Luici Kapuana. Qartallar təlimçisi (hekayə)

Luici Kapuana. Qartallar təlimçisi (hekayə)

Görkəmli italyan yazıçısı Luici Kapuananın yaradıcılığında onun qeyri-elmi təzahürlər kimi şərh etdiyi psixoloji mövzular və okkultizm motivləri xüsusi yer tutur. Emil Zolyanın(1840-1902)  elmi-bədii metodundan, Hegelin (1770-1831) fəlsəfi konsepsiyalarından bəhrələnən yazıçı öz növbəsində Covanni Verqa  (1840-1922) və Luici Pirandello (1867-1936) kimi klassiklərin yaradıcılığına da güclü təsir göstərmişdir. L. Kapuana  C.Verqa ilə birlikdə "italyan naturalizmi” adlandırılan "verizm” cərəyanının banilərindən biridir.  Onun bu cərəyanın nəzəri prinsiplərini əks etdirən ədəbi-tənqidi yaradıcılığı XIX əsrin sonu İtaliya ədəbiyyatında yeni istiqamətin inkişafına təkan vermiş, verist novella və romanlarını Avropa ədəbiyyatının dəyərli əsərləri sırasına yüksəltmişdir...

Oxuculara təqdim olunan "Qartallar təlimçisi” hekayəsi L.Kapuananın verist novellalarından fərqli olaraq, fantastik-psixoloji səpkidə qələmə alınmışdır.

 

Tərcüməçi

 

 

Qartallar təlimçisi

 

 

Doktor Maccoli, onun söhbətini yarımçıq kəsənlərə fikir vermədən, sözünə davam elədi:

 

- Bəli, biz yavaş-yavaş, elmə minnətdarən, təbiəti saxtalaşdırmağa nail oluruq. Ancaq ehtiyatsız qabalığımıza görə o, bizdən dəhşətli dərəcədə intiqam alır. Biz sərhədləri, harmoniyanı pozmuşuq, ona görə də, - mən istəməzdim ki, sözlərim peyğəmbərcəsinə doğru çıxsın, - axırda bəşər nəslinin məhvinə gəlib çıxacağıq.

 

- Necə? Necə yəni "məhvinə” ?  - deyə bəziləri etiraz etdi.

 

- Deyəsən, bu axşam kefiniz yoxdur, - deyə baronessa Lanari dilləndi.

 

- Xeyr, əzizim baronessa, mənim kefim həmişə qaydasındadır. Səksən yaşımda bu, səfehlik və ehtiyatsızlıq olardı. Mənim nə cavanlıqda, nə də ahıl yaşlarımda kefim aşağı olmayıb. Bu yaşımda belə bir şeyə qapılmağım isə intihara bərabərdir. Mən onun əsarətindən nəyin bahasına olursa-olsun, yaxa qurtarmaq üçün artıq çoxdan tədbir görmüşəm. Gigiyena məsələsidir, fiziki və spiritual.

 

- Necə? Sizin kimi bir materialist?  - deyə, doktoru qızışdırmaq üçün onu həvəsləndirməyi xoşlayan keşiş Venini ucadan dedi.

 

- Materialist, ya spiritualist, necə deyərlər, şəraitdən asılı olaraq. Bu terminlərin ikisi də eynidir... Ancaq məni fikrimdən yayınmağa məcbur etməyin. Beləliklə, mən deyirdim:  gəlin bizim elmi oyuncaqlarımızla əylənək; biz təbiətin quşlar üçün yaratdıqlarını insanlar üçün heç vaxt yarada bilməyəcəyik.

 

- Əksinə, əksinə! - deyə vəkil Veraldi yenidən onun sozünü kəsdi. - Təbiət bizə  qanadlardan da yaxşı bir şey yaratmaqdan ötrü ağıl verib.

 

- İdarə olunan aerostatlar? Aeroplanlar? - Uşaq əyləncəsidir! Uşaq əyləncəsidir, vəssalam! Qanadlar quşlar üçün heç nədir...  Mənim aeroplanlara sərf olunan və sərf olunacaq o milyonlara, - rəqəmləri şişirtmirəm, - heyfim gəlir.  "Aeroplanlamaq” zövqü çox az adama, lap az adama qismət olacaq:  siz belə deyərdiniz, baronessa, yadınızdamı? Yox, o mən idim ki, sizin "hərlənmək” dediyinizin əvəzinə "aerostatlamağı” təklif etmişdim. Bu iki eybəcər sözün müəllifi də, təəssüflər olsun ki, mən özüməm... Eh! Təsəvvür edin - müharibədir, düşmən hücum edir, sərhədləri qorumaq məsələsi var!  Əla, tutaq ki, lap belədir; ancaq elə toplar yaranacaq ki, - əgər artıq yaranmayıbsa, - aeroplanları bütün bombaları və partlayıcı maddələri ilə birlikdə yerlə yeksan edəcək. Ancaq mən bunu müzakirə etmək fikrində deyildim, sadəcə söyləmək istəyirdim ki...

 

- Hə, indi başlanacaq!

 

- Bəli, cənab keşiş, başlanacaq, çünki biz ona görə yığışmırıq ki, çürük qoza da dəyməyən mənasız mühakimələr yürüdək... Bircə şeyi deyəcəyəm: mən papa olsaydım, kitabları qadağan olunmayınca, yazdıqlarını heç kimin oxumadığı o bədbəxt müəllifləri kilsədən qovmaq əvəzinə, - bir sözlə, mən papa olsaydım və mənəvi hakimiyyətimin gücünə inamım olsaydı...

 

- Doktor, papanı rahat buraxın!

 

- Onunla işim yoxdur; ona hörmətim var; o, Yer üzündəki ən uca şəxsiyyətdir... Təkcə onu demək istəyirəm ki, əgər papa olsaydım bütün məhvedici silahları icad edənləri də, onlardan istifadə edənləri də kilsədən qovardım... Çox təəssüflər olsun... Ancaq mənə icazə verin sizə markiz Santa Pianın dahiyanə ixtirası barədə söhbət açım. Sizlərdən bəzisi onu yəqin ki, tanımamış olmaz, bəziləriniz isə, heç olmasa, adını eşitmisiniz . Yox? Hə, yaman tez unuduram ki, artıq, çox qocayam. Nə isə, ancaq bu xatirə məni cəmisi otuz il keçmişə aparır.

 

Markiz di Santa Pia barəsində deyirdilər ki, o əməlli-başlı dəlidir. Çünki bu adam hamının və ya demək olar ki, hamının gördüyü və ya görə biləcəyi bir işin qulpundan heç vaxt yapışmazdı.  Bu gözəl, uca boylu, son dərəcə sağlam, istədiyi şıltaqlığı özünə rəva görmək üçün kifayət qədər pulu olan güclü insan, - hörməti xatirinə deməliyəm ki, o, belə şeylərdən sui-istifadə etməzdi, - axır vaxtlar heyvandarlığın qəribə bir növünə baş qoşmuşdu. O, deyirdi: "İnsan atı, öküzü, iti və pişiyi əhliləşdirib; niyə də o, quşlar aləminin şahı olan qartalı da əhliləşdirməyə cəhd etməsin?”

 

- Bu markiz həqiqətən də dəli imiş! Bu məlum!

 

- Hörmətli vəkil, dəli o kəsləri hesab edirlər ki, onlar özlərindən qabaq heç kimin ağlına gəlmədiyi cəsur bir ixtiraya ürək edirlər.

 

- Bununla belə, o istədiyinə nail olmadı...

 

- Nail olardı, əgər...

 

- Şeytan yoldan çıxarmasaydı...

 

- Birbaşa şeytan da deməzdim, - çətin ki, bu işin uğuru şeytanı maraqlandıraydı. Şeytanın öz dərdi-səri var,  cəhənnəmi gözəl qızlarla doldurmaq dərdi, - elə deyilmi cənab keşiş?

 

- Deyirsiz, yəni nail olub?  Heç kimə də heç nə məlum deyil, eləmi? - deyə vəkil Varaldi söz çəkmək istədi.

 

- Bu barədə yalnız o məlum olub ki, onu eşidib bilmək olardı; bədbəxt markizin faciəvi ölüm xəbərini, ancaq təfərrüatsız.

 

Santa Pia, - Kontaris markizlərinin qədim mülkü. Mən ona heç kənd də deməzdim, yarıuçuq feodal qəsrinin ətrafındakı bir neçə ev. Buranın sonuncu markizi fligellərdən birini təmir etməyə göstəriş verərək, ildə bir neçə ay, üfüqdəki düzənliklərlə keçib gedən qatarların açıq pəncərələrindən ətrafdakı sərt mənzərəni seyr edən sərnişinlərin nəzərlərindən uzaq, qəsri dövrələyən dağ uçurumlarının arasıyla həris ovçu kimi gəzib-dolaşardı. O vaxt mən qonşu şəhərdəki icma həkiminin, köhnə universitet yoldaşımın qonağı idim. Bir gün elə oldu ki, dağ ovçusu qiyafəsində tam təchiz olunmuş markiz Santa Piaya rast gəldik... Biz də tüfənglə silahlanmışdıq, mən və mənim həmkarım, iki gülünc ovçu.

 

- Biz bir-birimizi yalnız üzdən tanıyırıq, - deyə markiz dostuma müraciətlə söylədi. - Etiraf edirəm ki, bu məni kədərləndirmir. Həkim ki, gördün, - gen gəz. Gözəl  insanlardır! Ancaq...

 

O, elə ürəkdən gülürdü ki, sözləri adamın könlünə toxunmurdu. Sonra onunla iki dəfə də rastlaşdıq. Tək olduğumdan, qəsrinə dəvət almağımdan məmnun oldum.

 

- Mən icma həkimini evimə dəvət etmirəm, mövhumatçılığıma görə.

 

Az qalmışdı etiraf edim ki, axı mən də həkiməm . Ancaq marağım mənə riyakarcasına  bəraət qazandırırdı ki, burada istirahətdəyəm, qonağam, həkimliklə də məşğul olmuram. Onunla səmimi olsaydım, onda yəqin ki, heç nə görə bilməz, markiz di Santa Pianın yalnız iş bitəndən sonra açıqlamaq niyyətində olduğu o möcüzə barəsində heç nə eşitməzdim. Doğrudan da, bu bir həqiqətdir ki, bizim bəzi hərəkətlərimizin mənəvi dəyəri son dərəcə nisbidir.

 

- Sizin simanız məndə inam oyadır - deyə o, söylədi. İki iş görməli olacaqsınız: birincisi, biləcəyiniz sirri lazım olduğu qədər gizli saxlamalısınız; ikincisi, mənim cəsarətli tədbirim barədə mənə ən səmimi fikirlərinizi bildirməlisiniz.

 

Mən söz verdim və o, məni, - heç bilmirəm necə deyim... ona nə deyirlər, "toyuq hini”? Hə, qoy bu da olsun "qartal hini”. O, məni həddinnən böyük qəfəsə bənzəyən, bir tərəfindən möhkəm dəmir şəbəkələrə alınmış pəncərələrin, digər tərəfindən isə, qartal balaları çıxartmaqdan ötrü yuvalar düzəldilmiş, xeyli sayda bölmələrin uzanıb getdiyi geniş bir otağa saldı.

 

O, ayağındakı qalın zəncirlə, döşəməyə yeridilmiş halqaya bağlı olan qoca qartalı mənə göstərərək dedi:

 

- Bu mənim ovçu qənimətimdir. Mən onun qanadını altı il öncə güllə ilə vurmuşam . Yaşasın deyə qanadını kəsməli oldum. Onu müalicə elədim, sağaltdım və o, - inanmazsız,  -  özünü ələ öyrətməyə yavaş-yavaş imkan verərək, mənə öz minnətdarlığını bildirdi.  İndi mən ona yaxınlaşa, onu oxşaya bilərəm, biz əməlli-başlı dostuq. Ancaq ilk günlər... O vaxt, onu yaraladığım zaman, əsarətə düşməsin deyə, bax, bu çeçələ barmağımı dimdiyinin bircə zərbəsi ilə sındırmışdı. İki həftə nə yeməyə, nə də suya yaxın durdu, qorxulu dərəcədə hərəkətsiz, təhdidedici bir surətdə, həqiqətən də şahanə bir duruşla. Sanki, itaətkarcasına ölümünü gözləyirdi. Ancaq, indi mənə məlumdur ki, qartallar daha uzun sürən aclığa dözə bilirlər.

 

- Sizə deməyi unutmuşam ki, - deyə, doktor əlavə elədi, - bu qartalın saxlandığı yer, dediyim o nəhəng otağın qarşısındakı hində idi. Ora girən kimi, bizim orada olmağımızdan heç də hürküb eləməyən üç qartalın havaya necə qalxdığının son dərəcə təəccüblə şahidi oldum. Onlar geniş açılmış, sanki hərəkətsiz dayanan qanadları ilə tavana yüngülcə toxunaraq, vaxtaşırı iniltiyə bənzər, qəribə təsir bağışlayan, qulaqbatırıcı səslər çıxarırdı. Markizin bir fitinə quşlar ona tərəf tələsərək, ayağı yanında yerə oturdular, sanki əmrə müntəzir tək, başlarını dik tutaraq, parlaq sarı gözlərini müəmmalı surətdə ona zillədilər.

 

- Onları o dağın başında, palıd ağacının yarpaqları arasındakı, zənbil kimi hörülmüş yuvadan çıxarıblar, - deyə baron barmağını uzadaraq göstərdi. Lap ətcəbala idilər. Bir neçə həftə əldən yedirtmişəm, heç cürə doymaq bilmirdilər. Mənim içəri girdiyimi görcək, boyunlarını uzadıb, dimdiklərini aralayırdılar. Məni, - belə deyim, - özlərinin yem verənləri bilirdilər. Lələklənəndən sonra üç balaca küçük kimi dalımca qaçırdılar... Beləcə, ev heyvanları kimi böyüdülər. Bir dəfə yoxladım. Onlardan birini bayıra çıxartdım, azadlığa... Çox yüksəyə, uzağa uçdu, düşünürdüm ki, daha geri dönməz... Ancaq qayıtdı, fitimi eşidən kimi. Bunu o birisi ikisi ilə də sınadım... Onda əmin oldum ki, qartal yetişdirmək ideyam  mənasız iş deyil.

 

- Onlarla nə etmək fikrindəsiniz? - deyə soruşdum.

 

- Onlardan ... səma atları, canlı aeroplanlar yaratmaq istəyirəm. Gülüb eləməyin, gözlərinizi də bərəltməyin! Qartalların arasında kral növü deyiləni ən güclüsüdür. İnanıram ki, məşqlərin köməkliyilə onu daha güclü, daha cəld edə bilmək mümkün olacaq. Axı bu möcüzəni atlarla təcrübədən keçirmişik. Deyirlər Avstraliyada bunu dəvəquşuları ilə də sınamaq istəyirlər. Mən artıq, nəyəsə də nail olmuşam. Baxın.

 

O, divardan asılı, yüyənə bənzər dəri qoşqunu götürüb, onu qartallardan birinin başına keçirdi. Quş, elə bil, ona üstünlük verilməsi ilə fəxr edirdi. O, yəhərləmək asan olsun deyə, qanadlarını açıb yelləməyə, sonra da uçmağa  başladı;  əvvəlcə yedəyə həssaslıqla tabe olaraq yavaş-yavaş, sonra isə  minicinin fiti ilə uçuşu sürətləndirir, gah yüksələrək, gah da enərək geniş otaqda dövrə vururdu. Mən ağzıaçıq, gözlərimə inanmadan baxırdım.

 

- Ağlasığmazdır!

 

- Sizə də sınamaq pis olmazdı. Hə, ürəkli olun!

 

- Mən həmişə miskin süvari olmuşam!...  Təsəvvür edin!

 

- Sizə elə gəlmirmi ki, problem həll olunub?

 

- Bəli, ancaq... - deyə, mən duruxdum.

 

- Lütfən, buyurun...

 

- Ancaq mən bilmirəm bu qanadlılar şahının itaətkarlığına nə dərəcədə inanmaq olar.

 

- Dirijablın, aeroplanın mexanizminə bunlardan xeyli az inanmaq olar. Bir də ki, qartalın onlarla müqayisədə  böyük üstünlüyü var: o, ən güclü küləkdən belə,  qorxmur. Bir ildən sonra mən açıq təcrübələr keçirmək fikrindəyəm. Tam əmin olmaq istəyirəm. Həm də ki, iki min metr hündürlüyə qalxa biləcək bir maşını çətin ki, nə vaxtsa icad eləsinlər. Xərcindən danışmıram. Qartal onu saxlamaqdan ötrü tələb olunandan artıq heç nə istəmir. Sizcə, bu azdır? Bir əlli ildən sonra...

 

Deyə bilməzdim ki, markiz di Santa Pia xəyalpərəst idi. Gözlərim önündə canlanan  reallıq həqiqətən də ən cəsarətli xəyalları belə, arxada qoyurdu.  Üstəlik o, quşun düz qanadları yanında, döşünə sancılan yüngül bir yəhər də ixtira etmişdi. Möhkəm kəmər isə yəhərdəki minicini hündürlük və açıqlıq nəticəsində gicəllənmədən ehtiyat üçün əsaslı şəkildə qorumalı idi. Hər şey qabaqcadan nəzərə alınmışdı, bircə dəhşətli ehtimaldan başqa...

 

Doktor Maccoli sanki, dinləyicilərin həyəcanlı intizarından həzz almaqdan ötrü bir anlığa susdu.

 

- Bir il aramsız məşqlərdən sonra, - deyəsən, buna belə deyirlər, - o, sözünə davam elədi, - markiz işinin müvəffəqiyyətinə əmin idi. O, ələ öyrədilmiş üç qartalı açıq havada, qədim qəsri dövrələyən dağ dərələrinin arasında məşq etdirirdi. Kəndlilər onun, qartalın belinə oturaraq, buludların arasında necə yoxa çıxdığını, itiuclu qaya zirvəliklərinin düz yanından uçub keçərək aşağı necə endiyini, yenidən göyə şığıyıb, məmnuniyyətindən gözləri işıq saçaraq hava gəzintisindən yerə necə qayıtmasını dəhşətlə müşahidə edirdilər; olsun ki, hamı onu cadugər hesab edirdi. Və günlərin birində onlar göyün üzündə baş verən dəhşətli faciənin, inanılmaz bir döyüşün aciz tamaşaçılarına çevrildilər. Onlar gördülər ki, səmanın şəffaf maviliyindəki iki qara nöqtə sürətlə böyüyərək, markizin oturduğu qartala yaxınlaşıb, onun ətrafında dövrə vurur. Bu, nəhəng qanadlarını təhdidedici surətdə yellədən iki iri qartal idi. Markiz təhlükəni anlayıb qartalını enməyə məcbur etməyə başladı. Belə olduqda, o iki qartal hücuma keçməyi qət etdi. Kim bilir niyə? Bəlkə əsarətə düşmüş yoldaşlarını xilas etməkdən ötrü? Bəlkə qənimətə olan tamahkar aclıqlarına görə? Döyüş bir neçə an çəkdi. Hücum edənlərin iti dimdiklərilə başından yaralanan markiz, əllərindəki cilovlar boynuna dolansa da, öz növbəsində dimdiyi ilə zərbələr endirərək müdafiə olunmağa çalışan qartalının kürəyinə sıxıldı. Qorxudan nitqi qurumuş kəndlilər gördülər ki, qartallardan biri dimdiyilə cilovu qapıb, markizin artıq müqavimət göstərməyən qartalını öz arxasınca səmaya qaldırır, ikinci qartal isə onların üçünün də dağın ən yüksək zirvəsinə yetişməsini yüngülləşdirməkdən ötrü, caynaqları ilə markizin bədənini qaldırmağa səy edirdi. Beləcə, onlar dar bir dərədə gözdən itdilər... Bu dəfə markizin qayıdışını gözləmək əbəs idi. On gün sonra, qartalların yuvası olan zağadan onun atılmış skeletini tapdılar. Qartalın skeletdən bir qədər aralıdakı sümükləri və qoşqusu ona dəlalət edirdi ki, onu da öldürüb yemişdilər. Markizin həlak olmasından sonra heç kim o üç qartalı, nə təkqanad ananı, nə də iki bala qartalı yada salmadı. Bir aydan sonra, markizin mirasa sahib olmaqdan ötrü qəsrə gələn uzaq qohumu onları hinin içində, acından ölmüş vəziyyətdə tapdı.

 

İtalyan dilindən tərcümə edəni:

Cəmşid Cəmşidov