Malik Məmmədli – XX əsr Azərbaycan ədəbiyyatına dair qeydlər.. (I yazı)

Malik Məmmədli – XX əsr Azərbaycan ədəbiyyatına dair qeydlər.. (I yazı)

Vladimir Nabokov özünün "Rus ədəbiyyatı haqqında mühazirələr"ində XIX əsr rus ədəbi mühitindəki azadlıq ilə sovet dövrü Rusiyasındakı sənətçi azadlığını müqayisə edərək belə bir nəticəyə gəlir ki, "Onlar - XIX əsrin yazıçıları, bəstəkarları və rəssamları - basqı, təzyiq və köləlik diyarında yaşadıqlarını çox yaxşı bilirdilər, amma dəyəri yalnız indi bilinən müdhiş bir avantajları var idi; modern Rusiyadakı nəvələrindən fərqli olaraq, basqının və köləliyin olmadığını deməyə məcbur deyildilər" (Tərcümə - Qismət.) Şübhəsiz ki, siz, bütün keçmişini, uşaqlığını və mülkiyyətini Oktyabr inqilabından sonra o ucu-bucağı bilinməyən rus düzlərinə əmanət qoyaraq ana vətənindən didərgin düşmüş bir mühacir yazıçının rus zadəgan əsrinə və bu əsrin ədəbi mühitinə açıq-aşkar hiss edilən həsrətini müəyyən sentimentallıqla əlaqələndirmək haqqını hər zaman özünüzdə saxlayırsınız. Lakin, bu heç bir halda bizə, totalitar rejimlərin günlərin bir günü elə öz başlarına bəla olan "Qələmləri yönləndirmək" canfəşanlığına haqq qazandırmaq imkanı vermir. Onlar, fəhlə-kəndli diktaturası, inqilabçılar, yaxud sovet bürokratiyası, necə adlandırılmasından asılı olmayaraq, öz ideoloji yeknəsəkliklərini diri tutmaq üçün lap əvvəldən ədəbiyyata ehtiyac duyurdular. Bu ehtiyacı ödəmək üçün XIX əsrin liberal ədəbi və ictimai ənənlərinin davamlılığının qarşısının alınması, mahiyyətindən asılı olmayaraq bütün yayımlanan mətnlərin qatı senzuradan keçirilməsi, ədəbiyyatın və sənətin geniş çöllərinin işğalı ilə yeni sərhədlərin cızılaraq Leninin "bütöv totalitar dünya görünüşünə etiqad"ın və ən xırda kənaraçıxmalara belə barışmaz mövqeyinin kulta çevrilməsi və bu ideoloji xəttə səxavətlə xidmət edəcək ədəbi nəslin yetişdirilməsi həyati vacib idi. Bu mənada, Sovet hakimiyyətinin öz məşruluğunu təmin etmək məqsədiylə ideologiyanın, kommunist siyasi idarəçiliyinin, iqtisadiyyatın, məişətin və adi suçudan tutmuş ali rəhbərə qədər bütün təbəqələrin həyatının ədəbiyyat və sənət vasitəsilə təkrar istehsalına möhtaclığı kimdəsə təəccüb doğurmamalıdır. İstər mərkəz, istərsə də preferiya səviyyəsində olsun, bu qaçınılmazlıq, bütün totalitar rejimlərin başının üstündəki Demokl qılıncı, dəyişilməz lənətidir. Lakin, XX əsrin zəngin təcrübələrindən artıq bizə məlumdur ki, bu inzibati yönləndirmə cüzi də olsa hər hansı bir səmimiyyətdən məhrum olduğu üçün öz effektivliyini çox tez itirir, xüsusilə ədəbiyyatda. Köləlik diyarında yaşadıqlarını çox yaxşı bilənlərin neytral qalmaq imkanlarını da əllərindən alıbsınızsa, əmin ola bilərsiniz ki, ədəbiyyatın romantik müqaviməti qiyam hazırlıqlarına artıq çoxdan başlayıb.

Elə Sovet hakimiyyəti də ədəbiyyat və sənət üzərindəki total nəzarətini Stalinin ölümündən bir neçə il sonraya qədər saxlaya bildi. Ancaq, elə Stalinin şəxsiyyətinə pərəstişin partiya rəhbərliyi səviyyəsində tənqidi və bir neçə il sonra ədəbiyyatda "60-cılar" deyilən bir anlayışın ortaya çıxması, bu dırnaqarasının mahiyyəti nə olur-olsun fərqi yoxdur, artıq anlayışlar səviyyəsində olsa da klişedən kənaraçıxmanın, yeniliyinin göstəricisi idi. Buna baxmayaraq, sovet ziyalısı deyilən o başıbəlalı zümrənin ən sonuncu sadəlövünün öz daxilində olsa da, göz yaşı içində kommunist ideologiyasının qalıqları ilə vidalaşmasının ürək dağlayan görüntüsünə hələ bir neçə il qalırdı. Əgər dəqiq tarixi bilmək istəyirsinizsə, xəsislik etməyin mənası yoxdur, bu, sovet tanklarının Praqaya girdiyi 1968-ci il idi.

***

İstər Çar, istərsə də Sovet hakimiyyəti dövrü olsun, Azərbaycan ədəbiyyatı danılmaz şəkildə və özünəməxsus tərzdə rus ədəbi və ictimai mühitinin təsiri altında olub.Söz yox ki, Mirzə Fətəlinin Müsyo Jordanı Petroqraddan yox, Parisdən gəlmişdi, lakin uzaq el kimi Parisin, yad qonaq kimi fransızın seçilməsinin özü belə artıq bir çox xüsusiyyətləri ilə rus torpağının və üstündəkilərin Azərbaycan ziyalısı üçün "mərhəmliyindən" xəbər verirdi. Həmçinin "rus torpağının intəhasızlığı" ilə "rus qəlbinin ziddiyətlərini" çıxarsaq, çar dövrü Rusiyasından geridə qalan sosial, iqtisadi və mədəni mənzərə (hardasa əlli il gecikmə ilə) demək olar ki, elə Avropanın özü idi. Əgər Həsən bəy Zərdabi dünyəvi təhsil üçün rus işğalına ilə özü də bir ziyalı və çar zabiti olan İsmayıl bəy Qutaşınlının açdığı məktəbə borclu idisə, nəhayət ki, Fizuli poetikliyinin cazibəsindən çıxa bilən milli ədəbiyyat da özünün bədii nəsr formaları üçün sıx şəkildə bağlı olduğu rus ədəbi və ictimai mühitinə borclu idi. Bu iddiaya ən spektik yanaşan təhlilçi belə XX əsrin əvvəllərində rus dilinin Azərbaycanın ictimai-mədəni həyatındakı xüsusi yeri və dövrün ictimai fiqurlarının dünya ədəbiyyatı ilə tanışlığı və dünyagörüşündə bu dilin oynadığı pəncərə rolu barədə pozitiv rəy verə bilər.

Təbbi ki, Azərbaycanın Rusiya ilə son iki əsrdəki tale bağlılığı, milli ədəbiyyatın rus ədəbi və ictimai mühiti ilə bağlılığını doğuran başlıca amildir.

Bu əlaqə özünü sovet ədəbi mühitinə keçidin paralelliyində də göstərir. Nabokov üçün XIX əsr ədəbiyyatından sovet ədəbiyyatına keçidin tarixi, 1900-1920-ci illər arasındakı zaman kəsiyində baş qaldıran və hər iki dövrə aid edilməsi mümkün olmayan yeni təmayülləri nəzərə almasaq, Çexov və Tolostoyun vəfat tarixləri ilə üst-üstə düşür. Bəs biz necə? XIX əsrin sonu ilə XX əsrin əvvəlində mövcud olan milli ədəbi mühitdən sovet ədəbi mühitinə keçidin tarixini nisbi də olsa müəyyən edə bilərikmi? Çox güman ki, Azərbaycan ədəbiyyatı üçün bu keçidin simvolik başlanğıcı Səməd Vurğunun kommunist partiyası sıralarına yazıldığı 1920-ci ildir. Bunu tarix həm də Azərbaycan Sovet ədəbiyyatının birinci mərhələsinin başlanğıcı da adlandırıla bilər.

Çox qəribədir ki, XIX əsrin zəngin nəsr ənənələrinə baxmayaraq, həm Rusiyada, həm də əyalətlərdə kommunist ideologiyası ilə uyuşaraq onun məhsulu - sovet insan modelini, sosialist zəfərlərini ən təqdirəlayiq şəkildə və canfəşanlıqla tərənnüm etməyi poeziya bacarmışdı. Yəqin ki, bu həm də bədii nəsrin quruluşundakı nisbilikdən, pessimist və müəyyən dərəcədə cilovlana bilməz ruhundan xəbər verir.

Aydın məsələdir ki, poeziyanın bəhs edilən canfəşanlığı Stalinin ölümündən sonrakı yumşalma dövünə də hakim idi. Partiyanın ədəbiyyat üçün cızdığı əsas cizgilər, çərçivələr yenə də öz yerində qalır, mövqeyini qoruyub saxlayırdı, kənəraçıxmalar əvvəlki kimi qorxulu idi, lakin bir sıra yeni antoqonist məqamlar da artıq poeziyada özünü göstərməyə başlamışdı. Azərbaycan poeziyasının bu dövrün xüsusiyyətlərini əks etdirərək əhatə edəbiləcək bir yaradıcılıq axtarışına çıxarsaq, yəqin ki, Bəxtiyar Vahabzadənin adının üzərində dayanmalı olarıq. Onun "Gülüstan" poeması çox qətiliklə Azərbaycan sovet ədəbiyyatının S.Vurğunla başlayan və rahatlıqla birinci mərhələ adlandıra biləcəyimiz dövrünün sonunun, çox tərəddüdlə isə yeni mərhələ adı verə biləcəyimiz, konkretlik xüsusiyyətlərindən yoxsul yeni dövrünün müjdəcisi idi.

Şübhə yoxdur ki, Bəxtiyar Vahabzadə yaradıcılığı Sovet klişe ədəbiyyatının başlıca elementlərini özündə daşımaqda davam edirdi. Şairin namizədlik və doktorluq dissertasiyaları bir an olsun belə yolundan sapmayan, "Qafqazın qartalı Şamuyan"dan fərəhlə bəhs edən Səməd Vurğun lirikası, həyat və yaradıcılığı üzərindən olmuşdur. B.Vahabzadənin çoxsaylı rəsmi vəzifələri və aktiv ictimai fəaliyyəti ilə yanaşı çox erkən, 20 yaşında, 1945-ci ildə Vurğunun etibarlı referansı ilə Yazıçılar İttifaqına üzv qəbul edilməsi və məhz Sovet hakimiyyətinin son mərhələsində "Leninlə söhbət" adlı poemasına görə Dövlət mükafatına layiq görülməsi şairin yaradıcılığının əsas ideoloji istiqaməti barədə bizə müəyyən işarələr verə bilər. Lakin yenə də, Bəxtiyar Vahabzadə yaradıcılığının ümumi mənzərəsi, xüsusilə şairin təsvir dili və çox zəngin milli irs yaddaşı bizə konkret nəticəyə gəlməyə imkan vermir.

Hazırda Bəxtiyar Vabhabzadənin kommunizmi tərənnümündəki səmimiliyi barədə şübhələrə cavab axtarmağın səmərəsiz bir fəaliyyət növü olduğunu xüsusi qeyd etməyə ehtiyac yoxdur. Lakin, şairin poemalarında bir sıra məqamlar var ki, onun öz dövrünün xarakteristik sistem qorxularına işıq tutaraq, ən azından onun bu qorxuların etirafındakı səmimiliyinə əminliyimizi təmin edir. Vahabzadənin bəstəkar Qəmbər Hüseynlinin xatirəsinə həsr etdiyi "Atılmışlar" poemasının ikinci hissəsi çox sonra, 1988-ci ildə, necə deyərlər aşkarlıq dövründə yazılmışdı. Həmyaşıdları və tələbə yoldaşları olan "İldırım"çıların mübarizəsinə, vətən xaini elan edilərək həbs edilməsinə öz gözləri ilə şahidlik edən Bəxtiyar Vahabzadənin bu poemasında o illərin qaramatı elə canlı və səmimi təsvir edilib ki, adam bir anlıq özünü onun yerinə qoyaraq hansı mövqədə olacağı, nə cür davranacağı sualına vicdanının təcili cavab verərək sakitləşməsini istəyir.

Dövrün ədəbi mühitində hökm sürən qorxuları, şübhəçiliyi, güvənilməzliyi daha yaxşı başa düşmək üçün Səməd Vurğunun 1937-ci ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin iclasındakı özünü müdafiə xarakterli çıxışından bir məqama diqqət edək: onun yaradıcılığındakı millətçilik əlamətlərinin mövcudluğunu ifşa eləmək üçün Vurğunun "Hər kiçik laylada "dərdim var" deyir, Elin şirin dili, şirin söhbəti" misralarını misal gətirən müxalifləri bildirirlər ki, "sən Azərbaycan dilinin şirin adlandırırsan, elə çıxır ki, özgə dillər acıdır".

Təbii ki, rejimin avtoritar xüsusiyyətlərindən qaynaqlanan bütün bu amillər ədəbiyyatı özünəməxsus şəkildə istiqamətləndirirdi. Lakin, B.Vahabzadənin "Gülüstan" poemasına görə (1958) yalnız intizam cəzaları alması, artıq ədəbiyyat üzərindəki total nəzarətin zəiflədiyinin, "60-cılar" üçün daha yumşaq və təhlükəsiz çalışma şərtlərinin yolda olduğunun göstəricisi idi. (ardı var...)

Malik Məmmədli