Leonid Qubanov. Kədərin palitrası (ŞEİRLƏR)

Leonid Qubanov. Kədərin palitrası (ŞEİRLƏR)

(1946-1983)

Kədərin palitrası

Cavanlığım dəlixanalarda keçib, 
Orda məni asammadılar, 
boğammadılar
Baltalayıb doğrayammadılar… 
Diri qaldım - Söz kimi. 
Çətin sınan qoz kimi!
 
İndi, mənə bax, atam, 
Bu ölü kağızın üstündəki
Diri sözləri sənə satmam, 
Satmam, atam! 

Bil ki, qarıların 
Bir də şamların
Göz yaşları məbədləri təmizə
Çıxarammaz, çıxarammaz, atam! 

Mən çığırqan rənglərin, 
Və qudurğan xəncərin
bakirəliyinə
İnammam, İnammam, atam! 


***

Həyat - karvansara  ləzzəti,
Otağın tüstü dumanı… 
Və bu  his-pas içində 
Azmış çalbaş qaranquşun 
sənin cındır mundirinə 
özünü çırpmasıdır.  

Həyat- Mikelangelonun tərli alnı, 
Həyat - alman dilindən 
                 etdiyin tərcümənin
                   üstə tökülən alın təri… 
Vərəq-vərəq şillə yığıb 
gözəl üzün, 
O gümüşü gözün- 
                            qığılcım topu. 

Həyat - sənin ağlar qəlbin, 
Təbaşir tək ağarmış ağ əllərindən ötrü
Vuruşacam mən, 
bu məbədin -öz canımı deyirəm- 
baş rahibiylə birgə atışacam mən. 

Keçən əsrdən 
təkcə məni 
seçdilər-saxladılar, 
O biri əsrlərdən, 
Razinin taxta gəmisi,bir də
Puqaçovun çifiri qaldı… 
Göyüzünü kürk kimi 
geyinəsən əyninə-
Toqqalayasan bunları… 

Həyat - közərən qızıl külçəsidir, 
gəncəcik şairədir - həsrət dağarcığı, 
Dörd  kişinin bir vedrə arağı içməsidir,həyat. 
Həyat- fayton təkəri altda qalmış
fahişənin dağılmış gicgahıdır. 
 
Venesiyanı su bassa ağlamaram, 
Qulaqlarıma bənzər əyri Vyana stulları … 
Üstündə Bibliyam mənim- 
yazdıqlarım, 
dahiliyin təsdiqi, yəni, 
bir 
də 
bir 
isti 
qara 
karandaş. 
Tanrı sevər qara karandaşları. 

Tanrı sevər- 
damarlarımdan çarmıxa çəksələr məni, 
Ağ ətim - ağ poemalarım-
qan fışqırar, 
        Puşkinin söyüş dolu 
        qan - xata ağzı kimi! 


***

Tənhalığa bulaşmış canımı
götürüb gedəcəm, 
Sözdən-söhbətdən, 
gözdən-qeybətdən uzaq. 
Gedəcəm 
yollara elegiya yazmağa
Addımlarımla.

Çevirəni: Rauf Qaraişıq