Mehman Qaraxanoğlu. Tələsmə, hələ qalıb... (Ədəbi sezintilər)

Mehman Qaraxanoğlu. Tələsmə, hələ qalıb... (Ədəbi sezintilər)

Şakir müəllimlə ədəbi polemikamın "nəticə”ləri:

1. Ədəbiyyatda "son nöqtə” deyilən bir şey yoxdur. Vergül və üç nöqtə ola bilər...

2. Tədqiq etdiyi sahəyə şəxsi monopoliyası kimi baxan alimləri başa düşmək olmur. Belədirsə, həmin sahənin ən qəddar düşməni elə həmin alimlərdir.  

3. Nüvəsində ideya daşımayan söz tək bircə gecəliyə makiyajlanan gəlin kimidir...

4. "Cəlil Məmmədquluzadə Cümhuriyyəti niyə sevmirdi?” sualı saxta pafosa hesablanıb və kökündən yanlışdır. Ən azından sual bu cür qoyula bilərdi: Cəlil Məmmədquluzadənin görmək istədiyi Cümhuriyyət necə idi? Telindən dırnağınacan Azərbaycançı olan o dahinin Cümhuriyyətdən gözləntiləri "tamam ayrı” idi. Lütfən, "Cümhuriyyət” (1917-ci il) məqaləsinə bir də baxın! Alternativ fikrə dünən də yer yox idi, bugün də... 

***

Zakir Məmməd öz kitabına çox sadə bir ad tapıb: "Vətənə aid”. Eşitdiyimə görə, bu ada irad tutanlar da olub, dodaq büzənlər də! Amma o dediyini eləyib! Hələ də yazarların bəziləri o qənaətdədir ki, vətən yalnız ocaq, ata, ana,  daş, qaya, bulaq, çay, dəniz, meşə və sairədən ibarətdir. Unudurlar ki, vətən həm də səs, hərf, söz, söz birləşməsi, cümlə və mətndən ibarətdir...
      
***
 
Mətndə hər şey soyuq alınır. Qəlbin təlatümləri sanki qarla örtülür. Hərflər vəhşi atları cilovlayan kəməndlər kimi hislərimizin boynuna "atılaraq” onları ram edir. Standart işarələr və hislərin xaosu... İkinci birinciyə tabe olur.
    
***

Uşaqkən sobaya toxunub cızıldayan barmaqlarımıza nənələrimizin var-gücləri ilə necə üfürdüklərini xatırlayırsınızmı? Hətta bir dəfə nənəm sızıltımı eşidib hövlnak qoyma dişlərini də bir tərəfə tolazlayaraq qaranəfəs "can!”, "can!” deyə-deyə üfürməyə başladı. Niyə nənəm belə etdi? Bu sual mənə rahatlıq vermirdi. İnandırdım özümü:  Yəqin qoyma dişlərinin düşəcəyindən qorxubmuş... Amma indi – yaşımın bu çağında mövcud xatirəyə başqa rakursdan baxıb deyirəm: "Havalanmış” nənəm istəyirdi ki, ovurdları daha çox hava tutsun, hava...
     
***

Mətndə sıralanmış cümlələri də hərdənbir o barmaqlar kimi könüllü olaraq yanar sobaya toxundurub onun müqavimət dərəcəsini bilməyimiz vacibdir. Tələm-tələsik ovurdlarınızı hava ilə doldurub üfürməyin, cənablar!  

*** 

Məkkə ziyarətində ən maraqlı rituallardan biri də şeytanın daşlanması ayinidir. Mətn də sənin şeytanındır! Daşla, qardaşım, daşla...
     
***    
 
Mirzə Cəlilin "Fatma xala”sı bizə hansı mesajlar verir?

1. Heydərli pirinə getmək istəyən Fatma xala öz etiqat və inamının "qurbanı” olur.

2. Yazıçı eyni sürə daxilində həm də "Heç bir dəfə də olmayıb ki, mən onun övrətinin ya səsini eşidim, ya boyunu görəm” -  deyən kəndlilərin də necə yanıldıqlarının ədəbi-psixoloji və fəlsəfi arayışını verir: Dünya şərtiliklər üzərində qurulub. Üzünü heç kəsin görmədiyi və hər yerdə "bəh-bəh”lə alqışlanan bir qadını da (Və ya hər hansı Tanrı bəndəsini!) "qəzavü-qədər” atı günlərin bir günü yaxası bə başı açıq bir halətdə o cür düşünənlərin gözləri qarşısına çıxara bilər. "Heyrət, ey büt...”     
    
***
 
Qabaqcadan anons verənlər vardır: "Mən filankəs haqda yazacağam!”. Sən artıq öz mətninin ilk cümləsini yazmısan! Sonrakı cümlələrdə gələcəyin nəhəng boşluğundan "indi”yə ("-acaq”dan "-ır”a) adlamalısan. Özün özünü necə dağa dirəydiyindən xəbərin varmı?!

***

Unutmayın: "Dəli yığıncağı” kimi absurd teatrın bütün elementlərini özündə ehtiva edən bir şedevr elə-belə yaranmamışdı. Mirzə Cəlilin təxəllüslərindən biri də "Dəli” idi...

***

Atamın son nəfəsində yanında idim. Əmim onun ayaqlarına toxundu, bəlkə də mənə elə gəldi, bu toxunuşdan daha çox sığala oxşayırdı. Atam kiçik fasilədən sonra güclə eşidiləcək bir səslə dedi: "Tələsmə, hələ qalıb”. Uzun müddət atamın nə dediyini anlamadım. Dərdli anamdan da soruşmağa "ehtiyat eləyirdim”. Sənələr  keçdi... Çox vəfasızlar, üzüdönüklər, kölgəmi arxadan qılınclayanlar, paxıllar, qısqanclar, murdar sifətlər, riyakar üzlər, bir sözlə, məni içəridən soyudub axırıma çıxmaq istəyənlər gördüm. Və hər dəfə də atamın o sözləri ruhumda səslənib: "Tələsmə, hələ qalıb”. Uğursuzluqlarımdan saray tikdiyim, büdrəyəndə qanqalların sir-sifətimi daladığı, ümidlərimin sonu gözləməyib lap əvvəldə öldüyü və hətta beynimdə intihar edəcəyim yeri müəyyən etməyə çalışdığım o məşum çağlarda da atamın o sözləri kino lenti kimi gəlib durub gözlərimin önündə: "Tələsmə, hələ qalıb...”