Luici Pirandello. Tısbağa (Hekayə)

Luici Pirandello. Tısbağa (Hekayə)

Luici Pirandello ədəbiyyat üzrə Nobel mükafatı (1934) almış italyan yazıçısı və dramaturqudur. "Mərhum Mattia Paskal”, "Qocalar və cavanlar” romanlarının, "Səhəng”, "Liola”, "Hər kəs özünə görə”, "IV Henrix” və s. pyeslərin müəllifidir. 1917-ci ildə çap olunmuş "Xanım Frola və kürəkəni cənab Ponsa” hekayəsi oxucular tərəfindən maraqla qarşılanmış və geniş müzakirələrə səbəb olmuşdu.

***

Qəribə olsa da, tısbağaların xoşbəxtlik gətirdiyinə inanan adamlar Amerikada da var. Amma tam əminliklə demək olar ki, tısbağaların özlərinin bundan heç xəbəri də yoxdur.

Mister Mişkounun dostu var, o tısbağaların xoşbəxtlik gətirdiyinə əmindir. O birjada oynayır və hər səhər birjaya getməmişdən qabaq, öz tısbağasını balaca pilləkanın qabağına qoyur. Əgər tısbağa pilləkana çıxmağa çalışsa, o da özlüyündə yəqinləşdirir ki, bu gün oynamaq istədiyi qiymətli kağızlar bahalaşacaq. Əgər tısbağa başıyla ayaqlarını çanağının altına soxsa, deməli kağızlar əvvəlki kursunda qalacaq. Yox əgər tısbağa üzünü döndərib gedirsə, o kağızların ucuzlaşacağına oynayır. Və heç vaxt bunda yanılmayıb.

Bir dəfə elə bu əhvalda tısbağa satılan mağazaya girib tısbağa aldı və onu mister Mişkounun əlinə verdi.

- Yoxla, özün görəcəksən.

Mister Mişkou xoş adamdır. Tısbağanı evə aparanda (tfu!) bu hərəkət edən yumrunu əsməcə tutmuşdu – həzz qarışıq iyrənclik hissi. Yolda rastına çıxan adamların əlindəki tısbağanı görəndə təəccüblə baxmaqları onun vecinə də deyildi. O bilir ki, əlindəki soyuq daşa oxşayan şey heç də daş deyil, bu çanağın içində sirli canlı yaşayır və bu canlı hər an əyri ayaqlarını və qoca rahibələrin başına oxşayan qəbərli başını çanaqdan çıxarta bilər. Ümid edək ki, tısbağa bunu etməyəcək. Belə olsa mister Mişkou əsməcə içində onu yerə tullayar.
Mister Mişkou tısbağanı çaylaq daşı kimi qonaq otağındakı xalçanın üstünə qoyanda, qızı Elenlə oğlu Conun heyrətləndiyini demək olmaz.

Sadəcə atalarının heyrətli gözləriylə müqayisədə uşaqların gözlərinin bu qədər qocayana görünməyi təəccüblüdür.

Uşaqlar xalçanın üstündə daşa oxşayan tısbağaya uzun və ağır nəzərlərlə baxırlar. Sonra atalarına baxırlar və əmindirlər ki, ataları buna – tısbağanı qonaq otağında yerə qoymağına ağlabatan izah verə bilməz, yazıq mister Mişkou isə nə üçünsə çaşıb qalır, əllərini oynadır, dodaqlarında qəribə təbəssüm dolaşır, güclə deyir ki, bu olsa-olsa zərərsiz-ziyansız tısbağadır, onunla hətta oynamaq da olar.

Elə bil həmişə yaxşı oğlan və uşaqtəbiətli olduğunu sübut etmək üçün, mister Mişkou xalçanın üstündə dördayaqlı şəkildə oturur və tısbağanı ehmalla itələməyə başlayır ki, o çanağından çıxsın. Amma bunu eləməyə bənd imiş ki, bu gözəl evin necə şən olduğuna bir daha əmin olsun. Birdən oğlu Con tısbağanı hərəkətə gətirmək üçün daha yaxşı yol tapır. Çəkməsinin ucuyla tısbağanın çanağına vurur, onu tərsinə çevirir, məhz bu vaxt heyvan bayıra çıxartdığı ayaqlarını oynatmağa başlayır.
Elen bunu görən kimi qocayana gözlərinin ifadəsini dəyişməyərək cingiltiylə gülməyə başlayır, elə bil kimsə vedrəni əlindən yerə salır.
Məlum məsələdir ki, uşaqlar tısbağanın xoşbəxtlik gətirməyinə inanmırlar. Əksinə, özlərini aparmaqlarından bilinir ki, onlar tısbağaya ən çoxu çəkmənin ucuyla itələnən köhnə oyuncaq kimi baxacaqlar. Bu isə mister Miskounun heç xoşuna gəlmir. O özünü tərsinə çevirib əvvəlki daş halına qayıdan tısbağaya baxır, sonra uşaqlarının qocayana gözlərinə baxır və birdən-birə bu baxışlarla xalçanın üstündəki heyvanın daş soyuqluğu arasında bir oxşarlıq tapır. O öz tapıntısından bir anlıq dəhşətə gəlir, ola bilsin, o elə bir şeyi gözləyirdi ki, o şey baş verə bilməzdi, çünki uşaqlar indi yüz yaşında doğulurlar, tısbağalar kimi.

O yenə də üzünə bayaqkı təbəssümünü qondurmağa çalışır, amma bu dəfə daha qabarıq və dostunun tısbağanı ona nə üçün verdiyini etiraf etməyə cəsarəti çatmır.

Mister Mişkou sadəlövh adamdır. Həyat onun üçün dəqiq bir şey deyil və ümuma məlum olan həqiqətlər onun üçün məna kəsb etmir. Çox mümkündür ki, gözəl səhərlərin birində çılpaq halda vannaya girib bir ayağını vannanın qırağından salladanda, öz bədəninə qırx iki illik ömründə birinci dəfə görürmüş kimi heyrətlə baxsın, elə bil indiyəcən bədəninin mövcudluğundan bixəbər idi. Tanrı bağışlasın, insan bədəni elə şey deyil ki, hətta özün də utanmayaraq çılpaq şəkildə özünə baxa biləsən. Bədənin mövcudluğunu yaddan çıxartmaq daha arzuolunandır. Amma hər halda mister Mişkou indiyəcən bu fikrin nə üçün ağlına gəlmədiyinə təəccüblənir: bu bədənlə və heç kimin görmədiyi, paltarın altında qalan bədən üzvləriylə düz qırx iki ildir ki, gəzir. Necə olub ki, bütün ömrünü elə bu bədənlə dolana bilib? Bu onun ağlına batmır. Yox, yox. Məlum deyil harda, məlum deyil necə, hətta izaholunmazdır. Bəlkə o nəzərə çarpmadan bir bədəndən o birisinə uçub? Elə uşaqlığını götürək, onda onun bədəni belə deyildi ki, kim bilir əslində necəydi?! Doğrudan da, bunu izah edə bilməməyin özü əzabverici və bir az da qorxuludur: nə üçün bədənin başqa cür yox, məhz olduğu kimi olmalıdır? Bu haqda fikirləşməmək daha yaxşıdır. Elə indi də, vanna otağında oturub həmişəki çaşqın təbəssümüylə gülür, hətta vannada çoxdan oturduğu da yadından çıxıb. Ah, bu böyük pəncərənin üstündəki gözəl karnizdən sallanan və parkdakı hündür ağaclardan əsən yaz mehinin təmasıyla yellənən kirşanlı pərdələr necə də gözəldir! O artıq öz nahamar bədənini dəsmalla qurulayır və heç nəyə baxmayaraq razılaşmalıdır ki, həyat gözəldir və bu gözəl olmayan bədənlə də ondan zövq almaq olar, axı onun bu vecsiz bədəni missis Mişkou kimi gözəl qadının təsvirəgəlməz bədəniylə təmasa girməyi bacarıb.

Doqquz ildir evli olsa da, missis Mişkounun ona ərə gəlməyə necə və nə üçün razılaşdığı hələ də onun ağlına batmır.

Hər dəfə hansısa addımı atandan sonra, növbəti addımı cəsarətsiz atırdı – görəsən bu addımı atmağa dəyər? Həmişə də həddindən artıq asta və cəsarətsiz tərpənməyinə baxmayaraq, artıq xeyli irəlilədiyinin fərqinə varanda tükləri biz-biz olurdu, ürəyi isə səksəkə içində döyünürdü. Bu belə olmalı idi, yoxsa bir az da fikirləşsəydi daha yaxşı olardı?
Və beləcə gözəl günlərin birində o missis Mişkounun əri oldu, buna heç özü də inanmadı.

Evlənməklərindən doqquz il keçməyinə baxmayaraq, missis Mişkou hələ də gözəl heykəli xatırladan bədəninin şuxluğunu qoruyub saxlamışdı, hələ də ilahə heykəlinə oxşayırdı və onun mister Mişkou kimi ətdən və qandan olan adamla necə evlənməyə razı olduğu sirr olaraq qalırdı.

Bu doqquz ili mister Mişkou əlbəttə ki, daimi narahatlıq içində keçirtmişdi,  qorxurdu ki, hansısa düşünülməmiş söz və ya jest missis Mişkounu incidər və o da boşanmağa səbəb tapar. Evliliklərinin birinci günü ən dəhşətli gün idi. Mister Mişkou özünü necə aparmalı olduğunu bilmirdi və arvadının da bunu bilmədiyindən qorxurdu. Xoşbəxtlikdən, arvadı bunu bilirdi. Və beləcə yaşamağa başladılar. Əvvəlcə qızı Elen, sonra oğlu Con doğuldu. Və aralarında heç bir söhbət olmadı. Missis Mişkou ona bir kəlmə də demədən klinikaya gedir, yarım aydan sonrasa uşaqla qayıdırdı: birinci dəfə qız, ikinci dəfə oğlan uşağıyla. Və hər iki uşağı yaşlı görünürdü, biri birindən yaşlı. Və hər dəfə də mister Mişkouya klinikada görüşə getmək qadağan olunurdu. Buna görə də o heç vaxt özünə hamiləlik dövrü haqda hesabat verə bilmədi, doğuşların necə keçdiyindən xəbər tutmadı, amma buna baxmayaraq evdə iki uşaq peyda oldu və mister Mişkou bu uşaqları arvadının doğduğundan və ümumiyyətlə, bu uşaqların ondan olduğundan da tam əmin ola bilməzdi.
Bununla bərabər mister Mişkou heç şübhə etmir ki, miss Mişkou bu uşaqları bu cür qocayana doğmaqla, onları doğanda nə qədər əzab çəkdiyini əyani surətdə göstərir.
Buna görə də missis Mişkou mehmanxanada yaşayan və artıq İngiltərəyə qayıtmağa hazırlaşan anasının yanından qayıdıb ərini xalçanın üstündəki tısbağanın qabağında dörd ayaq üstə oturan və uşaqlarının kinayəli baxışları altında görəndə, bir az da gecikmədən mehmanxanaya, anasının yanına qayıtdı, bir saat sonra isə kağız göndərdi ki, ya tısbağanı evdən rədd edəcək, ya da o anasıyla İngiltərəyə gedəcək.

Mister Mişkou arvadını itirmək istəmirdi. Buna görə də ona cavab verdi ki, sakitcə evə qayıtsın, tısbağa üçün başqa yer tapacaq. Tısbağanı əlinə götürdü. Tısbağanı ona xoşbəxtlik gətirmək üçün vermişdilər, indi fikirləşdi ki, o artıq elə də cavan deyil, gözəl arvadı və iki uşağı var, ona başqa hansı xoşbəxtlik lazımdır?
Budur, o tısbağa əlində küçəyə çıxır, elə yer axtarır ki, yazıq heyvan üçün onların evindən daha münasib olsun. Ancaq indi böyük təəccüblə fikir verdi ki, artıq gecə düşübmüş. 
Küçəylə gedəndə o əlində tısbağa tutduğunu unutmuşdu, amma birdən xatırlayır və birdən də ağlına gəlir ki, tısbağanı alındığı mağazaya, deyəsən, 49-cu küçədəki mağazaya aparmaq yerinə, evin yaxınlığındakı parkda qoysaydı daha yaxşı olardı. Gedir, amma əmindir ki, mağaza bu vaxta artıq bağlanmış olar. Amma canını sıxan kədər və yorğunluq onu məcbur edir ki, mağazanın bağlı qapısını itələsin.

Beləliklə o qapıya yaxınlaşıb baxır: mağaza doğrudan da bağlıdır. Sonra əlindəki tısbağaya baxır. Onu neyləsin? Yanından taksi keçir, o maşını saxlatdırıb minir. Hardasa uyğun yerdə maşından düşəcək, tısbağanısa maşında qoyacaq.

Heyif ki, çanağının içində büzüşüb oturan bu heyvanın ağlı o qədər də kəsmir. Tısbağanın gecə Nyu-Yorkda gəzişməyə çıxdığını təsəvvür etmək maraqlıdır. Yox, yox. Mister Mişkou özünü silkələyir, bu qəddarlıq olar. O taksidən düşür. Park-avenyünün intəhasız çiçəkliklərinin yaxınlığındadır. Tısbağanı gül ləklərindən birinə qoymaq istəyir, amma tısbağanı yerə qoyan kimi 50-ci küçədəki hərəkəti nizamlayan polis yanında peyda olur. Polis onun ləkə nə qoyduğunu öyrənmək istəyir? Bomba? Yox canım, nə bomba? Və mister Mişkou gülümsəyir ki, polis onun bomba qoymağa qadir olmadığına əmin olsun. Bu tısbağadır, adi tısbağa. Polis tısbağanı götürməyi əmr edir, çiçək ləklərinə heyvan buraxmaq qadağandır. Bunun harası heyvandır? Bu elə daş kimi bir şeydir, mister Mişkou polisi başa salmağa çalışır, o burda heç nəyə mane olmayacaq, üstəlik, ailə vəziyyətiylə əlaqədar olaraq, ondan dərhal yaxa qurtarmalıdır. Polisə elə gəlir ki, mister Mişkou onu ələ salır  və bayaq dediyini hirslə təkrar edir, mister Mişkou isə hələ də tərpənməyən tısbağanı cəld ləkin içindən götürür.
- Deyirlər tısbağa xoşbəxtlik gətirir. – mister Mişkou gülümsəyərək deyir. – Hədiyyə versəm qəbul edərsiniz?

Polis hirslə çiyinlərini oynadıb ona deyir ki, rədd olsun.

Tısbağa yenə mister Mişkounun əlindədir, o isə özünü itirib. Aman tanrı, onun ailə vəziyyətinin ciddiliyinə inanmayan polisin gözündən yayınan kimi tısbağanı elə burda, yolun ortasında da qoya bilər. Və qəfildən mister Mişkounun ağlına fikir gəlir. Bir halda ki, arvadı şıltaqlıq edir, tısbağanı boşanmağa səbəb kimi göstərir, deməli o tısbağadan azad olsa, onda arvadı boşanmaq üçün başqa səbəb də tapa bilər. Nəhayət tısbağanı yenə evə qaytarmağı qərara alır.

Arvadı qonaq otağındaydı. Heç nə demədən əyilib tısbağanı xalçanın üstünə, arvadının düz qabağına qoyur. Arvadı ayağa sıçrayır, öz otağına gedir və tezliklə başında şlyapa ilə qayıdır.
- Hakimə deyəcəyəm ki, arvadınızı tısbağaya dəyişmisiniz.

Və yoxa çıxır.

Elə bil tısbağa hər şeyi başa düşmüşdü, missis Mişkou gedən kimi o ayaqlarını, başını və quyruğunu çanağın altından çıxartıb qonaq otağında gəzişməyə başlayır.
Mister Mişkouya sevinməkdən başqa heç nə qalmır. Yüngülcə əl çalaraq tısbağaya baxır və düşünür ki, tam əminliklə olmasa da, hər halda bunu boynuna almalıdır:
- Bax, xoşbəxtlik budur, budur xoşbəxtlik!

Tərcümə: Həmid P.

HƏMÇİNİN OXU: