Kitabı Yeni il hədiyyəsi seçən məşhurlar - SORĞU

Kitabı Yeni il hədiyyəsi seçən məşhurlar - SORĞU

Azərbaycanın bir çox tanınmış şəxsləri "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun kitabsevərlərə "Hər kəs Yeni ildə öz yaxınlarına kitab hədiyyə etməlidir” çağırışına münasibət bildirib. 

Millət vəkili Fazil Mustafa AzNews.az-a açıqlamasında vurğulayıb ki, onsuz da yaxın dostlara hədiyyəsi çox zaman kitab olur: "Yeni ildə də bu ənənəni davam etdirmək mümkündür”.

"Xalq Arzusu” hərəkatının təsisçisi Asəf Quliyev: "80-ci illərdə dostlarımızla bir-birimizə kitab hədiyyə edərdik, sonra da o kitabı müzakirəyə çıxarardıq. Bu, çox gözəl ənənəyə çevrilmişdi. Təəssüf ki, indi o ənənə aradan qalxıb. Xüsusilə, gənclərdə kitaba maraq yox dərəcəsindədir. Bir neçə dostuma öz xarakterinə uyğul olaraq kitab hədiyyə edərdim. Açıgı hədiyyə etmək istədiyim kitablar da çox bahadır. Hədiyyə etmək olmur”.

"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova: "Bir kitab ki, oxunmayacaqsa, o hədiyyə kimi qiymətini itirər. Kitabı ən qiymətli hədiyyə hesab edirem. Bu qiyməti də kitaba dəyər verən bilər”.

Vəkil Adəm Məmmədov: "Dünyada kitabdan gözəl hədiyyə ola bilməz. Əlbəttə, hədiyyə olaraq kitab verərdim”.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza: " O hədiyyəyə sevinəcəyini hiss etsəydim, verərdim. Ya da başqa cür desək, hər dosta kitab hədiyyə etmək olmaz. Çox yaxın bir dostuma Amerikadan iki kitab lazım olduğunu bilirəm. Məndə isə belə bir səfər gözlənilirdi. Çox sevinərdim ki, bu səfər yeni il öncəsi həyata keçsin. Dəqiq bilirəm ki o dostumun istədiyi kitabları alsam, ona ən dəyərli yeni il hədiyyəsi olacaq”.

Azərbaycan İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin müşaviri Müşfiq Əmirov: "Mən də kitab hədiyyə verərdim. Hədiyyə təqdim etdiyim şəxs hansı janrda oxusa, o janrda da hədiyyəsi olardı”.

Akademik Milli Dram Teatrının aktyoru Fizuli Hüseynov: "Kitab hədiyyə verərdim. Yanında da şotland viskisi”.

"Dərviş” prodüser Mərkəzinin rəhbəri Əli İsa Cabbarov: "Kitabı ad gününə hədiyyə etmək daha uğurlu sayıram. Yeni ildə ancaq azyaşlılara kitab hədiyyə edərdim”.

Rejissor İntiqam Hacılı: "Ümumiyyətlə, dostlara hədiyyə etmək fikrim olursa, bu yalnız kitab olur”.

Şairə Nazilə Səfərli: "Ən yaxın dostum yoxdu, tanışlarım və əzizlərım var. Yeni ildə kitab verərdım, amma baxır kimə? Hamıya kitab verilməz. Kitabı dəyərini anlayana verərdım ki, oxusun. Yoxsa kitabdan bezən başqa məqsədlər üçün də istifadə edirlər...”.

Rejissor Samir Kərəmoğlu: "Verməyinə verərdim, amma kitab hədiyyə alsaydım, daha çox sevinərdim”.

Yazıçı-publisist Samir Sədaqətoğlu: "Düzdür, adətən Yeni ildə hədiyyələri əsasən şaxta baba paylayır. Sualınıza cavab olaraq deyim ki, əlbəttə kitabdan qiymətli hədiyyə ola bilməz. Amma hər kəsə kitab hədiyyə edilməz. Kitab onu dəyərləndirə bilən, bunun necə böyük bir hədiyyə olduğunu anlayan insanlara verilməlidir. Ən yaxşı hədiyyə isə insanın öz yeni kitabıdır. Bundan möhtəşəm heç nə ola bilməz”.

Aktyor Kamran Yunus: "Mən ümumiyyətlə, hər zaman uşaqlara, dostlarıma, hər kəsə kitab hədiyyə edirəm. Məncə kitab ən gözəl hədiyyədir”.

Qeyd edək ki, paytaxtın mərkəzində, Fəvvarələr bağında "Nərgiz" jurnalının xeyriyyəçilik niyyəti ilə "Soyuq əllər, isti ürək" yeni il bazarı adı altında təşkil olunan yarmarkada "İlin hədiyyəsi kitab olsun” devizi irəli sürülüb. Yarmarkada Azərbaycan, türk, ingilis və rus dillərində 1500 adda 20 min ədəd kitab satışa çıxarılacaq. 

Edebiyyat.biz