Leonardo da Vinçidən iki təmsil -  TƏRCÜMƏ

Leonardo da Vinçidən iki təmsil -
 TƏRCÜMƏ


Dünya şöhrətli rəssam Leonardo da Vinçi özünün əsrarəngiz rəsm əsərlərindən başqa, təmsil və pritçaları ilə də yadda qalıb. Da Vinçinin imzasında iki təmsili Kult.Az oxucularına təqdim edirik:

Əsl dost

Başını yuvadan çıxaran qartal balası qayalardan aşağıda uçan xeyli quş gördü.

— Ana, bunlar nə quşlardır belə?

— Bizim dostlarımızdır, — ana qartal oğluna dedi. — Qartal isə tənhalıqda yaşayır, taleyi belədir. Amma qartalın da hərdən çevrəyə ehtiyacı olur. Yoxsa, necə quşların şahı ola bilər? Bax, aşağıda gördüyün bütün quşlar bizim dostlarımızdır.

Anasının izahatından məmnun qalan qartal balası dəstə şəklində uçan quşları maraqla seyr etməyə davam etdi. O, artıq bu quşları öz dostu hesab edirdi. Birdən bala qartal qışqırdı?

— Ay, ay! Onlar bizim yeməyimizi oğurladılar!

— Sakit ol, oğlum! Onlar bizdən heç nə oğurlamadılar. Mən özüm onları qonaq elədim. Birdəfəlik yadında saxla: qartal nə qədər ac olsa da, öz qənimətinin bir qismini qonşuluqdakı quşlarla bölüşməlidir. Belə yüksəklikdə onlar yemək tapmaqda çətinlik çəkir, odur ki, kömək etmək lazımdır.

Deməli, kim sadiq dostlarının olmasını istəyirsə, xeyirxah və təmkinli olmalı, özgələrinin ehtiyacına qarşı diqqətcil davranmalıdır. Sayğı və hörmət güclə deyil, nəcibliklə və öz sonuncu tikəsini də bölüşmək bacarığı ilə əldə edilir.

Qu quşu

Qu quşu boynunu suyun aynaya bənzər səthinə doğru əyərək, uzun-uzun öz əksinə baxdı. O, qış soyuğu kimi bütün bədənini bürüyən yorğunluq və halsızlığın səbəbini anladı. İndi qu quşu bilirdi ki, artıq həyatla vidalaşmağın vaxtıdır.

Onun tükləri lap gənclik çağındakı kimi gözəl və ağappaq idi. Öz geyiminin təmizliyini və gözəlliyini uzun sürən keşməkeşlərdən, həyatın sınaqlarından keçirib qoruya bilmişdi. İndi isə sakit və ləyaqətli şəkildə öz sonunu yaşamağa hazır idi. 

Boynunu əyərək, asta-asta və şəstlə söyüd ağacının altına doğru üzdü. Elə orda ilk sevgisini yaşamışdı. 

Axşam düşdü və gölün sakit suları qürub Günəşinin qırmızımtıl rənginə boyandı. Dərin axşam sakitliyi birdən qu quşunun nəğməsi ilə pozuldu. Qu quşu indiyə qədər belə yanıqlı oxumamışdı. O, ilhamlanaraq, özünün təbiətə, suya və torpağa olan sevgisindən oxuyurdu.

Qu quşu oxuyur, — bu nəğmədən ovsunlanmış balıqlar, quşlar və ətrafdakı bütün canlılar pıçıldaşdılar. — Bu, can verən qu quşunun nəğməsidir.
İncə və kədərli nəğmə dörd bir yana yayıldı və Günəşin son şüaları ilə sükuta qərq oldu.

Tərcümə: Rüfət Əhmədzadə
Kult.Az