Məmməd Süleymanov - Sehrbazlar da ağlayır...

Məmməd Süleymanov - Sehrbazlar da ağlayır...

Özün əzab çəkdiyin zaman başqalarını sevindirmək. Yaxud başqalarını güldürərkən özün ağlamaq... Bunun tərsi ikiüzlülük adlanardı, ancaq bunun özü böyüklükdür, cəsarətdir, əyilməzlikdir. 

Çoxdurmu tarixdə bu cür misallar? Məhrumiyyətlər içindəki O.Henri. Şveykin "ata”sı Qaşek. Ömrünün son illərindəki Oskar Uayld. Yaxud daha qədim misal - Epikur. Bu sonuncudan bizə "Epikurçu” termini qalıb. Yəni, həzzi sevən, az qala konformist obrazı. Tarixdən isə anlayışın fərqli, əsl yozumu məlumdur - öd daşı xəstəliyinin amansız ağrı tutmaları yüngülləşən anlarda Epikur həyatdan həzz alırdı. Yəni, o, insanlara istənilən epizodik ağrısızlıqdan xoşbəxt olmaq, bu əzablı həyatı sevmək üçün yararlanmağı təbliğ edirdi. 

Yaxud, Sovet illərinin məşhur sirk ustası Leonid Yengibarov. Ona "kədərli kloun” deyirdilər. Avtobioqrafiyasında yazmışdı: "Qorxduğum - firavanlıqdır. Mənim üçün həyatda ən əsası - ətrafımda baş verən hər şeyə görə məsuliyyət daşımaqdır”. Uşaqlı-böyüklü hamıya gülüş bəxş edən artistin kədərli ömrü vardı, sinəsində isə çarəsiz xəstəliyə mübtəla ürək vururdu. Yengibarovla Vısotski möhkəm dostdular. Marina Vladi özünün "Vladimir, yaxud Yarımçıq uçuş” kitabında Yengibarovun ölüm xəbərindən Vısotskinin necə sarsıldığını da təsvir edir: 37 yaşlı Yengibarov 1972-ci ilin 25 iyulunda günün günortasında, çoxadamlı bir küçədə ürək tutmasından vəfat edir (düz 8 il sonra - 1980-cı ilin həmin günündə Vısotski vəfat edəcəkdi). O, ağrılardan qovrulanda bir kimsə yaxınlaşıb yardım etmir - elə bilirlər sərxoşdur və ayılıb yoluna davam edəcək. Bunu eşidəndə sarsılan Vısotski göz yaşları içində "O, küçə iti kimi can verdi” deyir... Necə böyük insan olasan ki, öz tragizmini ovundurub başqalarına nikbinlik verən bir peşəyə xidmət edəsən. 

Bəlkə doğrudan da əsl incəsənət Kafka pessimizmindən və qorxularından, Velimir Xlebnikovun çarəsizliyindən, Oruell peşmançılığından başlayır? Bəlkə Skarron yatağa bağlanmasaydı yaza, Homer kor olmasaydı qoşa bilməzdi? Cavabsız sualdır. Ancaq başqa bir cavab aksiomatikdir - Yaradıcını şəxsi həyatının sonunda onsuz da sonsuz peşmançılıq və çarəsiz məğlubiyyət gözləyir. Ölüm gəlir və bütün fiqurları dağıdır. Fərq etməz yaşı 30-dur, ya 90. Fərq etməz, onu edam edəcəklər, yoxsa yataqda öləcək. Çünki, hamı ölür və hamı tənhalıqda ölür (Kamyu "Yalnız bir layiqli qələbə mümkün ola bilərdi - ölüm üzərində qələbə. O isə əlçatmazdır” yazırdı. Yəni, bütün qələbələr illüzordur). Bu tənhalığı həm də bir anons kimi həyatın durmadan artan məşəqqətləri - xəstəliklər, yaxınların itkiləri, şəxsi uğursuzluqlar müşayiət edirsə, onda rənglər daha da tündləşir.

Hətta sehrbazlar da ağlayırlar. Varlı və şöhrətli valideynlərin varlı və şöhrətli övladı olan Şarl Perronun da ağlına gəlməzdi ki, həyatın qürubu ona qara səhifələr və acılar hazırlayıb. Hansı yönə çevirsən də, həyat - nağıl deyil. Təkcə nağıllarda qəhrəman mütləq sonda qalib gəlir və əgər məğlub olursa, deməli, nağıl hələ bitməyib. Təkcə nağıllarda bu gün uduzan qəhrəman inana bilər: sabah onsuz da udacam.

Nağılları uduzanların, sadə xalqın sevimli janrından çıxarıb əsilzadələrin maraq dairəsinə qaldıra bilmiş ilk yazıçı olan Şarl Perronun da ömrü nağıl sayılmaqdan tam fərqli bir tərzdə bitdi... 

***

Uşaqlıq illəri Sovet dönəminə düşənlər onun adını yaxşı xatırlayır. O, bizə "Çəkməli pişiy”i, "Küllücə”ni ("Zoluşka”), "Yatmış gözəl”i, "Qırmızı papağ”ı bəxş edib. Həmin uşaqlıq dövrümüzün nağılbazları elə də çox deyildi: Andersen, Qrimm qardaşları, öz Çipollinosu və Covannisi ilə Canni Rodari, Karlsonun "ana”sı Astrid Lindqren, Puşkin, Aleksey Tolstoy. Bizi onların nağılları böyütdü, nəcibləşdirdi, ümidli etdi. O nağıllara filmlər, multfilmlər çəkildi. 

Şarl Perro öz "Çəkməli pişiy”i ilə əlahiddə yerdə dururdu. Konkret səbəbdən: o illərin multfilmləri 15-20 dəqiqə çəkirdi, yaponlar isə 1969-cu ildə düz 80 dəqiqəlik anime ortaya çıxarmışdılar. Odur ki, hətta bir çox nağıl filmlərindən daha uzun davam edən o multfilmi həsrətlə gözlədiyimizi xatırlayıram. 

Perro isə həm də ona görə əlahiddə mövqedədir ki, onun 1697-ci ildə nəşr olunan "Ana Qazın nağılları” kitabı ("Çəkməli pişik” də, "Küllücə” də, "Qırmızı papaq” da həmin kitabda toplanmışdı) uşaqlar üçün yazılmış ilk kitab idi. O vaxta qədər kitabları yalnız böyüklər üçün yazırdılar, uşaqlar isə vur-tut "miniatür böyük adam” sayılırdı (Yəni, yalnız ölçülərinə görə balacadırlar).

Və Şarl Perronun daha bir tarixi xidməti - o, nağılları hersoqlara və markizlərə sevdirdi, nağıllar kral sarayına və əsilzadə qəsrlərinə yol tapdı. Çox tezliklə Fransada Perronun çoxsaylı təqlidçiləri və davamçıları peyda oldu. Əsilzadələr isə nağıl kitablarını dəbə mindirdilər.

İnanmaq çətindir ki, bütün bunları Perro ömrünün 6-cı onilliyində etməyə başladı. 1628-ci ilin 12 yanvarında dünyaya göz açan nağılbaz Şarl vəkil Pyer Perronun 7-ci övladıydı. Ekiz qardaşı Fransua ailənin sevimlisiydi, Şarlı isə kifir sayır və sevmirdilər. Fransua çox erkən vəfat edəndə Şarlın vəziyyəti daha da pisləşdi - ona baxıb hər dəfə itirdikləri oğullarını xatırlayan valideynlər onu qayğıdan məhrum etmişdilər.

Ancaq tale Şarlın üzünə güldü - o, məşhur alim, şair və yazıçı oldu. Üstəlik də akademik və hətta Fransa Akademiyasının sədri.

Ömrünü dövlət qulluğunda keçirən Şarl gah vergilər topladı, gah yeni yaranmış Fransa Elmlər Akademiyasında rəhbər mövqelər tutdu, paralel olaraq isə şeirlərini və tarixi tədqiqatlarını çap etdirdi. Onun adı ilə Fransa tarixində "Yenilərlə köhnələrin mübahisəsi” adlanan çoxillik mübahisə bağlıdır. Məğz sadədir - Perro antik dövrü göylərə qaldırmağın, harmoniya və mükəmməllik dövrü kimi qələmə verməyin əleyinədir. O, "Böyük Lüdovikin əsri” əsərini yazır (burada 14-cü Lüdovik nəzərdə tutulur - Red.) və yeni şairlərin vəzifəsinin yalnız antik dövr şairlərini təqlid etmək olduğunu elan edənlərə qarşı çıxır. Perro sual verir: "Niyə biz qədim şəxsiyyətləri təkrarlamağa çalışmalıyıq? Məgər müasir müəlliflər - Molyer, Servantes, Kornel onlardan pisdir?” Klassisizmin banilərindən sayılan Nikola Bualo ilə Perro arasında bu mübahisə illərlə davam edir və onlar yalnız sonuncunun ömrünün son illərində Bualonun ona yazdığı barışıq məktubundan sonra qarşıdurmada atəşkəs elan edirlər. 

Şarl Perro öz dövrünün böyük adamlarını - Paskalı, Qalileyi qədim alimlərdən - Aristoteldən, Mark Varrondan yuxarıda qoyur, hətta Varron haqda yazarkən "Yaşadığı dünyanın yalnız 100-də birinin mövcudluğundan xəbərdar olan şəxs necə bütün dünyadan danışa bilər” sualını verir. Perro istəyirdi ki, müasirləri "Keçmişdə necə yaxşı dövrlər olub” deyərək ah-uf etməsinlər, əvəzində öz dövrləri ilə fəxr etsinlər. Bu ideyalarını Perro "Qədimlərlə müasirlərin müqayisəsi” əsərində ümumiləşdirir. Həmin mübahisələri isə müəyyən anlamda "nəsillər mübarizəsinin” 17-ci əsr modifikasiyası saymaq olar. 

1782-ci ildə Perro hər-şeyə-qadir maliyyə naziri Kolberin təhriki ilə Elmlər Akademiyasından uzaqlaşmalı oldu (Kimin ağlına gələrdi ki, bir azdan vəfat edəcək Kolberi kralın əmri ilə gecə basdıracaq, dəfndə cəmisi bir neçə şəxs iştirak edəcək, 14-cü Lüdovik hətta Kolberin övladlarına atası ilə vidalaşmağa qadağa qoyacaqdı...). Akademiyadan, deməli həm də Saraydan uzaqda qalmağını Perro çox ağrılı, ifrat ədalətsizlik kimi qəbul edir. O, ömrünü övladlarının tərbiyəsinə həsr etmək qərarı verir (onun həyat yoldaşı artıq vəfat etmişdi). Bu övlad qayğısından da nağıllar yaranır - hər axşam Şarl Perro övladlarının otağına gələrək onlara nağıllar danışır, kiçik oğlu Pyer isə danışılanları vərəqlərə köçürür. Bu qeydlərin üzərində yenidən ata-Perro işləyir, onlara forma, üslub, həcm, ədəbi dil verir. Sonunda isə Pyerə bildirir ki, "Ana Qazın nağılları” adlanacaq məcmu oğlunun adı ilə kitab şəklində çap olunacaq. Əlyazma kralın sevimlisi Orlean şahzadəsinə ithaf olunur. Tezliklə kral çapa icazə verir. 1697-ci ilin yanvarında kitab Pyer de Armankurun adı ilə işıq üzü görür.

Müəllif kimi oğlunun adını göstərməklə Şarl Perro onun Saraya yolunu açmaq və gələcəyini təmin etmək istəyirdi. İçərisində 8 nağıl olan kitab böyük ajiotaj yaradır. Paris kitab mağazalarından təkcə birində gündə 50 nüsxə satılır. Elə həmin il kitab daha 2 dəfə nəşr olunur. Sonra Hollandiyada, İngiltərədə kitabı çap edirlər. Beləliklə, Perro nağılları yuxarı təbəqələrin maraq dairəsinə salır. 

Sanki hər şey əladır, Perro böyük uğuru böyük ziyafətlə qeyd edir. O, oğlunun gələcəyindən arxayındır. Ancaq 1697-ci ilin yazında faciə baş verir - 19 yaşlı Pyer öz yaşıdı olan gənci, dul qadın Mari Furyenin yeganə oğlu olan Giyomu qılıncla yaralayır. Tibbi qulluğa baxmayaraq, Giyom vəfat edir. Şarl Perro dul qadına 2000 livr təklif edir və onlar barışığa gedirlər, lakin az sonra Mari Furye pulu götürməkdən imtina edərək Pyer üçün cəza tələb edir. Perronun bütün sərvətinə yasaq qoyulur, oğlu Pyer isə məhbəsə salınır. 

Bu faciə 70 yaşlı Şarl Perronun bütün sağlamlığını əlindən alır. Həmin illərdə Perronun keçirdiyi hissləri Jan Labryuyer özünün "Xarakterlər” kitabında bu kəlmələrlə ifadə edir: "Həyatda ən yaxşısı - sakitlik, təklik və özünə sahib çıxa bildiyin bir yerdir”. Məhz bu şərtlərdən qoca və dərdli nağılbaz məhrum olmuşdu. 

Bütün 1697-ci il və sonrakı daha 3 il məhkəmə çəkişmələrində keçir. Perro böyük çətinliklər bahasına axır ki oğlunu həbsdən çıxara bilir. Pyer leytenant rütbəsi alaraq orduya yollanır və ilk döyüşdəcə həlak olur (1700-cü ildə Fransa ilə İspaniya arasında müharibə başlayır). Cinayət işi də yalnız Pyerin ölümündən sonra bağlanır. Həmin qalmaqal yalnız böyük gələcəyə layiq oğulun ömrünü qırmır, həm də qoca atanın ömrünün son illərini zəhərləyir. Pyer qatilə çevrildiyi vaxtdan nağıllar bitir - Şarl Perro bir daha nağıl yazmır. Güclü, enerjili insan özünə qapanır, evindən nadir hallarda çıxır və xilası yalnız şeirlər və elmi əsərlər yazmaqda tapır. Ömrünün son aylarını xatirələrini yazmaqda ("Memuarlar”. İlk dəfə yalnız 1909-cu ildə çap olunur) keçirir və ölümün bu işi yarıda qoyacağından daim qorxur. 

Sağlamlıq onu sürətlə tərk edir, oğlunun faciəsi isə sındırır. 1703-cü ilin yanvarında o, son dəfə Akademiyaya təşrif buyurur və bir daha evindən çıxmır. 4 ay sonra Parisdə ağaclar çiçəkləyəndə və isti küləklər əsəndə o, vəfat edir. Bu son akkord mayın 16-a təsadüf edir. 

Çoxsaylı şeir və tədqiqat kitablarının müəllifi tarixdə balaca bir nağıl kitabı - "Ana Qazın nağılları” ilə qalır. Onun irsinin məşhur tədqiqatçısı Mark Soriano 1960-cı ildə yazacaqdı: "Biz Perroya nağıllardan keçərək gəlib çatmışıq”. 

1724-cü ilə qədər nağıllar kitabının üstündə müəllif kimi Pyer Darmankurun adı yazılacaqdı… 

Kult.az