Makarın ölümü- HEKAYƏ

Makarın ölümü- HEKAYƏ

Rasim İlyas

- Alo? Bəli, evdədir... Rafael?! ... Rafael?!
- Mən vanna otağındayam...
- Səni telefona..
- Bir dəqiqə, gəlirəm.
 Lena vanna otağının qapısını açdı. Rafael onun sifətindəki istehzanı görcək soruşdu:
- Kimdi belə səhərin gözü açılmamış?
- Oksana,- Lena istehza ilə cavab verdi və inciyirmiş kimi əlavə etdi- mən axşam anam gilə gedəcəm..
- Yaxşı görək həyatım,qoy görüm hələ nə istəyir...
-  Nə istəyəcək? Yəqin darıxıb,- deyərək Lena mətbəxə keçdi
Rafael zala keçib telefonu götürdü
- Alo? Oksana?
- Salam, necəsən?
- Sağ ol, yaxşıyam. Sən necəsən? Eleonora necədir?
- Hamımız yaxşıyıq...
- Belə tezdən xeyir ola?
- Heç, – Oksana xırıltılı səslə güldü- səni görmək istəyirəm, sabah növbədəyəm axşamdan...
- Hmm , mümkündür. Saat səkkizdən sonra yüz faiz evdəyəm. Mobil nömrəmə niyə zəng vurmadın?
- Telefonumuzun "səkkizi” bağlıdır, odur ki, dedim sən işə getməmiş zəng vurum.. Hə birdə rəfiqən narazı deyil?
- Hər şey qaydasındadır, narahat olma,- Rafael gülümsədi və bu an həyətdən siqnal səsi gəldi- Oldu, onda axşam görüşərik, şad oldum
- Axşama qədər. Sağ ol!
Telefonu yerinə qoyub eyvana çıxdı. Kolya dayı aşağıda maşının yanında dayanıb siqaret yandırır və yuxarı baxırdı. O əlini yuxarı qaldırıb salam verdi, Rafael də əli liə "beş dəqiqəyə gəlirəm” işarəsini verdi və içəri girib Lenanı səslədi:
- Lenusya?! Sən hazırsan?!
- Hə, hazıram, ama sizinlə getməyəcəm!
- Niyə?- Rafael güya təəccüblənərək soruşdu.
- Ona görə ki, maşının oturacaqları çirklidir, keçən dəfə ağappaq ətəyim qapqara olmuşdu-  istehza ilə gülümsəyərək dedi və dikdaban ayaqqabılarını rəfdən götürüb geyinməyə başladı- Hə? Nə dedi sənin Oksanan? Darıxıb? Mən onsuz da anamın yanıma gedəcəm, gəlir gəlsin, bir də ki, yox desəm nə olacaq ki? Biz səhər plyaja getməliyik bilirsən, elə et ki, planımız pozulmasın.
Rafael suallların üstündən sükutla keçərək dedi:
- Bilirəm, gəlib anan gildən səni götürərəm- və Lenanı aşağıdan yuxarı süzüb könlünü almaq üçün dedi- Əla görünürsən, amma əytəyin çox qısadır, elə bil ki, enli toqqadır. Qısqandım- gülümsədi
Lena heç nə demədən qapıdan çıxdı, Rafael də onun ardınca, qapını bağlayıb liftə minib aşağı düşdülər.
Kolya dayını görcək, Lena ona çox səmimi salam verdi:
-Sabahın xeyir, Kolya dayı!
- Sabahın xeyir, qızım! Gəl otur.
- Yox, Kolya dayı, mənsiz gedin, mən avtobusla gedəcəm.
-  Niyə, qızım? - Kolya dayı israr etdi- heç olmasa dayanacağa qədər aparaq səni...
 - Kolya dayı, zəhmət olmasa otur maşına, gəlirəm- Rafael ona göz-qaş etdi, sonra Lenanın qolundan tutub bir az yola sarı getdilər- Nə oldu sənə, canım-gözüm? Olmaya qısqanırsan?
- Qətiyyən, özün bilirsən,- Lena qəmgin sifət aldı.
- Onda öpüm.. - deyərək Rafael onu qucaqlayıb öpmək istədi, Lena gülümsəyərək onu itələyib üzünü yana çevirdi.
- Oksananı axşam istədiyin qədər, isdədiyin yerdən öpə bilərsən, – Lena gülərək dedi
- Yaxşı də..
- Hə, bir də mənim alt paltarlarımı onun əyninə keçirmə, onsuz da ona balacadır...
  Rafael utancaq görkəm alıb başını qaşıdı:
- Bəsdir də... Bəlkə axşam sən də gələsən evə?
- Rafael, mən sənə dedim axı, o sənin tanışındır...
- Nə oldu bəs, Vajdaeva ilə Gəlincikdə bir oğlanı ikiniz zorlamağınız..
- Biz onu zorlamamışdıq. Nə isə, mən getdim – Lena onun sözünü kəsdi və əlindən çıxib gülümsəyərək – Hələlik, sabah danışarsan – dedi.
- Sən bir dənəsən, sevirəm!- bir az ucadan onun ardınca səsləndi və gedib maşına oturdu.
Kolya dayı yumruğunu ona yavaşca toxundurub dedi:
- Nə olub? Niyə xətrinə dəymisən qızın?
- Deyir maşınınız çirklidir, ətəyim batacaq, bir də bu maşınla iş yerinin qarşısında düşməyə utanır.
- Nə edim, işdə o adam yoxdu ki bu maşına minməsin, – Kolya dayı inciyərək cavab verdi.
Onlar üzü aşağı gedəndə Lena da səki ilə gedirdi. Kolya dayı diqqətlə ona baxırdı. Bərabərləşdikdə siqnal verıb əl etdilər. Rafael pəncərədən, "Çox gözəl ayaqlarınız var, qəşəng qız, sizinlə tanış olmaq olarmı” dedi. Lena gülümsəyərək əl etdi və onlar sürüb uzaqlaşdılar.
- Eh, Rafa, Rafa! Mən də cavan olmuşam, heyf. Bu qız çox yaxşı qızdır, həm də maşallah, at kimidir, pis mənada demirəm. Yadındadı yeni il şənliyində işdə, onu da gətirmişdin, qəşəng gödək qara donu vardı, hər yeri də deşik-deşik. Həəə, Alekseyiç kəsdirmişdi onun yanını bütün axşamı, ağzının suyu axırdı, dedim elə protezinə yaraşır...
  Rafael gülərək cavab verdi:
- Hə yadımdadır, qoca kişidir də, Kolya dayı, amma heç sən də özünə görə deyilsən.
 Kolya dayı razı halda gülümsədi, Rafael söhbəti dəyişdi:
 - Nə isə. Məni ofisdə düşür, sonra get bazaya, hər iki Dimanı və bir də generatoru götürüb apar Sanıçın bağına, axşama kimi orda olacaqsız, axşam da ofisə gəl, maşın istirahət günləri məndə qalacaq.
- Oldu, Müdür!- Kolya dayı onunla zarafat etdi - Hə də, sonra da deyirsiz maşın çirklidir, bu iki Dima əsl donuzdurlar.
Axşam Rafael həyətə çatıb maşını park edərkən blokdan tanış bir adamın çıxdığını görüb siqnal verib, açıq pəncərədən onu səslədi:
- Vadyuxa?!
 Oğlan səsə tərəf baxıb gülümsədi və maşına tərəf gəldi. Rafael maşından sevincək düşərək onunla qucaqlaşdı
- Makarov..!
- Rafa, qardaşım..!
- Nə yaxşı gəldin, niyə zəng vurmadın, xəbər eləmədin?
- Buralarda işım vardı, dedim bir gedim yoxlayım, bəlkə evdəsən.
- Çoxdandır görüşmürük, az qalıb bir il ola, gedək evə, orda yaxşı-yaxşı dərdləşərik.
Vadimin gözü onun əlindəki telefona sataşdı:
- Ooo dostum.., qalxmısan, mobilin də var.
- Vadım buna qalxmaq deyirsən?
- Neçəyə almısan? GSM-dir?
- Yox CDMA, 700 dolllara.
Onlar bir-birinə baxıb yenə qucaqlaşdılar, Vadim boğazına çırtma ilə vurub dedi:
- Bunu həm yumaq, həm də üstündən bir baş da nəşə çəkmək lazımdır.
  Onlar mənzilə qalxdılar. Rafael tez-tələsik çay gətirdi, oturub bir xeyli söhbətləşdilər
- Maşın sənindir?- Vadim soruşdu.
- Yox, idarənin maşınıdır, bir sürücümüz var, kommunistin birisidir, kəs başını şənbə, bazar işə gəlməz. Düzü heç mən də bu günləri az-az işə gedərəm, müdir Moskvadadır, bir az azadlıqdır, kişini şəxsi sürücü kimi istifadə edirəm. Bu gün götürdüm ki, sabah Lena ilə plyaja gedək -  deyərək Rafael gülümsədi.
- Lap yaxşı... Hə? Lena necədir? – Vadim soruşdu
- Yaxşıdır, atasının yanından çıxıb, indi kənd təsərrüfatı nazirliyində işləyir.
- Afərin! Lena çox ağıllı və savadlı qızdır. Sən axmaqsan, belə qızın qədrini bilmirsən..
- Yaxşı, Vadim!- Rafael əlini dostunun çiyninə vurub dedi- Danış görək səndə nə var, nə yox?
- Düşüm bir araq götürün gəlim, oturaq, ya da... Lena saat neçədə gəlir? Gözləyək bir yerdə oturarıq.
- Lena anasıgildə qalacaq, odur ki, bir azdan düşərik bir yerdə.
- Niyə? Dalaşmamısız?- Vadim təəcüblə soruşdu.
- Yox, biz dalaşmırıq, onu bilirsən- Rafael əli ilə başını qaşıyaraq, güya utandı və gülümsəyərək davam etdi- Başqa qonağım var.
Vadım inciyirmiş kimi kresloya yayxanıb, əllərini yana açaraq dedi:
- Sən dəlisən. Bu qız axırda səni atıb qaçacaq..
-  Oksana "zavodskoy”dan zəng eləmişdi səhərin gözü açılmamış..
- Aydındır- Vadım çiyinlərini çəkdi - Sən bu qaraçı qızda nə görmüsən mən bilmirəm?
- Vadim, o qaraçı deyil.. – Rafael gülümsəyərək ona etiraz etdi -.. yəni oturaq qaraçıdır, əyləci də pis işləyir- deyərək Rafael yenə gülümsədi.
- Yaxşı, yaxşı! Başlama lənətə gəlmiş, "azer”, gözün doymur ki, doymur. Nə isə, özün bilərsən. Düzü bir neçə gün burda qalmaq istəyirəm. Sizə mane olmaram?
- Yox, problem deyil, bilirsən Lenanın sənə münasibəti yaxşıdır.
- Sağ ol, dostum, düzü işlərim bir az yaxşı deyil- Vadim bir az fikrə gedib soruşdu- Oksana nə vaxt gələcək?
- Səkkizə deyib, nədir ki?
Vadim yenə  fikrə getdi bir anlığa, sifətindən görünürdü ki, nəsə demək istəyirdi, amma dostunun ona yox deyəcəyindən ehtiyyat edirdi. Rafael bunu hiss edib soruşdu:
- Makarov? Nəsə problem var? Bəlkə pul lazımdır?
- Yox, pulum var, çox sağol. Bilmirəm necə deyim, düzü mənə bir yerə getmək lazımdır. Açığı beynimə oynamaq verıb..
- Vadim..- Rafael peşiman bir sifət aldı-  ..sən bu işdən əl çəkməmisən hələ?
- Rafa, məni danlama. Bilirsən bu axşam Beryozovkada bir neçə fermer filan yığışacaq, gedib onları bir yaxşı yolardım. Bir dost kimi, tək getmək istəmirəm, həm də maşını gördüm, lap yerinə düşdü. Cəmi iki saat oturacam, sən də barda kənd qızları ilə vaxtını keçirərsən...
- Vadim, ora şəhərdən ən azı 40 kilometr aralıdır, bu maşınla təkcə yola saat yarım vaxt gedəcək, həm də indilərdə Oksana gəlməlidir, söz verdim ona.
- Rafa, Oksanadır də, gəlib görəcək yoxsan, gedib bir yerdən zəng edəcək sənə. Vəssalam.
Rafael dərindən nəfəs alıb bir az fikrə getdi. O dostunun üzünə baxmadan dedi:
- Orda hər şey tər-təmizdir? Problem olmayacaq?
Vadim sevincək cavab verdi:
- Hə, narahat olma, hamısını tanıyıram, yerin sahibi də öz uşağımızdır. Bilirsən də o ərazilər mənim əlimdə olub.
Rafael başını yelləyərək dedi:
- Eh, Makar, Makar... Yaxşı, apararam səni...
- Sən əsl dostsan! – sevincək Vadim onun qolundan tutub bərk-bərk sıxdı.
Rafael vərəqə kiçik bir məktub yazıb qapının arasına taxdı, sonra qonşunun qapısını döyməyə başladı. İçəridən yüksək musiqi səsi gəlirdi:
" Atlarıma su verib doyuracam,
Mən kupletimi sonadək oxuyacam,
Və hələ bir az da
Sıldırımın kənarında
Dayanacam”
   Musiqinin səsi azaldı, içəridən qadın səsi gəldi:
- Kimdir?
- Mənəm Rafael, qonşu!
- Bir saniyə!
  Bir neçə saniyədən sonra qapı açıldı. Qonşu qız alt paltarında və "t-shit”da idi. O Vadimi görcək tez kənara çəkilib, təkcə başını çıxarıb gülümsəyərək dedi:
- Oy, bağışlayın, nə lazım idi?
- Heç , sən bu gün evdəsən?
- Hə evdəyəm.
- Onda açarı sənə verim, bir qız gələcək, adı Oksanadır, ona verərsən?
- Ooo, əlbətdə!
- Çox sağ ol, - deyıb Rafael açarın birini həlqədən çıxarıb ona verdi.
Qonşu qız gülümsəyərək qapını örtü. Vadim güya ürəyi gedirmiş kimi səndələyərək Rafaeldən yapışıb asıldı:
- Məni tut dostum, bu nə idi?
- Hə qəşəngdir, tələbədir, bir az başı çatmır deyəsən..
- Məni onun başı maraqlandırmır – Vadim onu buraxıb liftin düyməsini basdı- Sən buna necə dözürsən ? Yoxsa dadına baxmısan?
- Yox, düz sözümdür, - onlar liftə minib aşağı düşdülər.
- Məni yaxşıca tərifləyərsən ona, – Vadim zarafatla dedi
- Burda qalacaqsan də, özün yaxınlaşarsan. Amma tam radikal və qətiyyətli ol, – Rafael ciddi baxışlarla ona baxdı.
- Nə barədə? Nəyə görə dedin ki? - Vadim təəccüblə soruşdu
- Bir dəfə dedi ki gəl içək, gedib bir araq aldım, başladıq gci- gic fəlsəfədən danışmağa, hardasa bir iki saat çənə vurduq, siqaretim qurtardı, onda çəkirdim, keçən yay, dedim, gedim siqaret alım gəlim..
- Hə?
- Heç nə, nə olacaq?  Qayıdanda məni içəri buraxmadı- Onlar bir birinə baxdılar, Vadim soruşdu:
- Niyə?
- Dedim niyə qapını açmırsan? Nə desə yaxşıdır?
- Nə?- Vadim yenə də çox maraqla soruşdu:
- "Sən məni zorlamalı idin”
- Ha-ha-ha, - Vadim qəhqəhə çəkərək,  iki əlini onun çiyinlərinə qoyub başını sinəsinə dayayıb  bir xeyli güldü - Sən lap axmağın birisən ki?
  Rafael də onunla bərabər gülürdü,. Beləcə gülə-gülə gəlib maşına oturdular.
- Yaxşı, Vadim, gülmə mənə. Sən onun hippi geyimini, bir də eynəyini görsəydin, mənim kimi davranardın, mən nə bilim axı?
- Ay səni Rafa, Rafa, yaman güldüm, lap özünü yandırmısan.
- Hə elədir, odur budur söhbət bağlanıb.

----------------

Yol boyu elə hey qonşu qızla olan hadisəni xatırlayır, bir az da bəzəyib deyib-güldülər. Qəsəbəyə çatanda Vadım hara gedəcəklərini göstərdi. Onlar maşını saxlayıb düşdülər. Bura bir keçmiş pioner evi idi, onu sahibi özəlləşdirib birinci mərtəbəsində bar və diskoteka, ikinci mərtəbədə isə trenejor zalı, billiard klubu və oyun zalı düzəltmişdi. Binanın fasadında neon işıqlardan pioner nişanı və " Klub VSEQDA QOTOV!” yazılmışdı. Onlar qapıdan içəri keçərək birbaşa yuxarı ikinci mərtəbəyə qalxdılar, otaqlardan birinə daxil oldular, içəridə bir neçə nəfər oturub poker oynayırdılar. Otağın bir küncündə kiçik bir bar da vardı. Onlar içəri girdikdə əyləşənlər hamısı Vadımlə və Rafael ilə əl tutub görüşdülər, Rafa özünü burada yaxşı hiss etmədi və mən "aşağıda olacağam” deyib otaqdan çıxdı.
  Diskotekada əsasən çox gənc uşaqlar idi, Rafael bara yaxınlaşıb əyləşdi, barmen çox cavan bir qız idi, o yaxınlaşıb " nə istəyirsiniz?” deyə soruşdu. Elə bu vaxt Vadim də aşağı düşüb onun yanına gəldi,  əyləşib bir əlini Rafaelin çiyninə qoyub barmen qıza salam  verdi:
- Salam Mila!
- Salam Vadim!
- Dostum istirahıt elə, vur getsin, mən bir dolu stəkan buraxdım. Narahat olma it-qurd mənlikdir. Darıxma, bu oyunu bitirsinlər oturub onları qaz kimi yolacam – deyib sonra da barmenə səsləndi- Mila, bu oğlana qulluq et!
  Mila hərbi salam verib gülümsədi
Vadim Rafaelin kürəyinə bir neçə dəfə əli ilə toxunub çıxıb getdi
Barmen qız yenə yaxınlaşıb soruşdu:
- Hə? Nə içəcəksən?
- Nə bilim.. Baltika 3 ver
- Oldu! – deyib qız pivə və bokal gətirdi, bir az ona sarı əyilib soruşdu - Vadimin dostusan?
- Hə. Nədir ki?
- Heç, səni birinci dəfədir görürəm.
- Olar, bura birinci dəfədir gəlirəm.
- Harda qalırsan - Mila maraqla soruşdu
- 65 nömrəli məktəbin yanında- Rafael qıza bir xoş söz demək istədi- Gözəl adın var. " Milaya mila, v seni xodila”, eşitmisən bu mahnını? Əsl sənin barəndədir, heç inək sağmısan? – o zarafatla dedi.
- Yox sağmamışam- Mila gülümsədi  və soruşdu- Bəs sənin adın ?
- Rafael!
- Tatarsan?
- Yox , azərbaycanlı.
- Ooo .. mən deməzdim...- Mila təəcüblə dedi- ...rusca çox yaxşı danışırsan.
- Sağol!- pivədən bir heçə qurtum içib dedi- Neçə yaşın var  Mila?
- On səkkiz!- Mila cavab verdi
- Vau! Çox balacasan – Rafael gülərək dedi
- Bir o qədər də yox – mila   dilini çölə çxararaq gülümsədi.
 Mila ondan aralaşıb üzünü çevirib masada nəsə etməyə başladı, Rafael bir qədər əyilərək onun ayaqlarına baxıb dedi:
- Şəhərə te-ttez gəlirsən ?
- Gələn həftənin ikinci günü gələcəm, orda xalam yaşayər- deyərək mila ona sarı çöndü.
- Əla, onda görüşək, nə deyirsən?
- Hə, olar- razı halda Mila cavab verdi
- Amma mən kasıbam, biləsən- Rafael gülümsəyərək dilini çıxardıb ona göz vurdu.
Mila uşaq kimi gülərək dedi:
- Sən həm də çox şənsən. – və bir az fəxrlə davam etdi- Bura mənim atamındır, bundan başqa iki mağazaməz və aptekimiz də var.
- Ooo !- Rafael artıq pivəni içib qurtarmışdı, və kefi yaxşı idi - sən əsl şahzadəsən ki?
  Rafael burada iki saata yaxın oturdu, və xeyli keflənmişdi. O stolun üstündəki kartlardan birinə öz nömrəsini yazıb Milaya verdi, və nömrəni verdikdə telefonu yadına düşdu, onu toqqasına bərkitdiyi qabından çıxarıb  evə, Oksanaya zəng vurmaq istədi. Mila bunu görüb soruşdu:
- SDMA-dır?
- Hə, zəhrimara qalmış, deyəsən burda tutmur...
- Hə elədir, ona görə atam GSM işlədir
  Rafael çox yorğun və kefli idi. O Vadimin belə tez çıxmayacağını bilirdi, odur ki gedib maşında bir az yatmaq istədi.
   O vadimin maşının şüşəsini döyməsinə ayıldı
- Rafa? Dur görək dostum!
Rafael qalxıb yuxulu halda maşından düşdü
- Saat neçədi Vadim?
- Üçü keçər- o dili dolaşaraq dedi, çünki çox kefli idi.
- Gedirik?- Rafael soruşdu və onun qanı qara olduğunu gördü və məslənin nə yerdə olduğunu başa düşdü - Nə olub?
- Heç, sovurdum göyə hamısını 25000 rublum vardı.
- Vadım sənə dedim axı... Nə oldu, hə? Sən də deyirsən kolxolçulardı filan.. Nə oldu? Gəl gedək.
- İnan mənə, içlərində birisi var, əsl şullerdi. Rafa onsuz da işdən keçib, 5000 ver mənə varsa, bircə saata hamısını qaytaracam
- Vadim yazıq Oksana indi glib qalıb orda tək, səhər..- Rafael Vadımlə mübahisə etməyin mənasız olduğunu başa düşüb ona pulu verdi. O Vadımı hələ bu qədər kefli görməmişdi, onun nə qədər zəif və aciz bir durumda olduğunu görüb kövrəldi.
-  Vadim bircə saat?
- Oldu- deyib  o kluba getdi
  Rafael bara girib pivə götürüb geriyə maşının yanına qayıtdi, Mila orda deyildi, barda başqa bir oğlan xidmət edirdi. O maşına söykənib fikrə getdi. Oksananı xatırladı, onun yanında olmağı istədi, uç ay olardı onunla görüşmürdü. Onunla mismar zavodunda tanış olmuşdu, Oksana orada mühafizədə işləyirdi və hərbi formaya oxşayan xüsusi paltar geyinirdi. Boyu balaca olsa da cox gözəgəlimli bədəni, çox uzun qara saçları, bir az kal və xırıltılı səsi vardı. Anası vətəndaş nigahında olduğundan nənəsi ilə yaşayırdı, Eleonora adlı çox şirin, dörd yaşlı bir qızı da vardı. Hər dəfə uşağı nənəsinə tapşıranda dava dalaş salardı. Elə ilk görüşlərində Oksana qadınlara biganə olmadığını demişdı.
  Rafaelin fikrini klubun qabağında dayanan bir maşın cəlb etdi. İçəricindən bir nəfər düşüb, tələsik qapıdan içəri girib yuxarı qalxdı.  Bu adam ona tanış gəldi və burada nəyinsə baş verəcəyini hiss edib o da içəri girib yuxarı qalxdı. Pilləkənlərin başında Vadimlə həmən adamən mübahisə etdiyini gördü. Bu Oleq idi, onu Vadimlə bir neçə dəfə görmüşdü, onun keçmiş əlaltılarından biri idi. Oleq israrla uduzduğu pulu ona verməyi tələb edirdi, amma hiss olunurdu ki, o Vadımdən qorxurdu. Vadim isə onu söyür və "nə vaxt olsa verəcəyəm” deyirdi. O Rafaeli görüb "hər şey qaydasındadır” dedi. Rafael çölə çıxıb, deyinə-deyinə maşına sarı getdi və Oleqi gətirən taksinin sürücüsünün əyilərək diqqətlə onun maşının  nömrəsinə baxdığını gördü. Nömrə palçıqdan demək olar ki oxunmurdu. Rafael onun üstünə gobud söyüşlə qışqıraraq dedi:
- Nə lazımdır sənə zibilin birisi? Cəkil maşından kənara!
  Taksi sürücüsü dik atılaraq qorxaqca gülümsədi:
- Heç nə qardaş, nömrə çox çirklidir, ona baxıram.. Dəyib dolaşmazlar?
- Gicbəsər, kim dəyə bilər mənim maşınıma? Get burdan!- Rafael onun üstünə yenə bağırdı.
- Bağışla qardaş, nəsə bir səhvim varsa, elə belə baxırdım – deyərək o gülümsəyə-gülümsəyə öz maşınına terəf getdi.  
  Rafael onun gobud ləhcəsindən erməni olduğunu bildi. Bu vaxt Oleq içəridən çıxıb " Ara, getdik " dedi. Onlar maşına oturub getdilər
  Vadim də çölə çıxıb tələsərək  Rafaelin yanına gəldi və həyəcanla dedi:
- Bu əçlaf gedib adam gətirəcək, otur maşına getdik!
Rafael cəld maşına əyləşib motoru işə saldı. Onlar yola düşdülər. Vadim yenə əsəbi halda dedi:
- Rafa, bir az tez sürə bilərsən ?
-  Bu zibilə qalmış 90-dan yuxarı getmir,- Rafael cavab verdi
- Gərək onu burda cəhənnəmə vasil eliyərdim. Səni bu işlərə qatmaq istəmirəm, yoxsa canımı ondan qurtarardım - deyib Vadim tapançasını çıxarıb qundağı ilə bir neçə dəfə panelə vurdu.
Rafael bunu görüb başını silkələyib söyərək "zibilə düşdük” dedi.
- Görürsən də, Rafa? Nə günlərə qaldım, Oleqdən qaçıram. O mənim əlimin altının küçüyü idi. Yadındadır? Bütün rayon bizim əlimizin altında idi, hər şey dağıldı, məhv oldu – Vadim hirsli-hirsli davam etdi- sən ağıllı oğlansan, vaxtında qoşulmadın mənə, siz "azer”lər ağıllı millətsiniz, zəhmətkeş. Biz ruslar başdan xarabın birisiyik...
- Yaxşı, Vadyuxa, hər millətin pisi-yaxşısı var,- deyə o Vadimın könlünü almaq istədi.- Nə idi o? Sənin bir şilləvuranın var idi, azərbaycanlı?
Vadim ani olaraq fikrə gedib sonra gülümsəyərək dedi:
- Həə, Saşanı deyirsən? Nə idi onun adı?- Vadim bir neçə dəfə yumruğunu alnına vurub, daha sonra sevinclə dedi- Tapdım! Sayəddin. Hə, hə, gicbəsərin biri idi. Elə bil mağaradan indi çıxmışdı, içəndə şirə dönürdü, ayıq olanda dovşana, – deyib gülməyə başladı.
Rafael də onun bu sözünə bərkdən güldü. Amma görünür Vadim asanlıqla sakitləşmək istəmirdi, o həm də çox kefli idi:
- Bilirsən, Rafa, mən bu zibilə qalmış ölkədə nəfəs ala bilmirəm, havam çatmır, - Vadim sözünə davam etdi- Yeltsinin idarə etdiyi bir ölkədə mən nəfəs ala bilmirəm. Yadındadır? Bu şüarı inistitutun divarına yazmışdılar...
- Hə, yadımdadır, son vaxtlara qədər dururdu, həm də ki, Yeltsin artıq prezident deyil axı  – deyərək Rafae gülümsədi və Vadimə zarafatla dedi - Bu sənin işin deyildi?
- Zarafat edirsən? Rafa, biz tərbiyəli, nümunəvi tələbələr idik, - Vadimin yadına deyəsən nəsə vacıb bir şey düşdü və həyəcanla sevinərək əlavə etdi - Bilirsən kimi gördüm?
- Kimi? - Rafael maraqla soruşdu.
- Boçkaryovu!
- Riyaziyyat?
- Hə, Boris Alekseyiç!
- Çox yaxşı müəllim idi - Rafael sanki təəsüfləndi.
- Təsəvvür edirsən?.. - Vadim həvəslə davam etdi - ..altında bahalı maşını, filan, dedi ki, "hüquqa” keçmişəm, kafedra müdiri. İnanmazsan, amma səni də soruşdu. Nə isə deyəsən özünü tutub, yəhudi ki, yəhudi..
- Hə, çox vicdanlı adam idi, yaxşı yadımdadır, imtahana girəndə uşaqlar tir-tir əsirdi...
- Bircə ikimizdən başqa - Vadim fəxrlə onun sözünü kəsdi - Bizə əlavə ulduzlu məsələlər verərdi... Eh, indi baxdım ona, çox dəyişib ağıllanıb, həyatın nəbzini tutub. Bir papağı var idi, dovşan dərisindən, yanı da deşilmişdi - Vadim başını gülə-gülə yülləyərək davam etdi.
- Hə yadımdadir.. - Rafael də gülümsədi – Bir dəfə Arsenə qiymət yazmadı, o da demişdi ki gəl sənə bir təzə norka papaq alım, bilirsən də o vaxt norka papaq Alekseyiçin bir aylıq maaşı idi..
- Hə, hə - Vadim bərkdən gülmüyə başladı - Gicbəsər dağıstanlı, gedib yerlilərini gətirib kişinin üstünə, tutub kişini yüngülvari sıxışdırmışdılar ki, bəs mənə qiymət yazmasan səni yükləyərik..
Rafael də uzündən gedərək hər ikisi bir xeyli güldülər, o özünə gəlib dedi:
- Hə, kişi şikayət eləmişdi, Arseni o qovan qovdular, kişinin oğlu reketlik eləmək istəyirdi.
- Həə, Rafa, görürsən indi həyat necə dəyişib, zibilə qalsın bu xarabanı, - Vadim yenə tapançanın qundağını panelə döyəclədi.
- Vadım, yığışdır onu!- uca səslə Rafael ona sanki əmr etdi.
- Yaxşı, narahat olma, mən bir o qədər də kefli deyiləm, yaxşısı budur diqqətin yolda olsun - Vadim dostunu gülümsəyərək sakitləşdirdməyə çalışdı – Hə, onu deyirdim axı, bu yəhudilər çox ağıllıdırlar, əclaflar, sən elə bilirsən ölkəni o alkoqolik idarə edirdi?
- Mənə elə gəlir o vaxt ümumiyyətlə ölkə idarə olunmurdu,- Rafael və Vadim bir-birlərinə baxıb güldülər.
Vadim vacib bir görkəm alaraq, bir az da yerindən qalxıb dedi:
- "Bizim kəndin yaxınlığında,
Yaşayırdı, Naina” !
Bu hardandır bilirsən?
- Əlbətdə bilirəm, sonra?
- Puşkinin ifritəsinin adı da Naina idi, qara saçlı ifritə. Əclaf əsl antisemit olub, amma haqlıdır, Bax, Naina Yosivovna, Yo-si-fovna. Hər şeyi bu ifritə idarə edirdi...
- Vay səni  Vadim, sən çox dərinə getdin, dostum, sənə o Kilomovu verdiyim günə daş yağaydı, tamam girdin sən o vaxtdan o kitabın içinə...
  Vadim dostuna baxıb barmağını silkələyərək dedi:
- Həə, xətrinə dəydi deyəsən - başı ilə Vadim bir neçə dəfə təzim edib əlavə etdi -Yadımdan tamam çıxmışdı axı, sənin bu həvədiş rəfiqən də axı yəhudidir..
- Yox qətiyyən... - Rafael sonra gülümsəyərək dostuna baxdı - Məncə həvə dişlər çox seksual görünür...
- Lənətə gəlmiş "azer”- Vadim ciddiləşdi- o qıza yazığım gəlir. Axmaq! Sən axmaqsan, niyə evlənmirsəm onunla? O səni sevir, o dəfə restorana getmişdik, yadındadır? O bütün axşamı asılmışdı sənin boynundan. Sən belə şeyləri başa düşmürsən, o səni dəli kimi sevir.
- Yaxşı görək, yox bir sevir... - Rafael etinasız halda cavab verdi
- Eh Rafa, Rafa, sən bilirsən ki, ona zülm edirsən? O səninlə bir yerdə olmaq üçün hər şey etməyə hazırdır, hətta sənin o lezbian qaraçınla da yatmağa razı olar. Ancaq ki, həmişə onun yanında olasan, o səninlə nəfəs alır axmaq. Buna dəyər ver..
- Vadim mən elə düşünmürəm, bizim azad və öhdəliksiz münasibətlərimiz var. Mən onu əvvəlcədən şərtimi denmişəm..
- Nə boş-boş mənə sivil münasibətlərdən danışırsan? - Vadim bir az səsini ucaltdı - bir özünə bax! Sən onun nəyinə lazımsan? Az qalır boyda da səndən hündür olsun, səndən də yaraşıqlı imkanlı kişiləri olub əminəm, o sadəcə səni sevir. Ağılsız, heç olmasa proqmatik ol, cəhənnəmə hər şey, uşaqların anasının qız soyadını hansı bir normal ölkədə desələr, rahat həyatları inan ki artıq təmin olunub
- Vadim! Bəsdir. Mən onunla evlənmək istəmirəm, ümumiyyətlə istəmirəm, sevgi filan da ki mənlik deyil...
- Siz "azer”lər hamınız beləsiniz, axırda gedib öz kəndindən birini tapacaq sənə anan...
- Vadim sən bilirsən ki mən elə deyiləm - Rafael inciyərək dedi.
Vadim bir az kədərləndi, əlini dostunun çiyninə qoyub dedi:
- Hə incimə, bağışla Rafa, sən başqasan, mən səni heç vaxt özümüzdən ayırmamışam. Qrupda hamı sənin dalınca danışırdı, deyirdilər bu qaraya baxın, yanındakı qıza baxın...
    Rafael sual dolu gözlərlə ona baxdı, Vadim sözünə davam etdi:
- Zoyanı deyirəm də, Yerşovdan, bütün inistitut ondan ötrü ölürdü..
- Həəə... - Rafael gülümsədi - yaxşı görək, o adi bir qız idi. Çox tərbiyəli idi , ev qızıydı...
Vadim zarafatla onun çiyninə yumruq vuraraq gülümsəyərək  dedi:
- O vaxtdan acın birisi idin, çətin ki düzələsən..
   Rafael gülərək mövzunu dəyişdi:
- Eh Vadyuxa, o üç ili inistitutda bir yerdə olmağımız çox maraqlı idi, sonra hər şey birdən birə dəyişdi..
- Həəə, moruğu pencək,  qalın boyunbağı, Grand Cheroke, nifrət edirəm! Sən yaxşı ki, vaxtında qoşulmadın mənə, hamımızın axırına çıxdılar. Sonra da maddəni buynuma asıb atdilar 4 il içəriyə - Vadim kədərli halda davam etdi- Çıxandan sonra eşitdim ki, Dinanı "Kazaçaya” küçəsində görüblər, inanmadım. Ona çox zülm etmişdim. Heç  bir dəfə yanıma belə gəlməmişdi, onun həyatını korladım, bütün arzularını boğdum, özümdən asılı etdim - Vadim höhkür-hönkür ağlamağa başladı - Mən onu sevirdim Rafa, dəli kimi, amma onun fikri zikri öz "unformal” dostlarının yanında idi, bilirsən necə qısqanırdım? Dəli olurdum. Mən qarşılıqlı sevgi istəyirdim, amma onun vecinə də deyildi. Onun bu duruma düşməyinə xaincəsinə sevindim, bu sevincimdən qorxdum, nə qədər alçağın birisi olduğumu bilmək dünyanı başıma hərlətdi, içim çevrildi. Sevdiyin insandan intiqam almaq, bu bilirsən nədir?
Rafael sağ əliylə onun çiynini sıxıb silkələyib " Sakitləş, hərşey yaxşı olacaq " dedi. Vadim gözlərinin yaşını silib bir az toxtayıb davam etdi:
- Getdim tapdım onu, təsəvvür edirsən? Mənim "yumşaq” Dinam... - Və yenidən ağladı
   Hava artıq işiqlaşırdı, və uzaqda 9 mərtəbəli binalar görünürdü. Rafael tezliklə şəhərə, evə çatıb araq içmək və bütün paltarlarını soyunmaq istəyirdi. Vadim onu fikrindən araladı:
- Nə isə,  getdim onu götürdüm ordan, oralara baxan üşaqları tanıyıram. Sonra da bütün keçmış quldurlar kimi mən də başladım bu işə. Hə Rafa, başladım Dinanı özüm satmağa. Bir iki qız da tapdım, beləcə oldum "sutenyor”- Vadim Rafaelin üzünə baxdı- Mənə bax Rafa! - Vadim qışqırdı- Mən sutenyoram!
  Rafael ona baxıb heç nə demədən maşını sürməyə davam etdi
-    Bir dəfə... -  Vadim davam etdi - bir qoca kaftar manyakın birisi apardı Dinanı. Səhərə yaxın qaçıb gəldi "xata”ya, üzü-gözü bədəni gömgöy, alçaq qoca onunla məzələnmişdi, çarpayiya qandallayıb işgəncə vermişdi. Təcəvvür edirsən? Mənim "yumşaq” Dinam - Vadin qışqıraraq dedi və qəzəbli bir sifət alıb dişlərini qıcayaraq davam etdi - İki " əsgər” götürüb gütdim, can verənə qədər döydüm onu beysbol ağacı ilə,öldürdüm o  qoca alçağı.
   Rafael Vadimin sözlərindən ya bezdi, ya da çox pis oldu, heç nə demədən alnını bir anlıq sükana toxundurub qaytardı, və yan güzgüdə çox aralıda bir maşının sürətlə gəldiyini gördü. Bu Oleqi kluba gətirən maşın idi.
- Vadim onlar arxamızca gəlirlər! - Rafael soyuqqanlılıqla dedi.
   Vadim əyilib güzgüyə baxdı və təşvişlə dedi:
- Hə həmən maşındır! - və Rafaelə baxıb cox həyəcanlı halda əlavə etdi - Onlar bizi keçsə, hər ikimiz meyidik!
   Rafaelin isə sanki beyni donmuşdu, nə edəcəyini bilmirdi, maşın isə onlara çatmaqda idi. Rafael qazı axıra qədər basdı, amma motorun səsi belə dəyişmədi, spidometr 90- nı göstərirdi,  maşın onlara çatdıqda Rafael maşını sola çəkib yolun ortasıyla sürməyə başladı, arxadan gələn maşın bir neçə cəhd etsə də Rafael onları keçməyə imkan vermədi, və görünür sürücü yük maşını ilə toqquşmağın onların xeyrinə olmayacağını başa düşüb bir az geri çəkildi . Vadim əsəbi halda Rafaelə təlimatlar verir, lakin o bunu heç eşitmirdi. Beləcə bir neçə dəqiqə cəkən yarışmadan sonra onlar doqquzmərtəbələrə artıq çatmışdılar. Vadim əsbi halda dedi:
    -Rafa dostum, bağışla səni bu işlərə qatdım, maşıni yavaşlat, mən düşüm, sən get , onlara mən lazımam..
     -Vadım mən səni belə ata bilmərəm, girək həyətlərə, orda düşərsən - Rafael nə etdiyini dəqiq bilməsə də əsas Vadimdən qurtulmaq, və onu təhlükəsiz bir yerdə düşürtmək istəyirdi. Və o maşını bir az yavaşıtdıqda arxadan gələn maşın onu yenə keçməyə cəhd etdi. Rafael ona yol verdi, və əyləcə basaraq cəld sağa doqquzmərtəbələrə gedən kişik yola buruldu və sürəllə irəlilədi. Arxadan gələn maşın bir xeyli qabağa gedıb saxladı və sürətlə geri verib onların dalınca getdi. Rafael tağdan həyətlərə girib maşını yavaşıdıb bağırdı:
- Düş cəhənnəm ol gizlən bir yerdə!..
  Vadim heç nə demədən özünü maşından atıb qaçdı, Rafael həyətin yalnız bir girişinin oldoğunu anlayıb  balaca uşaq meydançasının başına dövrə vurub  yenidən tağdan çölə çıxdı və həmən maşın onun yolunu kəsərək dayandı. Ara-sıra küçə ilə adamlar gedirdi çox tezdən olmasına baxmayaraq. Və bu Rafaelə bir az toxtaxlıq verdi. Maşından Oleq və iki nəfər düşdü, o onlara, "siz gedin onun dalınca, bu mənlikdir” dedi. Həmən iki nəfər Rafaelin yanından keçib qaçaraq  tağdan içəri girdilər. Sifətlərindən şimali qafqazlı olduqları bilinirdi, görünür çeçenlər idi. Oleq isə maşınin qapısını açdı,əlində silah var idi:
- Düş aşağı! – dedi
Rafael nədənsə çox soyuqqanlı idi, görünür baş verənləri dərk etmirdi:
- Düşmürəm – deyə cavab verdi
- Gedək göstər görüm Vadim hardadır, yoxsa gəbərdərəm səni!- Oleq qəzəblə dedi
- Oleq sən məni tanıyırsan, bilsəm də demərəm. Özünüz bilərsiniz, bu mənlik deyil..
  Elə bu an həyət tərəfdən it səsi, və qarmaqarışıq kişi səsləri gəldi və ardinca da  bir neçə atəş səsləri. Oleq bir anlığa çaşıb g
Ldikləri  maşınlarına tərəf qaçdı. Rafael maşını sürətlə sürüb bardürlərin üstündən adlayıb otluqla əsas yola çıxıb  şəhərin mərkəzinə sarı sürüb getdi. O arxada nəyin baş verdiyini bilmədi, "Simbirskaya” küçəsiylə sürətlə aşağı düşüb tanış ara küçələrdən birinə buruldu. Maşını saxlayıb  düşdü və yeyin hərəkətlə, tanış cığırlarla bir xeyli getdi, "Çapaev” küçəsinə çıxıb yolun kənarında bir az dayandıqdan sonra bir taksiyə əyləşib evin ünvanını dedi. O heç nə fikirləşmirdi, sanki beyni donmuşdu.
  Yalnız bir neçə gündən sonra biləcəkdi ki, Vadim maşından düşərək bloklardan birinə girib izi azdırmaq üçün orda gizlənmək istəyib, bir neçə mərtəbə yuxarı qalxıb. Bu vaxt isə bir kişi öz dobermanını gəzdirmək üçün aşağı düşürmüş. İt vadimi görcək hürməyə başlayıb, sahıbı isə onu sakitləşdirməyə çalışdıqda Vadimin əlindəki silahı görərək çaşaraq iti buraxıb, və qışqıraraq qaçıb.  Vadim iti vurmağa macal tapsa da səsə bloka girən çeçenlər onu liftin qabağında güllələyiblər.
   Rafael taksidən düşüb, liftə minib yuxarı qalxdı. Açarı cibindən çıxarıb sakitcə qapını açdı. Onun əlləri titrəməyə başlamışdı. O içəri keçib, sakitcə yerə oturub qapıya söykəndi. Bu kirayə qaldığı bir otaqlı evdə, zaldakı divanın ayaq hissəsi qapıdan girən kimi görünürdü. Beləcə bir qədər oturub gözünu divandaki ayaqlara zillədi, və gülümsədi. Sonra qalxıb vanna otağına keçib bütün paltarlarını cıxardı və üzünü soyuq su ilə yuyub daha sonra zala keçib sakitcə kresloya oturdu. Kiçik masanın üstündə tam içilməmiş böyük araq şüşəsi, ağzı açılmış metal pivə bankaları, siqaret, alışqan və yeyəcək var idi. O arağı qədəhə süzüb başına çəkdi və  metal bahkaları bir bir silkələyib nisbətən dolusunu tapıb onu da içdi. Bir siqaret götürüb yandırdı, o yeddi ay idi ki siqaret çəkmirdi. Bunları edərkən o gözünü divanda yatmış Oksana və Lenadan çəkmirdi. Üstlərindəki  ağ   Oksananın təkcə kürəyini örtmüşdü. Onun ayaqları qaralmış və gündən qabıq vermişdi, əynində isə Lenanın ağ "string”i var idi.Bunu anlayınca o gülümsədi. Oturub bu mənzərəyə sonsuz qədər baxmaq istədi, tam sakitlik olsun deyə bayaqdan açıq qalmış televizorun transformator tək guruldayan səsini kəsmək üçün əyilib xalçanın üstündəki pultu götürdü. Xalçanın üstündə həm də "Playstation” və iki joystick də vardı. Və bir də televizorun ekranında donub qalmış " Naməlum qadınla randevü” oyunu.