Kinoya ayrılan pullar düzgün xərclənirmi?

Kinoya ayrılan pullar düzgün xərclənirmi?

Qan Turalı: "Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsait bir neçə yox, onlarla filmə sərf edilsəydi, bu sahədə daha çox effektiv nəticələrə nail olardıq"

Son iki ildə kino sahəsinə vəsaitin ayrılmasının məhdudlaşdırıldığını vurğulayan Maliyyə naziri Samir Şərifov deyib ki, heç bir deputat əvvəlki illərdə kifayət qədər böyük həcmdə ayrılan vəsaitin müqabilində çəkilən hansısa kino əsərinin olub-olmaması məsələsinə toxunmur. Onun sözlərinə görə, əvvəlki illərdə bu sahəyə hər il təxminən səkkiz milyon dollara yaxın vəsait ayrılıb. Halbuki son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl kinolar çəkilir. Bu da onu göstərir ki, bu məsələ yalnız pulla ölçülmür: "Mən də kino sənayesinin inkişaf etdirilməsinin tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada müəyyən keyfiyyətyönümlü dəyişiklik baş verməlidir”.

Yazar Qan Turalı isə "Şərq"ə açıqlamasında deyib ki, incəsənətin dövlət tərəfindən maliyyələşdirilməsi daim müzakirə edilən bir mövzudur:

"Bu məsələ bir neçə il qabaq ədəbiyyatla bağlı aktuallaşmış və AYB rəsmilərinin haqlı və kəskin tənqidlərinə tuş gəlmişdi....

İncəsənətin dövlət tərəfindən maliyyələşdirilməsi daim müzakirə edilən bir mövzudur. Bu məsələ bir neçə il qabaq ədəbiyyatla bağlı aktuallaşmış və AYB rəsmilərinin haqlı və kəskin tənqidlərinə tuş gəlmişdi.

Yenidən Amerikanı kəşf, velosipedi isə icad etməyə ehtiyac yoxdur. Biz dünya təcrübəsini mənimsəməli və onu tətbiq etməliyik. Bəli, bizdə proses bir az fərqli gedir. Dövlət özü filmin büdcəsini verir və film istehsal edilir. Bu kontekstdə dövlət prodüserlik funksiyasını yerinə yetirir. Daha optimal həll yolları tapıla bilər. Əslində tapılıb da...

Azərbaycan Konstitusiyasının 16-cı maddəsinin II bəndində belə yazılıb: "Azərbaycan dövləti mədəniyyətin inkişafına yardım göstərir”. Azərbaycan dövlətinin mədəniyyətə göstərdiyi qayğı da konstitusiyamızın tələbidir. Dövlətin mədəniyyətə qayğı göstərib-göstərməməsi ilə bağlı hər cür polemika yersizdir və Əsas Qanunumuzun həm konkret müddəasına, həm də ruhuna ziddir.

Tarixi təcrübəmizə müraciət etsək, bu gün fəxr elədiyimiz filmlər - "Şərikli çörək", "Bizim Cəbiş müəllim", "Bir cənub şəhərində" kimi filmlər dövlət büdcəsi hesabına çəkilib. Əlbəttə ki, o dövrdə ümumilikdə özəl sektor yox idi və kino dövlətin inhisarında idi. Lakin dövlət dəstəyi hesabına bu və ya bu kimi şedevrlər ərsəyə gəlib. Bəs müstəqillik dövründə, bazar iqtisadiyyatı mühitində bu məsələ necə həll olunmalıdır. Şekspir demişkən, budur sual...

Bu barədə elə indi oxuduğum kitabdan bir parçanı bölüşmək istəyirəm: "Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi 2017-ci ildə 166 kino layihəsini maliyyələşdirib. Bunun üçün dövlət büdcəsindən 6 milyon 540 min lirə pul xərclənib. Bu 166 kino layihənin 71-i sənədli filmlər üçün xərclənib, 10-u animasiya üçün. 34 qısa filmə dəstək verilib. 45 ssenarinin yazılmasına maddi dəstək verilib. Və ümumilikdə nazirliyə təqdim edilən 319 layihənin 166-sına vəsait ayrılıb”.

Gördüyümüz kimi, burda konkret bir filmin maliyyələşməsindən çox dəstək formasında maliyyələşmə edilir. Ən ideal variant da budur. Hamı bu dövlətin vətəndaşıdır və bu dövlətin kinoya yardımı maksimum filmi əhatə etməlidir. Təəssüf ki, biz bu sahədə effektiv fəaliyyət göstərə bilmirik. Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsait bir neçə yox, onlarla filmə sərf edilsəydi, bu sahədə daha çox effektiv nəticələrə nail olardıq.

Açıq şəkildə də etiraf etmək gərəkdir ki, Mədəniyyət Nazirliyi heç də kinoya ayrılan pulları göyə sovurmayıb. Dövlət büdcəsi hesabına çox yüksək keyfiyyətli filmlər də istehsal olunub. Elxan Cəfərovun "Dolu”, "Yarımçıq xatirələr”, Elçin Musaoğlunun "Nabat”, Asif Rüstəmovun "Axınla aşağı” bu barədə çox yaxşı misallardır və bu filmlər Azərbaycan kino fondunun şərəfli tarixinə düşməyə layiqdirlər. Lakin bu parlaq faktlar belə dövlət büdcəsindən filmə ayrılan vəsaiti daha çox filmə çatdırmaq zərurətini aradan qaldırmır, əksinə, daha da aktuallaşdırır.

Maliyyə naziri cənab Samir Şərifov özəl sektorda yüksək keyfiyyətli filmlər istehsal olunduğunu qeyd edir. Lakin bu sahədə də dövlət qayğısı gərəkdir. Kino istehsalçıları yüksək vergilərlə yüklənib. Bu vergiləri tamamilə, ya da bir müddətlik ləğv etmək çox məqsədəuyğun olardı. Üstəlik, mütərəqqi ölkələrin qanunvericiliyində özəl sektorun kinoya ayırdıqları vəsaitin vergidən çıxarılması təcrübəsi də mövcuddur.

Bir sözlə, bu sahədə gedən müzakirələrə dair mənim fikirlərim bundan ibarətdir. Məşhur misalda deyildiyi kimi, kino ancaq kino deyil. Bu kontekstdən bütün bu məsələlərin ictimai müzakirəyə açılmasına böyük ehtiyac hiss edirəm. Kino bizim təkcə bu günümüz deyil, həm də gələcəyimizdir".