Ülviyyə Tahir. Xarabalıq (Hekayə)

Ülviyyə Tahir. Xarabalıq (Hekayə)

Yaddaşımın axsayan vaxtlarında hardan yadıma düşdü?  Boşqabı sildiyim yerdə əlimi saxladım. Niyə xatırladığımı xatırlamağa çalışdım. Kələfi itmiş xatirələr içindən qəfil cücərmiş bu hadisə heç bir izahat olmadan dilə düşən melodiya kimi beynimdə dolaşdı: Elə burda dayanmışdı… Boşqablar əlində idi, sonra birini salıb sındırdı… Əlləri dayanmadan titrəyirdi. Birini də götürdü; boşqabdan göz yaşlarını da sildiyini də görürdüm... Yaşıl jaket qolları... Bir də  o damlalar... Bədəni dumana bürünmüşdü. "Anamın qolları, qolları... İllərdir, hər şey beləcə, boz dumanda davam edir.  Beyindən silinməyən film kadrı kimi... Hər gecə xarabalığa gələn bayquş kimiyəm. Son xatirələrin üzərində ulayıram…” – pıçıldadım. Boşqabı yerinə qoyub pəncərəyə yaxınlaşdım.  Qonşunun quşları səmada pərvazlanırdılar. Bazar günü olduğundan nəhəng buldozerin nəriltisi kəsilmişdi. Bizim evə kimi  hələ on ev var idi. Boz pişik qarşı tərəfdən sökülmüş evlərin kərpiclərinin üstündə pəncələrini yalayırdı. Görəsən, bura tamamilə dağılandan sonra hara gedəcək? Harada oturub pəncələrini yalayacaq? Hara? Biz haraya gedəcəyik? Biz... Gözlərimi boz pişikdən ayırmadan çaydanın altını söndürdüm. Hə, bu pişik də nə vaxtsa yadıma düşəcək. Yaddaşımın harasındansa  reinkarnasiya edəcək və böyük bir xarabalığın fonunda beləcə pəncələrini yalayan halda özünü yada salacaq. Mən də alnımı ovuşdura-ovuşdura  niyə məhz indi onu xatırladığımı, hardan yadıma düşdüyünü  fikirləşəcəyəm. Bəli, elə epizodlar var ki, onları yalnız sən görmüsən və sən onları xatırlayan sonuncu adamsan, səndən sonra onlar haqqında heç kim heç nə bilməyəcək. Bu, gecənin  qaranlığında yolda maşınla vurduğun  it kimidir. Heç kəs, heç kəs  o iti kimin vurduğunu bilmir. Sənsə avtomobildən düşüb ağzından qan daşan  o itin "niyə?” soruşan gözlərinə baxmamağa çalışaraq qayıdıb maşına minib  oradan uzaqlaşırsan. Yaddaşının daha bir parçasına pozan çəkib onu unutmağa çalışırsan. Gecələr  gördüyün kabuslardan sanıb yastığını çevirirsən. Boz  pişik pəncələri ilə işini bitirib ətrafını süzdü.  Çarpayı cırıltısı eşitdim. Yorğun-arğın  otağa qayıdıram. Gün yeni başlanır. "Hər günü dejavu olan həyat”, – öz-özümə pıçıldayıram. Çoxdan öz funksiyasını itirmiş qonaq otağının baş tərəfində onun çarpayısı var. Yenə key-key ətrafa  boylanırdı. Böyümüş gözləri ilə ətrafı süzdü. "Ehh, yaddaş, görəsən, bizə mükafatdı, yoxsa lənət?” – mızıldandım. Hər gün adam sanki yenidən doğulur, ətrafla tanış olur, sonra yenidən yatır, sonra yenə, yenə, yenə...

– Kimsən, ay bala? 

Aha, bu gün "bala” dedi. Dünən belə deməmişdi.

– Sizə baxıram. Məni təyin ediliblər, ştabdan, – deyirəm. 

– Hansı ştabdan? Mən hardayam, bura haradı? – gözlərini bir az da geniş açır. 

– Cənab polkovnik, unutmusunuz? O sonuncu döyüşü, özünüzü o əsgər üçün sipər etmişdiniz. Siz ağır yaralandınız.

– Mən?

– Bəli, siz. Sizə xidmət etmək mənə şərəfdir. Sizin qəhrəmanlığınız, vətən uğrunda şücaətiniz dillər əzbəridir. 

 

O,  qaşlarını çatdı, sağ əlini titrəyə-titrəyə alnına doğru apardı. Nəyisə xatırlamaq istəyəndə mütləq alnını ovuşdururdu, eynilə mən də onun kimi... Amma əlinə gücü çatmadı. Heysiz halda əlini endirib dodaqlarını yaladı. Mətbəxə qayıtdım. Çobanyastığı çayı dəmlədim,  çaynik və fincanı götürüb qonaq otağına qayıtdım.

– Döyüş harda olmuşdu? – astadan soruşdu.

– Ağdam uğrunda.

– Müharibə olmuşdu?

– Hə, əlbəttə, Qarabağı azad etdik. Sağalın, sizinlə Xankəndinə gedərik. Oralar elə gözəl olub ki... Deyirlər, yenə Şuşa yaylaqdı. Kəlbəcərin yollarını xatırlayırsınız?  Əlbəttə, xatırlayırsınız. – Əlimi onun yastığının altına verib qaldırıram. Başını dik tutmağa çalışıb  çayı qurtumlayır. Hiss edirəm ki, məni gözaltı süzməyə davam edir. Çayı içib yenə evi nəzərdən keçirdir. Handan-hana:

– Yadıma gəlir... – deyəndə diksindim.

– Siqareti atdım; atama  söz vermişdim. O, məni otağa çağırdı. Ovcu qanla dolu idi, məndən dəsmal istədi. Əlimi atdım, heç nə tapmadım, stolun başındakı köynəyimi verdim. Onda atam mənə dedi... Çəkmədim daha... – susdu. Gözlərini pəncərəyə dikidi. Uzun bir sükut. Mən çarpayının kənarında oturdum.

– Bir də onun getməyini... Atası gəlib dava edib apardı. Dedi ki… dedi, niyə bu xəstə ilə ömrünü- gününü çürüdürsən...

– Cənab polkovnik, yumurta qaynayıb, təzə kərə yağımız da var, – söhbəti dəyişdim.

– Alabəzək topumuz vardı, meydançada oynayırdıq. 11- 12 yaşım olardı. O meydança niyəsə yadımdan çıxmır, amma müharibəni niyə  xatırlamıram? – o yaddaşının xarabalığında eşələndikcə ürəyim parka-parça olurdu. Mətbəxə qayıtdım. Boz pişik günəşin ilıq şüaları altında xumarlanırdı. Quşlar  yenə səmada idilər. Yumurtaları soydum, əzib kərə yağı vurdum. Soyuducudan əti çıxarıb yudum, qaynamağa qoydum. Bir azdan qapı döyüldü. Baxıcı qadın  içəri girib adəti üzrə çinlilər kimi əllərini cütləyib mənimlə salamlaşdı. Sonra pencəyini soyunub asılqandan asdı, mən də ayaqqabılarımı geyinməyə başladım. Son tapşırıqlarımı da verib  evdən çıxdım.

***

 

Çaynikin fit səsinə başımı qaldırdım. Mətbəxdəki saat səkkizi göstərirdi. Kitabı örtüb paltaryuyanın üstünə qoydum. Qazı söndürdüm. Pərdəni kənara çəkib həyətə baxdım. Qonşu qəfəsləri açır; quşlar da əvvəl ürkək-ürkək başlarını qəfəsdən çıxarır, ətrafı diqqətlə araşdırır, sonra qəfildən pərvazlanırdılar. Boz pişik gözə dəymirdi. Buldozerin yanında tək-tük adamlar var idi. Pərdəni salıb mətbəxə göz gəzdirdim. Hər şey yerində idi. Qonaq otağına  qayıdıb ona baxıram. Gün işığı duman kimi otağa yayılır. Yavaş-yavaş ayılır. Heyrətlə ətrafı süzüb nəzərlərini mənim üstümdə saxladı. Uzun-uzadı baxdı, baxdı.

– Sabahınız xeyir, doktor, bu gün özünüzü necə hiss edirsiniz? – deyə səsləndim.

– Sabahınız xeyir, siz kimsiniz? – adekvat sualı bu dəfə xırıldaya-xırıldaya verdi. Sonra möhkəm öskürdü.

– Xəstəxanadan göndəriblər. İnanın, bu gün yenə dava idi, mən qazandım. Hamı, bütün tələbələriniz sizə qulluq etmək, xidmətinizdə olmaq istəyirlər.

– Mənə? Niyə? – Gözləri heyrətdən böyüdü. Mən  çarpayının kənarında oturdum.

– Əziz professor, belə etməyin, indi yuxulusunuz. Yüngül xəstələnmisiniz, tezliklə sağalacaqsınız. Kollektiv sizi gözləyir, universitet, tələbələr - hamı sizi çox istəyir.

 

O məni dinləyə-dinləyə barmaqlarını  adyalın naxışlarının üzərində gəzdirirdi.

– Heç nə yoxdu yaddaşımda, sanki... Bulanıqdı. Siqareti atmağım yadımdadı… Atam dedi, atdım; qanlı köynək yadımdadı… – Həmişəki cümlələrini təkrarladı. O cümlələri sanki lentə yazıb yaddaşına yerləşdirmişdilər. Yox, bəlkə də  yanmış kitabın xilas olunmuş  son səhifələri idi, evirib-çevirib  oxuyurdu.

– Hə, bir də o... Çox getdim qapılarına, məni bəyənmədi. Başqasına ərə getdi...

"Aha, bu da həmin yanmış səhifədən yarımçıq cümlədir, həmişə sonunu özü bildiyi kimi tamamlayır. Deməli, hələ də döyüş gedir, barışıq yoxdur”, – deyə düşünürəm.

Qapı döyüldü. Qol saatıma baxdım. Doqquzun yarısı idi. Qapını açdım, sonra mətbəxə yollandım, özümə çay süzdüm. Pəncərənin qarşısına keçdim. Boz pişik yenə xarabalıqda quşların pərvazlanmağına tamaşa edirdi. Buldozerçi artıq maşınını işə salmışdı. Çayımı sürətlə qurtumladım, fincanı mətbəx stoluna qoyub qonaq otağına keçdim. Baxıcı qadın əlcəklərini geyinmişdi. Həmişəki kimi xoş bir təbəssümlə gülümsədi. Baxışlarımla ona xoş gün diləyib  işə yollandım.

***

 

Yerimdən qalxa bilmirdim. Sanki çiyinlərimə ağır yük qoymuşdular. Birtəhər gərnəşdim. Əlimi atıb telefonumu götürdüm; ilahi, saat doqquzun yarısı olmuşdu. Ürəyim bulanırdı. Qalxıb səndələyə-səndələyə tualetə getdim. Əl-üzümə su çırpandan sonra azca ayıldım. "Gərək axşam o qədər oturmayaydım”. Düşündüm. Mədəm möhkəm ağrıyırdı. Qayıdanda dəhlizdən səhvən qonaq otağına döndüm. Ayılmışdı, baxırdı. Yataq paltarında  olduğumu xatırladım.  Məni sualedici nəzərlə süzdü. Yaxınlaşıb salamlaşdım. Dinmədi. Nəhayət:

–Salam, – dedi. Sonra yenə üzümə baxdı.

– Necəsiniz? Bu gün özünüzü necə hiss edirsiniz?

 

Sualıma şübhəli nəzərlərlə cavab verdi. Dinmədi. Adyalı sinəsinə kimi çəkdi. Qırışmış barmaqları və kənarları soyulmuş dırnaqları ürkək heyvan pəncəsi kimi titrəyirdilər.

– Burda qaldım dünən gecə, siz yatmışdınız deyə icazə ala bilmədim...

– Siz kimsiniz? Mən niyə burdayam, nə olub? – azca ürəkləndiyi hiss olundu. Duruxdum:

– Mən...  Hə, mən... – kəkələdim. Beynimdəki bütün informasiyalar dolaşmış kaset lentinə dönmüşdü, – hə, mən, – səsim qətiləşdi, – bura sizin evinizdir də, müəllim. Mən də teatrdanam, xatırlamadınız? Oqtay Eloğlunu oynaymışdım axırıncı dəfə, siz çox bəyənmişdiniz... Siz də xəstələnməyə vaxt tapdınız... Axşam axırıncı məşqi müzakirə etdik, sonra mənim də başım qarışdı...

Baxışlarından şübhə silinirdi.

– Gedim çay qoyum, birlikdə içək. Nə deyirsiniz, müəllim?

 

Yavaşca başını tərpətdi.  Çaydanın altını yandırıb adətim üzrə pəncərəyə yaxınlaşdım. Boz pişik yenə pəncələrini yalayırdı. Buldozer işə düşmüşdü. Quşların qəfəsi yük maşınına yüklənirdi. Pəncərəni açıb aşağı boylandım. Boz pişiyin yanında durub bizim evə baxanlardan biri əlini yellədi. Mən də başımı tərpətdim. Çaydan fit verdi. Pəncərəni bağlayıb, qazı söndürdüm.

Əlimdə məcməyi qonaq otağına qayıdanda onun başının çarpayıdan sallandığını gördüm. Özümü necə itirdimsə, məcməyini  döşəməyə qoyub yanına yüyürdüm. Xırıldayırdı. Dikəldib, ağzının suyunu sildim.

– Qalxmaq issstəədimmmm, -  sanki etdiyi işə görə üzr istədi.

– Eybi yoxdur, çayımızı içək, sonra hazırlaşaq gedək gəzməyə. Hə, nə deyirsiniz?

 

Heç nə demədi. Məcməyini gətirdim. Dağılmış çayı salfetlə silib quruladım.

– Nə qədər edirəm, teatr yadıma düşmür eyy. Siqareti atmağım gəlir yadıma hey... Atamın ovcu qanla dolu idi… Bir də onu xatırlayıram. Sabah duranda gördüm, məktub yazıb qoyub; daha gəlmədi... Əzbərində olan  cümlələrin qol-qanadını qırıb yenə təkrarladı...

– Unudun bunları, indi gəzməyə gedirik... – Mən ona çayı içirib, arabanı gətirdim. Onu arabaya yerləşdirib, özüm də geyindim. Sonra mətbəxə keçib yükdaşımaya zəng edib asta səslə hər şeyi yenidən xatırlatdım. Həyətə enəndə artıq buldozerin  bizim  tərəfdəki evləri dağıtdığını gördük. O ətrafa nəzər salıb

– Niyə sökürlər, mənim evimi də sökəcəklər? – bütün qüvvəsi ilə qışqırdı.

– Yox, əziz müəllim,  o evlər köhnədir, bizə aid deyil ki, – onu sakitləşdirdim. Arabanı boz pişiyin qarşısından sürdüm. Pişik bizə əhəmiyyət vermədi. Təşvişli baxışlarla ətrafı süzür, buldozerə qorxa-qorxa baxırdı...