Ülvi Bahadır. Alçaqlar... bütün sirrimi açacaqlar... (ŞEİRLƏR)

Ülvi Bahadır. Alçaqlar... bütün sirrimi açacaqlar... (ŞEİRLƏR)

***

Mavi sonsuzluqlar qırmızı ləçəklərə dönərkən…
Saçlarımın ucundan yeni bir günün rüzgarı əsərkən…
Bədənimdə…ruhumda…ən dərinlərimdə…
Dünənin yadigarı…
Sərxoşluqdan qalan dəli bir gülümsəmə…
Rüzgar avarını çəkir sonsuzluq okeanında…
Yoxluğa məhkum olmuş Ay işığı kirpiklərindən ağarır…
Hər şeydən xəbərsiz Günəş…
…şəfəqlərini axtarır qarderobundan…
Qədim bir meşə… sonsuz bir dəniz…

Və xəfif bir arzu kimi…
Məndən…
O gecədən…
O qaranlıqdan…
O Aydan…
O ulduzlardan…
Mənə aid olan nə varsa…hər şeydən
…uzaqsan…uzaqsan…uzaqsan…

Cəhənnəm atəşinə yaxınlaşarcasına…
Közərən taleyimlə axınlaşarcasına…
Bir ümidin iziylə…
Bir nəğmənin səsiylə…
Bir ocağın hisiylə…
Qızılı sonsuzluqda quzğunlaşarcasına…
Uçuram…uçuram…uçuram

Və…
…sən gəlirsən ardımca… tanrının nəfəsində…

Madriqal

Bura qədər imiş...
Burda bitəcəkmiş hər şey...
Burda batacaqmış bütün günəşlər...
Burda diz çökəcəkmiş gecələr...
                        Allahın qarşısında...

Ay burda soyunacaqmış qaranlığını...
Burda çalınacaqmış bütün bəstələr...
                                   bütün ağılar...

Burda yalvaracaqmış tanrıya bütün ağrılar...
Səni sevə bilirəmsə, deməli hələ sağam...
Gülə bilirəmsə deməli hələ insanam...
Ağlaya bilirəmsə deməli hələ uşağam
Ağrıya bilirəmsə deməli hələ də
            davam edir bu ilahi komediya...

Süpürgəçi qadınların da gücü çatmadı
      dizlərimi küçənizdən süpürüb atmağa...

Sonuncu nəfəsinin də gücü çatmadı
                       gözlərimi üfürüb oyatmağa...

Ver "əlvida"nı mənə...ver
Kəsib atacam əllərimi onunla...
İki əbləhdən də qurtulacam sonunda...
Bu lənətə gəlmiş yarpaqlar
                        niyə saralıb tökülmür?..

Bu yağışlar niyə gecikir belə?..
Alçaqlar... bütün sirrimi açacaqlar...
Nə yaxşı ki, sən yoxsan yanımda...
Güclü adam roluna girməkdən
                                   bezmişdim zatən...

Süzün badələrə, dostlar
Bu gün qayıdış günüdü...
And olsun o yağmayan yağışa...
And olsun o saralmayan yarpaqlara...
And olsun Ana Günəşə ki...

Sən milyon da qayıdıb gəlsən...
Mən səni milyon da bağışlayacam...
Çün... ölmək üçün başqa bir yolum yox...

 
Ayrıc

Allaha nə deyim, nə deyim, allah
əlini də ağdan qaraya vurmur..
Gəzdirir əlini kül bədənimdə...
yaram oradadı...oraya vurmur...

Əsəbi ulduzdum... Göy kürəsindən
...yanıb-tökülmüşəm Yer kürəsinə...
Torpağın bağrından çıxır buxarım
yaşayarcasına...ölərcəsinə...

Vaxtında səmaya çox üz vermişəm
indi bir yağışlıq sözümə baxmır...
Torpaq da nə yaman sevirmiş məni
bir yol qucaq açıb...tutub...buraxmır.

Ay torpaq, mən qədər çirki neynirsən?..
burax, çıxım gedim öz xarabama...
Demirəm ki, hər gün gəlib-gedəcəm
arada gözucu baxacam amma...
 
Məni tanımırsan, bilmirsən, məndə...
...yarasa qulağı, it nəfisi var
Yolsuz bir adamın ayaq izləri...
Ümidsiz bir qəlbin közərtisi var...
 
Xəyalından ötə bir addım atmaq...
...söylə görüm, kimin başına gəlib?
Biryolluq tərk edib bədin evini
...ömürlük qonaqtək xoşuna gəlib?

Kövrəldə bilmirəm çılğın buludu
bir az sakitləşə...bir az ağlaya...
Bir az da taleyin gözündən tutub
araz sakitləşə...araz ağlaya...

Bəlkə bir sözün var, denən, utanma
bir də gördün, evə dönürəm sabah
Bu torpaq bezəndə...bu göy alanda
Allaha nə deyim... nə deyim, Allah?
 

Bir damla zaman...

Gecə qaranlığına çəkilib ağlayır..
Qaranlıq zülmətinə çəkilib...
            qulaqlarını bağlayıb sonsuzluğa...

Sənin göz yaşlarını görməsin deyə...
İndicə bir ac pişik
ərzaq mağazasının yanında
                        pəncələrinə sığınıb...

quyruğu kəsilən it
sahibinin dalıyla qaçmır indi...

sənin göz yaşlarını görməsin deyə...
hardasa...hansısa göldə...
balıqlar daha sürətlə üzür...

hardasa...hansısa meşəlikdə....
dovşanlar daha sürətlə qaçır...
sənin göz yaşlarını görməsinlər deyə...

neçə gündü bütün evlərdə...
saatlar tələsir zamansızlığa...
neçə gündü bütün minarələrdə...
azanlar gecikir məkansızlığa...
sənin göz yaşlarını görməsinlər deyə...

əsrlərdi boz dağlara ...
nə qar yağır nə yağış...
alma budağındakı sərçə balalarının üstünə
düşmür bir dənə yağış...
sənin göz yaşlarını görməsin deyə...

oğrular soymurlar yaşlı qadınları...
minillərdi sındırılmır aynalar...
analar atmırlar övladlarını...
...yalqız yetimxana künclərinə...
Sənin göz yaşlarını görməsinlər deyə...

Həbsxanalar boşalıb...
Polislər azalıb neon şəhərlərdə...
Arada vəhşilər də...
Anonim küçələrin yetim tinlərində
                        toplanıb kövrəlir hərdən
Sənin göz yaşlarını görməsinlər deyə...

Soyuqluqdan bezdiyinə...
Məsumluğu əzdiyinə...
Yanlış yollarda gəzdiyinə görə...
Yıxıldı sonsuz peşmanlığa...
Düşdü əbədi ümidsizliyə...
...və tanrı cəhənnəmi yaratdı...
Sənin göz yaşlarını görməsin deyə...