Leonardo da Vinçinin anası azərbaycanlı imiş

Leonardo da Vinçinin anası azərbaycanlı imiş

Mənsur Matt - Biz

Azərbaycanda doğulmaq zövqdür. Krossvord doldurmaq kimi. İstəyinə uyğun olaraq, hər şeyi istədiyin kimi yerləşdirə bilərsən. Təbii ki, sənə sərf edənləri. Məsələn, 11 iqlim qurşağından 9-unu zorlaya-zorlaya 86.6 min kv. km əraziyə soxuşdura bilərsən. İstədiyin xalqla tarixi qohumluğunu ortaya çıxara bilərsən. İstədiyin tarixi şəxsiyyəti azəri edə bilərsən (yeri gəlmişkən, o gün oxudum ki, Leonardo da Vinçinin anası azəri imiş). Bunlar üçün ölkəmizdə hər cür şərait var. 

Çox şükür, ölkəyə cənnət-cənnət deyə-deyə ölkə rəhbərlərini də Allaha çevirmişik. Daha bizə nə lazım? Ağlımız başımızda, başımız əlimizdə, 30 milyonumuz İranda, Dağlanmış Qarabağımız da Ermənistanda, yaşayırıq da gül kimi. Biz fəxr etməliyik ki, ən ağıllı xalqıq. Şərqlə Qərbin "fortuçkasıyıq”. Qərb bizi "açıb” istifadəsiz əşyalarını tullayır Şərqə. Ehtiyacı olanda da bizə girib-çıxıb Şərqdən istədiyini alıb qayıdır. Yolüstü Qarabağa-zada da baş çəkir. Biz fəxr etməliyik ki, əlverişli mövqedəyik. Dağdan dağımız var, dənizdən dənizimiz. 

Biz olmasaydıq, İranla Rusiya bölməyə heç nə tapmayıb bir-birinə girəcəkdi. Biz sülh quşuyuq. Özü də 3 rəngli. Hər qanadımız br yanda, dalımız da Ermənistana tərəf. Biz yenilməz millətik. Bizim heç kəsin bir addım torpağında da gözümüz yoxdu. Amma Şah İsmayıl bizim babamızdı. Tarixdə yetmədiyi kimi, bir də ədəbiyyatda bu yeniyetməni soxurlar gözümüzə. Sonra da misal gətirirlər ki, sən yaşda Xətai belə eliyib. Qorxumuzdan deyə də bilmirik ki, ay ata, nə sən Şeyx Heydərsən, nə də anam Aləmşahbəyim. 

Ümumiyyətlə azərilər ağıl verməyi sevirlər. Fərqi yoxdu böyüyə ya kiçiyə. Kiməsə bir şey danışmağına peşman olursan, o saat sənin dediyinə qarşılıq bir şey deyib səndə səhv tutmalıdı. Məsələn, deyirsən dünyada ən məşhur kitab Bibliyadı. Biri bu yandan bozarır ki, zato Quran hamısından sonra gəlib.

  Burda kiçiklər böyüklərdən ağıl almağa, böyüklər də kiçiklərə ağıl verməyə bir növ adətkərdə olublar. Böyüklər yedirib-geyindirir,üstündə də bir topa ağıl. Kiçiklər də dərslərini oxuyub "beş üstəgəl” alırlar. Buna da deyirlər ağıl alveri.Ağıl alveri dedim, bir şey düşdü yadıma.Deməli, bizim qonşuda bir ailə vardı. Kişisi gömrükdə işləyirdi, dişisi tibb bacısı idi. Bunların iki oğlu var idi, indi də var. Hamı kimi bu ailə də istəyirdi uşaqlar oxuyub ağ günə çıxsınlar, adam olsunlar. Əvvəlcə böyük oğlanı Naxçıvanski hərbi liseyinə qoymaq qərarına gəldilər. Hamıda olduğu kimi bunlar da bir ətək pul verib, tibbi komissiyadan keçirtdilər uşaqları və hazırlığa qoydular. İmtahan gəldi çatdı. Qonşunun oğlu girdi, bu qaldı. Sonra arvad gördüyü hər qonşuya liseyə girən uşağın anası haqda qeybətə başladı. Bu uşağı ali hərbi məktəbə qoymağa qərar verdilər. Bu dəfə iki ətək pul tökdülər, üstəlik ikinci oğlanı da Naxçıvanskiyə qoymağa cəhd etdilər. Bu da abisinin yoluyla getdi, imtahandan keçmədi. Bir il də hazırlaşıb kollecə girdi. Böyük oğlan isə ali hərbi məktəbə girmədi, ikinci turdan da keçmədi. Əsgərlik çağı yetişdi. Amma ailə qərarlı idi. Bu dəfə üç ətək pul tökdülər, uşağa dəlilik kağızı aldılar və dəli adıyla hazırlığa başladı. 

Ağıllı başla girməyən oğlan "dəli” başıyla ikinci il də girmədi. Bir il də cəhd etdilər. Bu zamanlarda isə Vətənin bu oğlana çox böyük ehtiyacı vardı, şiddətli Qarabağsızlıq hökm sürürdü. Bu uşaqdan bir zibil çıxmayacağını görən ailə arzusunu bir kağıza yazıb axar suya tulladı. Gömrükdə işləyən ata oğluna yanında yer eləmək istədi. Amma yadına düşdü ki, uşaq hərbi xidmətə getməyib. Bu dəfə ailə daha çox ətək pul töküb dəliliyini siğə kimi geri oxutdular və uşaq əsgərliyə getdi. İndi T. rayonunda təpik döyür..