“MƏN ƏDƏBIYYATA DƏYIRMANIN ÖZÜNÜ ÜYÜTMƏK ÜÇÜN GƏLDIM”

“MƏN ƏDƏBIYYATA DƏYIRMANIN ÖZÜNÜ ÜYÜTMƏK ÜÇÜN GƏLDIM”

Taleh Şahsuvarlı: "Oğul istəyirəm ki, mənim yazdığımı peşəkar baxımdan tənqid eləsin"

- Bəri başdan özün öz xoşunla etiraf elə, hansı yazıçının, yaxud yazıçıların təsiriylə yazmağa başladın, özünü hansı "izm”ə yaxın bilirsən?
- 1990-cı il il idi, 13 yaşım vardı. Sarı, arıq, həvədiş bir uşağıydım. Rəsmi adıyla desəm, Bərdə rayonu Qaradəmirçi kənd orta məktəbində oxuyurdum, Ali Sovetə seçkilər keçirilirdi. Elçin Əfəndiyev bizim kəndin də daxil olduğu dairədən deputatlığa namizəd idi, məktəbə müəllimlərlə görüşə gəlmişdi. Bizi siniflərə, müəllimləri öz otaqlarına doldurmuşdular. Mən yaxşı oxumağımın əfvinə sığınıb hərdən özbaşınalıqlar edirdim. Özümdən bir sinif aşağıda oxuyan qıza vurulmuşdum, onu görmək ümidi ilə sinifdən çıxdım. İşıqlar sönmüşdü, qaranlıq koridorun o başından keçən, müəllimlər otağına tələsən Elçin Əfəndiyevi gördüm. Görüşdən qayıdan dil-ədəbiyyat müəlliməm, mənə dərsdənkənar vasait kimi "Azadlıq” qəzetini oxudan Yeganə Abdullayeva Elçindən, İlyas Əfəndiyevdən, deputatlıqdan danışdı. O gün böyüyəndə deputat və yazıçı olmağa, təkrar edirəm, deputat və yazıçı olmağa qərar verdim. Bir gün yazacağımı bilirdim və özümü yazmağa hazırlayırdım. Seymur Baycanın, Ələkbərin və bəzi "müasir”lərin yaradıcılığını təhlil etdikcə başa düşdüm ki, bu ölkədə ədəbiyyatı belə istedadsız, dili bilməyən, təhtəlşuur dərinlyi olmayan, bədii təxəyyüldən xali şəxslərin ümidinə qoymaq olmaz. Hə, bir də onu boynuma alıram ki, Orhan Pamukun Nobel alması məni qızışdırdı. Çünki Orhan Pamuk bəlkə də türk olduğuna görə mənə ən yaxın müəllifdir, onun bütün mətn hiyləgərlikləri mənə "tanışdır” və özümü aldatmadan əmin olanda ki, ondan- Nobel almış bir müəllifdən yaxşı yazaram, başladım.

- Səni daha çox siyasi publisistikanın nümayəndələrindən biri kimi tanıyırdıq. Birdən-birə bədii roman yazmaq ideyası haradan doğdu? Siyasi meydanda sözün yeri daraldı, yoxsa ədəbiyyat üyüdüb tökmək üçün daha rahat yer kimi göründü?
- Dediyim kimi, ideya birdən-birə doğmadı, mən 20 il o ideyanı içimdə daşımışdım, gizlicə adamlara, hadisələrə, dünyaya yazıçı gözü ilə baxmışdım. Sulain o biri başına keçim, mənim siyasətdə yerim daralmadı, ümumiyyətlə siyasətdə dar yer yoxdur. O adam ki, siyasətin ona dar gəldiyini düşünür, o adam ümummilləşir, avtoritarlaşır, günəşə, okeana özünü bənzətməyə başlayır. Amma çox təəssüf ki, Azərbaycanda siyasətin özünün meydanı daralıb. Siyasət uğursuz peşəyə çevrilib. Siyasət uğurlu peşə olsaydı xalqın içindən çıxmış Taleh Şahsuvarlı indi Milli Məclisdə otururdu. O yerdə oturmaq birmənalı şəkildə mənim haqqımdır. Necə ki, bu ölkədə prezident olmaq İsa Qəmbərin, spiker olmaq Əli Kərimlinin, baş nazir olmaq Etibar Məmmədovun haqqıdır. İnan mənə, bu ölkədə bir nəfər də olsun uğurlu adam yoxdur bu dəqiqə. Siyasətə, prezidentliyə kəsə yolla gəlmiş İlham Əliyev də uğursuzluqla üz-üzədir, siyasi cəhətdən yeniyetməlik çağından sosiallaşmaya başlamış, dərnəklərdən, xalq hərəkatından keçmiş Fazil Qəzənfəroğlu da, son on ildə bütün seçkilərdə qələbə qazansa da, hakimiyyətə gəlməyə şans yaxalaya bilməyən İsa Qəmbər də. Sözümü qəribçiliyə salma, siyasətin daraldığı yerdə sözün çəkisi də azalır, söz dəyərdən, hörmətdən düşür. Mən bu məsələyə romanda da toxunmuşam, əslində. "Çağırış” qəzeti bağlanır, redaktorlar nəşrin son sayına manşet axtarırlar. Redaktorlardan biri "Meydana son çağırış” başlığını təklif edir, o biri "kimdir sözümüzə baxıb meydana çıxan”- söhbət ölkənin ən tirajlı qəzetinin redaksiyasında gedir- sualını verir və razılaşmır. Axırda Üzeyir bəyin "Heç nə” pamfletini manşetə verirlər. Doğrudan da, bir ölkədəki qəzet bağlananda heç nə baş vermir, hər axşam hayıl-mayıl Orxan Fikrətoğluna qulaq asan adamlar ANS-in bağlanmasına etiraz olaraq sponton şəkildə meydana axışmır,  bir ölkədəki kitab oxuyan təbəqə yoxdur, cəmiyyətdə maarifçiliyin yaratdığı immunitet, vətəndaş ləyaqəti çatışmır, o yerdə ədəbiyyat dəyirmanda çax-çax funksiyası daşıyır. Amma mən nikbinəm. Bu millət aforizmlərdən, portretlərdən, krossvordlardan, seriallardan, bayağı şoulardan bezib bir gün bizi axtaracaq. Bir gün bizi axtaracaqlar, kim bilir kimi haradan tapacaqlar, bəlkə hansımızısa bir ağacın altında yatan yerdə, hansımızısa dəlixanada, hansımızısa başdaşısız bir gorda bulacaqlar. Mən gedib Ankarada Rəsulzadənin qəbirini tapdım. Nə idi məni, Bərdədə anadan olmuş bayaq dediyim o sarı, arıq, həvədiş oğlanı Rəsulzadənin məzrarına dartan? "Əsri qəbiristanlıq” 8-ci mikrorayondan yekədir, ölülərin evləri isə göydələn deyil, yanlarında şadlıq evləri də yoxdur. İnanırsan, düz gedib məzarın üstünə çıxdım? Nə idi, hansı  mistik güc idi məni  düz o qəbirin üstünə yönəldən? O yönəldici qüvvə xalqın ruhudur. İndi bizim xalqın ruhu həyatı tərk edib, gözləmə periodundadır və mütləq dünyaya qayıdacaq, canlanacaq. Sualın ilk baxışda konkret olsa da, əslində çox genişdir və odur ki, mən son olaraq bir məqama da toxunmaq istəyirəm. Buğda- dinə görə insanın cənnətdən qovduran günahdır. Söz də mənim üçün müqəddəs deyil, günahdır. Bu dünyanın əsl şairləri, yazıçıları, üsyançıları, elm adamları, bir sözlə tarixə yön vermiş adamların hamısı günaha batmışlardılar. Söz bir tərəfdən qanun və bərəkətdir, yunan mifologiyasındakı Demeterin timsalında; bir tərəfdən bakirədir, bir tərəfdən də ölüm və dirilişdir. Sözdəki buğda dəyirmanda üyüdülürsə, buğdadakı söz dəyirmanın özünü üyüdür. Mən ədəbiyyata dəyirmanı üyütmək üçün gəldim. Sözün canını almağa və sözə təzə həyat verməyə...

- Babəkin oyanışı, gərək ki, Sən bunu "Babəkin canlanması” adlandırırsan, Babəki dirildə bilmisənmi? Dinə münasibətin necədir?
- Deyəsən, sirrin birini açmaq məqamıdır. Romanın adı "Babəkin canlanması” deyil; başqadır. Kitabın piyasaya çıxmazdan qabaq PR üzərində düşünəndə insanlara romanın ideyasını daha yaxşı anlatmaq üçün Babəkin adını ön plana çıxardım. Babək həmişə diri olub, heç zaman ölməyib. Bayaq dedim ha, ”xalqın ruhu”, mənə görə, "xalqın ruhu” məhz Babəklə bağlıdır. Babəkdən danışanda gözümüzün qabağına Amaliya Pənahovanın az qala oxlovla döyəcəyi Rasim Balayev gəlir. Bu yanlışdır. Kim deyirsə ki, sovet hökuməti Babəki təbliğ edib, yalan deyir, komministlər "xalqın ruhu”nu öldürmək üçün Babəki "çumo”ya döndəriblər. Sən heç düşünmüsənmi, necə olur ki, bu aqrar və neft ölkəsində şərqdə ilk demokratik respublika qurulur, ilk opera bəstələnir, ilk qadın bəstəkar çıxır? Qardaş, bunların hamısı Babəkin ruhudur, yəni Azadlıq sevdasıdır, etiraz enerjisidir, həzz axtarışıdır, Qərbə meyldir. Babəkin dirilməsi post-modern bir mətn hadisəsidir, söhbət onun daşıdığı ideyalardan gedir. Mən əslində onu deyirəm ki, xilaskaralara ehtiyacı olan cəmiyyətlər bədbəxtdir. Cəmiyyət gözünü öz vətəndaşlıq ləyaqətinə dikməlidir. Babək etiraz edən və çarmıxdan qorxmayan hər kəsdir.

- Məmməd Əmin deyirdi ki,  sovetlərdən qabaq "Babəki” sözünü xalq söyüş kimi işlədirdi...
- Rəsulzadə düz deyirdi, islam zahirən "Babək” sözünü söyüşə çevirmişdi və xahiş edirəm Əmin bəyin sözünün dalına da diqqət yetirək: "kim islam ehkamlarına əməl eləmirdi, azadfikirliydi, ona Babəki deyirdilər.” O söyüşün içində o söyüşü haqq edən adamın azadfikirliliyi yatırdımı? Yatırdısa, deməli xalqın azadlıq ruhu Babəkin missiyasında əks olunurdu. Daha maraqlı sual isə məncə budur ki, bəs xalqın Babəkə sevgisi haradadır, islamın Azərbaycandakı hegemonluğu o sevgini hara transformasiya elədi? Əgər azadlıq ideyası enerjidirsə, enerji isə itmirsə Babək necə oldu?

- Necə oldu?
- Əliyə çevrildi! Bu gün Azərbaycanda Həzrət Əlinin adına bağlı yüzlərlə toponim var, halbiki Əli Azərbaycanda olmayıb. Babək isə buraları qarış-qarış gəzib. Xalq islama təpkisini və Babəkə sevgisini Əlinin adına çıxıb öz ruhunu qorudu.

- Siz şiəsiniz?
- Mən ərəblərin heç bir "razborkası”na qarışmıram, dindar deyiləm, amma Həmədandan bəri şiəliyin alt qatında klassik ərəb və fars düşüncəsinin yatmadığına da əminəm. Hətta məşhur tarixçi İrene Melikof da Həzrət Əlinin türklərin göy Tanrısı olduğunu vurğulayırdı. Azərbaycana təhlükəli islam indi radikal vəhhabilərlə gəlir. Cəmiyyətin müqavimət gücünü artırmaq üçün Novruz bayramını daha şux keçirmək və Avropadakı "New ege” sayaq alternativ inancları dəstəkləmək lazım.

- Bu gün ədəbiyyata kim gəlirsə, mütləq özündən əvvəlki nəsillər haqqında bir tezis atır ortaya. İstər siyasətdə, istərsə də ədəbiyyatda özündən əvvəlki nəsillər haqqında nə düşünürsən?
- Siyasətdə də, ədəbiyyatda da özümdən əvvəlkilər haqqında yüksək fikirdəyəm. Mən peyğəmbər deyiləm ki, özümdən əvvəlki elçilərdən kimin həqiqi olub-olmadğına buyruq verim. Siyasətdə məndən əvvəlki nəsil Əli Kərimlidir, Fazil Qəzənfəroğludur, Qüdrət Həsənquliyevdir- prezidentliyə iddia edən adamdırlar, bu az iş deyil. Sonrakı nəsil yoxdur, ortalıqda bədbəxt olan, yarımayan nəsil bizik. Ədəbiyyatda isə, mən hamıdan faydalanmağa çalışan adamam. Sizin ən çox nifrət etdiyiniz kimdir? Məsələn, Rəsul Rza. Rəsul Rzanın rənglərlə bağlı silsiləsi var. Bizim dilin rəng çalarlarını öyrənmək üçün ondan gözəl mənbə yoxdur. Məsələn, "şirmayı” rəngi haqqında danışanda "babamın saqqal darağı” deyir. Möhtəşəmdir! Yaxud Anarın "Əlaqə” povesti çox samballı əsərdir. O povestin bir cümləsi dəlixanadan yazan Seymur Baycanın bütün əsərinə dəyər. Amma yekəxanalıq çıxmasın, mən hamıdan NECƏ YAZMAMAĞI öyrənmişəm və buna da nail olmuşam məncə. Mən "filankəs pisdir” şüarı ilə yox, "mən öz yazdığıma cavabdehəm” devizi ilə ədəbi mühitə atılmışam. Kultaz.com-da, adyazar.az da dəfələrlə bəyan eləmişəm və yenə deyirəm: OĞUL İSTƏYİRƏM Kİ MƏNİM YAZDIĞIMI PEŞƏKAR BAXIMDAN TƏNQİD ELƏSİN. Peşəkar tənqidçi ona deyirəm ki, əsəri oxuyanda mənim adımı ümumiyyətlə unutsun, postmodern ədəbiyyatın parametrlərini dərindən bilsin və əlinin altındakı mətni o parametrlərlə tutuşdursun.  O açıdan baxanda görəcək ki, Taleh Şahsuvarlı Azərbaycan ədəbiyyatında inqilab edib. Məsələn, iki ayrı-ayrı fəsildə mən adımın və soyadımın baş hərflərini qullanmamışam, bu heç də zahiri olay, texniki element deyil. Bütün mətnlə, romanın ideyaları və strukturu ilə bağlı vacib komponentdir. Yaxud simvolların mətnə yansıdılması, açar sözlərin qullanılması- bunlar Azərbaycan ədəbiyyatında mənim yaratdığım yeniliklərin bir-ikisidir. Çox danışmaq istəmirəm, kitab çıxana da müsahibəlik mövzular saxlayaq...

- Siyasətdə demokrat, ədəbiyyatda postmodernist, özünüzü belə xarakterizə edirsiniz, maraqlıdır, məişətdə vəziyyətiniz necədir?
- Ailəyiəm, üç övladım var. Əsl türk gələnəkləri ilə yaşayırıq. Həyat yoldaşıma heç nəyi qadağan eləməmişəm, o da mənim azadlğımı məhdudlaşdırmaq cəhdində bulunmayıb. Aytən mənim Tanrılığımın, yolumun və ideallarımın yarısıdır. Onun olduğu yarımkürədə mən düzən, olmadığı yarımkürədə xaosam. Biz əsl dost, əsl yoldaş, əsl demokrat və əsl türkük. Qurban olmağı bacarırıq. Ev işlərində hər zaman ona yardım etməyə çalışıram. Yemək də bişirirəm, qab da yuyuram. Böyük qızımızın adı Türkay. Siniflərində ən yaxşı oxuyan şagird odur. Nurayın məktəbə getməsinə iki il var, amma artıq oxuyub-yazır, evdə komputeri o açıb bağlayır. Özgürün isə hələ adını başa salırıq adamlara. Bir yaşı var. "Səadət” şadlıq evinin arxasında üç övladımızın demokatik cəmiyyətdə yaşaması üçün qaranığa müqavimət göstəririk.

- Qədim yunan mifologiyası ilə bu günkü Azərbaycan realllıqları arasında hansı bağlılıq görürsən? Romandan oxuduğum parçalarda tez-tez Dionislə, Persefona ilə qarşılaşdım...
- Mən realizm janrında yazmıram axı, hər şey real hadisələri əhatə etsin? Mən post-modern üslübda yazıram. Post-modernizm interkültürəlliyi dəstəkləyir. Mən hər il qeyd etdiyimiz Novruz bayramına fərqli kültürlərin təsirindən bəhs edirəm. Novruz bayramı özündə türklərin, farslaıın, kürdlərin, yunanların, qədim Anadolu tayfalarının, qərb xalqlarının qutsal dəyərlərini birləşdirir. Əsəri tam oxuyanda bunu aydın görəcəksiniz. Kontekslərdən asılı olaraq mifik surətlərin rolu mətndə dəyişir. Amma fürsətdən istifadə edib "Gizli atəş” adlı hissəyə verilən bir rəyə münasibət bildirmək istəyirəm. Saytdakı qərəzli "oxucu”lardan biri irad tutur ki, bu hissədə ictimai əhəmiyyət daşıyan heç nə yoxdur. O adam başa düşmür ki, məhz o hissə passionar enerjinin cəmiyyətdə dirçəldilməsindən söhbət gedir. Azərbaycanda neft sənayesinin inkişafının passionar enerjiyə mənfi təsiri Suraxanı atəşgahında təbii odun sönməsi ilə simvolizə edilir, "İnqilab” küçəsindəki  "Tonqal” restoranında liberal demokratiyanın iki müasir təmsilçisi görüşdürülür və seksual istəklərin təmin olunması kundalinini oyadır. Dünyada inqilablar iki səbədən olur, ya aclıqdan, ya da seksuallıqdan. Müasir ABŞ, Yaponiya, Avropa inqilabların əsəridir. Azərbaycanda aclıqdan inqilab olmayacaq, burada seksual amillər öz sözünü deyəcək. Bu gün post-modern cərəyanın təmsilçisi kimi özünü təqdim edən bəzi istedadsız adamlar, istisna etmirəm ki, xüsusi ortaya atılmış şəxslərdir. Onlar Azərbaycan gənclərində seksual azadlığa qarşı nifrət oyadırlar.

- Ədəbi tay-tuşlarının yaradıcılığı barədə bir kaç kəlmə döşə gəlsin...
- Mənim nəsrdə tayım olmadığına görə,- söhbət 1975-80 təvəllüdlü adamlardan gedir- tuşum da yoxdur. Mən tay-tuş ona deyərəm ki, elə bir şey yazaydı ki, o, məni yazmaq fikrimdən daşındıraydı. Məsələn, mən Əli Kərimin "Babəkin qolları” şeirini romanı qurtarandan sonra oxumuşam. O şeirə əvvəlcə tanış olsaydım, Babəkdən yazmazdım. Mənim bir romanda yazdığımı- Babəkə aid olan hissədə- Əli Kərim bir şeirdə deyib. Şeir o qədər xoşuma gəldi ki, onu sonradan mətnə saldım. Başqalarını bəyənməmək, tənqid eləmək asandır, lazımdır ki, özün ortaya bir şey qoyasan. Şeirdə isə bəyəndiyim imzalar var. Xoşuma gələn şeirlərin müəlliflərindən tərifimi əsirgəmirəm.

A.Yenisey/ "Proloq”, 31. 01. 2009