“Kitabım yandırılmadısa, deməli, mən hələ o yazıçı deyiləm”

“Kitabım yandırılmadısa, deməli, mən hələ o yazıçı deyiləm”

"Azərbaycan ədəbiyyatına yönələcək pullar ərəb şeyxlərinin cibinə axır"

Yazıçı Taleh Şahsuvarlı ilə müsahibə.

- Taleh bəy, son vaxtlar virtual sahədə xeyli fəallaşmısınız. Axar.az adlı portalınız fəaliyyətə başladı. Sizi bu sahəyə cəlb edən nədir?

- Axar.az portalı təsis etdiyim Sosial İnformasiya Agentliyinin layihəsidir. 18 yaşımdan jurnalistika ilə məşğul olduğumu nəzərə alanda "bu sahə” dediyiniz peşə məni indi cəlb etməyib. Azərbaycan mətbuatında ən gənc redaktor və müstəqil tələbə qəzetinin yaradıcısı olmuşam. Tay-tuşlarım sarı mətbuatdan seriallar oxuyanda mən ölkədəki siyasi proseslərə təsir edən məqalələrlə çıxış edirdim. Statistika göstərir ki, hazırda Azərbaycanda ən çox oxunan beş köşə yazarından biriyəm. Portalı açmaqda üç əsas niyyətimiz var və bunlardan birincisi devizimizdə əks olunub: "Vətəndaşa informasiya dəstəyi”! İkincisi, öz təcrübəmi gənc reportyorlarla, xüsusən də analitiklərlə bölüşməkdir. Hazırda mətbuatımızda analitik kimi yetişməyə ümid verən gənclərin sayı son dərəcə azdır, ancaq deyəsən, birini kəşf etmişəm- Dilqəm Əhməd. Nəhayət, heç bir siyasi qüvvədən maddi və siyasi cəhətdən asılı olmayan, bütün düşərgələrdən gələn informasiyaları yalnız peşəkarlıq nöqteyi-nəzərindən incələyərək yayan, Türkiyənin məşhur köşə yazarı Əhməd Hakanın sözləri ilə desəm, iqtidara "zalım” deyəndə, müxalifətə də "insafsız” deyə bilmək xarakterinə malik olan bir media qurumuna ehtiyac vardı. Bu günlərdə ayrı-ayrılıqda həm bir iqtidar, həm də bir müxalifət nümayəndəsi etiraf etdi ki, bu boşluğu hazırda Axar.az portalı doldurur. Maliyyə dəstəyinin yoxluğu, əlbəttə, problemlər yaradır, fəqət biz də kimsədən yardım gələcəyinə ümid bəsləmədən addım-addım irəli gedirik.

- "Canlanma”dan sonra ədəbi yaradıcılığınızda hansı yeniliklər var?

- "Çıraq daşı” adlı ikinci tarixi metaroman üzərində işləyirəm. Hər şey təxəyyülümdə hazırdır və xeyli araşdırma aparmışam. Sadəcə, mənə elə gəlir ki, yeni nəsə tapacam, ona görə ləngiyirəm. Bilirsiniz ki, araşdırmaçılıq müasir ədəbiyyatın əsas parametrlərindən biridir. Metaroman Laçın rayonundan, mənim də mənsub olduğum Gəloxçular adlı etnoqrafik qrupdan bəhs edəcək. Bəlli olduğu kimi, Azərbaycanda afşarlar, padarlar kimi türk soylu etnoqrafik qruplar var və onlardan biri də bizim gəloxçulardır. Təsəvvür edin ki, gəloxçuları Şamil Əsgərov adlı bir qrafoman "kürd” elan edir və bəzi "tarixçilərimiz” də ona qahmar çıxır. Laçın istər etnoqrafik, istərsə də kültür və memarlıq baxımından araşdırılmamış bölgə idi, Zəngəzurun bir parçası olaraq Qarabağ və İrəvan xanlığı ərazilərindəki yerlər kültürlər arasında körpü rolunu oynayırdı. Bu da zaman-zaman həmin bölgə ilə bağlı müəyyən spekulyasiyaların meydana çıxmasına rəvac verib. İcazənizlə, cavabı burada bitirim, yoxsa istər-istəməz metaromanın ideyalarını açmalı olacam. Hər halda payızda "Canlanma”dan daha səriştəli və bədii baxımdan daha güclü bir kitab təqdim edə biləcəyimə inanıram.

- İlk romanınızdan sonra bir çox tənqidlərə məruz qaldınız. Sizi təvazökar olmamaqda günahlandırırlar. Romanınızı təbliğ etmək üçün cəmiyyətimiz üçün ənənəvi olmayan tərz seçmisiniz. Yazılarınızın birində buna haqq qazandırırsız və "təvazökarlığı” tipik şərq və quldarlıq kodeksi adlandırırsız. Müasir qərbdə məhz bu üsulla öz PR-nı quran yazarlar varmı? Axı "təvazökarlıq” anlayışı həm də Qərb üçün keçərlidir...

- Ondan başlayım ki, ürəyim istəyən qədər tənqid olunmadım. Ədəbiyyata peşəkar yanaşan adamların hər birindən təqdir-tənqid qiyaslamasında daha çox xoş sözlər eşitdim. Dəfələrlə çəkdiyim adları bir daha təkrar eləmək istəmirəm. Götürək elə Tehran Əlişanoğlunu. Tehran müəllim mənim yazıçı kimi peşəkarlığımı yüksək qiymətləndirməklə yanaşı, "Canlanma” haqqında kifayət qədər kəskin tənqidi fikirlər söyləyib. Onların əksəriyyətini qəbul edirəm. Çünki bu iradları mətnin içinə girmiş adam söyləyir. Mən Tehran Əlişanoğlunun, Rəşad Məcidin, Vurğun Əyyubun, Yaşarın, Vaqif Bayatlının, Əsəd Cahangirin yanında təvazökarlıqdan heç uzaqlaşdımmı? Əsla! Amma o adamların ki, postmodernizmdən, metaromançılıqdan xəbərləri yox idi; o adamlar ki, "biz diqtə edirik”, "yazıçıların yerini biz müəyyən edirik” kimi məsuliyyətsiz bəyanatlar verirdilər və yaradıcılığıma münasibətdə susmaqla məni ədəbiyyatın qapısının dalında göstərmək istəyirdilər, onlara qarşı təvazökarlıq sərgiləməyim yanlış olardı. Mən heç zaman yazdığımı tərifləməmişəm, onun qüsursuz, tənqid olunmayacaq bir mətn olduğunu iddia etməmişəm, sadəcə, dəyərini və qədrini bilmişəm. Demişəm ki, həzarat, bu, mənim ilk bədii kitabımdır, gəlin müzakirə edək, təhlil aparaq. Amma əsəri təhlil etməyə "baqaj”ı, təqdir etməyə vicdanı çatmayanlar istəyirdilər ki, susum və onlar da xəlvət dərədə bəyliklərini sürdürsünlər. Elə bilirsiniz ki, susanda "təvazökar oğlandır” deyib məni öyəcəkdilər? İnanın ki, Azərbaycan ədəbi mühitində təvazökar, özündən danışmaq istəməyən üç adam varsa, biri elə mənəm. Sualın ikinci hissəsinə isə qısa cavab verəcəm: müasir qərb cəmiyyəti "mən” mərkəzlidir, təvazökarlıq sınmış eqolar qəbiristanlığının adı deyil və istisnasız olaraq bütün yazarlar PR-dan istifadə edirlər. Həmin kampaniyalar zamanı bəzən məqsədli şəkildə "qıcıq qruplar”ı formalaşdırılır və müəllifə maraq artırılır. Bir də görürsən ictimai yerdə həmin qrupun üzvləri hansısa kitabı yandırdılar. Kitabım yandırılmadısa, deməli, mən hələ o yazıçı deyiləm.

- Sizi həm də reytinq qazanmaq üçün qəsdən AYO-çuları və bəzi müstəqil yazarları hədəf seçməkdə günahlandırdılar. Razılaşırsınızmı?

- Düzü, AYO-çularla polemikaya girmək nüfuzuma xələl gətirir, çünki peşəkarlıqları, diskussiya mədəniyyətləri çox aşağıdır. Onlar hədəf yox, ünsürdürlər. Lakin bizim cəmiyyətin ünsürləridirlər. Odur ki, onlara necə yazmaq, necə polemika aparmaq barədə dərs keçmişəm hər dəfə. Ağılları olsa, oxuyub öyrənərlər. Xüsusən də, Qan Turalı. Yoxsa normal cəmiyyətdə heç bir qəzet onlara köşə verməz. Bir dəfə "ziyalılar totalitarizmi niyə sevir” adlı araşdırma oxumuşdum. Sovet dönəmində yarandığına görə bəziləri səhvən belə hesab edirlər ki, AYB ziyalıları totalitarizmə sürükləyən qurumdur. Amma tam əksinə, totalitar düşüncənin distribüteri AYO-dur. Özü də "AYO” deyəndə dörd-beş nəfər nəzərdə tutulmalıdır. Məsələn, mən Həmid Herisçini, Rafiq Tağını, Nərmin Kamalı o spektrdə görmürəm. Bir təşkilatın başqanı yaşca, qabiliyyətcə və nüfuzca özündən çox-çox böyük olan yazarlara "prinsipsiz” deyirsə, sən prinsipial mövqe qoymalısan ortaya. Ya o yazarlara sayğı duymalısan, ya da o başqana. Mən təbii ki Həmid Herisçiyə, Rafiq Tağıya ehtiram bəsləyirəm, Nərmin Kamalın istedadını qiymətləndirirəm.

- Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv seçildiniz. AYB-ni seçməyinizə səbəb nə oldu?

- Çox təəssüflər olsun ki, AYB haqqında cəmiyyətin bəzi kəsimlərində mənfi önyarğılar formalaşıb. AYB yaradıcı adamları birləşdirən bir qurumdur. Azərbaycanın mədəni elitasının mühüm bir hissəsi məhz bu qurumda birləşir. Təşkilatın xalqla əlaqələri çox yüksək səviyyədədir. AYB üzvlərinin sayının bəzən tənqid olunacaq qədər çox olmasının da səbəbi elə budur, əslində. AYB təkcə ənənələri olan və beynəlxalq arenada tanınan təşkilat deyil, həm də peşəkar bir mühitdir. Mən o mühitdə olmaq, peşəkarlardan öyrənmək istədim. Məsələn, mənim nasir kimi Rasim Qaracadan öyrənəcəyim heç nə yoxdur, amma Elçin Hüseynbəylidən çox şey var. Başqa bir misal: AYB üzvü olduqdan bəri, bir neçə dəfə Nəcməddin Ərbakanın təbirincə desəm, "yaşı altmışın üstündə olan” şair İlyas Tapdıqla ünsiyyətdə olmuşam. Amma AYB-dən kənarda yaşı 60-dan az olan elə bir adam tanımıram ki, müasir ədəbiyyatdakı tendensiyaları onun qədər aça bilsin. Üstəlik, Azərbaycan dilindən, folklorundan dünya miqyasına çıxa biləcək əsərlər yaratmaq üçün necə istifadə olunması barədə məsləhətlər versin.Yaxud gedin bir dəfə Musa Ələkbərli ilə söhbət edin, bir dəfə də Elnur Astanbəyli ilə. Birincinin insanlara nə qədər sevgi bəslədiyinə şahid olacaqsınız, ikincinin nifrətinin həcmini təyin edə bilməyəcəksiniz.

- Sizcə, AYB bir təşkilat olaraq cəmiyyət qarşısında öz öhdəliklərini yerinə yetirə bilirmi?

- Anladığım qədər, AYB-nin cəmiyyət qarşısında ən önəmli öhdəliyi yaxşı bədii mətnlərin yaranmasına təkan verməkdir. Zənnimcə, AYB bu vəzifəsinin öhdəsindən gəlir, sadəcə, gördüyü işləri yetərincə təbliğ edə bilmir. Bunun da əsas səbəbi AYB-nin bütün Azərbaycan cəmiyyəti kimi keçid dövründə yaşaması və binasının bir müddət təmirə dayanması olub. Bu yaxınlarda "Ən yeni ədəbiyyat” seriyasında dərc olunan kitabların satışı barədə məlumat açıqlandı. Müqayisə edəndə gördüm ki, "Bayatı” kitab mağazasında şair Elbəyi Cəlaloğlunun bir günə satılan əsərlərinin sayı o seriyadan olan dörd-beş müəllifin kitablarının aylıq satışını üstələyir. Amma Anar müəllimin tövsiyyəsi ilə gerçəkləşdirildiyindən "İmza günü” ideyasını bəzi "ədəbiyyat sevdalıları” topa tutmuşdu. Bundan əlavə, AYB Qismətin, Zərdüştün, Cavid Zeynallının, Kəramətin, Ayselin timsalında istedadlı ədəbi gənclik təqdim edir. AYB-nin velosipedi yenidən icad etmək öhdəliyi yoxdur ki?!

- AYO-AYB qarşıdurmasına münasibətiniz necədir?

- Bilirsiniz, qarşıdurmaları, konfliktləri ilk növbədə bazar yaratmalı və tənzimləməlidir. Azərbaycanda çağdaş meyarlara cavab verən kitab bazarı mövcud olmadığından gerçək anlamda heç bir qarşıdurma yoxdur. Belə şəraitdə AYB dövlətdən dəstək alaraq ədəbiyyatı yaşatmaq və inkişaf etdirmək istəyir. Ölkədəki mövcud iqtisadi münasibətlər müstəvisində başqa yol yoxdur. Əks halda, Azərbaycanda ictimai şüura təsir edən adamlar yazıçılar yox, mədəniyyət daşıyıcıları yox, Hacı Qamətlər, Hacı İlqarlar olacaq. AYO-çular isə deyimə görə üzr istəyirəm, həm ərə getmək istəyirlər, həm də qız qalmaq. Yəni bir tərəfdən özlərini "underground” adlandırırlar, o biri tərəfdən də qırmızı kreslolu salonlarda ön cərgədə oturmaq istəyirlər. Halbuki, bir qədər vicdanla və soyuq başla fikirləşsələr, etdikləri bütün tərbiyəsizliklərə görə AYB rəhbərliyindən üzr istəyər, cəbhəni Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin hədəflərinə qarşı açarlar. Azərbaycan ədəbiyyatının qənimi nə dövlətdir, nə də hansısa ictimai təşkilat, məsciddir, dindir! "Underground” ədəbiyyatın potensial oxucuları sələfiləşir. Azərbaycan ədəbiyyatına yönələcək pullar ərəb şeyxlərinin cibinə axır. Azacıq düşünmək qabiliyyətləri varsa, bunun hesabını aparsınlar. AYO-çular "underground”u Hacı Qamətə, Əbu-Bəkr məscidinə uduzub, utanmaz-qızarmaz AYB-yə qalib gəldiklərindən dəm vururlar. Rafiq Tağı ona görə sağ qala bilir ki, Anar, Fikrət Qoca, Elçin, Əkrəm Əylisli, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Vaqif Səmədoğlu həyatdadır. Bu adamların hər birini tənqid eləmək, AYB-nin qurultayının vaxtı ilə maraqlanmaq olar, amma küçə söyüşlərinə keçməklə heç kimə opponent, tərəf-müqabili olmaq mümkün deyil. Görünür, AYB-AYO yox, tərbiyə, səviyyə qarşıdurması var. Özünü ciddi-cəhdlə AYB-yə qarşı çıxan tərəf kimi göstərmək istəyənlərin hər biri məişət pozğunudur. Etiraz eləyənə hansı yuvanın quşu olduğunu göstərə bilərəm.

- Ədəbiyyatımızın gələcəyi barədə nə düşünürsünüz? Bəzi tanınmış filosoflarımız Azərbaycanda fəlsəfənin gələcəyinin olmadığını deyirlər. Sizcə bu ədəbiyyat üçün də keçərlidirmi?

- Sözün açığı, "tanınmış filosof” deyəndə söhbətin kimdən getdiyini bilmirəm. Amma hesab edirəm ki, Azərbaycanda ədəbiyyatın da, fəlsəfənin də gələcəyi var. Güney Azərbaycanın istiqlalı məsələsində nikbin olduğumdan düşünürəm ki, Təbrizin özgür olmağı ortaq türk dili məsələsini birdəfəlik çözəcək. Anadolu ləhcəsi ilə bütünləşmiş, ərəb və fars mənşəli sözlərdən arınmış Azərbaycan türkcəsində böyük ədəbiyyat da yaratmaq mümkündür, möhtəşəm fəlsəfə də.

- Azərbaycan kimi kiçik bir toplum dünya ədəbiyyatını nə ilə təəccübləndirə bilər? Nəzərə alsaq ki, türk yazıçısının uğurlarının arxasında Osmanlı imperiyası kimi fenomen dayanır. Bəs Azərbaycan yazarının uğur qazanmasında nə rol oynaya bilər?

- Bir dəfə Zahir Əzəmətə dedim ki, sən talış kültürünü şeirə, mümkün olsa, hətta nəsrə daşı. Çünki çağdaş ədəbiyyat üçün sub-düşüncə çox önəmli məsələdir. Niyə özüm ikinci metaromanda etnoqrafik qrupdan bəhs edəcəm? Çünki ortada həm də sub-kültür məsələsi var. Azərbaycan bütövlükdə sub-məkandır. Bu coğrafiyanın insanları dünyanı demokratik respublika yaratmaqla, opera səhnəyə qoymaqla təəccübləndirdikləri kimi, "Əli və Nino” kimi samballı əsərlər yaratmaqla yenidən məftun edə bilərlər.

- Azərbaycan yazarının nə vaxtsa Nobel mükafatı qazanacağına inanırsınızmı?

- Enində-sonunda Nobel də bir ödüldür. Onu almaq şərəf olsa da, almamaq da faciə deyil. Nobelə ciddi şəkildə iddia etmək üçün ilk növbədə tərcümə olunmaq lazımdır. Əgər yaxın on ildə Anar müəllim, yaxud gənc nasirlərə onun qədər dəstək verən bir adam AYB sədri olsa o mükafatı Azərbaycana bəlkə elə özüm gətirdim. Amma bütün hallarda o mükafat Azərbaycana gələcək. Onu ölkəyə ya siyasətçi, ya da yazıçı gətirəcək.

- Siz uzun müddət siyasətlə məşğul olmusunuz. Gələcəkdə siyasi karyera barədə fikirləşirsinizmi?

- Özümü siyasətlə məşğul olmuş adam hesab eləmirəm. Mən siyasətlə məşğul olmuşamsa, onda bu ölkədə Heydər Əliyev, Əbülfəz Elçibəy, İsa Qəmbər, İlham Əliyev, Etibar Məmmədov, Ramiz Mehdiyev nə ilə məşğul olub? Olsa-olsa romantik və təcrübəsiz şəkildə siyasəti bir az öz gənclik fantaziyalarıma, bir az da universitet təhsilimə uyğun görmək istəmişəm. Adətən, siyasi dalğalar gənc jurnalistləri və gələcək yazıçıları özünə bu sayaq cəlb edir. Amma o dönəmdə də heç vaxt prezident və ya nazir olmaq istəməmişəm, hətta bəzi yaşıdlarımdan fərqli olaraq, 2003-cü ildə hansısa rayonun icra hakimiyyətinin binasını göstərib "görəsən, mənim kabinetim neçənci mərtəbədədir” deyə yanımdakılara sual verməmişəm. Ümumiyyətlə, mən yük çəkən adamam, şöhrət və böyüklük iddiasında olan biri deyiləm. Yaxşı müşavir, köməkçi, menecerəm.

- Belə bir məşhur misal var ki, yazıçıdan, incəsənət adamından heç vaxt yaxşı siyasətçi çıxmır. Bu fikrə münasibətiniz necədir?

- Bu məsələyə daha çox elmi açıdan yanaşıram. Sosial psixologiyada özünü aktuallaşdırma və reallaşdırma problemi var. İnsan özünü bir neçə sahədə aktuallaşdıra, amma konkret sahədə, yaxud sahələrdə reallaşdıra bilər. Ona görə də birmənalı hökm vermək olmaz.

- Son olaraq gələcək barədə planlarınızı bilmək istərdik.

- Orta məktəb müəllimlərimdən bəziləri məni 93 saylı Bərdə kənd dairəsindən deputatlığa namizəd görmək istəyir. Amma parlament seçkilərinə qatılmağı düşünmürəm. Çünki bu seçkilərdə namizəd olmaq üzərinə vəzifə düşənlər, hökumətdən "göy muncuq” alanlar, əsas namizəddən pul qopartmaq istəyənlər və bir də axmaqlar iştirak edəcəklər. Mən heç birindən deyiləm. Uzaqbaşı, Azərbaycanda tətbiqi politologiya və seçki texnologiyaları ilə bağlı ilkin elmi monoqrafiyalardan birinin müəllifi kimi hörmət bəslədiyim bəzi namizədlərə məsləhətlər verə bilərəm. Qafamda İsa Qəmbər Müsavat başqanlığından gedəndən sonra siyasi analitikadan birdəfəlik uzaqlaşmaq niyyəti də dolaşır. Agentliyi və portalı inkişaf etdirmək, mediakritika ilə məşğul olmaq istəyirəm. Yavaş-yavaş üçüncü romanın da tədarükünü görürəm.

Söhbətləşdi:
Cavid Ramazanov
"Alma"