Malik Atilay. Danışdırma bu şəhəri... (ŞEİRLƏR)

Malik Atilay. Danışdırma bu şəhəri... (ŞEİRLƏR)

Ağaclar həsrət tökür burada 

Danışdırma bu şəhəri 
Danışsa çox şeylər üzə çıxar 
Ölülərin sayı itər
Qanlar dizə çıxar 

O alışıb susmağa 

Danışdırma bu şəhəri 
Gündüzünə qarışmasın gecələri
Uçulmasın binaları
Dağılmasın küçələri 

Qırıq-qırıq ümidlər tökülər 
Bakının dilindən 
Ağacları həsrət tökər hər payız yarpaq əvəzi
Ayrılıq qoxuyar gülündən

Ağaclar həsrət tökür burada

Keçmişdən gəlmə bir səstək
Dolaşır küçələri kimsəsiz adam 
Divarlara sual verir 
Yollardan alır cavab 
Özündən qaçar burada 
Özünə qaçır adam... 

Taleyinə uduzmuş qadınlar

Uşaq evi
Gözlərində qorxu böyüdən uşaqların
Qulaqlarından
Qadağalar sırğatək asılıb
Tərli pəncərədə "ana" yazılıb...

Qadınlar 
Sıraya düzülmüş
Yolların kənarında
Dan yeri sökülür
Günəş yaşlı müəllim kimi
Asta-asta qalxır göyün pilləkənlərini
Taleyinə uduzmuş qadınlar evlərinə dönür
Yarıyuxulu körpələrin gözləri
Güllə kimi açılır onların üstünə
İlk eşitdikləri söz ana...

Qocalar evi
Əzilmiş vərəqə bənzəyən üzlərdəki
Umudsuz, çarəsiz təbəssüm
Altını bulayan qadın buğlanan gözləriylə görür ölümü
Və yuxusunda hər səhər eşitdiyi
"ana" sözünə qarışır
Söyüşləri sanitarın...

*** 

Səndən danışacam məhşər günü
Bütün suallara cavabım
Bu qızdı deyəcəm…

Üzünə gülüş qonduran
Ürəyinə ümid gətirən sözlərim buna şahid duracaqlar

Şaxtanın əl üzən vaxtında
Ovcumda isinən əllərini göstərib əllərim
Deyəcəklər ki
Bizim də tək savabımız 
o qızın üşüyən əllərini qucaqlamağımız olub…

Qələndərsayağı

Dərgahdan qovulmuş qələndər kimi,
Atıb xurcunuma tənhalığımı
Gəzirəm küçə-küçə...

Bu gecə
Şüşəsinə çatlar düşmüş pəncərəni
intihar etməyə çağırır asfalt
Küləklər göylərə aparır 
otellərdəki yeniyetmə qızların ağrılarını...

Buludların arxasında gizlənir
bu gecənin əməl dəftərinə
nə yazacaqlarını bilməyən çarəsiz mələklər

Hirsdən, ehtirasdan yanan gecəni
Yağış soyutmaq istəyir
Yağış damlalarıyla sinəsindən vurulur
Müəzzinin yanıqlı səsi

***
 
Yeniyetmələrin zirzəmilərdə gözlərdən iraq çəkdiyi siqaretlərtək 
Ayıb bir şeymiş kimi içində gəzdirdiyin sevgi 
Sevgi deyil, Əli... 

Dağıt həyatını köhnə məhlələr kimi, 
Dünənlərinin aynasından acıqla gülməsin deyə xatirələr 
Sındır bütün güzgüləri... 
Uçurt özülünü sabahların 
Pərən-pərən elə həyatının sütunlarını 
Qaç evindən 
Qaçanda yaddan çıxarma 
Sevinclərinin altını söndür, 
Xəyallarını ümidlərdən ayır, Əli... 

Sevgini və ümidlərini 
Daşıyacaq sabahın, 
Böləcək kimsən qalmayıb 
Sonuncu pulunla aldığın kökənim
Yarısını quşlara atırsan 
Pişiklərə verirsən yarısını, Əli...