Klassikləri nə üçün oxumalıyıq – 14 səbəb

Klassikləri nə üçün oxumalıyıq – 14 səbəb

...klassikanı oxuyun, orada Kainatın hüdudsuzluğu var
 
"Nə üçün klassikləri oxumalıyıq” (Why Read the Classics?) – təəssüf ki, italyan ədəbi tənqidçisi İtalo Kalvinonun bu kitabı hələ ki, dilimizə tərcümə edilməyib.
 
Müəllif konkret ədəbi əsərlər üzərində dayanır. Bunların arasında Nabokovun, Pasternakın, Heminqueyin, Borxesin, eləcə də Homer və Ovidiyanın da kitabları var. Bizə hər şeydən daha artıq təsir bağışlayan Kalvinonun baxışlarıdır: o, klassik ədəbiyyatda "nə görüb”?
 
Axar.az İtalo Kalvinonun vüqarlı "Klassika” adlı yüksək pyedestala məxsus kitabları müdafiə edən mülahizələrini oxucularına təqdim edir.      
 
1. Klassika – elə kitablardır ki, onlar haqqında adətən "Mən ... kitabını oxuyuram”, - yox, "Mən yenə ... kitabını oxuyuram”, - deyirik.
 
2. Klassika – onları oxuyanlar və sevənlər üçün qiymətsiz təcrübədir, ancaq onlar gələcək nəsillər üçün də eynilə zəngin təcrübə olaraq qalır. 
 
3. Klassika – təsəvvürümüzdə dərin izlər buraxaraq bizlərə xüsusi təsir edir. Mütaliədən sonra onlar yaddaşımızın dərinliklərində gizlənir, sonradan isə biz haradan yarandıqlarını heç özümüz də anlamadan onları düşüncələrimizdə, fikirlərimizdə yenidən canlandırırıq. 
 
4. Klassik kitab hər dəfə yenidən oxunduqca eynilə ilk dəfəsində olduğu kimi duyğular dünyasnın yeni incəliklərini təklif edir.  
 
5. O kitabı klassik hesab etmək olar ki, hətta ilk oxunuşunda belə, elə hissiyyat yaradır ki, sanki biz artıq əvvəl tanış olduğumuz əsəri bir daha oxuyuruq. 
 
 6. O kitabı klassik hesab etmək olar ki, oxucularına deməli olduqlarının hamısını heç vaxt sonacan demir. 
 
7. Klassika – gələcək mütaliələrin aurası ilə əhatə olunmuş kitablardır. Mədəniyyət və ya mədəniyyətlərin, eləcə də onların keçib gəldikləri dillərin qoyduğu izlər onların arxasınca can atır. 
 
8. Daima öz ətrafında formal tənqidi nəticələr buludunu generasiya edən, daima ətrafdakıları silkələyən və gərginlk yaradan əsəri klassik hesab etmək olar.   
 
9. Klassika – başqalarından eşidərkən təsvir edilən hadislərin əksəriyyəti bizə tamamilə tanış gələn, lakin onları sözün əsl mənasında oxuduğumuz zaman isə gözlənilməzliklərlə dolu olan kitablardır.  
 
10. Özlüyündə bütün Kainatı təcəssüm etdirən istənilən kitabı qədim talismanlarla bir cərgəyə qoyaraq klassik hesab etmək olar.  
 
11. Laqeyd ola bilməyəcəyiniz və ona münasibətinizi, hətta əgər bu münasibətlər sizi ümumqəbul edilmiş baxışlarla müxalif mövqedə qoysa belə, müəyyənləşdirməyi tələb edən kitab "sizin” klassik kitabınız olacaq. 
 
12. Digər klassiklərdən əvvəl gələn əsərləri klassik hesab etmək olar. Ancaq digər klassikləri daha əvvəl oxuyanlar klassik əsərlər "nəslində” onun yerini dərhal müəyyən edir.  
 
13. Öz ətrafındakı hay-küyü laqeydcəsinə ötürən əsəri klassik hesab etmək olar, ancaq belə əsərlər daima gurultu ilə müşayiət olunur. 
 
14. Hakim dairələrin, hətta indi də haqqında ucadan danışılmasını istəmədikləri kitabı klassik hesab etmək olar.   
 
Zənnimizcə, 3-cü fikir xüsusi diqqətə layiqdir. Həqiqətən də, saatlarla oturub fikirləşmək olar ki, əgər "Hərb və sülh”ü və yaxud da "Əcəl zəngi”ni oxumasaydım, nə olardı? Lakin bu suala cavab vermək mümkün deyil. Müəllifin fikrincə, klassikləri mütaliə etmək təfəkkürümüzün ən gizli dərinliklərində izlər qoyur və sonradan elə bir şəkildə üzə çıxır ki, biz onları nə təhsilimizlə, nə də oxuduğumuz və oxumadıqlarımız kitablarla əlaqələndirə bilirik. 9-cu fikir də inandırıcı görünür. Bizə belə gəlir ki, "Cinayət və cəza”nın və yaxud da "Mumu”nun süjet xəttini biləndən sonra bu kitabları heç oxumamaq da olar. Hər şey, onsuz da məlumdur. Ancaq librettoya əsasən operanı mühakimə etmək olmaz, orada musiqi də var. Kitab haqqında da söylənilənlərə əsasən fikir yürütmək olmaz, orada elə hislərin təsviri verilib ki, dilə gətirmək mümkün deyil. Məhz buna görə də yaxşı klassik kitab gözlənilməz kəşfdir.
 
Əlbəttə, 11-ci fikir də rəğbət doğurur. Kalvino açıq-aydın "klassik ədəbiyyat” anlayışının subyektivliyinə işarə edir. Nəhayət, klassika – sizin qəlbinizdə gücü emosinal (qoy lap mənfi olsun!) əks-səda doğuran şəxsi kitabınızdır.  
    
Qısası, klassikanı oxuyun, orada Kainatın hüdudsuzluğu var (İtalo Kalvino).