Luici Pirandello - Xanım Frola və kürəkəni cənab Ponsa

Luici Pirandello - Xanım Frola və kürəkəni cənab Ponsa

Luici Pirandello ədəbiyyat üzrə Nobel mükafatı (1934) almış italyan yazıçısı və dramaturqudur. "Mərhum Mattia Paskal”, "Qocalar və cavanlar” romanlarının, "Səhəng”, "Liola”, "Hər kəs özünə görə”, "IV Henrix” və s. pyeslərin müəllifidir. 1917-ci ildə çap olunmuş "Xanım Frola və kürəkəni cənab Ponsa” hekayəsi oxucular tərəfindən maraqla qarşılanmış və geniş müzakirələrə səbəb olmuşdu.

Luici Pirandello

Xanım Frola və kürəkəni cənab Ponsa

Buna bənzər hadisəni təsəvvürünüzə gətirə bilərsinizmi? İndi adlarını çəkəcəyim iki nəfərdən hansının həqiqətən dəli olmasını müəyylənləşdirmək sən demə, kütləvi sərsəmliyə gətirib çıxara bilərmiş. Ağıllı kimdir, dəli kim: Xanım Frola, yoxsa kürəkəni cənab Ponsa? Belə hadisələr yalnız başabəla Valda şəhərində olur. Bu şəhər əcaib-qəraib adamları maqnit kimi canına çəkir!

Bu iki adamdan biri dəlidir: ya Xanım Frola, ya da Cənab Ponsa. Başqa variant yoxdur. İkisindən biri şübhəsiz dəlidir. Baş verən hadisələrin səbəbləri yalnız və yalnız bundan qaynaqlandığına görə... Yaxşısı budur, hamısını ardıcıllıqla izah edək.

And olsun Allaha, Valda sakinlərinin üç aydır yaşadığı həyəcanı elə özüm də yaşayıram, Xanım Frola və onun kürəkəni cənab Ponsaya gəldikdə isə, bu adamlarnan işim yoxdur. Əgər doğrudan da bədbəxtliyə düçar olublarsa, onda heç olmasa, ikisindən birinə ağlını itirmək nəsib olub və digəri də həmən bu dəliyə yardım göstərir, di gəl, elə tərzdə yardım göstərir, bilmək olmur, dəli kimdir, ağıllı kim. Bundan gözəl təsəlli düşünüb tapa bilməzdilər. İndi özünüz düşünün, bütün şəhəri belə dəhşətli anlaşılmazlığa sürükləmək, bu da azmış kimi, kabusu həqiqətdən ayırmağa imkan verə biləcək heç bir əlamət göstərməmək düzgündürmü?

Şəhər təşviş içindədir, aramsız çaşqınlıq hökm sürür. Yoldan ötənlər vaxtaşırı bu cütlüklə qarşılaşır, onların üzünə baxır, güdür, hərəkətlərinə göz qoyur, di gəl, ikisindən hansının dəli olmasını bilmirlər! Heç kim anlamağa qadir deyil, kabus harda, həqiqət harda. Buna görə də hər bir şəhər sakininin içini bəlkələr, şübhələr yeyir, həqiqətlə kabus arasında fərqlər sezilmir, həqiqətlər kabusa, kabuslar həqiqətə çevrilir. Bu sizə kifayət deyilmi? Cənab Prefektin yerinə olsaydım, Valda sakinlərinin rahat yaşayışı üçün xanım Frolanı və kürəkənini dərhal şəhərdən çıxarardım.

Gəlin hər bir hadisəni ardıcıllıqla izah edək. Adını çəkdiyimiz cənab Ponsa Valdaya üç ay əvvəl Prefektura katibi simasında gəlib, şəhər kənarında yeni tikilmiş evdə 

mənzil kirələdi, həmən bu mənzili şəhər sakinləri "Arı Pətəyi” adlandırdılar. Binanın sonuncu mərtəbəsindəki bu balaca mənzilin altı pəncərəsi var. Pəncərələrdən üçü enişli-yoxuşlu kədərli kənd mənzərəsinə açıldığından, şimal küləyinin qoynuna aldığı, solğun bostanlarla baxışan bina fasadının mübtəla olduğu inanılmaz kədəri başqa cürə izah etmək mümkün deyil. Digər üç pəncərə isə dəmir barmaqlıqlı eyvandan həyətə baxır. Ehtiyac olduqda istənilən an iplə aşağı endiriləcəyini qəribsəyən səbətlər eyvandan sallanır.

Bir mənzil azmış kimi, cənab Ponsa hamının təəccübünə baxmayaraq, şəhərin mərkəzində, özü də məhz Müqəddəslər küçəsi, ev 15-də daha bir üç otaqlı və mətbəxli mənzil kirələdi. Guya bu ev qaynanası, xanım Frola üçün lazımmış. Özü belə dedi. Həqiqətən də üstündən beş-altı gün keçdikdən sonra cənab Ponsa qaynanasının arxasınca vağzala yola düşdü və xanım Frolanı şəhər mərkəzindəki həmən bu mənzilə ötürüb, başlı-başına buraxdı.

Nə deyək, aydın məsələdir, qız ərə gedərkən valideyn evini tərk edib, əriylə başqa bir şəhərə gedib. Di gəl, qızıyla ayrılmaq istəməyən, qızının arxasıyca gələn ana nəyə görə doğma evini, doğma şəhərini tərk edib, ikisinin də özgə olduğu şəhərin ayrı yerində məskən salır, bax, bu, qaranlıq qalır. Ola bilsin, qaynana ilə kürəkən arasında ziddiyyətlər olduğundan, bir damın altında yaşamaqları mümkün deyil, hətta xatırlatdığımız şəraitdə olsa belə.

Valdada hamı əvvəl-əvvəl belə düşündüyündən, əlbəttə cənab Ponsa sakinlərin gözündən düşdü. Xanım Frolaya gəldikdə isə, əgər kimsə əvvəllər iddia edirdisə ki, bütün bunlarda xanım Frolanın da güzəştsizliyinin, inadkarlığının, tərsliyinin, dözümsüzlüyünün payı var, şəhər sakinləri düşündüklərində qalırdılar, deyirdilər, qızına çəkən ana məhəbbətidir, hətta qızından ayrı yaşamağa məhkum olmuşdusa da belə.

Həm xanım Frola, həm də cənab Ponsa barəsində "dəlidir”, "başına hava gəlib” kimi fikirlərin yaranmasına hər ikisinin xarici görünüşü də təsir göstərdi. Enlikürək, nazikboyun, afrikalı sayaq qarabuğdayı, alnının aşağı hissəsində sərt tükləri, burnunun üstündə bir-birinə pərçimlənmiş qalın qaşları, polislərdəki sayaq parlaq eşmə bığları, qaşqabaqlı baxışları, kobudluğun, qəzəbin ifadə olunduğu, bəlkə qəmli-ələmli iztirablardan, bəlkə də qarşısına çıxan insanların verdiyi qıcıqlandırıcı suallardan doğan təmkinsizliyin qovurduğu qara gözləri olan cənab Ponsa əlbəttə el içində rəğbət qazanmırdı, buna görə də kiminləsə yaxından tanışlığa meylli deyildi.

Zərif, aristokrat cizgilərə malik solğun bənizli yaşlı qadın xanım Frola isə qəmgin olmasına baxmayaraq, Valda sakinlərinə özünün mehribanlığını göstərdiyindən, hamının qəlbində cənab Ponsaya nifrət yarandı. Hamıya bu qadının həlim xasiyyətli, güzəştə gedən, dil tapan, dözümlü, kürəkəninin törətdiyi bütün pislikləri bağışlayacaq qədər mərhəmətli olması məlum oldu. Sən demə, cənab Ponsa nəinki bədbəxt qaynanasını ayrı yaşamağa göndərib, hətta qəddarlığında daha da irəli gedərək, qaynanasına qızıyla görüşməyə qadağa da qoyub.

Halbuki xanım Frola şəhər xanımlarıyla görüşərkən, kürəkəni tərəfindən ona qarşı qəddarlığın olmasını qəti bir dillə yalanlayır, əllərini yalvarırcasına qatlayır, kürəkəni barəsində gəzən söz-söhbətlərə görə təəssüfləndiyini bildirir, dərhal da kürəkəninin üstünlüklərini sadalayırdı. Deyirdi, kürəkəni onun qızını sevir, əzizləyir, nəinki arvadına, hətta qaynanasına da diqqətlə yanaşır, bəli, bəli, düz oxudunuz, onun özünə də diqqət göstərirmiş. Həmişə qayğıkeşdir, verdiyini də başa qaxmır... Ah, bəs deməzsənmi, kürəkəni elə də qəddar deyilmiş! Sadəcə iş orasındadır ki, cənab Ponsa arvadının ona bəslədiyi sevgini heç kimlə bölməsini istəmədiyindən, anaya bəslənməli olan bağlılıq da Ponsanın vasitəçiliyi ilə olmalıymış, bax belə. Bəli, ilk baxışdan, bu, çox amansız hərəkət təsiri bağışlaya bilər, amma düşündüyünüz kimi deyil. Məsələ tamam başqa məqamdadır, bu məqam xanım Frolaya yaxşı məlumdur, lakin bu barədə danışa bilmədiyindən, əzab çəkir. Yəqin qızının xasiyyəti... yox əşşi, qızının hansısa xəstəliyə yoluxması daha inandırıcıdır... Axı anası necə dilinə gətirsin bunu? Aman Tanrım, axı bu qadının gözlərinə baxmaq kifayətdir. Bəlkə də gözləri ilk baxdıqda adamda qorxunc təəssürat oyada bilər, fəqət o gözlərin nələri danışdığını oxuya bilən adama, o gözlər deyəcək: "kürəkənimin qəlbində sevgi dolu bir dünya gizlənib, bu sevgi dolu dünyadan mənim qızım çıxmalı deyil, mənsə qarışmalı deyiləm.” Səbəb qısqanclıq? Ola bilər. Di gəl, arvadına bəslədiyi sevginin yanında qısqanclıq kimi bir səbəb çox bayağıdır.

Eqoizm? Yox, bu eqoizm düşündüyünüz eqoizmdən deyil, bu eqoizm bütün kainatı sevdiyi qadının ayaqlarına sərir! Əgər xanım Frola qızının xoşbəxt olmasını, kürəkəni tərəfindən qızının sevilməsini bilə-bilə, onların qapalı sevgi dünyasına qarışsaydı, bax, bu, olardı eqoizm. Ana üçün qızının xoşbəxt olmasını bilmək yetərli olmalıdır! Digər tərəfdən, "xanım Frola qızını görmür” demək düzgün deyil. Gündə iki-üç kərə qızına baş çəkir: onların həyətinə daxil olur, zəngi çalır, qızı dərhal pəncərədən baxır.

- Tildina, necəsən, özünü necə hiss edirsən?

- Yaxşıyam, ana. Sən necəsən?

- Şükür Allaha, qızım. Səbəti endir!

Qızı içində məktub olan səbəti endirir. Məktubunda bir qayda olaraq gündəlik xəbərlər barəsində bir neçə sətir yazır. Xanım Frolaya elə bu da bəsdir. Dörd ildir beləcə 

davam edir, xanım Frola da buna öyrəşib. Barışıbdır bununla. Belə vəziyyət artıq ona əzab vermir.

Xanım Frola mülayimliyilə, həlimliyilə, haqqında bəhs etdiyi əzabverici adətlə əlaqədar, kürəkəninin hərəkətlərinə nə qədər bəraət qazandırmağa çalışırdısa, cənab Ponsanın bir o qədər el içində rüsvay olmasına, özü də bilmədən, rəvac vermiş olurdu.

Buna görə də xanım Frolanın dünən ziyarət etdiyi xanımlar, onun dediklərini hiddətlə qarşıladılar, eynilə cənab Ponsanın da bu cürə gözlənilməz ziyarət zamanı, əgər narahat olmayacaqlarsa, "məcburi bəyənatı” səsləndirmək üçün xanımlardan iki dəqiqə vaxt ayırmalarını xahiş etdiyi zaman hiddətlənmişdilər.

Başdan-ayağa alışıb-qovrulan, boğunuq vəziyyətdə, daha sərt baxışla, köynəyinin manjetləri və yaxalığıyla birlikdə qarabuğdayı dərisinin, qara saçlarının, qara kostyumunun fonunda heyrət doğuran ağlığıyla seçilən örpək əllərində, cənab Ponsa nazik alnından və qaşımaqdan bənövşəyi rəng almış yanaqlarından damcılayan tərini ara vermədən silirdi, fəqət bu tərin axmasına səbəb heç də havanın isti olması deyildi, kədərini aşdığından idi, buna görə də uzun dırnaqlı əlləri əsirdi. Ona qorxuyla baxan xanımların qarşısında peyda olurdu, dünən qaynanası xanım Frolanın onları ziyarətə gəlib-gəlməməsi, qızı barəsində danışıb-danışmaması, guya xanım Frolayla qızının görüşməsinə qadağa qoyduğu barədə nələri deyib-deməməsiylə bağlı xanımlara suallar ünvanlayırdı.

Cənab Ponsanın həyəcanlı olduğunu görən xanımlar, təbii olaraq, dedilər ki, xanım Frola kürəkəninin qadağası barədə danışsa da, onu bir xeyli təriflədi, ona acıqlanmadığını dedi və üstəgəl bu qadağaya görə qətiyyən onu günahkar saymadı.

Di gəl, xanımların bu cavabını eşidən cənab Ponsa sakitləşmək əvəzinə, daha da həyəcanlanmağa başladı, baxışları gərildi, qaşqabağını salladı, alnında daha iri tər damcıları qalaqlandı və özünə olmazın zülm verib, "məcburi bəyənatını” səsləndirdi.

Sən demə, yazıq xanım Frola, nə qədər inanılmaz görünsə də, ağlını itiribmiş. Budur, artıq xanım Frolanın dəli olmasından dörd il ötür. Xanım Frolanın dəliliyi özünü onda göstərir ki, qızıyla görüşməsinə cənab Ponsanın qadağa qoymasına inanır. Adama deyərlər, ay xanım, ay başına dönüm, sənə hansı qızınnan görüşməyə qadağa qoyulub? Axı qızın dörd il əvvəl ölübdür. Elə buna görə də xanım Frola ağlını itirdi, bəlkə də belə olması daha yaxşıdır, çünki dəlilik ağrıdan, əzabdan, ümidsizlikdən qurtuluş sığınacağına çevrildi. Qızının ölümünə inanmaqdan imtina etdiyindən, qızıyla görüşməsinə kürəkəninin mane olmasına inandığından, xanım Frola tam ümidsizliyə qapılmaqdan xilas olmağı bacardı.

Cənab Ponsa mehriban olduğundan, yazıq xanım Frolanın bu kədərli dəliliyini dörd ildir görməzdən gəlir, bütün bunlar böyük qurbanlar bahasına başa gəlməsinə baxmayaraq. Axı cənab Ponsanın iki ev saxlamaqdan başqa əlacı yoxdur, bir ev özü üçün, o biri ev də qaynanası üçün, bunun da müqabilində təsəvvürünə gətirdiyindən də çox xərcə düşməsi. Bununla bahəm, ikinci arvadını da saxlamalıdır, xoşbəxtlikdən cənab Ponsa kimi mərhəmətli olan ikinci arvadını da ruhi xəstənin hərəkətlərini görməzdən gəlməyə məcbur edir, arvadı da həvəslə razılaşır buna. Mərhəmətlilik borcluluq hissi olsa da, bunun da bir həddi var. Cəmiyyətdəki mövqeyini nəzərə alan cənab Ponsa imkan verə bilməzdi ki, şəhərdə onun barəsində həqiqətdən uzaq, ağlasığımaz söhbətlər getsin, güyamış qısqanclıqdan, ya hansısa digər səbəblərdən bədbəxt anaya doğma qızıyla görüşməyə mane olur.

Belə bir hətərən-pətərən bəyanat verən cənab Ponsa çaş-baş qalmış xanımlara baş əyib, çıxıb getdi. Amma xanımlar heyrətdən özlərinə gəlməyə macal tapmamış, xanım Frola peyda oldu, fikri dağınıq halda, zərif üz ifadəsiylə xanımlardan üzr istədi, bəs deməzsənmi, onun günahı ucbatından, cənab Ponsanın ziyarəti xanımları qorxutdu.Bundan sonra xanım Frola ictimai vəzifə tutan kürəkəninin mövqeyinə təsir göstərə biləcək sözlər deməyə ehtiyatlandığından, məsumcasına bəyan edirdi ki, bədbəxt cənab Ponsa Prefekturanın qüsurdan-xətadan xali katibidir, nəzakətlidir, bütün işlərində dəqiqdir, üstün cəhətləri çoxdur, yalnız və yalnız bir mənfi cəhəti var... yəni özünü ələ ala bilmir və bu bədbəxt cənab doğrudan da dəlidir, dəliliyi əminliyindədir, güya arvadı dörd il əvvəl ölübdür və güya xanım Frola qızının sağ olduğunu güman etdiyinə görə dəlidir. Yox, cənab Ponsa özünün ağılsız qısqanclığına və anasının qızıyla görüşməsinə qoyduğu qadağaya xanımlar arasında bəraət qazandırmağa heç də səy göstərmir, yox, söhbət bundan getmir. Yazıq Cənab Ponsa arvadının ölümünə inanır, yaşadığı indiki qadını isə ikinci arvadı sayır.

Bu cürə kədərli hadisəyə yalnız təəssüflənmək qalır! Axı hədsiz ehtirasıyla cənab Ponsa gənc, zərif arvadınının  az qalmışdı axırına çıxsın, məsələ o həddə gəlib çatdı ki, qızı gizlincə klinikaya yerləşdirdilər. Sevgi qızdırmasından başı çaşmış cənab, ağlını tamamilə itirdi. Ona elə gəldi, arvadı doğrudan da ölüb. Beynində kök atan bu fikrindən cənab Ponsanı daşındırmaq mümkün deyildi. Hətta arvadı üstündən bir il ötdükdən sonra xəstəxanadan çıxıb, yenə onun qarşısında sağ-salamat, təravətli, gül kimi durduğunda, cənab Ponsa arvadını başqa qadın kimi qəbul etdiyindən, qohumların və dostların köməyi ilə ikinci nikah mərasimi keçirmək lazım gəldi, bu isə cənab 

Ponsanın əqli tarazlığını bərpa etdi.İndi xanım Frolanın fikrincə, kürəkəninin əqli qabiliyyətini tamamilə bərpa etməsindən şübhələnməyə bəzi əsasları var. Çünki cənab Ponsa özünü elə göstərir, guya ikinci nikahı arvadını yalnız özündə saxlamaq, heç kimlə ünsiyyətdə olmağa icazə verməmək məqsədilə keçirib, belə görünür, hərdən cənab Ponsanı qorxu basır ki, birdən arvadını yenə gizlicə ondan ayırarlar. Əlbəttə belədir. Əgər başqasıyla evli olmasına inansaydı, qaynanasına göstərdiyi qayğını, nəzakəti başqa nəylə izah etmək olardı? 

Əgər arvadının ölməsinə inansaydı, məntiqlə, keçmiş qaynasına qarşı diqqətli olmamalı, onun qarşısında özünü borclu saymamalıdır. Elə deyilmi? Diqqət edin, xanım Frola bu arqumenti cənab Ponsanın dəliliyinin sübutu kimi söyləmir, şübhələrində haqlı olduğunu özünə isbatlamaq istəyir.

- İndiliksə..., - xanım Frola ciyərdolusu nəfəs alıb, dodaqlarına qonmuş kədərli gülüşlə sözlərini bitirirdi, - indiliksə, mənim yazıq qızım özünü ərinin dediyi kimi 

göstərməyə məcburdur, güya kürəkənimin ikinci arvadıdır. Elə mən özüm də bəzən elə görkəm alıram ki, sanki ağlımı itirmişəm və sanki qızımın ölümünə inanmamağa çalışıram. Tanrıya şükürlər olsun, qızım ölübmüş kimi görkəm almaq, mənim üçün elə də əziyyətli iş deyil, çünki qızım sağ-salamatdır. Qızımla görüşürəm, danışıram, söhbətləşirəm. Amma qızımdan ayrı, yalqız yaşamağa məhkumam, hətta görüşəndə belə, uzaqdan-uzağa görüşürəm, söhbətləşəndə uzaqdan-uzağa söhbətləşirəm, bütün 

bunları da ona görə edirəm ki, kürəkənim cənab Ponsa inanmağa davam eləsin və ya inanırmış kimi bir görkəm alsın ki, arvadı, allah göstərməsin, ölübdür və indi onunla yaşayan qadın güya ikinci arvadıdır. Ancaq yenə təkrarlayıram, əgər bu üsul hər iki tərəfə əmin-amanlıq gətirdisə, daha nə mənası qalır?! Mən bilirəm ki, qızım sevilir, xoşbəxtdir. Görüşürəm onunla, söhbətləşirəm. Onların xoşbəxtiyi naminə, qıraqdan baxanların məni dəli hesab etmələriylə barışıram. Ya səbr...

Bax, elə bütün bu hadisələrə görə, sizə elə gəlmirmi ki, Valdada dəlilər təki bərəlmiş gözlərlə, sualedici nəzərlərlə baxmağa bir xeyli səbəblər var? Bu iki adamdan hansına inanmağı məsləhət bilirsiniz? Hansı dəlidir? Həqiqət harda, kabus harda?

Bütün bu sualları cənab Ponsanın arvadı Tildina xanım cavablandıra bilərdi. Di gəl, Tildina xanıma da güvənmək olmaz, çünki ərinin yanında ikinci arvad qılığına girir. Bununla bahəm, özünü xanım Frolanın qızı kimi təqdim etməsinə də güvənmək olmaz. Yaxşısı bu olardı ki, xanım Tildinanı qırağa çəkib, üz-üzə, göz-gözə həqiqəti aşkar edəsən. Di gəl, bu da mümkün deyil. Cənab Ponsa istər dəli olsun, istər dəli olmasın, elə ya belə, onsuz da bu adam dəhşət qısqancdır, heç kimə arvadını göstərən deyil. Xanım Tildinanı evin yuxarısında dustaq kimi qıfıllayıb saxlayır. Elə bu faktın özü xanım Frolanın xeyrinə danışmağa əsas yaradır. Cənab Ponsa iddia edir ki, güya belə üsullara əl atmağa məcburdur və hətta bu da azmış kimi, arvadı özü ondan bunu tələb edir, çünki xanım Frolanın gözlənilmədən evdə peyda olmasından çəkinir. Yəqin bu sadəcə bir bəhanədir. Bu bir yana qalsın, cənab Ponsa evdə həqiqətən qulluqçu-zad saxlamır. Bunun da səbəbini pula qənaət etməsiylə izah edir, çünki iki evin kirəsini ödəyir. Hətta cənab Ponsa gündəlik olaraq bazarlıq eləməyi də öz öhdəsinə götürüb. Xanım Frolanın qızı saymadığı arvadı isə, cənab 

Ponsanın sözlərinə görə, yaşlı xanım Frolanın, yəni ərinin keçmiş qaynanasının halına təəssüfləndiyindən, dərdinə şərik olduğundan, hər şeyi öz üzərinə götürdü, qulluqçu köməyindən imtina edərək, ən qara-qura ev işlərini görməyə belə razılıq verdi.

Bütün bu cürə hadisələr hamıya həddini aşmaq kimi görükürdü. Hərgah bu cürə vəziyyət canıyanananlıq hissiylə izah olunmursa, onda hər şeyin səbəbkarı arvad qısqanclığıdır.

Cənab Ponsanın izahatı hələlik şəhər Prefektini qane edirdi. Halbuki, cənab Ponsanın həm köntöy görünüşü, həm davranışı, onun xeyrinə işləmirdi, ələxsus da Valda xanımlarının gözündə, çünki onlar daha çox xanım Frolaya inanmağa meylli idilər. Xanım Frola isə digər xanımlara qızının səbətdə salladığı məktubların tam bir incəliyini, həm də başqa digər sübutları göstərməyə tələsir, cənab Ponsa isə bu sübutları heç vecinə də almır, deyir, guya bu məktublar yalanın saxlanılması məqsədiylə, xanım Frolaya yazıqları gəldiyindən verilib.

Elə ya belə, gözgörəsi, həm xanım Frola, həm də cənab Ponsa biri-birilərinin həsrətinə bələnib, yanğısına qovrulur, biri digərinin xəyali dəliliyinə ehtiyatla yanaşır. Hər ikisi də elə sağlam mühakimə yürüdürlər, buna yalnız təəccüblənmək olar, əgər özləri biri-birini dəlilikdə ittiham etməsəydilər, Valdada heç kimin ağlına da gəlməzdi, bunlardan birisi dəlidir.

Xanım Frola vaxtaşırı Prefekturaya, kürəkənini yoluxmağa gəlir, məsləhət-filan alır, hərdən kürəkənini çıxışda gözləyir ki, bazarlığa birlikdə getsinlər. Cənab Ponsa da boş vaxtlarında, vaxtaşırı hər axşam xanım Frolaya baş çəkir. Hər dəfə küçədə rastlaşarkən, birgə yol gedirlər, bununla da biri-birlərinə böyük hörmət göstərirlər. Cənab 

Ponsa sağ əlini qaynanasına uzadır, qəlbi qubarlananda, həsrətdən gözləri buludlananda, çöhrəsi sozalanda ona ümid verir. Və beləcə onlar yoldan keçənlərin qıcıq doğuran baxışları, təəccübləri, heyrətləri içində gedirlər! İndiyə kimi də heç kim anlaya bilmir ki, onlardan hansı dəlidir, kabus hardadır, həqiqət harda.

Ruscadan tərcümə: Ramil Rahiboğlu
kult.az