Mehman Qaraxanoğlu. Biz rahat ölmək üçün yazırıq... (Ədəbi sezintilər)

Mehman Qaraxanoğlu. Biz rahat ölmək üçün yazırıq... (Ədəbi sezintilər)

Payız tərəfindən "təksilah” olunmuş ağaclar özlərini elə aparırlar ki, guya qışla müharibəyə hazırlaşırlar. Ürəklərinin dərinliklərində onlara bəllidir ki, heç bir müharibə-zad olmayacaq; qış da minillərboyu gördüyü əzəli və əbədi işini görəcək – onları geyindirib abıra salacaq...

                                                        ***

Tarkovski ilə barışmaq məcburiyyətindəyik: "İncəsənətin əsas məqsədi insanı ölümə hazırlamaqdır”. Əslində, Sokrat da fəlsəfi çabalarının nəhayətsiz sonluğunda ölümü dərk etmək problemini qoyurdu. Biz ölümü dərk etmək üçün əlləşirik. Yaradıcılıq da bunun üçündür...

Çox zaman deyirlər: Yaradıcılıq ölümə qarşıdır. Yoxdur belə bir şey! Ölümə qarşı nə varsa, ölümdən əvvəl ölümə məhkumdur. Biz "qarşı çıxmaq”, "qarşı olmaq”, "aksiya” sözlərini çox sevirik, guya bu sözlərlə öz özgürlüyümüzü və müxalifliyimizi bəyan etmiş oluruq.

Absurddur! Biz yalnız ölümlə yanaşı addımlayanda və ya ölüm küpünün dibsiz qaranlığında özümüzü sərməst hiss edəndə (istəsək, istəməsək də belədir!) "yaradıcı” adımızı qoruya bilərik. "Mən ölümsüz olmaq üçün yazıram” kimi cəfəng şeyləri başınızdan tullayın getsin! Biz rahat ölmək üçün yazırıq...

                                      ***

Bizdə hərə bir yolla öz ədəbi məhsulunu dünyaya çıxarmaq istəyir. Bütün başqa sahələrdə olduğu kimi, burada da antiharmoniya baş alıb gedir. Düşün, dünyanın sənin məhsuluna ehtiyacı varmı? Gör dünyada kimlər var!

Sən, bəlkə düşünürsən ki, dünya səni cavanlığına (burada: təcrübəsizliyinə!) bağışlayacaq?! Pullarını bihudə xərcləmə! Biz yaşından asılı olmayaraq, yalnız dünya çapında olan ən yaxşı məhsullarımızı dışa yansıtmalıyıq!

                                      ***

Qarşımda bir kitab vardır. İstedadlı gənc dostum Həmid Piriyevin hədiyyəsidir. Kitabın mil-mil köynəyinin üstündə (qorxunc assosiasiya doğursa da!) yazılıb: "Qanadlı körpü”. Bir qədər yuxarıda müəlifinin adı: Ataqam!

Epiqraf da çox maraqlıdır: "Hər dəfə sən kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar”.

Biz incəsənətdə məntiqi və riyazi mühakimələri rədd edən birisiyik. Kənardakı həqiqəti (şişirdilimiş metaforaları, təşbehləri) də zorla hər hansı bir mətnə pərçim eləyənləri görən gözümüz yoxdur! Bizim bir dünyamız vardır; o da mətndir! Kitabı oxuyanda ağaclardan əvvəl özüm sevindim. Azərbaycan ədəbi arealının çox zaman şişirdilmiş, yalançı və saxta tozanağında belə bir yazıçının varlığına sevindim! Dünyaya çıxara biləcəyimiz bir yazıçının da bizimlə həməsr olmasına sevindim!

Xərçəng hüceyrələri sarımsaqdan qaçdığı kimi, istedad da ədəbi cameədən qaçır. Çünki o, öz yerini bilir: Onun yeri tənhalıqdır!

Ataqam qaçır...

Özü də hiss eləmədən tənhalıqdan tənhalığa qaçır...

Özü bilər!

Amma biz mil-mil köynəkli "məhbus”u dünyanın ən uzaq həbsxanalarına köçürməyi unutmamalıyıq...

                                      ***

Tarix çox "şübhəli” bir elmdir. Sualı maksimalistcəsinə belə də qoymaq olar: Elmdirmi? Kiminsə fikirləridir, müəllifi yadıma gəlmir, "tarix şəxsiyyətlərin tarixidir, əgər biz şəxsiyyətləri tarixdən çıxarsaq, ondan nə qalar? Heç nə!” Amma ədəbiyyat, bu, başqa məsələ! (Tələsməyin, fikrim ədəbiyyatı tarixə qarşı qoymaq deyildir). Ədəbiyyatdan heç nəyi çıxarmaq olmur!

Belə bir eksperiment aparaq, həmin tarixi şəxsiyyətlərlə eyni epoxada yaşayan hər hansı bir yazıçını şərti personaj kimi onların boş qalmış yerlərinə qoyaq! Çox dəhşətli bir mənzərə alınacaq! Məlum olacaq ki, tarixdən silinib getmiş şəxsiyytələrin, xüsusən, diktatorların hamısı sağdır. Vladimir İliç Lenin də, İosif Stalin də, Mao Çze Dun da, Auqusto Pinoçet də gülümsəyir bizə...

                                      ***

Hər hansı bir yazıçı öz memuarının qəhrəmanına çevrildikdə, onda istər-istəməz "özünüqoruma” instinkti işə düşür, qapal sferada reallığın imitasiyası başlanır və o, tədricən antiqəhrəmana çevrilir.

"Xatıratım”ın aşağıdakı cümlələrlə başlanması dahi Mirzə Cəlilin ən böyük məğlubiyyəti idi: "Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: Allahu əkbər! Allahu əkbər!”.

         O özü də hiss eləmədən Tanrının böyüklüyünə məğlub olur. "Xatiratım”ın tən yarısı həmin məğlubiyyətin proyeksiyasıdır. Yarımbaşlıqlara diqqət edin: "Namaz”, "Meyit büsatı”, "Şadlıq namazı” və s. Sanki totalitar rejimdən gələn məxfi mesajlarla yazılır bu hissələr. Rejim onun "allahsızlığını” əsaslandırmalıydı, ya yox?!

         "Xatiratım” 1926-cı ildə yazılmışdır. "Qırmızı çarx” (Soljinitsın) sürət yığmaqda idi...