkilmiş eyniadlı filmdə (rejissor Corc Kyukor.1936) amerikalı aktyor Robert Tey­loun (1911-1969) yaratdığı Arman Düvalı xatırladan ecazkar səs­li Rəşid Behbudovun tacir Əsgəri, sənətə rəqqasəlikdən gəl­m­iş Leyla Cavanşirovanın (Bədirbəyli) plastik Gülçöhrəsi, ustad Ələk­bər Hüseynzadənin Bo­ris Svet­lo­vun qu­ru­luş ver­di­yi lal filmdə və səh­nədə otuz il ərzində püxtələşdirdiyi Sultan bəyi, kişi xislətli Mü­nəv­­vər Kə­lən­tər­linin «Erkək Tükəzban» imicinə söykənən Gül­ca­han xa­lası, hoqqa teatrının ənənələrini yaşadan Lütfəli Ab­dul­la­ye­vin Vəlisi, rejissor-aktyor İsmayıl Əfəndiyevin zadəgan Süleymanı, xa­nəndə Fat­ma Mehrəliyevanın yanıqlı səsli, sadəlövh Tel­li­si, hətta Rə­­hi­lə Mus­ta­fa­ye­vanın həm müti, həm zirək Asyası müstəsna rol oy­nadı.

 



Professor Aydın Dadaşovun "Kinoşünaslıq” dərsliyindən



[1] Айтматов Ч.Т. Что такое язык кино? М., 1989. с.189.

[2] Бядирбяйли Л.А. Юмрцмцн наьыллары. Б.,1998. с.57-58.

[3]Мяммядли Г. М. Цч «Ар­шын мал алан» филми щаггында. Азярбайъан эянъляри г. 18.09.1955.

[4] Яли Султанлы. Азярбайъан драматурэийасынын инкишаф тарихиндян. Б., 1964. с.278.

[5]Александров Г.В. Эпоха и кино М., 1983. с.270.