Markla dərdləşmə...

Markla dərdləşmə...


Mark, bu nə bəladı bizi salmısan, bu nə xəstəlikdir bizi giriftar etmisən? Sən hər saniyən üçün  minlərlə dollar qazanacaqsan deyə biz həyatımızı, həyatımızdakı hər dəyişikliyi, planlarımızı səninlə paylaşmaq məcburiyyətindəyikmi? Yaxşı biznes qurubsan özünə - insanların şərhlərindən, dürtüşmələrindən, paylaşmalarından, fikirlərindən, fotolarından bala-bala pul qazanırsan. Milləti "facebook"a yoluxdurub rahatca kapital toplayırsan. Bu sənin xeyrinə işləyən bir şeydir. Qoy olsun! Halal xoşun! Əziyyət  çəkib pul qazanmaq yolu fikirləşmisən, indi də nəticəsini görürsən. Min dəfə halal xoşun!!!
Mark, əslində davam səninlə deyil. Davam sənin bu "paylaşmaq" alicənablığından istifadə edib, yerli-yersiz, dəyərli-dəyərsiz paylaşım edən "like" ovçuları - "admin"lərlədir.

Ey, hansısa körpənin xərçəng xəstəliyinin müalicəsindən başının tükü tökülmüş şəklini paylaşıb "Buna neçə like gələr?" deyə ürək ağrıdıcı mənzərə yaradıb bunu özünə hünər sayan "qaqaş",  profilinə emo şəkli yerləşdirmiş "adminka", görəsən, o uşağın taleyindən xəbərin varmı, bəlkə də paylaşdığın o şəkil indi o məsum körpənin baş daşından boylanır? Və sənin yığdığın "like"lar qədər onun valideynlərinin pulu olsaydı bəlkə də indi yaşayırdı o zavallı.
"Kamal Sunal dedik 10000 like geldi, Yaşar Nuri desək neçə like gələr?" paylaşan insan, səncə, Yaşar Nuri öz "like"larını qəlblərə vurduğu möhürlə, atdığı imza ilə qazanmayıbmı? Elə isə sənin bu cür ucuz canfəşanlığına nə hacət?
Mübariz İbrahimovun snayperli şəklini paylaşıb "like" dilənən miskin, əcaba, Mübariz öz heykəl duruşu ilə, əzmkar baxışı ilə, elədiyi misilsiz qəhrəmanlığı ilə bu xalqın, bu millətin hafizəsində "like"lərdəndə üstün bir qəhrəmanlıq heykəli qoymadımı? Mübarizin yazılan şablon komentlərə, yığılan gərəksiz "like"lara ehtiyacı yoxdu. O, onsuz da xalq tərəfindən öz "like"nı alıb və gələcək nəsillərlə paylaşılacaqdır.
Vətən bayrağını paylaşaraq "like" gəzən "patriot" bil ki, o üç rəngli bayrağın "like"larının sayı damarında azərbaycanlı qanı axan insanların sayı qədərdir!!!
Bu cür misalların siyahısını istənilən qədər uzatmaq olar...
Hə, Mark indi görürsən ki, sənin yaratdığın "Facebook" adlı virtual dünyada nə həngamələr qopur? Amma sən allah saytı bağlayıb zad eləmə. Çünki sadaladıqlarımdan basqa burada normal insanların normal fikirləri, normal paylaşmaları, reklam və elanları da var.
Əzizim Mark, əgər yazdığımı oxudunsa sən allah "Like" etmə, dərk et yetər!!!

Tural Ağarzayev
Edebiyyat.biz