Murad Ramazanov - Lənətlənmiş intihar

Murad Ramazanov - Lənətlənmiş intihar

Çox soyuqdur. Ətrafımda açıqlıq olduğundan mənə soyuqdur. Sərin meh sanki bədənimə kimi daxil olur. Qaranlıq məni bürüyüb. Onsuz bütün həyatım qaranlıq içərisində keçib ancaq indiki qaranlıq sanki məni boğur. Bir azda irəliləyirəm qarşımda hündür binaların kölgəli siluetləri görsənir. Şəhərin işıqları mənim gözümü ağrıtsa belə mənzərə məftunedicidir.
İlk dəfə əlimdən tutanda utanırdım. Əslində anamın hər zaman mənim əlimdən tutması məndə əsəb oyadırdı. Ətrafdakıların məni o zamanlar uşaq kimi qəbul etməsini istəmədiyimdən onun əllərini tez buraxırdım. O, isə hər zaman sıx-sıx mənim kiçik əllərimdən tutaraq yolda irəliləyirdi. Vaxt gəldi göz yaşlarına boğularaq onun əllərini buraxdım. Qəlbimin dərinliyinə çəkərək həmin əlləri buraxdım. Bir zamanlar utandığım və tutmaq istəmədiyim əllərdən son anda əl çəkə bilmirdim. Artıq onun halı qalmamışdı, əllərini tərpətməyə belə taqəti yox idi. Gözümün qarşısında can verirdi. Qırışmış əlləri isə hələ də öz gözəlliyini itirməmişdi. Qırışlara örtülmüş əlini öpərək göz yaşı içində ona sarılmışdım. Ağarmış saçları gözlərinə tökülürdü o isə çətinliklə saçını alnından yığaraq mənə baxdı və bir qədər gülümsündü. Onun üzünə tamaşa elədim daha sonra başımı sinəsinə qoyaraq ağladım. "Anam” deyərək hıçqırıqlar içində ağladım. Sanki ilk doğulduğum andakı kimi başımı onun sinəsinə qoyaraq ağlayırdım. O zamanlar anlamırdım, həyatı başa dürmürdüm ancaq indiki vəziyyətdə hər şeyi anlayırdım. Anamın gözümün qarşısında can verdiyini gördükcə əslində insanın yaşayaraq daxilən ölməsini görürdüm. Bu elə öz daxilimdə yaşandı. Əslində dəhşət ölümdə deyildi, əsl dəhşət insanın yaşayaraq ölməsində idi.
Başımı qaldıraraq anamın qırışlar örtmüş simasına baxdım. Həmin simada hələ də gözəllik qalmışdı. Onu öpdüm. Göz yaşlarıma boğulsam belə anamın yanaqlarını öpüşlərə qərq etdim. Öpdükcə keçmiş yadıma düşdü. Anamla keçirdiyim unudulmaz anlarım yadıma düşdü. Anlamırdım, o zamanlar əslində anamın dəyərini bilməmişdim. Bəzən məmim üçün narahat olduğunu gördükdə çox əsəbləşirdim, telefonuma etdiyi zənglər məni qıcıqlandırırdı, hətta onun üzərinə qışqırdığım anlar belə olmuşdu. İndi isə düşündükcə peşman olurdum və daha da çox göz yaşına boğulurdum.
- Ağlama, əzizim... Səsində kədər aydınca hiss olunurdu. – Sən mənim üçün hər şeysən Anar. Unutma, sən dünyaya gəldikdə çox sevinmişdim. İlk dəfə səni qucağıma aldıqda isə sevincim həyəcanıma qarışmışdı. Səni böyütdüm. İndi isə artıq mən gedirəm. Bizim həyatımız bax elə bundan ibarətdir. Ona görə pis olma. Hər şeyimsən, oğlum. Xoşbəxtəm, getdiyim an belə yanımdasan, əllərimi bərk-bərk sıxırsanki getməyim ancaq artıq gecdir. Uzaqda qaranlıq görürəm. Ancaq qaranlığın içərisində kiçik bir işıq var həmin işıq getdikcə mənə tərəf gəlir. Artıq getməyin vaxtıdır. Səni çox sevirəm!

Hələ də anamın mənə dediyi son sözləri xatırlayıram. Dediyi sözlərin ardından qırışmış gözlərinin yumulması və əllərimi ani buraxması heç zaman yadımdan çıxmır. O an hönkürtü içərisində ağladığımı belə unuda bilmərəm. Anamın cansız bədənini dəfələrlə öpdüyümü hələ də unutmuram. Onun qoxusunu içimə çəkdiyimi düşünəndə isə daha da pis oluram. Bunlar mənə əzab verir. Sanki onun qoxusunda əsl cənnət var idi. Bəlkə də elə cənnət yalnız ondan ibarətdir?

Bir azda qabağa gedirəm. İşıqlar daha da çoxalır. Yaşa bürünmüş gözlərimlə aşağı baxıram. Qorxuram, çünki çox hündürdəyəm ancaq aşğıda anamın simasını görürəm. Mənə baxır. Hətta əllərini qaldıraraq mənə əl sallayır . Yaşamağıma bir səbəb qalmayıb. İntihar anındayam. Bir hərəkətimlə bəlkə də anama qovuşacam. Gözlərimi yumuram. Göz yaşlarım sakitləşmək bilmir. Gözlərimi yumduğum an isə qaranlıq yox anamın simasını görürəm. Qırışlara bürünmüş bu simada göz yaşları var. Ağarmış saçı isə onu tam görməyimə mane olur. Anam dillənmir. Yalnızca mənə baxır...Dəhşət içində yaşadığım həyatı lənətləyirəm. Ölə bilmədiyim üçün isə daha da çox əzab çəkirəm...